
ƏBƏDİLİK RƏMZİ
Şərqin və Müsəlman aləminin ilk operası - "Leyli və Məcnun"un səhnəyə qoyulmasından 100 il keçir
Müəllif: Arif HÜSEYNOV Bakı
Dünyanın sivil ölkƏ-lərinin incəsənət atributlarından biri, daha doğrusu, ən önəmlisi zəmanəmizin musiqi korifeylərinin yaratdıqları operalardır ("opera" italyan dilində əsər deməkdir). Parisdəki "Qrand-Opera", Londondakı "Kral opera teatrı Kovent-Qarden", İtaliyadakı "La-Skala", Nyu-Yorkdakı "Metropoliten-Opera", Moskvadakı "Bolşoy teatr" və s. dünya musiqi və teatr mədəniyyətinin şöhrətli mərkəzləridən sayılır. Sadaladığımız bu teatrlar dünyanın xristian ölkələrindədir. Şərqdə müsəlman ölkələrində isə ilk opera teatrı 1869-cu ildə Süveyş kanalının istifadəyə verilməsi şərəfinə Qahirədə tikilmiş və Misir xədivi türk İsmayıl paşanın sifarişi ilə Cüzeppe Verdi tərəfindən ərsəyə gətirilmiş "Aida" operasının 1871-ci ildə tamaşası ilə fəaliyyətə başlamışdır. Həmin teatr "Opera" adlanır.
Dahilər yetişdirən torpaq
Millətimiz üçün öyünclü haldır ki, bu hadisədən düz 37 il sonra, yəni 12 yanvar 1908-ci ildə müsəlman ölkələri arasında ilk milli opera - "Leyli və Məcnun" Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur. "Tazə həyat" qəzetinin 14 yanvar 1908-ci il tarixli 11-ci sayında belə bir məlumat verilmişdi: "Ayın 12-də "Nicat" cəmiyyətinin dram heyəti tərəfindən əvvəlinci dəfə Bakı səhneyi-tamaşasında ( Tağıyev teatrında) Molla Məhəmməd Bəqdadi Füzulinin əsəri olan "Leyli və Məcnun" qissəsi (yəni hekayəti - A.H.) bəradəran Hacıbəyovlar tərəfindən opera səliqəsində təbdil olunmuş bir tərzdə meydani-tamaşaya qoyuldu. Bəradaran Hacıbəyovlar bu işdə çəkdikləri zəhmət, göstərdikləri iqdamat (yəni təşəbbüs - A.H.) cəhətindən hər bir tərifə və təşəkkürə layiqdir". "Bəradəran Hacıbəyovlar" Üzeyir və Ceyhun Hacıbəyli qardaşları idi. Məlumat xatirinə bildirək ki, Ceyhun Əbdülhüseyn oğlu (1891-1962) Üzeyir bəyin doğmə qardaşıdır. Orta təhsilini Şuşa və Bakı realni məktəblərində alandan sonra təhsilini Peterburq Universitetinin hüquq fakultəsində davam etdirmişdir. Daha sonra Sorbonnada Parisin politexnik elmlər məktəbində oxumuşdur. 1919-cu ildə Versal Sülh konfransında Azərbaycan Cümhuriyyətindən nümayəndə kimi iştirak etmiş, 1920-ci ilin aprel hadisələrindən, yəni Azərbaycanda bolşeviklərin çevriliş yolu ilə hakimiyyəti ələ keçirdiyi vaxtdan sonra Fransadan Azərbaycana qayıtmamışdır. Məhz buna görədir ki, onun adı musiqi tarixi mənbələrində "Leyli və Məcnun" operasının həmmüəllifi kimi çəkilməmişdir. Halbuki operanın ilk tamaşa afişalarında qardaşların hər ikisinin adı yazılmışdır. Hacıbəyov qardaşlarının xatirələrindən bəlli olur ki, onlar musiqiyə, teatr tamaşalarına hələ uşaq yaşlarından Şuşada olarkən maraq göstərmişlər. Qardaşlar Şuşa rus-tatar məktəbinin nəzarətçisi Haşımbəy Vəzirovun rəhbərliyi altında, əsasən, müəllimlərin qüvvəsi ilə oynanılan tamaşalarda iştirak edirdilər. Ceyhun Hacıbəyovun yazdığına görə, yay aylarında Azərbaycan bölgələrinin əksərindən Şuşaya istirahətə gələn zaman teatr tamaşaları oynanılır, musiqili-vokal gecələri keçirilirdi. 