13 Mart 2025

Cümə axşamı, 07:08

Aİ-də MÖVQE

Avropa İttifaqının ideal üzvü necə olmalıdır?

Müəllif:

09.06.2015

Macarıstan - Aİ münasibətlərində yeni qalmaqal baş qaldırıb. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Budapeşti Avropa İttifaqı sıralarından kənarlaşdırmaqla hədələyib. Buna səbəb Macarıstanın Baş naziri Viktor Orbanın ölkəsində ölüm hökmünün tətbiqinin mümkünlüyünə eyham vurmasıdır. Macarıstanda ən ağır cəza tədbiri, təxminən, 25 il əvvəl ləğv edilib. İndi isə hökumət başçısı hazırkı qanunvericiliyi çox yumşaq sayır. Orbanın fikrincə, hazırda Macarıstan qanunvericiliyi təhlükəli cinayətkarlara qarşı yumşaq davranış nümayiş etdirir. Baş nazir mağazada həyata keçirilmiş qarət zamanı gənc qadının amansızlıqla qətlə yetirilməsi faktından sonra bu qənaətə gəlib.

Brüssel Orbanın bu açıqlamasından şoka düşüb. "Ölüm hökmünü tətbiq edənlərə Avropa İttifaqında yer yoxdur. Macarıstan bu addımı atmaq qərarına gələrsə, bu, onunla Aİ arasında ayrılıq üçün əsas olacaq", - deyə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker qeyd edib. Macarıstanı bu addımı atmaqdan çəkinməyə çağıranlar arasında Almaniya hökumətinin rəsmisi, Avropa Parlamentinin sədri Martil Şults da var. Bundan başqa, məsələyə Avropa Parlamentində, vətəndaş hüquqları komitəsinin iclasında da münasibət bildirilib. "Macarıstan qırmızı xətti keçdi", - deyə "Liberallar və demokratlar alyansı"nın üzvləri bəyan ediblər. Hətta Orbanın rəhbərlik etdiyi sağçı "Fides" (Fidesz) partiyasının nüfuzlu Avropa Xalq Partiyasının sıralarından kənarlaşdırılmasına dair çağırışlar da səsləndirilib.

Orban isə ona ünvanlanmış bu iradları söz azadlığına qəsd kimi qiymətləndirir. "Biz harada yaşayırıq? Ortə əsrlərdə? Bizə müəyyən mövzuların müzakirəsilə bağlı tabu olduğu deyilir! Bu qaydalar insanlar tərəfindən yaradılıb və insanlar da onları dəyişə bilər. Azadlığın, demokratiyanın mənası bundadır", - deyə hiddətlənmiş baş nazir "Echo" telekanalına müsahibəsində bildirib. Orban bildirib ki, o, ölüm hökmünün bərpasına çağırış etmir, sadəcə, bu problemin açıq şəkildə müzakirəsinin mümkünlüyünü ortaya qoymağa çalışır. Bununla yanaşı, baş nazir ölüm hökmünün tətbiqinin hər bir ölkənin daxili işi olduğunu söyləyib.

Hökumət başçısının bu fikirlərinə Avropa Komissiyası sədrinin müavini Frants Timmermans cavab verib. O, söz azadlığının qanunun aliliyi ilə məhdudlaşmalı olduğunu bildirib. Timmermans Budapeştin hazırda son dərəcə aktual olan məsələ - qaçqınlar məsələsi ilə bağlı mövqeyini də xatırlatmağı lazım bilib. Məsələ ondadır ki, macarlar bu məsələyə terror təhlükəsi prizmasından yanaşılmasını lazım bilirlər. Onların fikrincə, bu məsələ "ümumxalq səsverməsinə" çıxarılmalıdır. Hər halda, Brüssel Budapeştin "son zamanlar xeyli artmış" bütün səhvlərini gündəmə gətirir. Hələ 2010-cu ildə Macarıstan KİV haqqında qanunda söz azadlığını məhdudlaşdırmaqda təqsirləndirilirdi. 2012-ci ildə macarların Konstitusiyaya etdikləri ciddi dəyişikliklər də tənqid hədəfinə çevrilmişdi. Brüsseldə hesab edirdilər ki, bu dəyişikliklər mətbuat azadlığına ziddir və ümumilikdə, ölkədə vətəndaş azadlıqlarını sıxır. Dəyişikliklərdə titullu xalq statusuna üstünlüklərin tanınması xüsusilə tənqid olunurdu. Tənqidçilər hesab edirlər ki, bu, avtomatik olaraq, milli azlıqlara qarşı ayrı-seçkilik anlamına gəlir. Macarıstan ultrasağçı "Yobbik" partiyasının populyarlığını gündən-günə artırmasına mane ola bilməməkdə də günahlandırılır. Qeyd edək ki, bu partiya tərəfdarları millətçi mövqelərini gizlətmir və onlar xüsusilə qaraçılara qarşı aqressivdirlər. Yeri gəlmişkən, bəzilərinin fikrincə, baş nazirin ölüm hökmü ilə bağlı son bəyanatı "Yobbik"dən "populyarlıq xalları qoparmağa" cəhd də ola bilər.

Beləliklə, Orban Aİ-də sanki "enfant terrible" (nadinc yeniyetmə) rolunu oynayır. İngilisdilli mətbuatda onun adı və vəzifəsi çox zaman "controversial" (qalmaqallı, əngəlli) kimi çəkilir. Bu yaxınlarda Riqada keçirilmiş "Şərq tərəfdaşlığı" sammitində Yunker Macarıstanın baş nazirini "diktator" adlandırmış və zarafatla ona bir şillə də vurmuşdu. Ola bilsin, hər şey Yunkerin özünün qəribəlikləri ilə bağlıdır - həmin gün onun özü də hamı ilə zarafatlaşırdı: Donald Tuskun yanağından tuturdu, daha bir siyasətçinin alnından öpürdü və s. Amma istənilən halda, Macarıstan çox tez-tez Aİ-nin layiqli üzvü meyarlarına cavab verməməkdə günahlandırılır.

Əgər Macarıstan bu qədər mənfi nümunədirsə, Avropa İttifaqının ideal üzvü necə olmalıdır? Aİ-yə üzv olmaq (və Aİ üzvü statusunu davamlı daşımaq) üçün ölkə bir sıra meyarlara (Kopenhagen meyarları) cavab verməlidir. Onların arasında demokratik prinsiplərə əməl edilməsinə zəmanət verən institutların sabitliyi, insan haqları və əsas azadlıqlara hörmət, siyasi, iqtisadi, valyuta ittifaqının məqsədlərini əsas götürmək, ümumi xarici və müdafiə siyasətinin prinsiplərinə əməl olunması və s. var. Lissabon müqaviləsinin qüvvəyə minməsi ilə (1 dekabr 2009-cu il) Aİ-nin əsas qaydaları haqqında Xartiya qurumun bütün strukturları və üzvləri üçün məcburi xarakter daşıyır. Bu Xartiya Aİ-nin əsas sənədlərindən biri sayılır. Aİ isə bütün dünyada qanunun aliliyi və insan haqları baxımından etalon sayılır. Bundan başqa, hesab olunur ki, Aİ-yə qoşulmaq arzusunda olan ölkələr üçün bir çox hallarda məhz bu sadalanan sərt meyarlar aşılmaz maneəyə çevrilir. Birliyə üzv olmaq üçün Türkiyə, Makedoniya, Serbiya və s. kimi dövlətlərlə illərdir danışıqlar aparılsa da, onların heç biri istəyinə nail ola bilmir. Macarıstana ünvanlanan sərt ittihamlar isə ortaya bir sual çıxarır: Aİ üzvlərinin özləri öz standartlarına nə nə dərəcədə cavab verirlər?

Son 20 ildə insan haqları sahəsində vəziyyətin ən pis həddə çatması Avropa Şurasının ötənilki məruzəsində açıq şəkildə əksini tapıb. Aİ üzvləri ksenofobiya, antisemitizm, islamofobiya, miqrantların, sığınacaq axtaranların hüquqlarının təmini ilə bağlı problemlər, korrupsiya, milli azlıqların hüquqlarının pozulması, polis özbaşınalığı, məhbusların saxlanılma şəraitində problemlər, söz azadlığı sahəsində çatışmazlıqlar və s. kimi pozuntularda təqsirləndirilirlər.

Məsələn, milli azlıqların hüquqlarının pozulmasında da təqsirləndirilən Macarıstan Aİ-də heç də yeganə belə dövlət deyil. Aİ-də ən ciddi ayrı-seçkiliyə məruz qalan qrup qaraçılardır. Xüsusilə Fransa, Almaniya, Polşa və Çexiyada yaşayan qaraçılar daha çox ayrı -seçkiliyə məruz qalırlar. Bu ölkələrdə faktiki olaraq onların sosial inteqrasiyası üçün strategiya mövcud deyil. Qaraçıların yaşadıqları məhəllələr tez-tez zor gücünə sökülür, məktəblərdə qaraçı uşaqlarına qarşı seqreqasiya halları baş verir. Bundan başqa, söhbət polis özbaşınalığından, müsəlman və Afrika ölkələrindən gəlmiş şəxslərə qarşı ayrı-seçkilikdən də gedir. Latviya və Estoniyada xüsusi kateqoriyadan olan insanlar var - "qeyri-vətəndaşlar". Vətəndaşlığı olmayan bu insanlar səsvermə hüququndan məhrumdurlar. Onların pasportu faktiki olaraq, yol getmək üçün nəzərdə tutulmuş sənəddən başqa bir şey deyil. Yeri gəlmişkən, Böyük Britaniyada məhbusların da səsvermə hüququ yoxdur. Aİ-nin miqrantlarla bağlı siyasətinin bir çox beynəlxalq hüquq normalarına cavab vermədiyi də bəllidir. Bu işdə Brüssel məhz öz maraqlarından çıxış edərək, Realpolitik ruhunda davranır. Aİ-nin bəzi üzvləri - xüsusilə Fransa, Almaniya, İsveç, İtaliya və Macarıstan müharibənin, nifaqın hökm sürdüyü Yaxın Şərqdən və Məğribdən olan miqrantların axınına daha çox məruz qalır. Avropa Komissiyası məsələni bu problemin həllinə yönəlmiş səylərin Aİ-nin bütün üzvləri arasında ədalətli bölüşdülürməsilə çözməyə çalışır. Söhbət faktiki olaraq kvotadan gedir. Amma Latviya, Estoniya və Finlandiya qaçqınlara qucaq açmaq arzusunda olmadıqlarını göstərirlər. "Biz Finlandiya olaraq hesab edirik ki, Aİ-nin üzvü olan hər bir dövlət öz işlərini müstəqil şəkildə görmək hüququna malik olmalıdır", - deyə Finlandiyanın xarici işlər naziri Timo Soyni bildirib. Demək olar ki, miqrantlara, xüsusilə qeyri-leqal miqrantlara münasibət Aİ vətəndaşlarının özlərinin hüquqlarını heç bir halda pozmur. Amma bu halda İnsan hüquqları üzrə Ümumdünya Deklarasiyasının müddəaları, insan haqlarının qorunmasına dair Avropada bəyan edilmiş yüksək standartlar pozulur. 

Bundan başqa, Avropa ölkələrini iqtisadi, sosial hüquqlar haqqında beynəlxalq paktın tələblərini pozmaqda da məzəmmət etmək olar. İqtisadi böhranın aradan qaldırılması üçün atılan qənaət addımları insanların sosial və iqtisadi hüquqlarının pozulması deməkdir. Buraya həm də layiqli iş, əlverişli həyat şəraiti kimi hüquqlar da daxildir. Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin də bir dəfə dediyi kimi, Aİ əhalisinin təxminən 10%-i elektrik enerjisinə görə borcunu ödəmək iqtidarında deyil və artıq birlikdə yeni termin də yaranıb - enerji yoxsulluğu. Miqrant axını və həyat səviyyəsinin aşağı düşməsilə bağlı narazılıqlar Avropada irqi dözümsüzlük, ksenofobiya kimi problemlərin meydana çıxmasına da səbəb olur. Bu, Aİ-nin Fransa, Böyük Britaniya, Almaniya, İspaniya da daxil olmaqla, demək olar ki, bütün ölkələrinə tanışdır. Ultrasağçı partiyaların populyarlığının artması bunun sübutudur. Məsələn, iyunun 18-də Danimarkada parlament seçkisi keçirilməlidir. Proqnozlara görə, ultrasağçı Danimarka Xalq Partiyası bu seçkidə səslərin təxminən 20%-ni qazanaraq krallığın üçüncü siyasi təşkilatı çevrilə bilər. Qeyd edək ki, bu partiya ölkənin Aİ sıralarını tərk etməsinin tərəfdarıdır. O, eyni zamanda, Avropanın ən qatı anti-immiqrant partiyalarından sayılır.

Yalnız Macarıstanın deyil, ümumilikdə Avropanın digər nöqsanları arasında şəxsi həyatın toxunulmazlığı hüqununu pozulması hallarından da tez-tez danışılır. Bundan başqa, faktiki olaraq, MKİ-nin Aİ üzvləri ərazisindəki məxfi həbsxanaları ilə bağlı suallar hələ də cavabsız qalmaqdadır.

Bu yaxınlarda Aİ-nin əsas üzvlərindən olan Böyük Britaniya "İnsan haqları haqqında" qanunun "Hüquq haqqında Britaniya billi" ilə əvəzlənməsi təşəbbüsünü irəli sürməyə çalışıb. Bu, ölkədə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) nüfuzunun ciddi şəkildə azalmasına səbəb olardı. Dəyişiklik tərəfdarları hesab edirlər ki, hüquqlar haqqında bill "Britaniya dəyərləri"nə daha uyğun olacaq. Kral vəkili Conatan Fişer bildirib ki, Britaniya İnsan haqlarının müdafiəsi üzrə Avropa Bəyannaməsindən imtina etməzsə, "suverenlik elementlərini Strasburqdakı hakimlərə güzəştə getməli olacaq". Bəs Brüssel Britaniyanı da Macarıstan qədər tənbeh edirmi? Xeyr. Yunker Kemeronu zarafata salıb sillələmir. Bəlkə bu, belə hədələrin Londonu o qədər də narahat etməməsilə bağlıdır? Axı Böyük Britaniyanın baş naziri Devid Kemeron 2017-ci ilin sonunda ölkəsinin Aİ-də qalıb-qalmaması məsələsini referenduma çıxarmağa hazırlaşır. Məlum olan odur ki, Budapeşt Avropa ailəsindəki yerinə təhlükə yaratmamaq üçün ölüm hökmünü bərpa etməyəcək. Amma, eyni zamanda, o da bəllidir ki, Yunkerin Budapeşti hədələmək səlahiyyəti yoxdur. Bu, Aİ daxilində "çəkişmə"dir. Belə mübahisələrin xaricə verdiyi mesaj da tam aydındır - insan şaqları ilə bağlı problemlər bütün dünyada mövcuddur və təəssüf ki, planetdə tamamilə ağ ərazilər yoxdur. Və bu, siması yalnız Macarıstandan ibarət olmayan Avropada da belədir.



MƏSLƏHƏT GÖR:

702