
PAKİSTANDA VƏZİYYƏT NƏZARƏTDƏN ÇIXIB
Bənazir Bhuttonun qətli ölkədəki sabitliyi daha da pozub
Müəllif: NURANİ Bakı
Pakistanda vƏziyyƏt ol-duqca gərgindir. KİV-də yer alan son məlumatlara görə, Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Cənubi Vəziristan rayonunda məskunlaşmış Taliban yaraqlıları yerli tayfanın ölkə ordusu ilə atəşkəsə dair danışıqlar aparan 8 üzvünü qətlə yetirib. Bundan başqa, Özbəkistan İslam Hərəkatının (ÖİH) üzvləri Cənubi Vəziristanın əsas şəhəri sayılan Vanda yerli tayfaların nüfuzlu liderlərindən olan Molla Nazirin iqamətgahına basqın ediblər. Onlar iqamətgahda Molla Nazirin üç yaxın silahdaşını güllələyib, Şakay şəhərində isə daha beş nəfəri qətlə yetirib, beşini yaralayıblar.
Xatırladaq ki, Molla Nazir bir müddət əvvəl bir qrup silahlının (çox güman ki, ÖİH üzvlərinin) silahlı basqınına məruz qalmışdı. Buna səbəb isə onun ərazidən "yadlar"ın, yəni əsasən, islamçı yaraqlıların qovulması ilə əlaqədar hökumətin yeritdiyi siyasəti dəstəkləməsi olmuşdu. 2007-ci ilin yazında isə hökumət qüvvələri yerli başçıların dəstəyilə Vəziristanın ÖİH üzvlərindən təmizlənməsi məqsədilə genişmiqyaslı əməliyyat keçirmişdi və Pakistan mətbuatının məlumatına görə, xeyli sayda yaraqlı qətlə yetirilmişdi.
Bütün bunlarla yanaşı, Pakistandan partlayışlar və kamikadzelərin hücumları haqda məlumatlar, demək olar ki, hər gün gəlir. Analitiklər və siyasətçilərin diqqət mərkəzində isə hələ də, əsasən, dekabrın 27-də Ravalpindidə törədilən terror aksiyası qalmaqdadır. Məhz bu partlayış nəticəsində Pakistanın sabiq baş naziri, Pakistan Xalq Partiyasının (PXP) lideri Bənazir Bhutto qətlə yetirildi. Onun qətlilə bağlı araşdırma davam etdirilsə də, hələ də hansısa konkret nəticədən danışmaq mümkün deyil. Hətta Bhuttonun nədən - güllə yarasından, yoxsa başının öz avtomobilinin tavanına çırpılmasından öldüyü də dəqiq bilinmir. Yalnız o məlumdur ki, kamikadze əvvəlcə Bhuttoya tərəf bir neçə dəfə atəş açıb, daha sonra üzərinə bağladığı partlayıcını işə salıb.
Dekabrın 28-i axşam Pakistanın Daxili İşlər Nazirliyinin rəsmiləri sabiq baş nazirin güllə yarasından dünyasını dəyişməsi haqda məlumatları təkzib edən bəyanatla çıxış ediblər. Qurumun mətbuat katibi Caved Çimin sözlərinə görə, terrorçu Bhuttoya üç dəfə atəş açsa da, o, hədəfdən yayınıb və bundan sonra özünü partladıb. Başından yaralanaraq, ağır vəziyyətdə olan Bhuttonun dərhal çatdırıldığı xəstəxananın həkimləri də sabiq baş nazirin bədənində güllə yarası aşkar etməyiblər. Çimin sözlərinə görə, PXP lideri partlayış zamanı zirehli avtomobilinin tavanındakı lükə çırpılaraq ölüb. Xatırladaq ki, həmin vaxt o, lükdən çıxaraq, tərəfdarlarını salamlayırmış.
Beləliklə, rəsmi versiyaya görə, Pakistan müxalifətinin liderlərindən birinin ölümünə səbəb partlayış olub.
