Müəllif: Sabirə RAFİQQIZI Bakı
Bu gün Bakıda fəaliyyət göstərən çoxsaylı təhsil kurslarının dinləyicilərini, İlya İlf və Yevgeni Petrovun "On iki stul" romanındakı məşhur "narzandan usanmışlar" ifadəsinə uyğunlaşdırıb, "kurslardan usanmışlar" adlandırmaq olar. Həqiqətən, özlərini könüllü surətdə efemer xoşbəxtlik axtarışlarına məhkum etmiş roman qəhrəmanları kimi, "kurs dinləyiciləri da özlərini sertifikatlaşdırılmış "əlahiddə təhsil" almağa məhkum edirlər. Nəticədə məlum olur ki, kompyuter və ya dil kurslarının bir səviyyəsini keçən dinləyici mütləq növbəti mərhələdə məşğul olmalıdır. Əgər hər hansı bir səbəbdən, məsələn, maliyyə çətinlikləri üzündən bunu etmək mümkün olmursa, dinləyicinin vəziyyətindən qabaqcadan xəbərdar olan təşkilatçılar bütün təlim prosesini yeganə səviyyədə cəmləşdirməyə çalışırlar. Nəticə isə heç də həmişə uğurlu olmur.
Şübhəsiz, biz Bakıda fəaliyyət göstərən bütün təhsil kurslarının səmərəsiz olduğunu iddia edə bilmərik. Mümkündür ki, kiminsə bəxti gətirib, amma bu sətirlərin müəllifi eyni zaman kəsimində iki öyrədici şirkətin kompyuter kurslarında təhsil alsa da, özü haqqında bunu deyə bilməyəcək. Məlum səbəblərə görə, şirkətlərin adını çəkmək istəmirik. Bu heç vacib də deyil, çünki belə qəbilli xidmət spektri təklif edən bütün şirkətlərin öyrədici kurslarında situasiya prinsipcə oxşardır. Yalnız qiymətdə kiçik fərqlər var.
Məsləhətlə, yoxsa elana əsasən
Maraqlıdır ki, fəaliyyət üçün lisenziyanı nümayiş etdirən müdiriyyət, demək olar ki, eyni sözləri deyir: "Bakıda biz bu işin veteranıyıq, 10 ilə yaxındır bazardayıq". Amma şübhə doğuran fəaliyyət müddətinin çoxluğu deyil, kurslara müraciətlərin səbəbi, yəni təhsilin keyfiyyətidir. Ümumilikdə, dinləyicilərin əksəriyyəti fəaliyyət üçün lisenziya göstərməyi tələb edir. Təsadüfən kimdənsə eşidib, məsləhətlə və ya elana əsasən gələnlər olur. Əksəriyyət evə, işə yaxın yerləşən kursları seçir. Bakıda öyrədici kurslar çoxdur. Amma onlara etibar edib, qısa müddətdə sizə mühasibat, dizaynerlik öyrədəcəklərinə, ya da dilləri mükəmməl biləcəyinizə inanmaq olarmı? Özəl təhsil mərkəzində 12 dərs nə verə bilər? Söz verirlər ki, münasib qiymət siyasəti təklif edəcək və məşğələləri uyğun vaxtlarda keçirəcəklər. Amma heç bir halda sizi razı salmırlar. Müəllimlərin yükü həddən artıq çoxdur: gündə təxminən 7 dərs, həftədə 20-yə yaxın şagird. Bir müəllim üçün əlverişsiz kəmiyyət və vaxt sarıdan bəxti gətirməmiş dinləyicilər üçün narahat məşğələlər.
"Burada sizə təklif olunan təhsilin keyfiyyəti paytaxtda yağışdan sonra göbələklər kimi peyda olan kurslardakından tamamilə fərqlidir. Onlarda bir müəllimə 40 tələbə düşür. Biz burada hər çür şərait yaratmışıq. Təmiz və geniş ofis, öyrədici proqramların əhatəli spektri, peşəkar işçilər". Orada da, burada da müdiriyyət, demək olar ki, eyni sözləri deyir.
Mərkəzlərdə tədris olunan fənn və ixtisasların spektri kifayət qədər genişdir: praktik mühasibat, mühasibat, beynəlxalq standartlı maliyyə hesabatı, ingilis dilində SIMA, GMAT. Dərs müddəti - 60 dəqiqə, hər səviyyədə məşğələlərin sayı konkret bölmə üçün 8-12-dir. Qiymətlər 60-200 manat arasında dəyişir, burada dərsin keçirilmə yeri, qrupda, yoxsa fərdi təşkili, bu və ya digər materiala müasir reallıqlar baxımından verilən tələblər nəzərə alınır. Yəni, məsələn, GMAT dərslərində alınmış bilik xarici şirkətə işə düzəlməyə kömək edəcəkmi?
Kompyuter kursları çərçivəsində MS-Office standart paketi (Windows, Word, Excel, Internet, Power Point, Acess), Corel Draw, Adobe Photoshop, Quarkexpress, Archi CAD, Auto CAD, 3D MAX, Delfi, C++, Pascal, Visual Basic təklif olunur. Bu halda qiymətlər - 30-160 man. - təkcə kompyuter biliyinin standart paketini bilmək zərurəti ilə əlaqədar deyil, həm də dəbdə olan tələblərə uyğun dəyişir. Məsələn, bu gün dizayner peşəsinə çox böyük tələbat var. Müvafiq olaraq, qiymətlər də dizaynerlər üçün ən elementar Corel Draw proqramından başlayaraq sürətlə dəyişir: məşğələlərin fərdi, ofisdə, yoxsa "şəhər daxilində", "şəhərdən kənarda" və s. keçirilməsindən asılı olaraq, 12 dərs 40-100 manata başa gəlir. Ən mürəkkəb dizayner proqramının tədrisi 3D-MAX -70-120 manatdır. Proqramçılara ehtiyac tələb olunan ölkələrə göndəriş rolunu oynayan Delfi, C++, Paskal, Visual Basic üçün 80-160 manat vermək lazımdır.
Dil kursları təxəyyülü cəlb edir. Burada nə yoxdur! Yerli pedaqoqlarla, ABŞ və İngiltərədən gəlmiş dil daşıyıcıları ilə ingilis dili; Azərbaycan, ərəb, macar, yunan, italyan, serb-xorvat, çex və hətta yapon, Çin dilləri kimi ekzotik dillər. 18 dil tədris olunur. Hər səviyyə üçün 60 dəqiqəlik 8-12 dərs, qiymətlər 40-195 manat çərçivəsində dəyişir. Fərdi, 2-3 nəfərlik, ofisdən kənarda məşğələlər və s. də nəzərdə tutulub.
Hər iki mərkəzdə mənə Windows, MS-Office, Internet kompyuter kurslarının 12 məşğələsində iştirak haqqında razılaşma imzalamaq təklif olundu. Sənəddə qiymət, məşğələlərin növü və dərsburaxma şərtləri dəqiqləşdirilmişdi. Dinləyicinin günahı üzündən buraxılmış məşğələlər yenidən keçilməyəcək.
Təlim prosesi...
Təlimin səviyyəsi çox aşağı idi. Word biliklərimiz olduğuna görə, birbaşa Excel proqramına keçdik. Birinci dərslərdə Exceldə cədvəl qurmaq və onun çərçivəsində sadə hesablamalar aparmağı öyrətdilər. Hər növbəti dərsdə cədvəllərin sayı artır, tapşırıqlar mürəkkəbləşirdi. Amma dərslər elə cədvəl qurmaqla da başa çatdı. Vəssalam. Müəllimlər qovluqlarda, əsasən, İnternetdən götürülmüş metodik materiallar gətirir, bu materiallar əsasında da cədvəl və diaqramlar qurulurdu.
Kurslarda təhsilin böyük bir mənfi cəhəti var: onları bitirəndən sonra alınmış biliklər, demək olar ki, "buxarlanır", çünki lazımsız olur. Hətta ən ideal biliklər də təcrübədə möhkəmlənməlidir. Amma əgər siz kursa gedib sertifikat almış, lakin iş tapmamısınızsa, əldə etdiyiniz məlumatları heç yerdə tətbiq edə bilməyəcəksiniz. Və müəyyən müddətdən sonra beyniniz bu lazımsız bilikləri, sadəcə olaraq, kənara atacaq.
Prinsipcə, kurslarda təhsil səviyyəsinin aşağı olması Rusiyanın bir neçə öyrədici kursunun təklif etdiyi Excel proqramının xidmət siyahısına və tədris materialına nəzər saldıqdan sonra təsdiq olundu. Məlum oldu ki, Excel tədris proqramı çox genişdir, ən əsası, burada qəbul olunmuş terminologiyadan istifadəsiz onu öyrənmək qeyri-mümkündür, bizim müəllimlərimiz isə bir dəfə də ona müraciət etmədilər. Bizə yalnız Excel proqramının interfeysinin əsas elementləri - surətçıxarma, yerdəyişmə, addəyişməyə dair biliklər verilmişdi. Dinləyici məlumatları daxil edə, onları redaktə edə, surətini çıxara və yerini dəyişə, sətir və rəqəm sütunlarını gizlədə və təsvir edə, məlumatları qruplaşdıra bilər. Amma məsələn, məlumatların yoxlanmasının nə demək olduğu barədə heç nə deyilməmişdi. Elektron cədvəllərin redaktəsi, yuvaların fonunun dəyişdirilməsi, onlar üçün çərçivələr yaradılması haqqında bilikər çox səthi verilmişdi, kolontitulların yaradılması barədə isə, ümumiyyətlə, heç nə deyilməmişdi. Sətir və sütuncuqların baxış zamanı fiksə edilməsi, pəncərənin bölünməsi, məlumatın qorunması, şərti formatlama, cədvəlin Word proqramına köçürülməsinin nə olduğu məlum deyildi. Excel-də işçi vərəqələrin çapını göstərməmişdilər, amma yəqin ki, bu, elə Word-dakı kimidir, hərçənd burada mübahisə etmək olar. Formulların yaradılması, surətçıxarma, avtoməbləğ, pul simvollarına gəldikdə, bunlar, şübhəsiz, təcrübədə öyrədilməlidir.
Öyrədici mərkəzlərdə texniki təchizat arzuolunan səviyyədə deyil. Təhsil kursları rəhbərliyinin indiyə qədər dinləyiciləri müasir avadanlıqla təchiz etmək qayğısına qalmadığı təəccüb doğurur: kompyuterlər Pentium Ş prosessoru bazasındadır, ELT-monitorlar masa uzərində xeyli yer tutur. Axı öyrədici mərkəzlərin gəliri omasaydı, onlar sadəcə fəaliyyətlərini dayandırmalı idilər.
Bu gün kurslara əhalinin ən müxtəlif təbəqələri - tələbələr, işsizlər və hətta təqaüdçülər də gəlir. Abituriyentlər, demək olar ki, gözə dəymir, görünür, etibar etmirlər. Amma əgər ümumilikdə öyrədici mərkəzlər əhali arasında uğur qazanıbsa, deməli, bunun əsası var.
Onu da qeyd edək ki, öyrədici mərkəzlərdə müəllimlər arasında peşə yararlığı ilə əlaqədar imtahanlar keçirilmir. Şübhəsiz, pedaqoji kollektivin az qala küçədən yığılması iddiası şişirtmədir. Amma aydın oldu ki, onların böyük hissəsi hələ ali təhsil haqqında diplom belə almayıb. Bunlar ya Azərbaycan Dövlət İqtisadiyyat, ya da Azərbaycan Dillər universitetlərinin tələbələridir. Kurs rəhbərləri deyirlər ki, kadr seçərkən onlara yalnız ixtisasının mahir ustası olduğunu və öyrətməyi bacardığını iddia edən insanın vicdanlılığına inanmaq qalır. Fəaliyyət üçün lisenziyanı isə Təhsil Nazirliyi verir.
Təhsil kurslarının fəaliyyəti müəyyən dərəcədə dövlət nəzarətindədir. Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirverdiyevin "R+" müxbirinə dediyinə görə, 2005-ci ilə qədər uşaq bağçalarının, xüsusi və peşə-texniki təhsil müəssisələrinin, öyrədici kursların fəaliyyət sahəsinə Azərbaycan Təhsil Nazirliyi nəzarət edirdi. Sonra o, Nazirlər Kabinetinin nəzdinə verildi. "Göstərilən obyektlərin fəaliyyətinə dair bir çox məsələlər həll olunmurdu". Ona görə, 2006-cı ildə prezidentin fərmanı ilə, öyrədici kurslar istisna olunmaqla, uşaq bağçaları, xüsusi və peşə-texniki müəssisələri üzərində nəzarət Təhsil Nazirliyinə qaytarıldı. İlham Pirverdiyevin dediyinə görə, müstəqil öyrədici mərkəzlərə fəaliyyət üçün icazəni Ədliyyə Nazirliyi verir. Bu idarə həmin sahədə fəaliyyət göstərən obyektlərin qeydiyyatını aparır. Bilavasitə kurs təhsilinin proqramına gəldikdə, o, Azərbaycan Təhsil Problemləri İnstitutu tərəfindən təsdiq olunur, burada orta və ali məktəblərin fundamental metodik təlim vəsaitləri kurslarda tədris üçün adaptə edilir. Lakin bu institut, sadəcə olaraq, təhsil kursları sahəsində məşğul olan bütün pedaqoqları imtahan etmək iqtidarında deyil. Pirverdiyev qeyd edib ki, müstəqil öyrədici mərkəzlərin 90%-nin, ümumiyyətlə, heç bir proqramı yoxdur. Ədliyyə Nazirliyindən və Təhsil Problemləri İnstitutundan başqa, öyrədici kurslar sahəsi həmçinin Vergilər Nazirliyinə hesabat verir. Amma "kurslardan usanmışlar"ın əksəriyyəti əmindir ki, dövlət xidmətin bu sahəsinə nəzarəti sərtləşdirməlidir. Hansı üsullarla? Bu artıq başqa məqalənin mövzusudur.
MƏSLƏHƏT GÖR: