24 Noyabr 2024

Bazar, 15:38

RƏQABƏTDƏ TƏRƏFDAŞLIQ

Azərbaycan qazı Avropada istənilən digər regionun "mavi yanacağı" ilə müqayisədə tamamilə rəqabətədavamlı olacaq

Müəllif:

09.06.2015

Bakı və Paris - onlara xas Qərb və Şərq nəfisliyi, bütün dünyada istər orta əsrlər (Fransada Luvr, Bakıda Qız Qalası), istərsə də XIX (Parisdə Eyfel qülləsi) və XXI əsrlərin (Bakıda Alov Qüllələri) simvolları olan Avropanın müxtəlif hissələrində olan iki şəhərdir. 

İyunun əvvəlində bu ölkələri, həmçinin qaz tematikası da birləşdirdi. Əgər Parisdə Beynəlxalq Qaz Konfransında daha çox dünya enerji balansında "mavi qaz"ın təsirinin artımı müzakirə olunmuşdusa, Bakıda "Caspian Oil&Gas-2015" ənənəvi sərgi və konfransda qazın Avropaya tədarükünün alternativ mənbələri və marşrutları müzakirə olundu. "Caspian Oil&Gas-2015" illik sərgi və konfrans "ITE Group" sərgi və konfransların aparıcı dünya təşkilatçı şirkəti ilə tərəfdaşlıq çərçivəsində keçirilib. 

Hələ bir neçə onilliklər bundan əvvəl qaz dünya energetika bazarında ikinci dərəcəli rol oynayırdı və neft şirkətləri üçün qaz yataqlarının kəşfi heç də böyük fayda vəd etmirdi. Lakin bu gün mənzərə kəskin şəkildə dəyişir. Bu mənada, BP şirkətinin rəhbəri Robert Dadlinin Parisdə beynəlxalq qaz konqresində bəyanatı son dərəcə rəmzi xarakter daşıyır: "BP-nin neft və qaz aktivlərinin proporsiyası 50-nin 50-yə paritetinə çatır, 10 il müddətində isə proposiya 60:40 qazın xeyrinə olacaq. Bu şəkildə, dünyanın ən iri neft şirkətlərindən biri qaz şirkətinə çevriləcək.

BP-nin bu transformasiyasında Azərbaycana heç də az rol məxsus deyil, şirkət ölkədə dünya miqyaslı qaz yatağı - "Şahdəniz"i istismar edir. Ehtiyatları 1,2 trln. kubmetr qiymətləndirilən məhz bu yatağın işlənməsi sayəsində, Azərbaycan artıq "mavi yanacaq"ın həm də ixracatçısına çevrilib. Halbuki, 2000-ci illərin əvvəlində özü qaz idxal edirdi. Bundan başqa, indi Azərbaycan Avropa üçün yeganə yeni qaz mənbəyidir, bununla belə, qazın tədarükü üçün əsasını Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələri təşkil edən "Cənub qaz dəhlizi" yeni infrastrukturunu da özü yaradıb. 

Azərbaycan Prezidenti İlham Əliyevin sərginin açılışında bildirdiyi kimi, "Cənub qaz dəhlizi" marşrutu ətrafında uzun illər sürən müzakirələrə baxmayaraq, məsələ ancaq Azərbaycan və Türkiyənin TANAP layihəsini tikmək qərarından sonra ölü nöqtəsindən tərpəndi. Artıq bundan sonra "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-2" hissəsi haqqında investisiya qərarı verildi, İtaliya bazarına çıxmaq üçün TAP qaz kəməri seçildi, qazın Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya satışına dair müqavilələr imzalandı, TANAP-ın tikintisinə başlanıldı və hazırdı TAP-ın tikintisi üçün hazırlıq gedir. Bu cür hallarda marşrutda maraqlı olan bütün tərəflərin səylərinin koordinasiyası zəruridir. "Bütün iştirakçı ölkələr diqqəti bir nöqtəyə cəlb etməlidir və heç kim əlavə imtiyaz istəməməlidir, çünki hər şey göz qabağındadır. Bütün müqavilələr imzalanıb, bu qlobal layihədə iştirak edəcək bütün tərəflər, şirkətlər, ölkələr böyük fayda əldə edəcəklər", - deyə İ. Əliyev bildirib. 

Əgər əvvəllər enerji layihələri regionda Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı sayəsində reallaşdırılırdısa, indi iştirakçıların əhatəsi Yunanıstan, Bolqarıstan, Albaniya, və İtaliyanın qoşulması ilə xeyli genişləndi. Bundan əlavə, CQD-yə bir sıra Balkan, habelə Şərqi Avropa ölkələrinin də qoşulmaq niyyətləri var. "Bir tərəfdən bu, böyük üstünlükdür. Digər tərəfdən, əlbəttə ki, müəyyən mərhələlərdə bəzi problemlər də çıxa bilər. Bütün bu məsələlər qarşılıqlı anlaşma şərtlərində müzakirə olunmalı və həll edilməlidir. Bir daha demək istəyirəm ki, qarşımızda heç bir süni maneə olmamalıdır və mən əminəm ki, olmayacaq da", - deyə Azərbaycan Prezidenti İ. Əliyev qeyd edib. 

