
BUŞUN SON ŞANSI
ABŞ özünün antiiran siyasətində ərəb millətçiliyi faktorundan istifadə etməyə hazırlaşır
Müəllif: Seyid MİRZƏYEV Bakı
ABŞ-ın xarici siyasƏti Avropa siyasətindən bir sıra qlobal problemlərin həllinə münasibətlə fərqlənir. Ənənəvi olaraq o, iki sadə suala əsaslanır: "Əgər biz deyiliksə, onda kim?" və "Əgər indi olmasa, onda nə zaman?". ABŞ-ın hazırkı prezidenti Corc Buşun əslən kovboy olduğunu nəzərə alsaq, onun iki prezidentlik müddətində Birləşmiş Ştatların qarşısında dayanan bütün geosiyasi problemləri həll etməyə çalışmasında təəccüblü heç nə yoxdur.
Vacib geosiyasi problemlərin həllinə bu gür yanaşmanın həm müsbət, həm də mənfi tərəfləri var. İş görməzdən əvvəl uzun-uzadı düşünmək vərdişinə malik avropalılardan fərqli olaraq, amerikalılar heç zaman gecikmir. Bu, əlbəttə ki, Amerikanın xarici siyasətinin müsbət cəhətidir. Lakin amerikalılar, əsasən, hədəfi müəyyənləşdirən zaman təfərrüata varmırlar. Bir çox hallarda isə yekun nəticəyə məhz təfərrüatlar həlledici təsir göstərir. Odur ki ABŞ tez-tez "tələsən təndirə düşər" misalına uyğun vəziyyətlə üzləşir.
Hazırkı prezident Corc Buş da məhz belə durumla qarşı-qarşıya qalıb. Bir neçə il ərzində o, NATO-nun genişlənməsi, Rusiyanın Avropadan hərbi-siyasi baxımdan sıxışdırılıb-çıxarılması, həmçinin əsas enerji daşıyıcılarının mənbələri və nəqli marşrutları üzərində Vaşinqtonun tam nəzarətinin təmin edilməsi məsələlərini çözməyə çalışıb. İşlərin gedişində Köhnə Dünyanın azadlıq səylərinin (təbii ki, ABŞ-dan) neqativ fəsadlarının aradan qaldırılmasına və Amerikasayağı demokratiyanın yayılmasına ehtiyac yaranıb.
Ədalət naminə etiraf etmək lazımdır ki, ABŞ prezidenti bir çox məqsədlərinə nail ola bilib. Rusiyanın Baltikyanı regiondan Qara dəniz və Xəzər dənizinədək olan məkandan tam kənarlaşdırılması üçün indi qalır yalnız Ukraynanın, Moldovanın və Cənubi Qafqaz ölkələrinin NATO-ya qəbul edilməsi. Axı NATO və Avropa İttifaqının yeni üzvləri Amerikanın Avropadakı "beşinci kolonu" sayılır.
Bundan başqa, Əfqanıstan və İraq artıq işğaldadır və yalnız İran problemini həll etmək qalır. Bu halda Rusiyanın sərhədlərindən kənarda olan əsas enerji resursları mənbəyi və onların nəqli marşrutları tamamilə ABŞ-ın nəzarətinə keçəcək. Üstəlik, bununla Amerika Avropanın Asiya ölkələrinə iqtisadi müdaxiləsinin də qarşısını almağa çalışır.
Lakin məhz bu məqamda həmin təfərrüatlar Buşu pis vəziyyətə salır. Məsələn, Kosovo problemi istənilən an partlaya bilən minanı xatırladır. Bu münaqişənin istənilən formada, xüsusilə də, ABŞ-ın istəyinə uyğun olaraq, bölgəyə müstəqilliyin verilməsi yolu ilə həlli Avropada situasiyanın gərginləşməsinə, həmçinin Rusiya ilə ikitərəfli münasibətlərdə problemlərin artmasına səbəb olacaq.
Əfqanıstan və İraqın işğalı isə bu ölkələrdə sabitliyin yaradılması ilə müqayisədə daha asan başa gəlib. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın "əl-qolu bağlanıb". Vaşinqton qoşunların bu ölkələrdən çıxarılmasına qərar verə bilmir. Çünki bu nəinki həmin dövlətlər üçün, həmçinin ABŞ-ın geosiyasi maraqları üçün faciə ilə nəticələnəcək. Əslində bu, Vaşinqtonun Yaxın Şərq və Mərkəzi Şərq siyasətinin tam iflasa uğraması olardı ki, bu da neqativ geosiyasi nəticələr və perspektivlərlə Vaşinqtonun dünyadakı hakim rolunun sonu anlamına gələrdi.
Bu səbəbdən də, düşünmək olar ki, ABŞ demokratlarının qoşunların İraqdan çıxarılmasının vacibliyi haqda bəyanatları seçkiqabağı populist bəyanatlardan başqa bir şey deyil.
Beləliklə, Buşun perspektivə hesablanmış siyasətinin ümumilikdə düzgün olduğunu söyləmək mümkündür. Sadəcə olaraq, Tbilisidə həvəslə tvist oynamasına baxmayaraq, o pis rəqqasdır.
İndi isə dövr başqadır. Hazırda tvist dəbdə deyil. Ərəb, türk və fars faktoruna qarşı kürd faktorundan istifadə edilməsi isə ona gətirib çıxarıb ki, geosiyasi maraqları bir-birinə zidd olan dövlətlər də öz qüvvələrini birləşdirmək zorunda qala bilər.
Nəticədə isə, bütün Yaxın və Orta Şərqdə anti-Amerika və anti-Qərb əhvalın güclənməsinin şahidi oluruq. Belə bir şəraitdə Buş öz tarixi missiyasını - İran məsələsini çözməklə, bütün Yaxın və Orta Şərqi tamamilə ABŞ-ın nəzarətinə götürmək niyyətini reallaşdıra bilmir. Şahmat termini ilə desək, Buş hazırda suqsvanq vəziyyətinə düşüb -edəcəyi istənilən gediş onun vəziyyətini daha da qəlizləşdirir. Vaşinqtonun bu istiqamətdəki istənilən fəaliyyəti ən azı bu gün bütün müsəlman dünyasının, həmçinin əks geosiyasi maraqlara malik ölkələrin birləşməsinə gətirib çıxaracaq. Bu isə Birləşmiş Ştatların tam təcrid duruma düşməsi deməkdir.
Yuxarıda qeyd olunan tarixi missiyanın yerinə yetirilməsi üçün müsbət impulsa nail olmaq, yəni heç olmasa, Yaxın Şərqin ən ciddi problemlərindən birinin həllinə nail olunduğuna dair görüntü yaratmaq vacibdir. Bu, müsəlman dünyasını parçalaya və ABŞ-a müsəlman ölkələrinin də iştirak etdiyi yeni antiiran koalisiyasının yaradılmasına imkan verərdi. Ərəb-İsrail münaqişəsinin həlli məhz belə faktor ola bilər.
Nəzərə almaq lazımdır ki, bir çox ərəb dövlətləri, İran və xüsusilə Türkiyə tam əks geosiyasi maraqlara malik dövlətlər olsalar da, zorən müttəfiqdirlər.
Qəribədir ki, "başqa millət", yəni regionda etnik azlıq olan İran nəinki Yaxın və Orta Şərqdə qeyri-sabitliyin qorunmasında, hətta mövcud münaqişələrin daha da gərginləşməsində maraqlı olan yeganə dövlətdir. Yalnız bu halda Tehran bəzi dini məqamlar və ictimaiyyətdəki anti-Amerika və anti-Qərb meyllərindən yararlanaraq, regionun nəhəngi roluna iddia edə bilər. Tehranın bu niyyətinə qarşı olan əsas qüvvələrdən biri ümumərəb millətçiliyidir. Belə ki, Yaxın Şərqdə mövcud olan ümumərəb millətçiliyi regional problemlərin həllində fars faktorunun iştirakını birmənalı şəkildə rədd edir.
Görünür, bü gun ABŞ ərəb-İsrail münaqişəsinin həllində məhz bu faktordan yararlanmağa çalışır. Belə ki, Yaxın Şərq turnesinə çıxan Corc Buş Fələstin və İsrail liderləri ilə keçirdiyi görüşlərin yekunları haqda danışarkən bildirib ki, tərəflər arasında onun prezidentlik müddətinin başa çatmasınadək (2009-cu ilin yanvarı) sülh müqaviləsinin imzalanmasını müm-kün sayır. Lakin onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün İsrail və Fələstin "ağrılı siyasi qərarlar" qəbul etməlidir. "Artıq çətin seçim etmək zamanı gəlib", - deyə Ağ ev sahibi qeyd edib. Buş bildirib ki, hər iki tərəf "yol xəritəsi"nə əsasən üzərlərinə düşən öhdəliklərə əməl etməlidirlər.
ABŞ-ın İsrailin təhlükəsizliyinə görə məsuliyyət daşıdığını deyən C.Buş bildirib ki, bununla yanaşı, artıq status-kvonun saxlanması yolverilməzdir və Fələstin dövlətinin yaradılmasının vaxtı çatıb. Buş ərəb dövlətlərini "İsrailə əl uzatmağa" və regionda sülhün əldə edilməsinə öz töhfələrini verməyə çağırıb.
Bununla yanaşı, ABŞ prezidenti qeyd edib ki, İran yalnız Yaxın Şərq üçün yox, bütünlükdə dünya üçün təhlükə mənbəyidir: "Bu ölkə Yaxın Şərq üçün heç bir dövlətin yaratmadığı dərəcədə təhlükə yaradır. O, nüvə silahı əldə etməyə çalışır və bu, son dərəcə təhlükəlidir. Sülh məqsədləri ilə uranı zənginləşdirmək gücündə olan dövlət bunu hərbi məqsədlərlə də həyata keçirə bilər. Biz bu təhlükənin qarşısının alınması istiqamətində əlimizdən gələn tədbirləri həyata keçirməyə davam edəcəyik".
Buşun sözlərinə görə, Tehran nüvə proqramının icrasını dayandırsa da, istənilən an onu yenidən işə sala bilər. "Kəşfiyyat məlumatları da göstərir ki, İran təhlükəsinə ciddi yanaşılmalıdır. İran hökumətinin fəaliyyəti İran xalqına da mənfi təsir göstərir", - deyə Amerika lideri qeyd edib.
İsrailin baş naziri Buşun bu fikirləri ilə razıdır: İran tərəfindən gələn təhlükənin qarşısının alınması üçün hər şey edilməlidir.
Fələstin lideri Mahmud Abbas nəinki İsrail ordusunun muxtariyyət ərazisində törətdiklərinə sərt reaksiya verib, həm də bildirib ki, İran sülh prosesinə mənfi təsiri HƏMAS-ın əli ilə törədir.
İsrailin baş naziri Ehud Olmert isə öz növbəsində bildirib ki, israillilər kimi, fələstinlilər də "iki xalq üçün iki dövlət" layihəsinin ABŞ-ın təklif etdiyi "yol xəritəsi" əsasında həyata keçirilməsinə "ciddi şəkildə hazırdırlar". Bununla yanaşı, Olmert ABŞ prezidentini əmin edib ki, o, "çətin kompromislərə" getməyə hazırdır.
Beləliklə, prezident Buş münaqişə tərəfləri üçün variantın olmadığını açıq şəkildə ortaya qoyub. Birincisi, ərəblər üçün İsraillə sülhə getməyin alternativi yoxdur. Belə ki, ABŞ bu dövlətin mövcudluğunun qarantıdır.
İkincisi, İsrail üçün Fələstin dövlətinin yaradılmasına razılaşmaqdan başqa, yol qalmayıb. Çünki ömürboyu ətrafdakı çoxmilyonluq xalqlarla düşmənçilik şəraitində yaşamaq mümkün deyil və bunu israillilər də yaxşı anlayır.
Üçüncüsü, tərəflər arasında sülh razılaşması Buşun prezidentlik müddətinin başa çatmasınadək imzalanmalıdır.
Nəhayət, dördüncüsü, ərəblər və israillilər "ümumi düşmən" olan İranla mübarizədə yüksək səviyyədə əməkdaşlıq edə bilərlər.
Etiraf etmək lazımdır ki, bu variantlar ABŞ prezidentinin turnesi çərçivəsində baş çəkdiyi ərəb dövlətləri - Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misiri də tam qane edir. Bu sıraya İordaniyanı da əlavə etsək, artıq gələcək anti-İran koalisiyasından danışmaq olar.
Bundan başqa, qeyd etmək lazımdır ki, Buş prezidentlik müddətinin başa çatmasınadək Fələstinlə İsrail arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqda "şəxsi mənfəət" də güdür. Söhbət yalnız Buş administrasiyasının xarici siyasətdəki səhvlərinin seçkiqabağı dövrdə respublikaçıların əleyhinə işləməsindən getmir. Məsələ yenidən Ağ evə qayıtmağı düşünən Buş ailəsinin "sülalə maraqları"ndadır. Bu səbəbdən də Corc Buş Ağ evi, ölkənin sabiq dövlət katibi Madlen Olbraytın sözləri ilə desək, ABŞ tarixinin ən pis prezidenti kimi tərk edə bilməz...
MƏSLƏHƏT GÖR: