14 Mart 2025

Cümə, 11:24

TƏHLÜKƏLİ SƏYAHƏTİN SONU

Ümumdünya Turizm Təşkilatı Azərbaycanın təşəbbüsü ilə münaqişəli zonalarda turizmin təbliğinə görə beynəlxalq məsuliyyət müəyyənləşdirdi

Müəllif:

09.06.2015

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini sülh yolu ilə boşaltmağa təmkinli cəhdlərini davam etdirdiyi bir vaxtda, erməni tərəfi bütün mümkün vasitələrlə münaqişə zonasındakı status-kvonu qanuniləşdirməyə, Dağlıq Qarabağın müstəqil qurum kimi beynəlxalq birlik tərəfindən tanınmasına çalışır.

Bu siyasətin tərkib hissələrindən biri xarici turistlərin işğal altındakı ərazilərə cəlbidir. 

Məlum olduğu kimi, Dağlıq Qarabağ yalnız Azərbaycanın deyil, bütünlükdə Qafqazın ən mənzərəli bölgələrindən biridir. Məhz bu amil bəzən ermənilərin Dağlıq Qarabağı beynəlxalq turizm sərgilərində müstəqil qurum kimi təqdim etmək işində uğur qazanmasına kömək edir. Aydındır ki, erməni stendlərində əcnəbi turistə bu regionun tarixi, hüquqi mənsubiyyəti, mədəni irsi haqqında yalan məlumatlar verilir. Hər halda, 25 ildən artıq davam edən erməni işğalı zamanı Qarabağda bütün alban, islam və Azərbaycan izi total şəkildə məhv edilib, toponimlər, hidronimlər, dini və mədəni abidələr erməniləşdirilib.

Belə məzmunlu materiallar bəzən aparıcı dünya KİV-in səhifələrinə də gedib çıxır. Məsələn, bu yaxınlarda Britaniyanın "The Guardian" qəzeti Dağlıq Qarabağı "yayda macəradolu istirahət etmək üçün ən yaxşı ölkələr"in siyahısına daxil etmişdi. Qəzet yazırdı ki, işğal altındakı ərazilərə səyahətləri macəralı edən regiondakı gərgin vəziyyətdir. Buna baxmayaraq, Britaniya nəşri potensial turistlərə bu regiona baş çəkmələrini məsləhət bilir, orada "çox sayda gözəl görməli yerlərin, dağ monastırlarının, arxeoloji abidələrin, qədim mağaraların olduğunu" yazırdı.

Bənzər material 1 ay əvvəl dünyaca məşhur digər qəzetdə - Amerikanın "New York Times" qəzetində də yer almışdı. "Qafqaz dağlarında isti qarşılanma" başlıqlı məqalədə turistlər Dağlıq Qarabağın gözəlliklərindən həzz almağa çağırılırdı. Bu məqalədə bölgənin başqa xalqa məxsus olduğu, orada başqa xalqın qanının axıdıldığı haqqında heç nə deyilmirdi. Müəllif işğal olunmuş ərazilərə qanunsuz səyahət edəcək Amerika vətəndaşlarının Azərbaycan qanunlarını və beynəlxalq normaları, o cümlədən ABŞ Dövlət Departamentinin tövsiyələrini pozacaqları da vurğulanmırdı. Şübhəsiz, materialda bu cür icazəsiz səfərin gələcəkdə Azərbaycana səyahətləri mümkünsüz edəcəyi də qeyd olunmurdu.

Təbii ki, belə halların hər birinə Azərbaycan tərəfi müvafiq reaksiya verir, öz narazılığını bildirirdi. Lakin bu cür mənfi halların qarşısını alan vahid beynəlxalq mexanizmin olmaması Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının, diplomatik korpus nümayəndələrinin əl-qolunu bağlayırdı. Bir qayda olaraq, işğal altındakı Qarabağın təbliğinə yer ayırmış sərgilərin təşkilatçıları çiyinlərini çəkərək, bunun özəl şirkətlərin işi olduğunu, dövlətin onların işinə müdaxilə edə bilmədiyini deyirdilər. KİV-ə gəlincə, ən yaxşı halda, Azərbaycan tərəfinə həmin nəşrdə cavab məqaləsi dərc etdirmək hüququ verilirdi. Lakin bu, o demək deyil ki, hər an partlaya biləcək regiondan gözəl fotolar görmüş oxucuların hamısı cavab yazısını oxuyacaq.

Ancaq BMT-nin Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurası Azərbaycanın təklif etdiyi son dərəcə vacib qətnaməni təsdiqləyib. "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnamə DTT İcraiyyə Şurasının 2015-ci il mayın 28-29-da Xorvatiyanın Rovin şəhərində keçirilən iclasında qəbul edilib.

Azərbaycanın iclasda iştirak etmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, qətnamə layihəsi quruma İcraiyyə Şurasının ötən il Səmərqənddə keçirilən 99-cu iclasında təqdim olunub. Erməni tərəfinin qəti etirazlarına baxmayaraq, təşkilat Azərbaycanın təşəbbüsünü dəstəkləyib. Qərarın qəbulunda problemin daha geniş şəkildə qoyulması böyük rol oynayıb. Azərbaycan tərəfi problemi yalnız Dağlıq Qarabağla məhdudlaşdırmayıb və bütün münaqişəli zonalardakı vəziyyəti gündəmə gətirib. Bu, Azərbaycan tərəfinə bənzər problemləri olan dövlətlərin də dəstəyini almaq imkanı verib.