Enerjinin bərpa olunan mənbələrinə dair layihələrə baxmayaraq, istənilən halda Avropanın qaza olan tələbatı qarşıdakı illərdə artacaq. Azərbaycan energetika naziri Natiq Əliyevin sözlərinə görə, 2035-ci ilə qədər Avropa bərpa olunan enerji mənbələri hesabına tələbatının, təxminən, 25%-ni ödəyəcək, qaz idxalı isə öz hasilat səviyyəsinin düşməsinə görə xeyli artacaq. 

"Bu cür hallarda Avropanın əsas problemi əsasən Rusiyadan böyük asılılıqdan ibarətdir və bu asılılığın azaldılması üçün qazın yeni mənbələri, tədarük marşrutlarının diversifikasiyası zəruridir", - deyə o, qeyd edib. 

Bundan başqa, Azərbaycan Avropa üçün yeni qaz mənbəyidir, Bakının təşəbbüsü ilə yaradılan irimiqyaslı infrastruktur Avropa üçün həmçinin türkmən, İran və İraq qazına da çıxış aça bilər. Bundan başqa, bu infrastrukturdan İsrail və Kipr də istifadə edə bilər. Burada AB-nin də "Cənub qaz dəhlizi" layihəsinə daha irimiqyaslı dəstəyi zəruridir. 

"Avropa dəfələrlə bəyan edib ki, onun enerji təhlükəsizliyi təhlükə altındadır. Həmçinin qazın Xəzər regionunundan da alternativ tədarüklərinin zəruriliyi haqda çox bəyanatlar səsləndirilib. Avropada qaz böhranları 2006-cı və 2009-cu illərdə baş verib. Lakin əslində Avropa öz təhlükəsizliyini təmin etmək üçün az iş görüb", - deyə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov "Caspian Oil&Gas-2015" konfransında bildirib. O, qeyd edib ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsini təkcə kommersiya deyil, həm də "Avropaya siyasi strategiya və inteqrasiya hesab edir".

Azərbaycanın səylərinin dəstəklənməsinin önəmi haqqında Polşanın baş nazirinin müavini Yanuş Pexotsinski də danışıb. "Azərbaycan Avropa üçün olduqca əvəzolunmaz tərəfdaşdır, çünki o, etibarlı, təxmin edilə bilən tərəfdaşdır və yeni qaz infrastrukturunun yaradılmasına investisiya qoyub. Və indi Azərbaycanın əlavə dəstəyə ehtiyacı var". O, qeyd edib ki, qaz tədarüklərinin diversifikasiyası siyasi silah qismində enerji resurslarından istifadə təhlükəsindən yayınmağa da imkan verəcək. "AB-nin qaz kəmərlərində Azərbaycanın, gələcəkdə isə türkmən qazının olması - enerji təhlükəsizliyinin əsas mühüm şərtlərindən biridir", - deyən baş nazirin müavini həmçinin qeyd edib ki, Polşa da interkorrektorların, qaz anbarlarının, habelə Baltika dənizində mayeləşdirilmiş qazın qəbulu üçün terminalın tikintisinə vəsaitlər ayırır. Azərbaycan konfransa İraqın neft nazirini də dəvət edib, baxmayaraq ki, bu ölkə satılan neftin qiymətləri baxımından sizin rəqiblərdir. Beləliklə, Azərbaycan göstərir ki, öz rəqiblərinə hörmət edir. Azərbaycan rəqabətin yeni növünü yaradır. Sərmayə uğrunda mübarizə etməklə, o, eyni zamanda öz rəqiblərinə hörmət göstərir. Faktiki olaraq, ölkə biznes idarəsinin yeni strategiyasını reallaşdırır - rəqabətdə tərəfdaşlıq strategiyasını", - deyə polşalı vitse-premyer bildirib. 

Azərbaycan qazının Avropada gələcək nəqlinin mümkün variantlardan biri kimi Bolqarıstan sayılır. "Bulqarqaz" şirkətinin icraçı direktoru Petyo İvanovun bildirdiyi kimi, Bolqarıstan artıq Rumıniya ilə birləşdirici qaz kəmərilə bağlanıb və Serbiya arasında qaz kəməri layihəsini hazırlayır. Bu isə, Azərbaycan qazının Balkan ölkələrinin bazarlarına çıxış imkanı verə bilər. Digər tərəfdən, Avropanın bu hissəsində TAP-a qoşulması planlaşdırılan İonik-Adriatik boru kəməri üzrə marşrut layihəsi də hazırlanıb. 