1897-ci ildə həvəskar artistlər görkəmli Azərbaycan maarifçisi və yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə hazırladıqları "Məcnun Leylinin məzarı üstündə" səhnəsini oynayandan, unudulmaz ustad xanəndə Cabbar Qaryağdıoğlu Məcnunun ah-naləsini muğam üstündə yanıqlı nəfəslə oxuyandan sonra, Hacıbəyov qardaşlarında operayaoxşar nəsə yaratmaq arzusu baş qaldırmışdı. Gələcəkdə Şərq musiqisinin patriarxı, Şərqin və müsəlman aləminin ilk operasının müəllifi kimi musiqi olimpimizin ən yüksək zirvəsində qərar tutacaq Üzeyir Hacıbəyov Gürcüstanın Qori Seminariyasında təhsil alarkən (1899-1904) skripka çalmağı öyrənmişdi, tələbələrin simli orkestrində və xorunda iştirak edirdi. Seminariyada tələbələrə nəğmə dərsləri keçilir, elementar musiqi nəzəriyyəsi tədris olunurdu. Zəngin seminariya hə-yatı Üzeyir Hacıbəyovun mədəni və bədii görüşünün formalaşmasına güclü təsir göstərirdi. Üzeyir bəy yay tətilində Şuşaya gələrkən skripka çalğısını yorulmaq bilmədən təkmilləşdirir, qardaşı Ceyhunu da Avropa musiqisi elementləri ilə tanış edir, operalardan ayrı-ayrı motivləri öyrədirdi. Ceyhun da öz növbəsində qardaşını doğma Azərbaycan musiqisi yenilikləri ilə tanış edir, muğamların bu və ya digər formalarını yaddaşında canlandırırdı.
Şərq musiqisində ilk çoxsəslilik
Qardaşlar "Leyli və Məcnun" operası üzərində 1907-ci ildə Bakının "İslamiyyə" mehmanxanasında yaşadıqları vaxt işləməyə başladılar. Operanın mətni Məhəmməd Füzulinin eyniadlı poemasının lirik parçaları əsasındə hazırlanır, eyni zamanda özlərinin də mətnlərini əlavə edirdilər. Ayrı-ayrı vokal nömrələri üçün, məsələn, Məcnunun atasının oxu məqamları üçün "Rast" və "Çahar-gah", Məcnunun oxuması üçün "Şikəstəyi-Fars", "Bayatı-Şiraz", "Segah" və s. muğamlardan parçalar seçirdilər. Üzeyir bəy Azərbaycan xalq mahnılarından götürülmüş parçaları və özünün bəstələdiyi musiqini nota salır, beləliklə də xor çıxışları üçün polifoniya meyillərinə rəvac verirdi. Birsəsli Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinə polifoniyanı, yəni çoxsəsliliyi Üzeyir bəy tətbiq etmişdir. Operanın Füzuli poeziyasından qaynaqlanan librettosu bir neçə aydan sonra hazır oldu. "Leyli və Məcnun"un partiturası yox idi. Bunu hadisələrin və vokal nömrələrinin ardıcıllığını göstərən direksion əvəz edirdi. Nota ancaq orkestr musiqisi və xor üçün xalq mahnılarından götürülmüş melodiya materialı salınmışdı. Müğənnilərin oxuduqları muğam ladında mətndən kənara çıxmamaqla improvizə ilə məşğul olmalarına tam ixtiyar verilirdi. Hər bir muğamın xeyli çox improvizə variantı vardır. Ona görə də hər bir müğənni "Leyli və Məcnun"dan ariyaları öz bildiyi kimi oxuyurdu. O zaman Üzeyir bəy ancaq seminariya dövründə öyrəndiyi solfecionun əsaslarını bilirdi, harmoniya, kontrapunkt, musiqi formaları, yəni bəstəkarın bilməli olduğu şeylər haqqında heç bir təsəvvürə malik deyildi. Bununla belə, "Leyli və Məcnun" operası böyük müvəffəqiyyət qazandı. Bu müvəffəqiyyət onunla izah edilməlidir ki, artıq Azərbaycan xalqı öz teatr səhnəsində Milli Operanın yaranması vaxtının yetişəcəyi günü səbirsizliklə gözləyirdi. "Leyli və Məcnun"da isə əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdi. Operanın müvəffəqiyyət qazanmasında artistlərin, xüsusən Məcnun partiyasının ifaçısı Hüseynqulu Sarabskinin danılmaz xidməti olmuşdur.
