
İNKİŞAF EPOXASI
2007-ci ilin yekunları və hökumətin 2008-ci il üçün planlarına əsasən, azərbaycanın iqtisadi inkişaf tempinə görə liderliyi davam edir
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Məlum olduğu kimi, bazar iqtisa-diyyatı şəraitində, əsasən, plan qoyulmur və bu termini təbii olaraq, "proqnoz" sözü əvəz edir. Proqnoz, əlbəttə ki, öhdəlik deyil və sadəcə, konkret əsaslandırılmalı olan gözləntidir. Bununla yanaşı, proqnozun doğrulmaması da mümkündür. Azərbaycan nümunəsi isə sübut edir ki, qarşıya qoyulan vəzifələrin zamanında, uğurlu şəkildə həyata keçirilməsi proqnozların, hətta gözlənildiyindən əvvəl baş tutmasına səbəb olur. Buna əmin olmaq üçün prezident İlham Əliyevin sədrliyilə keçirilən hökumətin 2007-ci ilin yekunları və 2008-ci ilin planlarına həsr olunmuş geniş iclasının yekunlarına nəzər salmaq kifayətdir.
Azərbaycan vətəndaşları yoxsul olmamalıdırlar və ölkənin bütün iqtisadi gücü yoxsulluğun aradan qaldırılmasına, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilməlidir. Prezidentin toplantıdakı çıxışının ana xəttini məhz bu fikir təşkil edib.
Dövlət başçısı qeyd edib ki, 2007-ci ilin yekunlarına əsasən, ölkədə yoxsulluğun səviyyəsi 16%-ə düşüb. «Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 49 faiz idisə, 2008-ci ilin yanvarın 1-nə bu göstərici 16 faizəə düşübdür. Bu böyük nailiyyətdir, böyük göstəricidir», - deyə İ.Əliyev bildirib: «Hətta iqtisadi baxımdan və bütün başqa cəhətlərdən inkişaf etmiş ölkələrdə də yoxsulların sayı kifayət qədərdir. Əlbəttə, inkişaf etmiş ölkələrdə minimum istehlak səbətinin meyarları başqadır. Amma hər şey müqayisədə bilinir və ölçülür. Azərbaycanın indiki iqtisadi şəraitində, iqtisadi durumunda yoxsulluğun 16 faizə düşməsi, hesab edirəm, bizim böyük uğurumuzdur və əminəm ki, 2008-ci ildə görüləcək tədbirlər nəticəsində bu rəqəm daha da aşağı düşəcək”.
İ.Əliyev bildirib ki, 2007-ci ildə sosial problemlərin həllinə böyük diqqət göstərilib: «Maaşlar və pensiyalar artırılmışdır və bu meyil davam etdirilir. Bildiyiniz kimi, 2008-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya 20 faiz artırılmış və 60 manata çatdırılıb. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl bu rəqəm, haradasa, 9 manat səviyyəsində idi, bu böyük irəliləyişdir. Hazırda 60 manatdır və şübhə yoxdur ki, 2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi yenə də artırılmalıdır».
Dövlət başçısı ünvanlı sosial yardım proqramının uğurla icra olunduğunu da söyləyib. «78 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə dövlət tərəfindən verilən yardım, təxminən, 100 dollar səviyyəsindədir. Beləliklə, biz öz iqtisadi imkanlarımızı səfərbər edib, ehtiyac içində yaşayan vətəndaşlarımız üçün əlavə imkanlar yaradırıq, onları dəstəkləyirik və bu proses bundan sonra da davam etdiriləcək”, - deyə İ.Əliyev qeyd edib.
Prezident qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciklərinin tamamilə ləğv ediləcəyinə dair verdiyi vədə əməl etdiyini xatırladıb: «Bildiyiniz kimi, 2003-cü ildə prezident seçkiləri ərəfəsində mən belə bəyanatla çıxış etmişdim ki, əgər xalq mənə inansa və məni dəstəkləsə, növbəti beş il ərzində Azərbaycanda bir dənə də çadır-şəhərciyi qalmayacaq. Mən çox şadam ki, biz bunu beş ildə yox, dörd ildə həll etdik”.
2007-ci ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar yeni proqramın qəbul edildiyini də xatırladan İ.Əliyevin sözlərinə görə, həmin proqramın icrasına, təxminən, 0,5 milyard dollar tələb olunur. «Proqramda yeni qəsəbələrin tikintisi nəzərdə tutulur. Məcburi köçkünlərin, fin qəsəbələrində, hərbi hissələrdə, məktəblərdə ağır şəraitdə yaşayan soydaşlarımızın problemləri həll olunacaqdır. Beləliklə, biz ölkəmiz üçün bu ağır, çətin problemin aradan qaldırılmasına çalışırıq, öz soydaşlarımızı müvəqqəti olaraq normal şəraitlə təmin edirik,” - deyə prezident qeyd edib.
Son dörd ildə Azərbaycanda 640 min yeni iş yerinin açıldığını bildirən İlham Əliyevin sözlərinə görə, onlardan 460 mini daimi iş yerləridir. «Yalnız 2007-ci ildə ölkədə 145 min yeni iş yeri açılıb ki, onların da 105 mini daimi iş yeridir», - deyə prezident bildirib. Onun sözlərinə görə, 2004-2008-ci illər üçün regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramının məqsədlərinə artıq çatılıb və regionlarda normal infrastruktur qurulub: «Artıq hökumətə 2009-2013-cü illər üçün yeni regional inkişaf proqramı hazırlamaq tapşırığı verilib. O proqramda bu vaxta qədər həll olunmamış bütün məsələlər öz əksini tapmalıdır. Beləliklə, 2013-cü ilə qədər, əminəm ki, bundan da tez, biz ölkədə bütün infrastruktur layihələrini başa çatdırmalıyıq, bütün sosial məsələləri həll etməliyik və hər bir kəndin problemi öz həllini tapmalıdır. Bir sözlə, biz bu imkanlardan, artan maliyyə imkanlarımızdan səmərəli istifadə etməliyik və edəcəyik”.
Dövlət başçısı bildirib ki, təkcə 2007-ci ildə ölkənin enerji sektorunda 700 mVt əlavə güc yaradılıb ki, bu da ölkənin elektrik enerjisi ilə tam təmin olunmasına imkan verib. Qarşıdakı üç ildə daha 3 min mVt gücün yaradılacağını söyləyən İ.Əliyev bununla da Azərbaycanın uzun illər üçün enerji təhlükəsizliyinin təmin olunacağını, hətta onun ixracının mümkün olacağını bildirib. Prezident Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvan Muxtar Respublikasının tam şəkildə elektrik enerjisi ilə təmin olunduğunu xüsusi vurğulayıb.
Ölkə əhalisinin qaz təchizatı sahəsindəki irəliləyişlər də diqqətdən kənarda qalmayıb. «İndi Azərbaycan əhalisinin, təxminən, 80 faizə yaxını təbii qaz alır və bu, dünya miqyasında, bizim bölgədə, MDB məkanında kifayət qədər böyük göstəricidir. Bizdən daha böyük həcmdə qaz hasil və ixrac edən ölkələrdə bu rəqəm 50-60 faiz səviyyəsindədir. Bizdə 75-80 faizdir. Nəzərə alsaq ki, bizim böyük qaz ehtiyatlarımız var, qaz hasilatı artır, çalışmalıyıq ki, Azərbaycan vətəndaşlarını təbii qazla maksimum dərəcədə təmin edək. Bununla bərabər, qaz ixrac edən ölkəyə çevrilmişik. Bundan da böyük həm iqtisadi, həm də siyasi dividendlər götürəcəyik,”- deyə İ.Əliyev qeyd edib.
Naxçıvan MR-in təbii qazla təminatının vacibliyini vurğulayan prezident deyib: «Bu gün Naxçıvanın 90%-i qazla təmin edilib. Amma bildiyiniz kimi, havanın pisləşməsi ilə əlaqədar qonşu İranda da müəyyən problem yarandı və İrandan Naxçıvana qazın verilməsi dayandırıldı. Ona görə mən Neft Şirkətinə tapşırıq verirəm ki, Naxçıvanda yeraltı qaz anbarlarının yaradılması imkanlarını araşdırsınlar. Əgər belə imkanlar varsa, orada təxminən 300 milyon kubmetr həcmində qaz anbarları tikilməlidir. Yay aylarında İrandan alınan qazı biz ora dolduracağıq. Əgər İranda böhran yaranarsa, onda biz yeraltı anbardan o qazı götürəcəyik”.
İ.Əliyevin sözlərinə görə, əhalinin su təchizatı da qarşıda duran əsas məsələlərdən biridir. “İndi Oğuz-Qəbələ-Bakı su kəməri tikilir. Hesab edirəm, bu da tarixi bir layihədir. O da uzun illər ərzində müzakirə olunmuşdu, hətta Sovet İttifaqı zamanı müzakirə edilmişdi. Kredit istədik, alınmadı, heç kim kredit vermədi. Özümüz pul ayırdıq və artıq kəmər tikilir. Bu il istismara veriləcək və Bakı əhalisi təmiz içməli su ilə təmin olunacaq. Bu, mənim üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir və o, böyük rəmzi xarakter daşıyır. Biz neft kəmərini tikdik və neftdən, o kəmərin fəaliyyətindən əldə olunan gəlirlə su kəməri də çəkdik. Azərbaycan nefti Azərbaycan xalqına xidmət edir,” - deyə dövlət başçısı qeyd edib.
Ümumilikdə, İ.Əliyev 2007-ci ili Azərbaycan iqtisadiyyatı üçün uğurlu il adlandırıb: «Ümumilikdə 2007-ci il uğurlu olub. Ötən il müsbət tendensiyalar daha da inkişaf edib və beləliklə, Azərbaycanın iqtisadi potensialı nəzərəçarpacaq dərəcədə yüksəlib». Prezident bildirib ki, ötən il Azərbaycanda ÜDM-in artımı 25%, son dörd ildə həyata keçirilən müsbət islahatlar nəticəsində isə, ümumilikdə, 96% təşkil edib ki, bu da dünyada anoloqu olmayan göstəricidir. Bununla yanaşı, İ.Əliyev 2007-ci ildə 16% təşkil etmiş inflyasiyanın səviyyəsindən narazılığını da ifadə edib. «Bu böyük rəqəmdir. Doğrudur, əhalinin pul gəlirləri 38% artıb və demək, real gəlirlər 22% təşkil edib. Lakin bu gəlirlər proporsional bölüşdürülmür. 16%-lik yoxsul təbəqə var. Onlar üçün inflyasiya, xüsusilə də ərzaq məhsullarının bahalaşması böyük problemlər yaradır», - deyə İ.Əliyev qeyd edib.
Müşahidə olunan inflyasiyanın obyektiv səbəblərinin olduğunu deyən prezident dünya bazarında neftin qiymətinin yüksəlməsini və bunun digər malların qiymətinə də təsir göstərməsini həmin səbəblərə aid edib: «Biz hələlik istehlak bazarında böyük ölçüdə idxaldan asılı vəziyyətdəyik. Bu səbəbdən də ölkədə regionların inkişafı, sənayenin, sahibkarlığın inkişafına dair həyata keçirilən proqramların məqsədi idxaldan asılılığın azaldılmasıdır». Bununla yanaşı, dövlət başçısı hesab edir ki, inflyasiyaya səbəb olan subyektiv səbəblərin aradan qaldırılmasına böyük diqqət ayrılmalıdır. O, belə səbəblərdən biri kimi, monopoliyanı göstərib: «Azad rəqabət prinsipinə tam əməl edilməli, monopoliya tendensiyası aradan qaldırılmalıdır. Bazar tam liberal olmalıdır. Biz monopoliyanın nə daxili istehsala, nə də idxala təsir göstərməsinə imkan verməliyik. Ümid edirəm ki, həyata keçiriləcək makroiqtisadi və inzibati tədbirlər nəticəsində 2008-ci ildə inflyasiya normal səviyyədə olacaq».
İ.Əliyev Azərbaycanda sənaye istehsalının həcminin ÜDM-in artım tempinə uyğun olmasından məmnunluğunu ifadə edib: «2007-ci ildə sənaye istehsalının artımı 24% təşkil edib. Azərbaycanda sənaye istehsalının artımı üçün çox işlər görülür və qarşıdakı illərdə də bu sahəyə yüksək diqqət göstərməliyik».
İqtisadiyyatdakı investisiyaların yüksək həcminin qorunub saxlandığını vurğulayan prezident bildirib ki, Azərbaycanda böyük enerji layihələrinin əksəriyyəti artıq başa çatdırılıb, neft-qaz sahəsinə yatırılan nəhəng investisiyalar azalır. «Buna baxmayaraq, 2007-ci ildə investisiyaların həcmi 6 milyard dolları ötüb və onların böyük hissəsinin daxili investisiya olması sevindiricidir», - deyə İ.Əliyev qeyd edib. Dövlət başçısının fikrincə, daxili investisiyaların həcminin artması Azərbaycanın imkanlarının artdığını göstərir: «Bu, onu göstərir ki, xarici və yerli investorlar Azərbaycanın iqtisadi potensialına böyük inamla yanaşır. Bu isə respublikanın investisiyalar üçün cəlbediciliyini qoruyub saxlayır».
Prezident bildirib ki, ölkənin valyuta ehtiyatları 7 milyard dollardır və bu il onun bir o qədər də artacağı gözlənilir: “Bir müddət bundan əvvəl Dövlət İnvestisiya Şirkəti yaradılmışdı. Müəyyən danışıqlar aparılır, amma hələlik heç bir nəticə yoxdur. Baxmayaraq ki, iki ildən artıqdır, hər il büdcədə bu məqsədlər üçün 100 milyon dollar vəsait nəzərdə tutulur. Biz Dövlət İnvestisiya Şirkətini məhz bu məqsədlə yaratdıq ki, Azərbaycan üçün lazım olan sahələrə xaricdən investisiyaları cəlb etsin, özü investor kimi orada iştirak etsin və müəssisələr yaradıldıqdan, işə başlayandan sonra Dövlət İnvestisiya Şirkəti öz payını açıq hərraca çıxarsın və beləliklə, özəl sektora dəstək versin. Dövlət İnvestisiya Şirkətinin əsas məqsədi ondan ibarətdir ki, bizim üçün, dövlət üçün lazım olan sahələrə vəsait cəlb edək. Mən gözləyirəm ki, 2008-ci ildə bu şirkətin fəaliyyəti daha da uğurlu olacaq”.
Bununla yanaşı, İ.Əliyev prioritet sahələrin inkişafı üçün dövlətin özünün də vəsait ayıra biləcəyini söyləyib. «2008-ci ildə qeyri-neft sektorunun inkişafına diqqət ayırmalıyıq. Məqsəd isə bir neçə ildən sonra neft sektorundan asılılığın aradan qaldırılmasına nail olunmasıdır», - deyə prezident qeyd edib. Onun sözlərinə görə, Ümumdünya Bankı 2020-ci ilədək Azərbaycanın neftdən 200 milyard dollar gəlir əldə edəcəyini müəyyənləşdirib.
Qeyd edək ki, qurumun bu hesablaması neftin barrelinin 60 dollara bərabər sayılması ilə həyata keçirilib. Lakin hazırda 1 barrel neftin qiyməti 90 dollardan artıqdır. Neftin yüksək qiyməti hesabına Azərbaycanın gəlirləri də artır və bu yalnız mütləq yox, həm də faiz nisbətində baş verir. Əgər Azərbaycan «Azəri-Çıraq-Günəşli» yatağının işlənməsindən hələ cəmi 30% gəlir əldə edibsə və onun 70%-i xarici şirkətlərə çatıbsa, 2008-ci ildə bu bölgü 55%/45% nisbətilə Azərbaycanın xeyrinə olacaq. Hərçənd «Əsrin müqaviləsi» imzalanan zaman bu nisbət yalnız 2011-ci il üçün nəzərdə tutulmuşdu.
Artıq 2009-2010-cu ildərdə Azərbaycan bu müqavilə əsasında neftdən əldə etməli olduğu gəlirlərin 80%-ə sahib olacaq. Məhz bu dövrdə də yataqdan neft hasilatı özünün pik nöqtəsinə çatacaq və bir sutkada 1 milyon barrel neft hasil ediləcək. Demək, ölkə öz neft resurslarından tam şəkildə istifadə edə bilər.
Gəlirlərin xərclənməsi üçün isə kifayət qədər sahə var. Ölkənin əlverişli coğrafi mövqeyi, təbii resursları, zəngin tarixi və mədəni irsi neft-qaz sahəsindən əldə olunan gəlirlərin kənd təsərrüfatının, kimya sənayesinin, nəqliyyat və telekommunikasiya sahəsinin, turizmin və digər qeyri-neft sahələrinin inkişafına yönəldilməsini mümkün edir. Artıq bu gün hökumət bütün sahələrdə xarici yardım olmadan, böyük həcmli infrastruktur layihələri reallaşdırır. Bundan başqa, Azərbaycan özü region dövlətləri üçün böyük investor və kreditora çevrilir. Bu isə, öz növbəsində, iqtisadi inkişafın çoxistiqamətliliyini, gəlirlər mənbələrinin diversifikasiyasını təmin edir, ölkəni neft asılılığından sığortalayır.
MƏSLƏHƏT GÖR: