15 Mart 2025

Şənbə, 00:42

İKİ CİL VƏ BİR DONALD

2007-ci ilin sonunda Rus Dram Teatrında gözəl premyera oldu

Müəllif:

01.01.2008

Rus Dram Teatrı Aleksandr Şarov-skinin quruluşunda Leonid Gerşin "Bu azad kəpənəklər" tamaşasının premyerası ilə ötən illə vidalaşdı. Artıq neçə ildir ki, müstəqil həyata hüquqlarını müdafiə edən kor  cavana həsr olunmuş bu təsirli melodram aktuallığını itirmir, çünki əbədi problemlərə - "atalar və oğullar", sevgidə məsuliyyət, hər bir adamın yaradıcı özünütəsdiq hüququna aid məsələlərə toxunur.

Rəssam Aleksandr Fyodorovun ciddi "hay-tek" dekorasiyaları Nyu-Yorkdakı kiçik mənzili canlandırır; ikimərtəbəli dar məkanda coşğun ehtiraslar qaynayır. Hisslərin ifadəsinin ideal balansı Oleq Xarçenkonun (Donald Beyker) və  missis Beykerin (əməkdar artist Rita Əmirbəyova)duetində təqdim olunur. Bütün mənalarda ailə dueti (onlar yalnız səhnədə yox, həyatda da ana və oğuldurlar) tamaşaçını təkcə ustalıq səviyyəsi ilə deyil, problemin tanışlığı ilə də cəlb edir. Axı bu pyesdə qəhrəmanın korluğu yalnız qayğıkeş ananın böyümüş oğlunu gözündən uzağa buraxmaq istəməməsinin səbəbini dramatik cəhətdən vurğulamaq  üsuludur. Real həyatda əksər analar üçün belə addım atmağa daha kiçik səbəblər də kifayət edir.

Oğlunun ironiya ilə "bələdçi ana" adlandırdığı missis Beyker daimi himayəyə can atması ilə gülüş doğursa da, bəzən, hardasa, haqlıdır. Və Rita Əmirbəyova bu klassik obrazı sanki notlarla yazır - analarımızın əksəriyyəti burada özlərini tanıyacaq və utanmayacaqlar, çünki nə müəllif, nə də rejissor onlara kinayə ilə yanaşmayıb.

Amma  bu ailə duetinə kəskin dissonansla Cil Terner daxil olur.  Şıltaq, yüngülbeyin, amma  təmiz ürəkli qızı müxtəlif tərkiblərdə Milana Mardaxanova və Anaida Rostovskaya oynayır. Jurnalistlərin hər iki premyerada olub Milananın və Anaidanın Cillərini müqayisə etmək imkanı var idi. Düşünürük ki, Milana müəllifin düşündüyü obrazla daha üzvi birləşib. Bu, tipik Nyu-York qızcığazı, meqapolisin sərbəst övladıdır. Qayğısız, sakit, həyata çox sadə yanaşan bir qız. Hətta müəyyən affektasiya belə aktrisanın yaratdığı obrazın bütövlüyünə mane ola bilmir, parlaq zahiri görünüş isə onu daha da vurğulayır. Anaidanın ifasında Cil  affektasiyaya daha meyillidir. Əvəzində o, xeyli yumşaq, lirikdir. Bir tərəfdən, bu onu Bakının qeyri-adi dərəcədə hissiyyatlı, şərq duyumlu  gənc qızlarına daha da yaxınlaşdırır. Digər tərəfdən, Anaida Rostovskayanın bəzi parametrlərlə - lirik xarici görünüşdən başlamaqla - müasir obrazlardan daha çox, "kostyumlu" rollara uyğun gəldiyini düşünməyə sövq edir. Əgər Mardaxanovanın Cili  cari anlara rejissor düzəlişilə Gerşin öz Cilidirsə, Rostovskayanın Cili iradə sərbəstliyi qazanmış, krinolini cinslə əvəz etmiş, amma yenə də nə istədiyini bilməyən Aqafya Tixonovnaya daha yaxındır.

Ralf Ostin - Teymur Rəhimovun  parlaq ifasında  kütbeyin pleyboy- hər iki Cili uğurla tamamlayır. Hətta ən hissiyyatsız tamaşaçı belə "qlamur qoçaq" Ralfın diz  çökərək öz feysini (üzünü) əlləri ilə yoxlaması səhnəsində sarsılır - yəni, bu kor oğlan onun nəyini bəyənmir?

Amma tamaşanın əsl ulduzu Oleq Xarçenkodur. Cavanlığın, yaraşıqlı zahiri görünüşün və şəksiz aktyor ustalığının cazibəsini xalq artisti Səyavuş Kəriminin musiqi yazdığı mahnıları ifa edən ürəyəyatımlı səs tamamlayır (Xarçenkonun qəhrəmanı Donald Beyker süjetə əsasən, musiqi ilə məşğul olur). Xarçenko anadan-gəlmə qüsuru ilə barışmış kor cavanın roluna elə girir ki, səhnənin hansısa küncündən Stanislavskinin kölgəsinin təqdiredici alqışlarını eşitdiyini düşünürsən... Əlavə kimi, Xarçenko tamaşaçıları step elementləri ilə tamamilə heyran edir. Ona "ümumxalq məhəbbətinin muncuqları" lazım deyil - aktyor bu məhəbbətlə artıq  təmin  olunub!  Süjetlə tanış olmayanlar üçün  izahat verək - hippilərin arsenalındakı bu talismanı qəhrəmana onun yeni rəfiqəsi  bağışlayır ki, gənc tamaşaçıların sevimlisinə çevrilsin.

Pyesin finalı yaxın vaxt kəsimi üçün qəhrəmanların münasibətlərini aydınlaşdırır, axı, bu "onların uzun zaman xoşbəxt yaşadıqlarını" nəzərdə tutan heppi-endli  klassika deyil. Donaldın ikinci Rey Çarlz ola biləcəyi, çox şeyi anlamış Cilin onunla çoxmu qalacağı məlum deyil, amma bir şey dəqiq bilinir, bu tamaşa bizə indiyədək ikinci rollardan tanıdığımız və nəhayət, böyük müvəffəqiyyətlə ön plana çıxmış gənc istedadlardan ibarət  dəmət bağışladı.


MƏSLƏHƏT GÖR:

519