Bənazir Bhuttonun həyat yoldaşı isə hökumətin irəli sürdüyü versiya ilə razılaşmayaraq, Pakistan rəhbərliyini məlumatsızlıqda ittiham edib. "Biz partlayışın olduğunu təsdiq edirik. Lakin əvvəlcə onu güllələyiblər və partlayış yalnız bundan sonra baş verib. Mənim həmin vaxt hadisə yerində olmuş şahidlərim var. Amma Pakistan hakimiyyəti onları dindirməkdən imtina edir", - deyə Hindistan telekanalına müsahibəsində Asif Əli Zardari bildirib.
PXP-nin yüksək rütbəli nümayəndəsi, Bhuttonu yaxından tanıyan jurnalist Şerri Rehman da hökumətin versiyası ilə razı deyil: "Bənazir Bhutto odlu silahdan açılan atəşlə qətlə yetirilib. Güllə onun başına dəyib".
Rehman mərhumun cənazəsini yuyanlar arasında olduğunu və Bhuttonun baş nahiyəsindəki güllə yarasını şəxsən gördüyünü bildirib. "Hətta həmin güllə yarasından qan axması davam etdiyindən, biz mərhumu lazımi qaydada yuya bilmədik. Bhutto külli miqdarda qan itirmişdi", - deyə jurnalist xanım qeyd edib.
Vaxtilə Bhuttonun rəhbərlik etdiyi hökumətdə ətraf mühit naziri postunu tutmuş Zardarinin şərhi isə belə olub: "Hesab edirəm ki, Pakistan hakimiyyəti məlumatsız və səriştəsiz şəxslərdən ibarətdir və onlar arxa ilə önü bir-birindən ayıra bilmir".
Zardarinin fikrincə, hökumət nümyəndələrinin çoxsaylı vədlərinə baxmayaraq, hakimiyyət mitinqlər zamanı Bhuttonun təhlükəsizliyini lazımi səviyyədə təmin etməyib: "Məsuliyyəti üzərlərinə götürmək və günahlarını etiraf etmək əvəzinə, onlar başqalarını günahkar çıxarır və çirkin oyunlar oynayırlar".
Pakistan prezidenti Pərviz Müşərrəfə gəlincə, o, hesab edir ki, Bhuttonun ölümündə mərhumun özü də günahkardır. "Bhuttonun başını avtomobilin lükundən çıxarması baş verənlərə görə günahı məhz onun özünün daşıdığını söyləməyə əsas verir", - deyə prezident bildirib. Müşərrəfin sözlərinə görə, hakimiyyət müxalifət siyasətçisinin təhlükəsizliyinin təmin olunması üçün əlindən gələni edib: "Ona ayrılmış mühafizəçilərin sayı qədər mühafizəçi heç kəsə ayrılmamışdı".
Son məlumatlara görə, BMT Bhuttonun həyat yoldaşı və oğlunun qətlin araşdırılmasının qurumun nəzarətinə götürülməsi haqda xahişini rədd edib. BMT açıq şəkildə ona işarə vurub ki, Bhutto ilə Livanın sabiq baş naziri Rafiq Həririnin qətlini eyniləşdirmək lazım deyil.
Bir məqam da nəzərə alınmalıdır ki, Bhuttonun ölümündə Pakistan hakimiyyəti maraqlı ola bilməzdi. Xüsusilə də nəzərə alsaq ki, Pərviz Müşərrəf son seçkidə qalib gəlmişdi və artıq güclü tərəf kimi, müxalifətə müəyyən güzəştlərə də gedə bilərdi. O artıq belə addımlar atmağa başlamışdı: silahlı qüvvələrin ali baş komandanı postundan istefa və Bhuttonun Pakistana dönməsinə icazə verilməsi bunun göstəricisidir. Üstəlik, bir çox analitiklər Bhuttonun uzun müddət mühacirətdə yaşamasından sonra, populyarlığına baxmayaraq belə, Pakistanda yenidən siyasi mübarizədə üstünlük əldə edəcəyinə şübhə ilə yanaşırdılar.
Bhuttonun təhlükəsizliyi məsələsinə gəlincə, xanım siyasətçinin öz həyatına görə ehtiyat etməsinə kifayət qədər səbəb var idi. Pakistanda yanvarın əvvəllərinə təyin olunan parlament seçkisində iştirak etmək məqsədilə oktyabrın 18-də vətənə dönən sabiq baş nazir elə ilk gündəcə hücuma məruz qalmışdı. Bhuttonun kartejinin hərəkət etdiyi Kəraçinin mərkəzi küçələrinin birində törədilən iki partlayış nəticəsində müxalifət lideri sağ qalsa da, onun 140-dan artıq tərəfdarı həlak olmuşdu.
Bənazir Bhuttonun qətlinin Pakistanda qeyri-sabitliyin və itaətsizliyin yeni dalğasına səbəb olduğuna şübhə yoxdur. Məsələ ondadır ki, Bhutto yalnız nüfuzlu siyasətçi və sabiq baş nazir deyildi - o həm də çoxsaylı üzvü olan və böyük nüfuza sahib nəslin lideri idi.
İndi onun partiyasına və təbii ki, həm də nəslə mərhumun həyat yoldaşı və oğlu rəhbərlik edəcək. Lakin onların heç biri Oksford Universitetinin məzunu olmuş Bhuttonun xarizminə sahib deyil.
Pakistan parlamentinə seçkiyə gəlincə, onun vaxtı dəyişdirilərək, fevralın 18-nə təyin olunub. Amma bu seçkinin də həmin gün baş tutacağına heç bir zəmanət yoxdur.
Əksər analitiklərin fikrincə, terrorçular Bhuttonun ölümünə onun ABŞ-la gizli danışıqlar aparması haqda məlumatlardan sonra qərar verib. Mətbuatda yer alan məlumatlara inansaq, sabiq baş nazirlə Vaşinqton arasında ABŞ-ın "Əl-Qaidə"yə qarşı Pakistanın Əfqanıstanla sərhəd ərazilərində, həmçinin "Azad tayfalar zonası"nda hərbi əməliyyatlar keçirməsinə dair gizli müzakirələr aparılırmış.
Məşhur siyasətçinin qətli bütün digər məqamlarla yanaşı, ölkədə situasiyanın son həddəcən qarışdırılması, icmalar, klanlar arasında düşmənçiliyin daha da gərginləşdirilməsi üçün ideal vasitə olub. Bu isə Pakistan üçün ciddi problemdir: bu ölkədə sünnilərlə şiələr arasında yaşanan ixtilaf hər il onlarca insanın ölümünə səbəb olur. Bhuttonun qətlinin ölkədəki qeyri-sabitlik fonunda hakimiyyətin radikal islamçıların əlinə keçirilməsinə dair geniş planın tərkib hissəsi olduğu da istisna deyil. Vaxtilə qonşu Əfqanıstanda, həmçinin Çeçenistanda məhz belə ssenaridən istifadə edilib və hazırda İraqda da oxşar proseslər yaşanmaqdadır. Üstəlik, Pakistanda, yenə də İraqda olduğu kimi, siyasi həyatda aparıcı rola, əsasən, dünyanın müxtəlif yerlərində "cihad" məqsədilə bir araya gəlmiş siyasi terrorun "qara internasional"ı iddia edir. Ben Ladenin müsəlman ölkələrinin "satqın hakimiyyətlər"inə qarşı müharibə elan etməsindən sonra bu versiya diqqətdən kənarda qalmamalıdır. Xüsusilə də nəzərə alsaq ki, Pakistanda islamçılar artıq bir dəfə öz güclərini nümayiş etdiriblər. Söhbət Lal-Məscid ətrafında yaşanan məşhur hadisədən gedir. Yeri gəlmişkən, həmin vaxt islamçılar ölkədə hakimiyyəti seçki yolu ilə ələ keçirməyin real olmadığına əmin olublar. Bu səbəbdən də onların terrora əl atacağı gözlənilməz deyildi...
MƏSLƏHƏT GÖR: