15 Mart 2025

Şənbə, 00:34

KÖHNƏ MÜTTƏFİQLƏR "YENİ ERA"ya QƏDƏM QOYACAQLARMI?

Türkiyə prezidentinin ABŞ-a səfəri Türkiyə-Amerika münasibətlərindəki pozitiv tendensiyaları möhkəmləndirsə də, hələ ki "bal ayı"nın başlanmasından danışmaq tezdir

Müəllif:

15.01.2008

Türkiyə prezidenti Abdulla Gülün bu yaxınlarda ABŞ-a səfəri əksər əcnəbi analitiklər tərəfindən böyük əhəmiyyətli hadisə kimi qəbul olunub. Buna isə kifayət qədər səbəblər var. Birincisi, bu, 11 illik fasilədən sonra Türkiyə prezidentinin Birləşmiş Ştatlara ilk səfəri idi.  A. Gülədək Vaşinqtona, sadəcə, 1996-cı ildə ozamankı dövlət başçısı Süleyman Dəmirəl rəsmi səfər etmişdi. Ondan əvvəlki səfər isə 1992-ci ildə Turqut Özalın vaxtına təsadüf edir. 

Amma əlbəttə ki, məsələ rəmzi məqamlarda deyil. Türkiyədə əsas hakimiyyət başçısı baş nazirdir. Odur ki Ankara ilə Vaşinqton arasında möhkəm münasibətlərin indikatoru kimi, hökumət başçısının Ağ evə etdiyi mütəmadi səfərləri qeyd etmək olar. İldə bir dəfə baş tutan bu səfər isə iki ölkə arasında mövcud olan strateji müttəfiqliyin xarakterinə tam uyğundur. Ekspertlərin əsas diqqət yönəltdikləri məqam ondan ibarətdir ki, bu səfər tərəflər arasında xeyli vaxtdır (təxminən, beş il) "soyuqluq"un aradan qaldırılmasının rəmzi hesab edilir. Türkiyə mətbuatının yazdığı kimi, bu 5 ilə yaxın dövrdə Ankara-Vaşinqton münasibətlərində kifayət qədər gərginlik və ziddiyyət yaşanıb və bunun səbəbi Türkiyədə yeni hakimiyyətin islamçılar olması, Ankaranın regiondakı siyasətinin isə daha müstəqil, sərt və inadkar şəkildə həyata keçirilməsidir.

Türkiyənin xarici işlər naziri Əli Babacan, energetika naziri Hilmi Gülər və iqtisadiyyat naziri Mehmet Şimşəyin də daxil olduğu nümayəndə heyəti Vaşinqtonda bu ölkə prezidenti Corc Buş, vitse-prezident Dik Çeyni, dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Geytslə görüşlər keçirib. Türk və Amerika mətbuatının yazdığına görə, görüşlər və danışıqlarda ikitərəfli münasibətlər, regional vəziyyət, xüsusilə, Yaxın Şərq münaqişəsinin həlli, İraq, Pakistan və Əfqanıstandakı durum, Tehranın nüvə proqramı və Ankara-Avropa İttifaqı münasibətləri diqqət mərkəzində olub.

Əsas diqqət isə təbii ki, iki prezident arasında yanvarın 8-də baş tutan görüşə yönəlmişdi. Qeyd etmək lazımdır ki, bu görüş yalnız Türkiyənin deyil, həm də bir gün sonra Yaxın Şərqə (İsrail, Fələstin, Küveyt, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı və Misir) 7 günlük səfərə çıxan ABŞ lideri üçün böyük əhəmiyyət daşıyırdı. O, bu ölkələrin rəhbərləri ilə keçirəcəyi görüşlərdə Türkiyə prezidentinin məsləhətlərindən yararlana, onun mövqeyindən istifadə edə bilərdi.

A.Güllə görüşdən sonra mətbuata açıqlamasında Buşun ilk fikri belə olub ki, o, qarşısındakı şəxsi ABŞ-ın "nəhəng strateji tərəfdaşı" olan ölkənin prezidenti kimi alqışlayır. "Hər iki ölkənin ümumi problemlərlə üzləşdiyini" deyən C.Buş həm ABŞ-ın, həm də Türkiyənin "ümumi düşmən - terrorizmlə mübarizə apardığını" qeyd edib. Belə "ümumi düşmən" kimi Kürd Fəhlə Partiyasını (PKK) da göstərən Ağ evin sahibi bildirib ki, bu təşkilat "Türkiyə, İraq və sülh şəraitində yaşamaq istəyən bütün insanların düşmənidir". 

Qeyd edək ki, belə ifadələr Ağ ev sahibinin dilindən ilk dəfədir  səsləndirilir və bunu Ankara diplomatiyasının böyük uğuru kimi qəbul etmək olar. Məsələ ondadır ki, iki ölkə arasında münasibətlərin gərginləşməsinə məhz kürd problemi səbəb olmuşdu. NATO-da ordusunun sayına görə ABŞ-dan sonra ikinci yeri tutan Türkiyə, ötən ilin payızında İraq Kürdüstanı ilə sərhəddə 100 minlik hərbi qüvvə yığaraq, ABŞ və İraq qüvvələrinin PKK yaraqlılarını zərərsizləşdirməyəcəyi halda, qonşu ölkənin ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını bəyan etmişdi. Vaşinqton isə, öz növbəsində, bunun İraqda situasiyanın daha da gərginləşməsinə səbəb olacağını bildirərək, Ankaranı bu addımdan çəkinməyə çağırırdı. 

Beləliklə, yalnız ötən ilin oktyabrında Pentaqonun Türkiyəyə PKK bazalarının yeri haqda kəşfiyyat materilalları verməsindən sonra iki ölkə arasında gərginlik bir qədər azalmağa başladı. Türkiyə isə bu informasiyalardan istifadə edərək, ölkə sərhədindən 100 kilometr cənubda yerləşən İraq Kürdüstanının ərazisindəki PKK bazalarına dağıdıcı aviasiya zərbələri endirdi.

Bütün bunlarla yanaşı, ABŞ-la Türkiyə arasında kürd problemi ilə əlaqədar tam həmrəylik hələ də yaranmayıb. "International Herald Tribune"nin bildirdiyinə görə, Türkiyə aviasiyasının İraqın şimalındakı PKK bazalarına zərbələr endirməsi Vaşinqtonu İraq rəhbərliyi qarşısında pis vəziyyətdə qoyub. Rəsmi Bağdad Ankaranı terrorçularla mübarizədə dəstəklədiyini bildirsə də, Türkiyənin bu siyasətinin ölkənin şimalında situasiyanı gər-ginləşdirməsindən qəzəblidir. Məhz bununla əlaqədar olaraq, ABŞ Dövlət Departamenti K.Raysın simasında dəfələrlə Ankaraya müraciət edərək, onu PKK ilə mübarizədə  İraqda sabitliyi pozacaq addımlardan çəkinməyə çağırıb və problemin həlli istiqamətində hərbi əməliyyatların siyasi addımlarla müşaiyyət olunmasının vacibliyini qeyd edib. Dövlət Departamentinin terror əleyhinə departamentinin rəhbəri Del Deyli isə hətta bildirib ki, Vaşinqton PKK probleminin siyasi yolla həllini dəstəkləyir. 

Amma Ankaranın bu məsələdə tələsəcəyini gözləmək olmaz.

PKK məsələsinə A.Gül ABŞ-da türk və amerikalı biznesmenlərlə keçirdiyi görüşdə də toxunub. Prezident bildirib ki, Türkiyə PKK bazalarına zərbələr endirməklə, İraqda sabitliyin möhkəmlənməsinə yardım edir. Gül Ankaranın İraqın ərazi bütövlüyünə hörmətlə yanaşdığını, əsas məqsədin yalnız PKK terrorçularının birdəfəlik məhvi olduğunu söyləyib. Prezidentin sözlərinə görə, Ankara əslində İraq xalqına xidmət edir: "Çünki Türkiyə yalnız yaraqlılar tərəfindən gələn təhlükəyə qarşı mübarizə aparmır, həm də İraq hökumətinin hazırda atmaq iqtidarında olmadığı addımları atır".

İki prezidentin Vaşinqtonda keçirilən görüşündə Ankara üçün daha bir böyük uğur ABŞ-ın Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı qəti mövqe ortaya qoyması oldu. A.Güllə görüşdən sonra jurnalistlər qarşısında çıxış edən C.Buş açıq şəkildə bildirdi ki, Vaşinqton Ankaranın sözügedən quruma üzvlüyünə tərəfdardır. Buş hesab edir ki, Avropa Türkiyənin quruma qoşulmasından yalnız və yalnız qazanacaq. "Hesab edirəm, Türkiyə dünyanın bir çox ölkələrinə demokratiyanın İslam kimi böyük bir dinlə birlikdə mövcud olduğuna dair fantastik nümunə göstərir və bu çox vacibdir", - deyə Amerika lideri qeyd edib: "Mən Türkiyəyə Avropa və İslam dünyası arasında konstruktiv körpü kimi baxıram. Bu səbəbdən, Türkiyənin Avropa İttifaqına qəbulu bütün dünyanın maraqlarına uyğundur". 

ABŞ-ın bu mövqeyinin Ankaranın Aİ-yə qəbulla bağlı şanslarını nə qədər artırdığını söyləmək çətindir. Amma onun Türkiyə ilə qurum arasındakı dialoqda, həmçinin, Avropanın siyasi səhnəsində birincinin mövqelərini möhkəmləndirəcəyinə şübhə yoxdur.

Türkiyə mətbuatının yazdığına görə, Vaşinqtonda keçirilən görüşlərdə müzakirə edilən daha bir vacib məsələ energetika və Avropaya neft-qaz tranzitində Türkiyənin rolu ilə bağlı olub. Bu gün Xəzər regionunun karbohidrogen ehtiyatlarının Avropaya nəqlində böyük tranzit ölkəyə çevrilən Türkiyə bu mövqeyini möhkəmləndirməkdə və yalnız Şərqlə Qərb arasında yox, həm də Şimalla Cənub arasında (Ankara bu məsələdə inhisarçı rolunda çıxış etmək istərdi) tamhüquqlu regional enerji dəhlizinə çevrilməkdə maraqlıdır. Ankara burada iki məsələni çözməyə çalışır. Birincisi, Türkiyə ərazisindən yan keçən alternativ enerji marşrutları ilə rəqabətdə ABŞ-ın dəstəyini qazanmaq. Məlum olduğu kimi, bu alternativlərin təşəbbüsü, əsasən, Moskva tərəfindən gəlir və ABŞ-ın bəzi avropalı müttəfiqləri tərəfindən (İtaliya, Yunanıstan, Bolqarıstan və s.) dəstəklənir. Türkiyədə isə anlayırlar ki, Vaşinqtonun siyasi təzyiqi olmadan bu sahədə uğur əldə edilməsi mümkün deyil.

İkincisi, Ankara Vaşinqtonu inandırmağa çalışır ki, İranın enerji resurslarının Türkiyə ərazisindən nəqli ABŞ-ın maraqlarına zidd olmayacaq. 

Bəzi türkiyəli ekspertlər hesab edir ki, Ankara ilə Vaşinqton birinci məsələdə razılığa gələ bilər. Çünki hər iki ölkə nəinki Avropanın Rusiya qazından asılılığının aradan qaldırılmasının vacibliyi məsələsində həmrəydir, eyni zamanda Moskvanın dünyaya və regiona təsir imkanlarının yenidən bərpa olunacağından ciddi şəkildə narahatdır. Türkiyə diplomatiyasının veteranı Özdəm Sanberk də məhz belə düşünənlər sırasındadır. O, hesab edir ki, iki ölkənin regiondakı maraqlarında obyektiv eyniliyin mövcudluğu zaman-zaman ikitərəfli münasibətlərdə problem və ziddiyyətlər yaratsa da, Ankaranın xeyrinədir. 

Eyni zamanda, Sanberkin fikrincə, bu tendensiyanın uğurla inkişaf etdirilməsi üçün Ankara bir sıra cavab addımları atmalı, xüsusilə, komplekslərindən azad olmalı, Şimali İraq administrasiyası ilə birbaşa dialoq kanalları tapmalıdır. Məlum olduğu kimi, hazırda Türkiyə İraq kürdlərinin lideri Məsud Bərzani ilə birbaşa əlaqədən nəinki yayınır, hətta İraq prezidenti, milliyyətcə kürd olan Cəlal Təlabaninin Türkiyəyə rəsmi səfər etməsinə şərait yaradılması haqda Ankaradan xahişlərini də rədd edir.

Ümumilikdə, A.Gülün ABŞ-a səfəri Ankara ilə Vaşinqton arasında ənənəvi müttəfiq münasibətlərinin bərpasının rəmzi sayıla bilər. Lakin məhz rəmzi sayıla bilər... Səfərin yekunları, ən azı, onun mətbuat səhifələrinə çıxan, analitiklər üçün açıq olan hissəsi Gülün Vaşinqtondan dönən zaman təyyarənin göyərtəsində türkiyəli jurnalistlərə verdiyi aşağıdakı açıqlamanın həqiqət olduğunu söyləməyə əsas vermir. Gül səfərini belə xarakterizə edib: "Terrorizmlə mübarizənin yeni fazası və İraqdakı hadisələrin inkişafı göstərdi ki, ABŞ-Türkiyə münasibətlərində çətin mərhələ artıq geridə qalıb, qarşılıqlı etibar atmosferi bərpa edilib və yeni era başlanıb".

Türkiyənin ABŞ-dakı sabiq səfiri Faruk Loqoğlu da bununla razıdır. Məsələ ilə bağlı fikirlərini "Turkish Daily News"a bildirən, kürd və erməni probleminin daimi olduğunu vurğulayan diplomat qeyd edib ki, Ankara ilə Vaşinqton arasındakı münasibətlərdə "yeni eranın" başlandığını söyləmək "böyük şişirtmə" olardı. Onun fikrincə, sadəcə, ikitərəfli münasibətlərə daha praqmatik inkişaf istiqaməti verən yeni, pozitiv impulsun yaranmasından danışmaq olar.


MƏSLƏHƏT GÖR:

402