CQD qazından maraqlı olan layihələrdən biri Slovakiya, Bolqarıstan, Macarıstan və Rumıniyanın razılaşdırdığı Ukraynaya çıxışı ilə olan Eastring ("Şərqi üzlük") layihəsidir. "Eurostars Slovak Gas TSO" şirkətinin nümayəndəsi Marek Topolanekin sözlərinə görə, "Eastring" qapadılıb, çünki "Cənub axını" layihəsinin alternativi sayılır. Bu layihə təkcə Azərbaycandan deyil, eyni zamanda Türkmənistan, İran və İraqdan qaz cəlb etməyə hazırdır. Ümumilikdə 20-40 mlrd. kubmetr metr gücündə interkonnektorların, maye qazın qəbuledici sistemlərinin, bütün Şərqi Avropanı əhatə edən qaz anbarlarının yaradılmasını nəzərdə tutur. 

Lakin Ukrayna "Eastring" layihəsinə o qədər də maraqlı deyil. "Nafroqaz Ukrayna" şirkətinin idarə heyəti sədrinin baş məsləhətçisi Sergey Alekseyenkonun "R+"a bildirdiyinə görə, baxmayaraq ki, Avropada yeni interkonnektorların və qaz paylanması layihələrinin mövcud olması diversifikasiya üçün böyük imkanlar yaradır, bu, əsas problemi həll etmir. "Şərqi Avropa ölkələrinin əsas problemi infrastrukturun bir hissəsinin hələ də" Qazprom"un nəzarətində olmasıdır. Biz artıq indidən Slovakiyadan daha çox həcmdə qaz idxal edə bilərdik, bunun üçün lazımlı texniki imkan mövcuddur. Lakin bu tədarükü "Qazprom"la məhdudlaşdırılır", - deyə S. Alekseyenko bildirib. 

Buna görə də, onun fikrincə, prioritet sazişlərin hüquqi hissəsinin resursların reeksporta mane olan ölkələrin fiziki nəzarətindən çıxarılması olmalıdır. "Bu addım əlavə xərcləri tələb etmir və regionun bütün ölkələri üçün qazın sərbəst satışı imkanı üzrə milyardlarla vəsaitlərin qənaət edilməsinə gətirib çıxara bilər. Bunu da qısa müddət ərzində - bir ilə - maksimum iki ilə etmək olar", - deyə S. Alekseyenko bildirib. Bununla bərabər o, bir il ərzində Rusiya qazının ümumi idxal payını 90%-dən 37%-ə qədər azaltmağı bacaran və buna görə 3,6 mlrd. dollar qənaət edən Ukraynanı misal çəkir. 

"Naftoqaz"ın nümayəndəsi hesab edir ki, "Cənubi qaz dəhlizi" Avropada qaz mənbələrinin diversifikasiyasına ciddi təsir edəcək, lakin Azərbaycan qazının Ukraynaya nəqli üçün daha münasib Gürcüstanın Qara dəniz sahilində maye qaz terminalının tikintisini və gələcək MTQ-nin nəqlini nəzərdə tutan AGRİ layihəsini sayır. "AGRİ layihəsi indiki formatda Konstansaya qaz nəqlini nəzərdə tutur. Lakin gec-tez digər ölkələr üçün də ixrac alternativi məsələsi duracaq. Həm Bolqarıstanda, həm də Ukraynada MTQ-nin qəbul etməsi ilə bağlı layihələr var. Bu, kifayət qədər sadə layihədir, əgər biz kommersiya cəhətdən MTQ-nin tədarükü ilə bağlı özünü təsdiqləyən variantı tapsaq, öz terminalımızı 6-9 ay ərzində tikə bilərik", - deyə, S. Alekseyenko bildirib və qeyd edib ki, Ukrayna üçün "Eastring" layihəsi xüsusi üstünlük verməz. 

Bu arada "Eastring"ə Rusiya da öz marağını bildirib. RF-in baş naziri Dmitri Medvedev slovakiyalı həmkarı Robert Fits ilə görüşdə qeyd edib ki, Rusiya tərəfi "Eastring"in "Türkiyə axını"na qoşulması layihəsini nəzərdən keçirməyə hazırdır. Baxmayaraq ki, Avropa "Türkiyə axını" layihəsinə son razılığını hələ də bildirməyib. 

