13 Mart 2025

Cümə axşamı, 06:21

QAÇILMAZ REALLIQ

Ədalət və İnkişaf Partiyası seçkidən qalib ayrılsa da, hökmran siyasi qüvvə statusunu itirdi

Müəllif:

09.06.2015

Türkiyədə iyunun 7-də keçirilmiş parlament seçkisini, sözün əsl mənasında, tarixi hadisə adlandırmaq olar. O, ölkədə Ədalət və İnkişaf Partiyasının (ƏİP) 13 il sürən təkhakimiyyətliliyinə son qoydu. Bundan başqa, 7 iyun seçkisi özünü etnik kürdlərin maraqlarının müdafiəçisi kimi göstərən qüvvənin ölkənin siyasi sisteminə daxil olması ilə nəticələndi.

Seçkinin qızğın keçəcəyini Türkiyənin bir neçə regionunu bürümüş küçə iğtişaşları da göstərirdi. Daxili siyasi münasibətlərdə gərginlik, əsasən, millətçilərlə faktiki olaraq, ölkənin parçalanmasına çalışan kürd təşkilatları arasında müşahidə olunurdu. Amma sonda yaxşı ki, miqyaslı qarşıdurmalar və toqquşmalardan qaçmaq mümkün oldu. Seçkinin nəticəsinə gəlincə, ən azı, yaxın illər üçün dördpartiyalı sistemin mövcud olacağı iddiaları özünü doğrultdu.

Ehtimal olunduğu kimi, əsas mübarizə hakim ƏİP, Mustafa Kamalın Cümhuriyyət Xalq Partiyası (CXP), Millətçi Hərəkat Partiyası (MHP) və kürdpərəst Xalq-Demokrat Partiyası (XDP) arasında gedib. Seçkinin rəsmi nəticələri, təxminən, 10 gün sonra açıqlanacaq. Lakin ilkin nəticələr artıq indiki partiyalar arasındakı qüvvələr nisbətini qiymətləndirməyə, hadisələrin gələcək inkişafı ilə bağlı bir neçə variant irəli sürməyə imkan verir.

İlkin nəticələrə görə, ƏİP səslərin 40,8%-ni toplayıb (550 yerlik parlamentdə 258 yer). Seçicilərin 25%-i səsini CXP-yə, 16,4%-i MHP-yə verib. Parlamentə düşmək üçün aşılmalı olan 10%-lik baryeri keçmiş dördüncü partiya isə XDP-dir (13,1%).

Beləliklə, hakim partiya ötən parlament seçkisi ilə müqayisədə, təxminən, 9% səs itirib. Kamalçılar isə ötən seçki ilə müqayisədə, mövqelərini 4,5% yaxşılaşdırıblar. Millətçilərdə bu irəliləyiş 3% təşkil edib. XDP-yə gəlincə, o, parlament seçkisində ilk dəfədir iştirak edirdi. Odur ki, əldə edilən 80 deputat kürsüsünu kürdpərəst partiyanın tərəfdarları tarixi qələbə kimi qiymətləndirirlər.

Seçkinin əsas nəticəsi hər kəsin beynində prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə assosiasiya olunan hakim ƏİP-in birpartiyalı hökuməti formalaşdırmaq üçün lazımi sayda mandata sahib çıxa bilməməsidir. Demək, Ərdoğan çoxdan planlaşdırdığı konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək (ən azı, indi və burada). Xatırladaq ki, həmin dəyişikliklər Türkiyənin parlament respublikasından prezident respublikasına çevrilməsini nəzərdə tuturdu.

Seçkinin nəticəsinə, şübhəsiz ki, ƏİP-in populyarlığını itirməsi öz təsirini göstərib. Xatırladaq ki, Ərdoğanın ölkə başçısı seçilməsindən sonra, partiyanın lideri postunda onu hazırkı Baş nazir Əhməd Davudoğlu əvəzləyir. Partiyanın populyarlığını itirməsinin səbəblərindən biri, əksər türklərin "prezident" layihəsini dəstəkləməməsi, parlament idarəçiliyinə üstünlük verməsi ilə bağlıdır. Sosioloji tədqiqatların nəticələri də göstərir ki, ölkə Konstitusiyasına dəyişikliklər edilməsini vətəndaşların yalnız 27%-i dəstəkləyir. ƏİP daxilində belə, Türkiyənin prezident respublikasına çevrilməsinin tərəfdarları maksimum 43%-dir.

Türk seçicilərin bir hissəsinin Ərdoğan və Davudoğlunun siyasətindən narazılığı həm də ölkədəki ümumi daxili siyasi gərginliklə bağlıdır. Bu gərginliyə səbəb isə ƏİP-lə "paralel dövlət" arasındakı qarşıdurmadır. 

Məlum olduğu kimi, "paralel dövlət"ə ABŞ-da yaşayan müsəlman təbliğatçısı Fətullah Gülən başçılıq edir. Bu qarşıdurma nəticəsində Türkiyədə hüquq-mühafizə orqanlarının yüksəkrütbəli əməkdaşlarının həbsləri dayanmaq bilmirdi. Onlarla yanaşı, mütəmadi olaraq müxalif jurnalistlər, alimlər, biznesmenlər də həbsə atılırlar. Onlar Gülənin "Hizmət" hərəkatını dəstəkləməkdə günahlandırılırlar.

Ölkədə artmaqda olan iqtisadi problemlər cəmiyyəti məyus edən amillərdəndir. Ağırlaşan daxili və xarici konyuktura fonunda, ƏİP hökumətinin bu iqtisadi çətinliklərin öhdəsindən gəlməsi daha da qəlizləşib. Ərdoğan - Davudoğlu diplomatik xətti getdikcə daha çox şübhələr və mübahisələr yaratmaqdadır. ƏİP hökuməti ölkəni Yaxın Şərq probleminə həddindən artıq cəlb etdiyi üçün, tənqidlərə məruz qalır. Bu fikirdə olanlar düşünür ki, həmin siyasət Ankaraya tamamilə lazımsız problemlər yaradır. Söhbət xüsusilə Suriya, Misir və İsrail istiqamətlərində yaranan problemlərdən gedir.

ƏİP-in siyasi mövqeyindən və onun strategiyasının perspektivlərindən danışarkən, Qərbin maraqlarını da unutmaq olmaz. Türkiyə Prezidenti Ərdoğanın və Baş nazir Davudoğlunun dünya arenasında müstəqil siyasət yürütmək cəhdləri Qərbin xoşuna gəlmir və qərblilər bunu heç də gizlətmirlər. Maraqlıdır ki, Türkiyədə keçirilmiş parlament seçkisi ərəfəsində Qərb KİV ƏİP hökumətinə yönəlmiş tənqidləri kəskin şəkildə artırmışdı. Məsələn, Amerikanın aparıcı qəzetlərindən olan "The New York Times"da dərc olunmuş redaksiya məqaləsinin başlığı belə idi: "Türkiyə üzərində qara buludlar". Məqalədə Ərdoğan siyasi repressiyaların təşkilində təqsirləndirilirdi. Müəllif ABŞ və NATO-nu "Ərdoğanın bu destruktiv yoldan çəkindirilməsinə kömək etməyə" çağırırdı.

Ərdoğanın Qərb KİV-də ona qarşı aparılan kampaniyaya kəskin reaksiya verməsi də təəccüblü deyil. "The New York Times" qəzetində dərc olunmuş məqaləyə münasibət bildirən prezident yazını "Türkiyənin daxili işlərinə müdaxilə" kimi qiymətləndirib. Ərdoğan Qərb mərkəzlərini "Türkiyəni zəiflətmək, parçalamaq və udmaq" cəhdində günahlandırıb. "Amma biz onlara bu imkanı verməyəcəyik. Onlar uğur qazana bilməyəcəklər", - deyə Ərdoğan qeyd edib.

Amma istənilən halda, Ərdoğan ölkədə iyunun 7-dən sonra yaranmış daxili siyasi reallıqlarla barışmaq məcburiyyətindədir. Bu, ilk növbədə, CXP-nin hökuməti formalaşdırmaq üçün müxalifət partiyalarından biri ilə koalisiyaya getməsidir. Hələlik, sırf nəzəri baxımdan söhbət iki partiyadan gedir - MHP və XDP. CXP ilə ƏİP arasında ziddiyyət o qədər dərindir ki, onların arasında hər hansı ittifaqın mümkünlüyünü düşünmək olmaz. Odur ki, CXP-nin Dövlət Baxçalının rəhbərlik etdiyi MHP ilə koalisiya yaratmaq ehtimalı daha çoxdur. Sonuncu artıq koalisiyaya gedə biləcəklərini açıqlayıb. Amma o, bunun üçün hakim sistemdə XDP-nin yer almaması şərtini irəli sürüb. Seçkidən əvvəl geniş müzakirə olunan ƏİP-XDP koalisiyasının yaranma şansı isə sonuncunun lideri Səlahəddin Dəmirtaşın bir bəyanatından sonra xeyli azalıb. O, partiyasının Ərdoğan və Davudoğlu tərəfdarları ilə koalisiyaya getməyəcəyini bəyan edib.

Hakim koalisiyanın yaradılması ilə bağlı razılıq əldə olunmasa, parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi məsələsi gündəmə gələcək. Bəs bu perspektiv Türkiyədə siyasi sabitliyin yaranmasına kömək edəcəkmi? Hazırda ölkə bir sıra ciddi çağırışlarla üz-üzədir. Onların arasında ərazi bütövlüyü kimi önəmli məsələ də var. Kürd separatçılarının güclənməsi bu təhlükəni artırıb. İndi bir şey məlumdur: Türkiyə öz inkişafında yeni mərhələyə qədəm qoyur və görünən odur ki, bu mərhəldə ölkədə bir siyasi partiya tam hökmranlıq edə bilməyəcək. Ölkənin bütövlüyünün qorunub-saxlanılması, milli və vətəndaş barışığına nail olunması Türkiyə üçün həyati əhəmiyyətli məsələyə çevrilir. Bu məsələdə türk xalqının hansı konstitusion idarəçilik formasına üstünlük verəcəyinin, ölkəni Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunacağı 1923-cü ilə hansı partiyanın və ya koalisiyanın aparacağının heç bir fərqi yoxdur.



MƏSLƏHƏT GÖR:

597