Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Danılmaz faktdır ki, Azərbaycan pediatrları çox vaxt əsassız olaraq, hətta adi soyuqdəymə zamanı uşaqlara antibiotiklər təyin edirlər. Bütün dünyada isə pediatrlar valideynlərə tövsiyə edirlər ki, soyuqdəymə zamanı onlardan istifadəni məhdudlaşdırsınlar. Həkimlərin əksəriyyəti bilir ki, antibiotiklərin səmərəli olmayacağı öncədən məlumdursa, onları təyin etmək məqsədəuyğun deyil. Ona görə bu məsələdə valideynlərlə söhbətlər aparmaq vacibdir. Amma bu söhbətləri kim aparacaq? Axı yerli pediatrlar hesab edirlər ki, uşaq xəstəliklərinin, demək olar ki, hamısı antibiotiklərlə müalicə olunur.
Bu problemin aktuallığı "Pasha-K" əczaçılıq şirkətinin Bakıda təşkil etdiyi "Pediatriya təcrübəsində antibiotiklərin tətbiqinin müasir aspektləri" adlı elmi-praktik konfransında bir daha təsdiq olundu. İş ondadır ki, pediatriya təcrübəsində antibiotiklərin tətbiqi, həqiqətən, mübahisəli məsələdir, çünki bu qrup preparatlar ən güclü təsir edən vasitələr sırasına daxildir və əksər hallarda onların düzgün təyin olunmaması arzuolunmaz nəticələrə gətirib çıxarır. Ona görə bu gün bütün dünyanın pediatrları uşaqların müalicəsi zamanı antibiotikləri oxşar təsir göstərən qrup dərmanlarına aid olmayan vasitələrlə əvəz etməyə çalışırlar. "Pasha-K" şirkətinin aksiyası həkimlərin diqqətini uşaqlara mülayim təsir göstərən dərmanlara yönəltmək məqsədi daşıyırdı.
Elmi-praktik konfransda ölkənin bütün pediatrları iştirak edirdilər. Pediatriya təcrübəsində antibiotiklərdən istifadə ilə əlaqədar öz təcrübəsini bölüşmək üçün Ukraynanın baş immunoloqu, bu ölkənin Milli Tibb Akademiyasının uşaq infeksion xəstəlikləri şöbəsinin müdiri, təbabət doktoru, professor Lüdmila Çernışova xüsusi olaraq Bakıya dəvət edilmişdi.
Antibiotiklərə "YOX !"
"R+" müxbiri ilə söhbətində L.Çernışova izahat verib ki, bu gün bütün dünyada uşaqlara antibiotiklərin əsassız təyini ilə mübarizə davam edir.
"Valideynlərə və pediatrlara soyuqdəymələr zamanı antibiotiklərdən istifadəni məhdudlaşdırmaq tövsiyə olunur, amma müştərilərinin xoşuna gəlmək istəyən həkimlər onları təyin etməkdən vaz keçmirlər. Xəstə həkimin qəbuluna gəlir, həyəcan keçirir və sağalmağa ümid edir, həkim də sadəcə olaraq hamının xoşladığı antibiotikləri tövsiyə edir. Problemin mahiyyəti budur".
Amma bu situasiya yaxşı heç nə vəd etmir. Antibiotiklərin həddən artıq istifadəsi mikroorqanizmlərin təkamülünə səbəb olub və indi onlar standart preparatların əksəriyyətinə qarşı davamlıdır. Heç olmasa, bir dəfə antibiotik qəbul etmiş hər kəs davamlı ştamlarla yoluxmaq riskilə üzləşə bilər.
Dünya statistikasına əsasən, 1995-ci ildə yazılmış antibiotiklərin 40%-i viruslu infeksiyalar zamanı tətbiq olunub ki, bu da təbabətin əsas prinsiplərindən birinə ziddir - antibiotiklər bakteriyaları məhv edir. Bu preparatlar viruslar, həmçinin, onların soyuqdəyməyə səbəb olanları qarşısında gücsüzdür. Virusların əksəriyyəti əleyhinə, ümumiyyətlə, dərman yoxdur, infeksiya zaman keçdikcə geri çəkilir. Buna baxmayaraq, viruslu infeksiyaya yoluxmuş insanların əksəriyyəti onlara antibiotik təyin olunmasını gözləyir və ya hətta tələb edir, həkimlər isə çox vaxt xəstə ilə mübahisə etməkdənsə, onun istəyini yerinə yetirməyə üstünlük verirlər.
Orta qulağın otitində də antibiotiklər əsassız olaraq təyin edilir, çünki xəstəliklərin 50%-nə səbəb viruslar olur və bu halda həmin preparatlar səmərəsizdir. Müalicə simptomların yüngülləşdirilməsinə istiqamətləndirilməlidir - bu halda orqanizm mübarizə aparır, zaman isə müalicə edir.
Çernışova qeyd edib ki, "Soyuqdəymələr zamanı uşaqların orta qulağında az miqdarda maye toplana bilər və bu situasiyada antibiotiklər heç bir nəticə verməyəcək. Həkimlər bu infeksiyanın bakterial olub-olmamasını və antibiotiklərə həssaslığını müəyyənləşdirməyə borcludurlar. Antibiotikləri yalnız orta qulağında irin yığılmış, qulaq pərdəsində qızartı və qabarma olan uşaqlara təyin etmək lazımdır".
Nicat antibiotikdə deyil
Azərbaycanda pediatriya təcrübəsində antibiotiklərin tətbiqi 98% səviyyəsindədir. Antibiotiklərin uşaqlara belə kütləvi təyini Çində müşahidə olunur. Fransada bu səviyyə 24%, ABŞ-da -25%-dir. Bu məlumatı "R+" müxbirinə Azərbaycanın əməkdar həkimi, tibb elmləri doktoru, Azərbaycan Tibb Universiteti uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev verib.
Musayevin sözlərinə görə, bu məsələdə Azərbaycanda söhbət, hətta uşaqlara ehtiyat sıradan antibiotiklərin təyinindən gedə bilər, onlar isə böyüklərin orqanizminə də mənfi təsir göstərir. Amma nəfəs orqanlarının, virus etiologiyalı, yuxarı nəfəs yollarının, rotavirus infeksiyalarında belə həmişə antibiotik təyin etmək məqsədəuyğun deyil, çünki onlar bəzi hallarda disbakterioza, immunitetin zəifləməsinə səbəb ola bilər. Bəzən hətta aqressiv taktika - körpənin həyatının ilk günlərindən ehtiyat sıradan antibiotiklərin təyini də tətbiq olunur.
"Biz anlamalıyıq ki, uşağa antibiotikləri niyə təyin edirik. Lazım olmadıqları yerdə, hətta onların ən sadəsinin tətbiqi belə heç bir səmərə verməyəcək. Etiraf etmək lazımdır ki, bu gün üçün ən böyük bəla antibiotiklərlə zəhərlənmədir. Uşaqlarımız üzərində necə eksperimentlər aparırıq? Amma daha pisi odur ki, bəzən antibiotiklər həkimin deyil, valideynlərin təyinatı ilə tətbiq edilir. Həm də bu, qonşunun, qohumun və başqa məsləhətçilərin sözü ilə baş verir. Belə hallara bizdə tez-tez rast gəlmək olar. Bu, məhvedici nəticələrə gətirir". - Musayev belə düşünür.
Ekspert hesab edir ki, bu gün həkimlər antibiotik olmayan və mülayim antibakterial təsir göstərən vasitələrə diqqət yetirməlidirlər. "R+"un ötən nömrələrində biz Dövlət Statkomunun məlumatlarına əsaslanaraq, Azərbaycanda uşaq ölümü hallarının artması mövzusuna toxunmuşduq. Ukrayna pediatrı L.Çernışova isə hesab edir ki, bu situasiyanın səbəblərindən biri məhz uşaqlara əsassız olaraq antibiotiklərin təyin olunmasındadır. Hər il dünyada 10 milyona yaxın uşaq 5 yaşına çata bilmir. Onların təqribən 6 milyonu müalicəsi olan xəstəliklər nəticəsində həyatlarını itirir, halbuki daha təhlükəsiz, səmərəli və ucuz dərmanlar tətbiq etməklə uşaqları xilas etmək mümkün olardı. Təkcə pnevmoniya hər il beş yaşına çatmamış 2 milyon uşağın ölümünə səbəb olur, 15 yaşına qədər 330 min uşaq isə QİÇS-in qurbanı olur. L.Çernışova vurğulayır ki, "Bu xəstəlikləri müalicə etmək mümkündür, amma əksər uşaqlar bu imkandan məhrumdur, çünki ya onların yaşına uyğun dərman yoxdur, ya da bu dərmanlar əlçatmaz və ya çox bahadır - onlar böyüklər üçün nəzərdə tutulanlardan üç dəfə baha ola bilər".
Professorun fikrincə, ölkənin reytinq göstəricilərindən biri uşaq ölümüdür. Ukraynada da o, kifayət qədər yüksəkdir. Bu, digər MDB ölkələrindəki amillərlə, məsələn, demoqrafik siyasətin özəllikləri ilə izah olunur. Məhdud maliyyə resursları olan ölkə kimi, Ukrayna üçün bu, faktik olaraq, bir nömrəli problemdir. Lakin buna baxmayaraq, həmin sahədə son nailiyyət hemofil çöpü (pnevmoniya, sepsis və meningit törədicisi) əleyhinə vaksinin tətbiqi olub. ABŞ-da, ümumiyyətlə, bu infeksiya yoxdur, dünyada isə onunla mübarizə təcrübəsinin 20 yaşı var.
Professor Çernışova qeyd edir ki, "İnfeksiyalar əleyhinə bir sıra vaksinləri genişləndirmək, yəni immunoprofilaktikaya diqqət yetirmək lazımdır. Bu gün bizim peyvənd təqvimimiz Qərbinkinə yaxınlaşır. Məsələn, ABŞ-da 2007-ci ildə 15, Ukraynada isə 9 infeksiya əleyhinə vaksinlər edilib. "Əhalinin infeksion xəstəliklərdən müdafiəsi haqqında" qanun qəbul olunub. Keçmiş SSRİ-də daim vaksinasiya əleyhinə təbliğat aparılırdı. Hesab olunurdu ki, o, xeyli mənfi effektlərə səbəb olur. Mübarizə zəiflədi, 1990-91-ci illərdə minlərlə uşaq və böyük həyatını aparmış difteriya epidemiyası baş verdi. Təəssüf ki, Ukrayna HİV-infeksiyalara görə də ön sıralardadır. İynədən istifadə edən narkomanların sayı çoxalanda, artım müşahidə olunmağa başladı. Hazırda perinatal diaqnostikanın gücləndirilməsi üçün çox iş görüldüyündən, uşaq ölümü artımının qarşısını almaq mümkün olub. Əsasən, beynəlxalq strukturların yardımı ilə lazımi avadanlıqla təchiz olunmuş perinatal mərkəzlər yaradılır. Göstəricilər həm də diri doğum meyarlarının dəyişməsi ilə bağlı yeniləşməlidir. Əgər əvvəllər 1000 qram çəkili tezdoğulmuş uşağı xilas etmək olurdusa, indi 500 qram çəkili uşaqların həyatını qorumaq mümkündür".
"Pasha-K" şirkətinin direktoru Xaləddin Quliyevin sözlərinə görə, tibbi ictimaiyyət üçün bu və ya digər nəticələrin əldə olunmasında təcrübə mübadiləsi mühümdür.
Ötən il dekabrın ortalarında Ümumdünya Səhiyyə Təşkilatı uşaq dərmanları ilə təminatı yaxşılaşdırmaq üzrə dünya birliyinin imkanlarını stimullaşdırmağa xidmət edəcək tədqiqatların yeni proqramını gerçəkləşdirməyə başladı. Proqram uşaqların tələbatını daha səmərəli ödəyə biləcək antibiotiklər, astma əleyhinə preparatlar və ağrıkəsici vasitələr də daxil olmaqla, dərmanların tədqiqi və istehsalını nəzədə tutur. Söhbət, cəmiyyətin birmənalı yanaşmadığı, uşaqların iştirakı ilə klinik tədqiqatların genişləndirilməsindən gedir.
ÜST HİV-QİÇS, vərəm və malyariya, eləcə də kökü kəsilmiş sayılan bəzi tropik xəstəliklər əleyhinə uşaq terapevtik vasitələri və kombinə edilmiş preparatlar hazırlamağa çağırır.
ÜST baş direktoru Marqaret Çen bəyan edib: "Həm varlı, həm də yoxsul ölkələrdə uşaqlara uyğun dərmanların sayı və onlara olan tələbat arasında uyğunsuzluq müşahidə olunur. Uşaqların sağlamlığı səhiyyə sahəsində elmi nailiyyətlərə ədalətli çıxış uğrunda mübarizədə prioritet olmalıdır".
2008-ci ilin əvvəllərində ÜST uşaqlar üzərində klinik sınaqlara həsr olunmuş internet-portal açmağı planlaşdırır. Təşkilat onlar üçün təhlükəsiz sayılan dərman vasitələrinin ilk beynəlxalq siyahısını tərtib edib. Siyahıya 206 dərman daxil edilib. ÜST-ün Dərman Vasitələri Sahəsində Siyasət və Standartlar üzrə Departamentinin direktoru Hans Hogerzeyl vurğulayıb ki, "Hələ çox iş görmək lazımdır. Elə prioritet dərmanlar var ki, uşaqlar üçün adaptə olunmayıb, yaxud ehtiyac olanda onları tapmaq mümkün olmur".
ÜST dünya ölkələrinin hökumətləri ilə hüquqi məsələlərə və uşaqlar üçün dərmanlara verilən tələblərə dəyişikliklər edilməsi məsələləri üzərində işi davam etdirəcək. Amma bununla birlikdə, Azərbaycanın tibbi ictimaiyyəti də bu aktual məsələyə diqqət yetirməlidir.
MƏSLƏHƏT GÖR: