24 Noyabr 2024

Bazar, 22:49

İSTİFADƏSİZ QALAN "TANRI TƏAMI"

Xurma ixracı Azərbaycan üçün böyük gəlir mənbəyinə çevriləcəkmi?

Müəllif:

15.01.2008

AzƏrbaycanda neft hasilatının maksimum səviyyəsi yaxınlaşdıqca, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi problemi daha da aktuallaşır. Məlum olduğu kimi, həmin səviyyədən sonra azalma başlayacaq və onun nəticələrinin digər sahələrdən daxilolmalar hesabına kompensasiya edilməsi zəruridir. Nəzəri baxımdan, bu sahədə respublikamızda elə bir ciddi problem yoxdur: imkanlarından 100% istifadə olunduğu halda, elə təkcə aqrar sektor ölkəni dolandırmağa qadirdir. Lakin həmin 100%-ə aparan yollarda hələ də həllini gözləyən o qədər məsələlər var ki, bəzən bu məqsəd lap əlçatmaz görünür.

Baxmayaraq ki Azərbaycanda hər şey bitir - taxıldan ekzotik meyvələrə qədər. İrəlidə də elə məhz həmin meyvələrdən biri olan xurmadan söz açacağıq.  

Bu meyvəni yetişdirmək və ixrac etmək qərarına gələn iş adamlarının bu gün üzləşdikləri problemlər bağçılıq təsərrüfatlarının əksəriyyəti üçün səciyyəvidir.  Halbuki onların həlli dövlət xəzinəsinə neft və qaz "qoxusu" gəlməyən valyuta gətirə bilərdi.

 

"Narıncı pomidor"

Xurmanın latın dilindəki adı - "diaspyros" təamı (tanrıların təamı) kimi tərcümə olunur. Uzun müddət avropalılar xurmanın yeməli olmadığını düşünüblər. Nəhayət, hindlilər onlara izah etdilər ki, onu ilk şaxtalar düşənə qədər yemək olmaz. Sadəlövh avropalılar şaxtanın xurmanın dadını yaxşılaşdırdığını güman etsələr də, əslində, həmin dövr, təxminən, oktyabr-noyabr ayları "narıncı pomidor"un sadəcə tam yetişmə dövrüdür. AR Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Aqrar Mərkəzinin direktoru, biologiya elmləri namizədi Əsəd Musayevin dediklərindən: "Xurmanın ağız büzüşdürməsi yetişmə dövründə tərkibində taninin çox olması ilə bağlıdır. Tanin meyvələr tam yetişəndən sonra yox olur. Yeri gəlmişkən, qurudulmuş xurma son dərəcə ləzzətlidir, çünki ağızbüzmə xassəsini tamamilə itirir".    

1855-ci ildə amerikalı admiral Metyu Perri Qərb üçün iki əsr təcrid vəziyyətində olan Yaponiyanı kəşf etdi. ABŞ-a qayıdan admiral hamını indi bütün dünyanın yapon və ya Şərq xurması kimi tanıdığı meyvə ilə tanış etdi. Yeri gəlmişkən, Yaponiyada yetişməmiş, ağızbüzüşdürən xurmadan sake hazırlamaq üçün istifadə edirlər. Onun qovrulmuş toxumları isə qəhvənin əvəzləyicisi ola bilər. 

Ümumiyyətlə, Yer üzündə xurmanın, təxminən, 500 növü var. Onların böyük hissəsi tropik iqlimdə bitir, yalnız kiçik bir hissəsi mülayim iqlimə də dözmək qabiliyyətinə malikdir. Ən geniş yayılmış kaki xurma növünün vətəni Çindir. Meksikada bitən qara xurma (black sapote) növü də məşhurdur. O digər xurma növlərindən yaşıl qabığı və yetişərkən tamamilə qara lətilə fərqlənir. Filippində bitən mabolo adlı xurma növü rənginə görə məxməri almanı xatırladır. Yetişmiş mabolo al-qırmızı rəngdə olur.

İndi xurma Yaponiya, Çin, Himalay, Şimali Hindistan, Şimali Vyetnam, Filippin, Avstraliya, Fransa və Qafqazda, həmçinin başqa bölgələrdə uğurla yetişdirilir.  

 

Xurma var, bazar yoxdur

Azərbaycanda xurma 46 rayon və şəhərdə, o cümlədən Bakı, Gəncə, Sumqayıtda bitir. Son illər xurma istehsalının həcmi xeyli artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2006-cı ildə respublikanın 6595 ha sahədə yerləşən bağlarında 124, 485 min ton xurma yetişdirilib və hər hektarın orta məhsuldarlığı 250,7 sentner olub. 2007-ci ildə, təxminən, 130 000 tona qədər xurma tədarük edilib. Gördüyümüz kimi, məhsul bol olub. Lakin fermerlər onu son dərəcə çətinliklə satırlar. Hətta bəzən onlar min bir əzabla yetişdirdikləri meyvələri heyvanlara yedizdirmək məcburiyyətində də qalıblar. Məsələ ondadır ki, hazırda ölkədə bağbanların yetişdirdikləri xammalı almağa hazır olan müəssisələrin sayı son dərəcə azdır. Belə çıxır ki, məhsul olsa da, ona tələbat yoxdur. Durumu şərh edən Balakən rayonunun icra başçısının müavini Mehparə Nuriyeva vurğuladı ki, problemin həlli məqsədilə 2008-ci ildə Balakən rayonunda tədarük məntəqəsi və xurma emalı müəssisəsi açmaq planlaşdırlır. Bu meyvənin qənnadı məmulatları istehsalı zamanı istifadə olunduğu nəzərə alınarsa, emal müəssisəsinin inşası iqtisadi baxımdan böyük gəlir vəd edir. 

"Həqiqətən, bu il meyvəçilik sektoru üçün məhsuldar olub. Fermerlərimiz proqnozlaşdırılandan daha çox xurma yetişdiriblər və həmişə olduğu kimi, yenə də qarşımıza məhsulu harada satmaq məsələsi çıxıb. Şəxsən mən bağbanlara Bakıda və respublikanın başqa şəhərlərində keçirilən yarmarkalarda daha fəal iştirak etməyi məsləhət görərdim", - deyə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirib.

Bununla yanaşı, fermerlərin özlərinin iddia etdikləri kimi, hazırda daxili bazar təklif olunan məhsulu tam həcmdə mənimsəməyə qadir deyil. Deməli, onun respublikanın hüdudlarından kənara çıxarılması zəruridir. Həm də qonşu Rusiyada, Ukrayna və digər şimal ölkələrində xurmaya tələbat kifayət qədər yüksəkdir. Hətta bu ölkələrin yüksək səviyyəli dövlət məmurları da ölkəmizə səfərləri zamanı ölkəmizdə yetişdirilən xurmaya "sevgi elan edirlər". Lakin... yanacağın və sürtkü materiallarının qiymətlərinin bir neçə dəfə artması meyvələrin yaxın xaricdəki ölkələrə, əsasən, Rusiya Federasiyasına daşınmasına çəkilən xərcləri də artırıb.  

 

Zəmanətlə çatdırılma

Xurma tez xarab olan meyvə olduğundan, onun daşınması da xüsusi yanaşma tələb edir. Əks halda, bu biznes gəlir əvəzinə, yalnız zərər gətirər. Belə ki, məsələn, bu yaxınlarda bir şəmkirli iş adamı bütöv bir vaqona xurma yükləyərək, onu Yekaterinburqa göndərib. Fəhlələr vaqonu boşaldarkən yolda xurmanı don vurduğu məlum olub. İş adamı  $15 min ziyana düşüb. Aydındır ki, belə hallar iş adamlarına psixoloji baxımdan mənfi təsir göstərir.

Tez xarab olan məhsulların Azərbaycandan Rusiyaya çatdırılması problemi isə artıq neçə illərdir ki, həll olunsa da, artıq qeyd edildiyi kimi, hissolunacaq nəticələr hələ də yoxdur. 

Hər iki tərəfdən olan məmurların fikrincə, bu durumdan çıxış yollarından biri belə yükləri daşı-yan qatarların hərəkət marşrutunda dayanmaların minimuma endirilməsi, yəni göm-rükdə, sərhəd zastavalarında və i. a. bürokratik ən-gəllərin aradan qaldırılması olardı. Bundan başqa, Rusiyada bu məhsulun qəbul məntəqələrinin yaradılması da məqsədəuyğundur ki, bu halda həmin ölkəyə yük gətirən iş adamı onu satmaq üçün alıcı axtarışlarına bir neçə gün sərf etməzdi. Öz növbəsində, Azərbaycanda da tez xarab olan məhsulların saxlanması üçün anbarlar inşa etmək zəruridir. 

İlk baxışda, burada çətin bir şey yoxdur. Azərbaycan-Moskva birgə hökumətlərarası komissiyasının sonuncu toplantısında Rusiya tərəfi birinci problemin tezliklə həll olunacağını da vəd etmişdi. Azərbaycan İnvestisiya Şirkəti isə öz tərəfindən 2008-ci ildə respublikanın bölgələrində meyvə-tərəvəz məhsulları üçün anbarlar, Bakı yaxınlığında isə bir iri universal anbar inşa etmək niyyətində olduğunu açıqlamışdı. 

Əlbəttə, bağbanlar məhsullarının avtomobillə daşınmasında, həmçinin emal müəssisələrinin yaradılmasında dövlətin dəstəyinə ümid edirlər. Bu dəstək vaxtında verilsə, pis olmaz. Əks halda, bir çox kənd təsərrüfatı bitkilərinə olduğu kimi, bölgələrdə xurma yetişdirilməsinə də maraq itib-gedəcək və o təkcə rusiyalılar üçün deyil, azərbaycanlılar üçün də ekzotikaya çevriləcək. 


MƏSLƏHƏT GÖR:

495