15 Mart 2025

Şənbə, 00:36

SÜLHSÜZ KEÇƏN 20 İL

Müəllif:

15.01.2008

İyirmi il. Azərbaycanla Ermənistan arasında münaqişənin başlandığı 1988-ci ildən məhz bu qədər keçib. Bu, Ermənistanın qonşularına qarşı ərazi iddiaları ilə çıxış etdiyi heç də birinci hal deyildi. Krılovun məşhur təmsilində deyildiyi kimi, «Tarixdə buna dair çoxlu örnək var». Lakin bu dəfə durum həmişəkindən daha çox kəskinləşdi, çoxsaylı tələfatla nəticələnən, milyonlarla insanı isə evsiz-eşiksiz qoyan dağıdıcı müharibə başladı. İndi Azərbaycan və Ermənistan «nə sülh, nə müharibə» şəraitində yaşayır. Razılaşın ki, 20 il heç də az müddət deyil. Xüsusən də doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalan və hər an yeni müharibə gözləntisilə yaşayanlar üçün. Odur ki qonşular arasında münasibətləri aydınlaşdırmağı öhdəsinə götürən beynəlxalq birlik bu barədə daha ciddi düşünməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ilin əvvəlində hökumətin geniş toplantısında etdiyi çıxışda da məhz həmin narahatlıq özünü büruzə verirdi: «Biz hər yerdə eşidirik ki, siz haqlısınız, sizin torpağınız işğal olunubdur və ədalət sizin tərəfinizdədir. Ancaq bu, deyə bilərəm, belə şifahi, yaxud da sənədləşdirilmiş beynəlxalq dəstək real nəticələrə çevrilmir. Real nəticə yoxdur», - deyə İlham Əliyev bildirib. 

Prezident vurğulayıb ki, Azərbaycan rəhbərliyi və xalq yaranmış durumla barışmaq fikrində deyil. Özü də o halda ki Azərbaycanın iqtisadi və hərbi qüdrəti işğal olunmuş torpaqları müstəqil şəkildə azad etməyə imkan verir. 

«İqtisadi üstünlük bizim tərəfimizdədir. Bunu heç şərh etməyə də dəyməz. Sadəcə olaraq, biz gərək Azərbaycan və Ermənistan iqtisadiyyatının həcminə baxaq və müqayisə edək. Bizim iqtisadiyyatımız 2007-ci ilin nəticələrinə görə, təxminən 30 milyard dollardır. Ermənistanın iqtisadiyyatı, - mən dəqiq bilmirəm, - haradasa 6-7 milyarddır. Gələcəkdə bu böyük uçurum daha da genişlənəcəkdir», - deyə İ.Əliyev bildirib. Bununla belə, Azərbaycan hələlik münaqişənin dinc yolla tənzimlənməsinə tərəfdardır. Çoxları Azərbaycan və Ermənistanda prezident seçkilərilə əlaqədar, 2008-ci ildə Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı fəallığın zəifləyəcəyini proqnozlaşdırsa da, əksinə, deyəsən çox şeyin məhz bu il aydınlaşacağını gözləmək olan. Nazirlər Kabinetinin üzvləri qarşısında çıxış edən prezident İlham Əliyev deyib: «Deyə bilərəm ki, 2008-ci il bu baxımdan həlledici il olmalıdır. Artıq 2008-ci ildə açıq görəcəyik ki, biz haradayıq, məsələnin həlli sülh yolu ilə mümkündür, yoxsa yox. Əlbəttə ki, ondan sonra öz qərarlarımızı verəcəyik».    

Elə beynəlxalq vasitəçilər də bu ildən çox şey gözləyirlər. Yeri gəlmişkən, vasitəçilər barədə. Yeni il tətilindən dərhal sonra ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə növbəti səfərlərini etdilər. Amerikalı həmsədr Metyu Brayza bəyan etdi ki, «seçkilərə qədər danışıqlarda heç bir fasilə olmayacaq». Üstəlik, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin məhz bu il müəyyən şifahi razılıqlar əldə edəcəklərinə ümid bəsləyirlər.  

Həmsədrlər qeyd etdilər ki, tərəflərin onlara Madriddə təqdim olunan təkliflərə münasibətlərini öyrənməyə gəliblər. Həm də fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, bu təkliflər hər iki tərəf üçün müsbət əhəmiyyətə malikdir. Amma elə həmin Fasyenin fikrincə, nə Azərbaycan, nə də Ermənistan istədikləri hər şeyi əldə edə bilməyəcək.

Lakin vasitəçilərin gözləmələrindən asılı olmayaraq, son qərar yenə də münaqişə tərəflərinindir. Bu mənada, onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və dövlət başçısı da bunu növbəti dəfə vasitəçilərin diqqətinə çatdırdı. 

«Dağlıq Qarabağın müstəqilliyi, ya hansısa formada gələcək müstəqilliyi, 10 ildən, 15 ildən, 100 ildən sonra müstəqilliyi müzakirə predmeti deyil və olmayıbdır», - deyə prezident açıq bəyan etdi. 

«Danışıqların mahiyyəti Azərbaycanın bütün işğal olunmuş torpaqlarının boşaldılmasıdır, o cümlədən Dağlıq Qarabağa Azərbaycan vətəndaşlarının qayıtmasıdır. Danışıqların mahiyyəti budur. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının boşaldılmasıdır. 

Mən bunu, bütün rayonların adlarını xüsusilə sadaladım ki, sabah Ermənistanda öz siyasi məqsədləri üçün hesablanmış yanlış bəyanatlar verməsinlər. Bütün bu rayonlardan erməni işğalçı qüvvələrinin çıxarılması, o cümlədən Dağlıq Qarabağa, Şuşaya azərbaycanlı köçkünlərin qayıtması danışıqların əsas mahiyyətidir», - deməklə isə İlham Əliyev Ermənistan rəhbərliyini danışıqlar prosesilə manipulyasiya etmək imkanından məhrum etdi.

Göründüyü kimi, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə dair danışıqlar mühüm mərhələyə qədəm qoyub və hələ müəyyən müddət davam edəcək. Lakin  prezident İlham Əliyevin dediyi kimi, «Biz hər şeyə hazır olmalıyıq». Bu bəyanatla dövlət başçısının nəyi nəzərdə tutduğu aydındır. Necə deyərlər, sülh istəyirsənsə, hərbə hazır ol.


MƏSLƏHƏT GÖR:

411