Müəllif: Zərifə BABAYEVA Bakı
AzƏrbaycan insan hüquqlarının vƏ fundamental azadlıqların müdafiəsinə dair 50 konvensiyaya qoşulub və bunun sayəsində yerli qanunvericilik də önəmli dərəcədə təkmilləşdirilib. Lakin bu beynəlxalq hüquqi sənədlər sırasında hələlik "Analığın müdafiəsi haqqında" konvensiya yoxdur. Beynəlxalq Əmək Təşkilatı (BƏT) ölkəmizə bu sənədə qoşulmağı hələ keçən il tövsiyə etmişdi. Ekspertlər etiraf edirlər ki, Azərbaycanda qadın hüquqları ilə bağlı durum xeyli yaxşılaşsa da, problemlər hələ də qalmaqdadır.
Konvensiya lazımlıdır
Ölkədəki hüquq müdafiəçiləri isə bildirirlər ki, Azərbaycan bu sənədə 2008-ci ildə qoşulacaq - artıq Milli Məclis BƏT-in 4 iyun 1952-ci ildə qəbul etdiyi "Analığın müdafiəsi haqqında" konvensiyanın ratifikasiyasına hazırlaşır.
Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mədəni-məişət problemlərinin təhlili şöbəsinin analitiki Elmira Allahverdiyevanın sözlərinə görə, bu konvensiyanın ölkəmiz tərəfindən qəbulu qadınların əmək hüquqları sahəsində meydana çıxan bir çox problemin həllində yardımçı olacaq. "Təkcə qadınların deyil, bütün zəhmətkeşlərin hüquqları özəl müəssisələrdə xüsusilə tez-tez pozulur. Odur ki Əmək Məcəlləsi mütəmadi olaraq təkmilləşdirilir. Həmkarlar İttifaqları Konfederasiyası bu prosesdə bilavasitə iştirak edir. İşləyən qadınların sosial durumunun yaxşılaşdırılmasına yönəlmiş, demək olar ki, hər bir düzəliş və əlavə mütləq bizimlə razılaşdırılır. Əmək və Sosial Müdafiə Nazirliyinin mütəxəssisələri kimi, biz də Azərbaycan Konstitusiyası və beynəlxalq əmək konvensiyalarını əldə rəhbər tuturuq. Onlar Əmək Məcəlləsinin ehtiva etdiyi məsələlər çevrəsini genişləndirməyə, qanunvericilikdəki boşluqları doldurmağa və qanunlar toplusunu beynəlxalq standartlara uyğun qurmağa yardım göstərir. Ən son nümunə: "Analığın müdafiəsi haqqında" beynəlxalq konvensiyanın ratifikasiyası Milli Məclisin gündəliyindədir. Yeri gəlmişkən, bunu BƏT tövsiyə edib. Sənəd uşaq əmizdirən anaların və hamilə qadınların iş yerlərində diskriminasiyaya məruz qalmalarının qarşısının alınmasına yönəlib. Şübhəsiz, bu baxımdan, dövlət müəssisələrində durum özəl müəssisələrdəkindən xeyli yaxşıdır.
Məlum olduğu kimi, sonuncularda zəhmətkeşlərin bir çox hüquqlarına etinasız yanaşılır. Lakin deputatlar yeni sənədi məhz ona görə nəzərdən keçirirlər ki, bu qəbildən olan əyintilər aradan qaldırılsın", - deyə Allahverdiyeva vurğuladı.
Qadınların əmək hüquqları problemi "Əmək Məcəlləsində dəyişikliklər. Gender bərabərliyi və qadınların problemləri" konfransında da müzakirə olundu. Konfrans Mədəniyyət İşçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyilə keçirilib. Tədbirdə mədəniyyət təşkilatlarının gender bərabərliyi və qadın problemləri üzrə komissiyalarının sədrləri iştirak ediblər.
Respublika komitəsinin sədri Cəmilə Səttarova deyib ki, yerlərdə yaradılan komissiyalar gender bərabərliyi, qadınların hüquqi maarifləndirilməsilə bağlı tədbirlər keçirirlər. Ölkəmizdə sahibkarlığın inkişafı ilə əlaqədar, Azərbaycanın Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Sənəddə cinsindən asılı olmayaraq, bütün işçilər üçün bərabər şərait və imkanlar yaradılması, onların sosial-iqtisadi maraqlarının təmin edilməsi nəzərdə tutulub.
Çıxış edənlər gender bərabərliyinə riayət edilməsinin, dövlət strukturları, sahibkarlar və azad həmkarlar komitələrinin birgə fəaliyyət göstərməsinin mühüm-lüyündən danışdılar. Qeyd olundu ki, Azərbaycan bu sahədə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Bizdə nə yoxdur?
Şübhəsiz, Azərbaycanın Əmək Məcəlləsində BƏT-in "Analığın müdafiəsi haqqında" konvensiyasının maddə və bəndlərində analığın müdafiəsinə dair irəli sürülən şərtlərin, demək olar ki, hamısı əksini tapıb. Məsələn, hamiləlik və doğuş üçün məzuniyyət və doğuşdan sonrakı məzuniyyət hüququ, pul müavinəti və tibbi yardım almaq hüququ. Bunlar ölkə qanunvericiliyilə elə müəyyənləşdirilir ki, qadının özü və onun övladı üçün gigiyena baxımından yaxşı həyat şəraiti və müvafiq həyat səviyyəsi təmin edilmiş olsun. Lakin elə məqamlar da var ki, onlar qanunvericiliyimizdə öz əksini tapmayıb. Belə ki, konvensiyada qeyd olunur ki, tibbi yardım doğuşa qədər, doğuş zamanı və ondan sonra ixtisaslı mamalar, yaxud həkimlər tərəfindən xidmət göstərilməsini, zəruri hallarda isə həm də xəstəxanaya göndərilməni nəzərdə tutur. Bu zaman, imkan daxilində, həm həkim, həm də dövlət və özəl tibb müəssisələri arasında sərbəst seçim imkanı verilir. Pul yardımı və tibbi yardım ya icbari sosial sığorta sisteminin, ya da dövlət fondlarının hesabına təqdim edilir. Hər iki halda, onlar müəyyənləşdirilən şərtlərə cavab verən bütün qadınlara təqdim edilir. Aydındır ki, hazırda azərbaycanlı qadın doğuş üçün dövlətin ona təqdim etdiyi müavinətə bel bağlaya bilməz. Səbəb isə sadədir - onun məbləği kifayət qədər kiçikdir. Odur ki doğuşa maliyyə və digər baxımdan hazırlıq məsələlərində qadın yalnız ailəsinə və təbii ki, özünə arxalana bilər. Konvensiyanın bu bəndinin Azərbaycanda da tam gücü ilə işləməsi üçün isə təkcə doğuş üçün müavinətlərin məbləğlərinə yox, sosial sığorta sistemimizə də yenidən baxmaq lazımdır.
Bundan başqa, konvensiyada aydın deyilir ki, övladına süd verən ana bu məqsədlə iş vaxtı bir və ya bir neçə dəfə fasilə götürmək hüququna malikdir; bu fasilələrin müddəti ölkə qanunvericiliyilə müəyyənləşdirilir. Həm də uşağı əmizdirmək üçün fasilələr qanunvericiliklə və ya ona müvafiq olaraq tənzimlənən hallarda iş vaxtı sayılır və buna uyğun ödənilir. Bu məsələ kollektiv müqavilələrlə tənzimləndiyi halda isə bu, müvafiq müqavilə ilə tənzimlənir.
Önəmli məqam: qadın ona verilən hamiləlik və doğuş məzuniyyətində olarkən onun işdən çıxarılması haqqında sahibkar tərəfindən verilən əmr qadın işdə olmadığı vaxt verildikdə, yaxud onun icra müddəti qadının olmaması ilə üst-üstə düşərsə, əmr qanunsuzdur. Bu şərt qüvvədə olan qanunvericilikdə öz əksini tapsa da, Azərbaycanda onun pozulması hallarına kifayət qədər tez-tez təsadüf edilir.
Bir daha təkrar edək: - analığın müdafiəsinin, demək olar ki, bütün əsas aspektləri Azərbaycanın Əmək Məcəlləsində nəzərdə tutulsa da, BƏT-in "Analığın müdafiəsi haqqında" konvensiyasının qəbulu ölkəmizə bu məsələyə nəinki daha məsuliyyətlə yanaşmaqda, həm də yerli qanunvericiliyi beynəlxalq prinsiplərdən çıxış edərək təkmilləşdirməkdə yardımçı olacaq. Üstəlik, bu sənədə qoşulmaqla Azərbaycan beynəlxalq birlik qarşısında onun icrasına dair təəhhüdlər də götürəcək. Bu, istənilən sənədin gerçəkləşdirilməsində çox önəmli olan hesabat vermək qaydasıdır. Konvensiyada deyilir ki, bu sənədi ratifikasiya edən hər bir ölkə illik hesabatda konvensiyanın tətbiqi, idarə və müəssisələrə tətbiqən qanunvericiliyin və praktikanın durumu, həmçinin konvensiyanın nə dərəcədə həyata keçirilməsi, yaxud həyata keçirilməsinin nəzərdə tutulması barədə məlumat verir.
Qadın məsələsi
"Analığın müdafiəsi haqqında" konvensiyanın qəbulunun aktuallığı həm də onunla təsdiq edilir ki, BƏT-in araşdırmalarına görə, dünyada işləyən qadınların sayı artmaqdadır və zəif cinsin nümayəndələri az əmək haqqı alanlar arasında çoxluq təşkil edirlər. Araşdırmada deyilir: "Hazırda indiyə kimi heç vaxt olmadığı qədər çox qadın işləyir. Lakin qadınlarla kişilərin statusda, məşğulluğa zəmanətdə, əmək haqqı və təhsil səviyyəsində mövcud sürəkli fərq "işçi kasıblığının feminizəsinə" gətirib çıxarır.
"2007-ci ildə qadınların məşğulluğunun qlobal istiqamətləri" hesabatına görə, işləmələrindən, yaxud fəal şəkildə iş axtarmalarından asılı olmayaraq, əmək bazarlarında iştirak edən qadınların sayı möhtəşəmdir. BƏT-in dəyərləndirməsinə görə, 2007-ci ildə dünyada mövcud olan 2,9 mlrd əməkçidən 1,2 mlrd nəfəri qadınlar olub.
Bununla yanaşı, BƏT bildirir ki, hazırda işsiz qadınların sayı heç zaman olmadığı qədər çoxdur (81,8 mln), işləyən qadınlar isə kənd təsərrüfatı və iaşə xidmətinin daha az məhsuldar sahələrində məşğul olduqlarından, eyni işi yerinə yetirən kişilərdən daha az əmək haqqı alırlar.
Adı çəkilən sənəddə vurğulanır ki, qadınlara özləri və ailələri üçün o məqsədlə işləməyə imkan yaradılmalıdır ki, onlar kasıblıqdan məşğulluq üçün əlverişli şərait yaradılması vasitəsilə xilas ola bilsinlər, bu şərait isə onlara sərbəstlik, təhlükəsizlik və şəxsiyyətlərinin qorunması şərtilə özlərini məhsuldar və gəlirli işlə təmin etmək imkanı yaratmaqda yardımçı olsun. Əks halda, kasıblığın feminizəsi sonrakı nəslə də sirayət edəcək.
Hesabatdakı məlumata görə, bir çox ölkədə qadınlar hələlik həmkarları olan kişilərdən 90% az qazanırlar. Hətta müəllimlik və tibb bacısı kimi "tipik qadın" məşğuliyyət növlərində də əmək haqqında gender bərabərliyi yoxdur. Bununla belə, indi artıq yazmaq və oxumaq bacaran gənc qadınların sayı 10 il bundan əvvəlkindən daha çoxdur. Lakin bir çox bölgədə qızlar və qadınlar arasında təhsil səviyyəsi hələ də qeyri-bərabərdir. Bundan başqa, təhsildən uzaqlaşanlar arasında bu addımı ev təsərrüfatında yardımçı olmaq məcburiyyətində qalaraq atan qızlar 60% təşkil edirlər. Hesabatda açıqlanan informasiyaya görə, qızlara, hətta baza təhsilini də başa vurmağa imkan verməyən maddi imkansızlıq onları öz gələcəklərini müəyyənləşdirmək imkanından məhrum edir. Hazırda gender bərabərsizliyinin aradan qaldırılması meyli mövcud olsa da, bu, kifayət qədər ləng templərlə həyata keçirilir.
Yekun olaraq, hesabatda qeyd edilir ki, "qadınlar üçün adekvat əlverişli və məhsuldar iş yerlərinin yaradılması mümkündür". Bununla əlaqədar, sənəddə müəyyən tərəqqi barədə də informasiya təqdim olunur. Lakin qanunvericilər əsas sosial və iqtisadi problemlərin həlli yolu qismində nəzərdən keçirilən məşğulluğa diqqət yetirməklə yanaşı, etiraf etməlidirlər ki, qadınların dünya əmək bazarında üzləşdikləri problemlərin, onların müəyyən ehtiyaclarının həlli məqsədilə ciddi müdaxiləyə ehtiyacı var.
MƏSLƏHƏT GÖR: