24 Noyabr 2024

Bazar, 16:11

MÜASİRLƏŞDİRİLMİŞ EMAL

SOCAR 2018-ci ildən "Avro-5" standartları ilə benzin və dizel yanacağı istehsal edəcək

Müəllif:

09.06.2015

Neftin qiymətinin enib-qalxması və manatın fevraldakı devalvasiyası Azərbaycanda böyük layihələrin həyata keçirilməsini sual altına qoydu. Bir zamanlar mətbuatda, hətta Bakının Qaradağ rayonunda yeni neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) tikintisi üzrə SOCAR-ın kifayət qədər iddialı layihəsinin staqnasiya təhlükəsi altında olduğuna dair xəbərlər şişirdilirdi. Bu söhbətlərə Dövlət Neft Şirkətinin məsul şəxslərinin kompleksin buraxılması tarixinin 2020-2022-ci ildən 2030-cu ilə keçirilməsinə dair bəyanatları səbəb olmuşdu. Lakin SOCAR menecerlərinin "Caspian Oil&Gas 2015" konfransı zamanı verdikləri bəyanatlar skeptiklərin bədbin proqnozlarını yox etdi. 

SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun sözlərinə görə, layihənin birgə həyata keçirilməsi üçün tərəfdaş investorların cəlb olunması planlaşdırılır. Belə ki, artıq konkret təkliflər var. "Bir neçə şirkət tərəfdaş investor qismində həmin layihə üzrə öz ərizələrini təqdim edib. Bununla əlaqədar SOCAR potensial tərəfdaşlarla müvafiq danışıqlara başlayıb", - deyə o qeyd edib. T. Qəhrəmanovun sözlərinə görə, əgər danışıqlar uğurla başa çatarsa, həmin layihənin növbəti mərhələlərinin həyata keçirilməsi seçilən tərəfdaş investor ilə birgə aparıla reallaşdırıla bilər. 

Qeyd edək ki, SOCAR-ın həmin layihəyə dair planları dəyişməyib. Əvvəlki kimi, OGPC tikintisinin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə qaz emalı (QEZ) və neft-kimya (NKZ) zavodlarının inşası, ikinci mərhələdə isə neft emalı zavodunun (NEZ) tikintisi planlaşdırılır. Gəlirliliyi 20%-dən artıq və sərmayələrin özünüödəmə müddəti 4 - 5 il olmaqla, ümumilikdə, birinci mərhələnin dəyəri kreditlər üzrə faizlərin ödənilməsi nəzərə alınmaqla 8,45 mlrd. dollar təşkl edəcək.

Layihənin ümumi dəyəri haqqında hələ ki, konkret məlumat yoxdur və müxtəlif məlumatlara görə, söhbət 17 mlrd. dollardan gedir. Əvvəlcədən sərmayələrin 70%-nin müxtəlif maliyyə təşkilatlarından cəlb olunması planlaşdırılırdı.

2014-cü ilin noyabr ayında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, OGPC tikintisinin maliyyələşdirilməsi üzrə təklifləri "UniCredit", "RBS", "Societe Generale", "BNP Paribas, "ING", "Credit Agricole" və "ECGD" (Böyük Britaniyanın eksport kreditləri üzrə departamenti) irəli sürüb. 

Bu arada, yeni NEZ tikintisinin başlanmasına qədər SOCAR fəaliyyət göstərən Heydər Əliyev adına Bakı NEZ-in bazasında qalmağa çalışır. Həmin NEZ-in tərkibinə 2015-ci ildən "Azərneftyağ" NEZ-i daxil edilib. 

Məhz orada SOCAR 2018-ci ildə "Avro-5" standartında benzin istehsalına başlamağı planlaşdırır. T. Qəhrəmanovun sözlərinə görə, bunun üçün zavodun müasirləşdirilməsi üzrə müvafiq işlər görüləcək. "Bu işlərdən sonra Azərbaycanda buraxılan benzinin keyfiyyətinin yaxşılaşması ilə yanaşı, həm də onun həcmi 1,3 mln. tondan 2,2 mln. tona qədər, dizel yanacağının isə 2,3 mln. tondan 2,9 mln tona qədər, aviasiya neftinin 0,7 mln tondan 1 mln. tona qədər artacaq", - Dövlət Neft Şirkətinin vitse-prezidenti vurğulayıb. Beləliklə, qeyd olunmuş həcmlər ölkədə yanacağa tələbatı, ən azı, 2020-ci ilin sonlarına qədər təmin edə biləcək. 

Bundan başqa, "Azərkimya" İB tərəfindən verilən nafta neft-kimya sənayesi üçün daha effektiv qaz propan-propilen və butan-butilen fraksiyaları ilə əvəz olunacaq. 

"Bu məqsədlərə nail olmaq üçün, həmçinin neftin ilkin emalı üzrə qurğunun gücünün ildə 6 mln. tondan 7,5 mln. tona qədər artırılması, ildə 2 mln. tondan 2,5 mln. tona qədər kataliz krekinqinin quraşdırılması planlaşdırılır. Həmçinin bitumun istehsalı üzrə qurğuşunun, inomerizasiya, mayeləşdirilmiş qazların və benzin fraksiyalarının sulfid birləşmələr və s. təmizlənməsi üzrə qurğunun tikintisi nəzərdə tutulub", - deyə T. Qəhrəmanov bildirib.

"Azərkimya" İB-in müəssisələrində yenidənqurma işləri isə "SOCAR Polymer"in tikəcəyi polipropilen və poletilen zavodlarının xammal ilə təmin olunmasına yönəlib. T. Qəhrəmanovun sözlərinə görə: "Yenidənqurma nəticəsində etilen və propilenin istehsal həcmləri 2014-cü ilin göstəricisi ilə müqayisədə 160 min tondan 290 min tona qədər artacaq", BNEZ və "Azərkimya" İB müəssisələrinin yenidənqurulması və müasirləşdirilməsi iki mərhələdə aparılacaq: birinci mərhələ 2018-ci ildə, ikinci mərhələ isə 2019-cu ildə tamamlanacaq. İlkin hesablamalara görə, ümumilikdə, bu işlər 1,2 mlrd. dollara başa gələcək. "Prosesi sürətləndirmək üçün layihələndirmə, alqı-satqı və tikinti üzrə bəzi işlər paralel aparılacaq".

 Bu layihələrin maliyyələşdirilməsinə gəldikdə, həmin məsələ dövlətin üzərinə düşür. 

Bununla belə, SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, BNEZ-in 2015-2018-ci illəri əhatə edəcək yenidənqurma və müasirləşdirmə işləri birinci mərhələdə yeni bitum qurğusunun tikintisini nəzərdə tutur. "Azərneftyağ" NEZ-də mövcud bitum qurğusunun gücü ildə 250 min ton təşkil edir. Lakin hazırda biz qeyd olunan zavodun köçürülməsi üzrə işləri həyata keçiririk. Bununla əlaqədar BNEZ-də yenidənqurma işləri başlayıb - burada ildə 400 min ton gücə malik yeni bitum qurğusu tikiləcək. Bu bizə Azərbaycanda bituma olan tələbatı tam ödəməyə imkan verəcək", - deyə o qeyd edib. İstifadə olunmuş qurğuların taleyinə gəldikdə isə, R. Abdullayev bildirib ki, onlar, bir sıra digər ilkin neft emalı qurğuları kimi, "Azərneftyağ" zavodunun sökülməsindən sonra satışa çıxarılacaq. 

SOCAR menecerlərinin hesablamalarına görə, BNEZ-in yenidənqurması və müasirləşdirilməsi 700 mln. dollar həcmində əlavə gəlir gətirəcək. Bununla yanaşı, dizel yanacağı və reaktiv yanacağın 60%-i kimi, BNEZ-də istehsal olunan benzinin ümumi həcmindən 75%-i daxili bazara yönəldiləcək. 

"SOCAR Polymer"in məhsulunun böyük hissəsi - 70%-i Gürcüstan, Türkiyə və MDB ölkələrinə ixrac olunacaq. Xatırladaq ki, "SOCAR Polymer" layihəsi Sumqayıt Kimya-Sənaye Parkında həyata keçirilir. O, ildə 180 min ton polipropilen və 120 min polietilen istehsal etməyə imkan verəcək. Propilen istehsalına 2016-cı ildə başlamaq nəzərdə tutulub. 

Beləliklə, SOCAR mütəxəssislərinin fikrincə, hər iki layihə olduqca faydalı və ölkə iqtisadiyyatı üçün maliyyə cəhətdən cəzbedici olacaq, eləcə də yanacağın istehsalı və istifadəsinin ekoloji təhlükəsizliyinə riayət etmək üçün əlavə imkanlar yaradacaq.


MƏSLƏHƏT GÖR:

645