Avropa Komissiyasının mətbuat katibi Anna-Kaysa İtkonenin qeyd etdiyi kimi, Avropa Rusiya ilə enerji tərəfdaşlığına son qoymaq niyyətində deyil, lakin yeni layihə barədə daha çox məlumat əldə etmək istəyir. Bu məsələdə hələ də güclü anlaşmazlıqlar mövcuddur. Məsələn, "Qazprom" artıq bildirir ki, "Türk axını"nın tikintisinə iyundan başlamaq niyyətindədir. Lakin müvafiq layihə üzrə tikintiynə icazəni Rusiyada alınan qaza endirimin verilməsi ilə bağlayan Türkiyə ilə hələ də ölkələri bir-birinə bağlayan heç bir hüquqi saziş yoxdur. Bundan əlavə, "Türk axının"nın tikilməsi ilə bağlı Yunanıstan da fəallıq göstərməyə başlayıb. 

"Biz layihəni dəstəkləyirik, biz istəyirik, qaz kəməri Yunanıstan ərazisi ilə getsin - və biz əminik ki, o, bütün Avropa ölkələri üçün lazım olacaq", - deyə Sputnik agentliyinə müsahibəsində Yunanıstanın energetika naziri Panayotis Lafazanis deyib. 

"Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranzitini əvəz edəcək qaz kəməri Avropanın enerji təhlükəsizliyi üçün tamamilə lazımdır. Bu o deməkdir ki, onu ucuz qazın fasiləsiz tədarükünün vacibliyini anlayan Aİ-nin bütün üzvləri və bütün avropalılar dəstəkləməlidir", - deyə o bildirib. P. Lafazanisin fikrincə, "Türk axını" və TAP qaz kəmərləri layihələri bir-birinə rəqib deyil, çünki hərəsi öz rolunu oynayır. Bununla belə, Yunanıstan "Türk axını"nın davamının ölkəsində tikintisi ilə bağlı sazişinin cari ilin iyununda imzalanmasını gözləyir. 

Digər tərəfdən, İran da "Türk axını"na marağını bildirib. İran milli qaz şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Azizullah Ramazaninin sözlərinə görə, İran öz qazını Avropaya nəql etməsi üçün "Türk axını"ndan yararlana bilərdi. Lakin ekspertlər hesab edirlər ki, bu bəyanat çətin ki, öz davamını görəcək, çünki "Türk axını"nın quru hissəsini Türkiyənin qərb hissəsində tikilməsi nəzərdə tutulur və İranın ona qoşulması üçün öz qaz kəmərini bütün Türkiyə üzrə tikməlidir. Bu mənada, İran üçün daha çox TANAP layihəsi daha sərfəlidir. Azərbaycanın layihəsi lehinə, həmçinin Britaniyanın BP şirkətinin Fars körfəzində İran hissəsi 12-13 trln. kubmetr qaz ehtiyatları olan "Cənub Fars" dünyanın ən iri qaz yataqlarından birinin işlənməsinin niyyəti də danışılır. BP rəhbəri Robert Dadlinin sözlərinə görə, İranla dialoq onun nüvə proqramı ilə bağlı sanksiyaları Tehran üzərindən aradan qaldırdıqdan sonra başlana bilər. Razılaşma əldə olunduqdan sonra TANAP-ın İran qazını cəlb etmək şansları ciddi şəkildə artacaq, çünki BP həm bu, həm də TAP layihələrinin səhmdarıdır. 

İstənilən halda, "Cənub qaz dəhlizi" layihəsinə yeni qaz mənbələrinin cəlb olunması təkcə Avropa üçün deyil, həmçinin Azərbaycan üçün müsbət təsir göstərir. 

Prinsipcə, Şərqi Avropada və Balkanlarda qaz tələbatı həcminin az olmasını nəzərə alsaq, Azərbaycan qazı istənilən digər bir regiondan olan "mavi yanacaq"la rəqabətə tam davamlı olacaq. Digər tərəfdən, SOCAR TANAP-IN və TAP boru kəmərlərinin səhmdarıdır, qazın onlar vasitəsilə nəqlinin böyük həcmləri isə layihələrin iqtisadi effektivliyini və gəlirlərini artırır. Neft-qaz resursları isə apriori olaraq bir zaman tükənməyə meyillidirlər. Bu zaman da Azərbaycan indi yaradılan infrastrukturdan qazanacaq.

 

 

SİTAT

"Azərbaycan regional, bəlkə də qlobal oyunçuya çevrilir. Ötən 20 il ərzində Azərbaycanın neft və qazı bu transformasiyanın mühüm komponentinə çevrilib. Cənab prezident, siz üç dənizin - Xəzər, Qara və Aralıq dənizin birləşməsini tarixi nailiyyət adlandırırsınız. Ümid edirəm ki, qarşıdakı illərdə siz dörd dənizin birləşməsini elan edəcəksiniz. Bu da Türkiyə vasitəsilə Avropaya gedən boru kəmərləri şəbəkəsinə Fars körfəzinin qoşulması ilə baş tuta bilər". 

İraqın neft naziri Adil ƏBDÜL MAHDİ



MƏSLƏHƏT GÖR:

670