Qərara əsasən, bundan sonra bütün turizm fəaliyyəti turizm üzrə qlobal etik kodeksə uyğun aparılmalıdır. Eyni zamanda, bu fəaliyyət zamanı BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının etik prinsiplərinə də əməl olunmalıdır. Ə. Qarayevin sözlərinə görə, bu sənədin qəbulu rəsmi Bakının əlinə son dərəcə önəmli imkan verib. İndi Bakı bu imkandan istifadə edərək, ermənilərin beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə Azərbaycanın işğal altındakı ərazilərini təbliğ etməsinə mane olacaq.

"Bunu son dərəcə vacib qərar saymaq olar. Çünki bununla ilk dəfə olaraq turizm fəaliyyətində beynəlxalq normalardan istifadə mexanizmi müəyyənləşib", - deyə nazir qeyd edib.

Qərarın əsas mahiyyəti bu və ya digər münaqişə zonasında turizmi təbliğ edənlərin məsuliyyətə cəlb olunmasıdır. Bu yalnız dövlət strukturlarına deyil, özəl qurumlara da aiddir. Məsələ ondadır ki, indiyədək sərgilərin təşkil olunduğu dövlətlər baş verənlərə görə məsuliyyət daşımaq istəmirdi. Onlar stendlərdə üzərində "DQR" kimi qurumların adı yazılmış mənfur "respublika"lara yer verməkdə sərbəst idilər.

"Əgər sabah hər hansı turist bu qaydanı pozaraq, məsələn, Dağlıq Qarabağa səfər edərsə, bu zaman onun başına hər hansı hadisə gələrsə, bunun məsuliyyətini kim daşıyacaq? Beləliklə, qəbul edilmiş yeni sənəd turizm xidmətlərinin təhlükəsizliyinin təmini üçün hüquqi baza yaradır", - deyə Ə. Qarayev qeyd edib.

Qəbul olunmuş qərarın vacibliyindən danışarkən bir daha qeyd etmək lazımdır ki, beynəlxalq turizm sərgilərinin mütləq əksəriyyəti ÜTT-nin himayəsi altında keçirilir. Beləliklə, əgər Azərbaycan işğal altındakı ərazilərinin turizm zonası kimi təqdim olunması ilə əvvəllər təkbaşına mübarizə aparırdısa, indi bu məsələ ilə DTT məşğul olacaq.

Azərbaycanın təklif etdiyi qətnaməyə münasibət bildirən ÜTT turizm sahəsində sabitliyin, təhlükəsizliyin təmininin vacibliyini etiraf edib. Qurum, xüsusilə turistlər arasında ölüm hallarının artması fonunda bunun önəmli olduğunu bildirib. Bununla yanaşı, ÜTT turistlərin silahlı münaqişə zonalarına bilmədən yollandıqlarını, bu addımı turizm operatorlarının aldadıcı reklamlarına uyaraq atdıqlarını etiraf edir. Operatorlar isə gəlir əldə etmək naminə təhlükəsizliyin əsas meyarlarına etinasızlıq göstərir, həmin bölgələrdə turistlərin həyatı üçün yarana biləcək risklərdən danışmırlar. Ölüm hallarının və sui-istifadə faktlarının artması ÜTT-yə üzv dövlətlərin, turizm sahəsində çalışanların səyləri birləşdirməsini, problemi kökündən həll etmək üçün bu istiqamətdə daha çox birgə addımlar atmasını zəruri edir.

ÜTT turizmin siyasiləşdirilməsinin, beynəlxalq turizm yarmarkalarından və digər tədbirlərdən turizmin əsas məqsədlərinə zidd niyyətlər üçün istifadənin yolverilməzliyini də etiraf edir. Turizmin əsas məqsədləri isə ÜTT-nin Nizamnaməsində və Qlobal etik turizm kodeksində aydın şəkildə göstərilib.

Beləliklə, ÜTT Baş Assambleyasının qəbul etdiyi qətnamə turizm sahəsində təhlükəsizliyin təmini, turizmdən qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması üçün praktiki mexanizmlərin hazırlanmasına yeni impuls olacaq. Bu, turizmin beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi vasitəsi kimi inkişafına kömək edəcək.

Bir sözlə, ÜTT separatizm ocaqlarının təbliğinin ümumi başağrısına çevrildiyini etiraf edib. Yeni mexanizmin nə qədər effektiv işləyəcəyini zaman göstərəcək. Hər halda, Ermənistan indiyədək BMT-nin digər və ən nüfuzlu qurumu olan Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymayıb. Vacib olanı odur ki, Azərbaycan Azərbaycan sepatçılığın rəvac verməsinə görə beynəlxalq məsuliyyətə tək İrəvanın deyil, həmçinin digər daha məsuliyyətli dövlətlərə çəlb edilməsinə nail oldu.



MƏSLƏHƏT GÖR:

664