Növbəti mərhələ əsərə quruluş verilməsi, orkestr yaradılması, rolların ifaçılarının tapılması ilə əlaqədar idi. Üzeyir bəy seminariya yoldaşlarının ifaçı kimi qatıla biləcəyi simli alətlər orkestri yaratdı. Və qızğın məşq başladı. Şərq orkestri bir tar, bir kamança və bir qavaldan ibarət idi. Sonralar Üzeyir bəy notla çalan simli Şərq alətləri orkestri yaratdı. Opera müəllifləri olan Hacıbəyov qardaşlarını Məcnun, Leyli, Nofəl və s. rollarda kimlərin çıxış edəcəkləri düşündürürdü. Çünki həmin dövrdə artistlik edənlərə oyunbaz adam kimi yanaşıldığından, adlı-sanlı xanəndələri tamaşaya cəlb etmək müşkül məsələ idi. Leyli və digər qadın rollarını kimlərin oynayacağı məsələsi qaranlıq qalırdı. O dövrün Azərbaycan mühitində qadınların səhnəyə çıxıb artistlik edə biləcəyi heç kimin ağlına gəlməyən bir iş idi. Üzeyir bəy günlərin birində dram tamaşasında ikinci dərəcəli rolda çıxış edən həvəskar artistin oxumasını eşidib çox bəyəndi. O, gələcəyin böyük opera artisti Məmmədhüseyn Sarablı (musiqi ədəbiyyatında Hüseynqulu Sarabski kimi tanınır) idi. Onun kiçik, lakin son dərəcə xoş tembrli səsi Üzeyir bəyin xoşuna gəldiyindən, Sarabskini Məcnun rolunda çıxış etməyə çağırdı. Sarabski bu təklifə böyük məmnunluqla razılıq verdi.
Leyli sorağında
Lakin Leyli rolunun ifaçısını çox axtarmalı oldular. Axır ki, Bakı çayxanalarının birində aşpaz şagirdi olan Əbdürrəhim Fərəcov adlı bir gəncin nazik səslə həzin oxumasını eşidən Üzeyir bəy onu Leyli roluna dəvət etdi. Aşpaz şagirdini çox dilə tutdular ki, Leyli rolunda səhnəyə çıxsın. "Leyli və Məcnun" tamaşasının ilk suflyoru Əlabbas Rzayevin qələmə aldığı bir hadisə son dərəcə maraqlıdır. İlk tamaşa günü, yəni 12 yanvar 1908-ci ildə Leylinin - Əbdürrəhim Fərəcovun qrim otağından qışqırıq qopdu. Məlum oldu ki, Fərəcov arvad tumanı geyinmək istəmir. O elə bilirmiş ki, şəbehlərdə olduğu kimi, onun əyninə bir əba geyindirib, başına çalma bağlayıb səhnəyə çıxaracaqlar. Öyüd və nəsihətdən sonra onu Leyli libası geyməyə razı saldıq. Çox çəkmədi ki, qrim otağında yenidən qışqırıq qopdu. Məlum oldu ki, Fərəcov özünün yekə bığlarının üstünə tənzif yapışdırmaq istəmir. Min bir xahişdən sonra onu birtəhər razı salıb tamaşanı başladıq". Fərəcov səhnəyə çıxmağa cürət etmədiyindən, onu arxadan itələməli oldular. Tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski "Leyli"yə hansı hərəkətlər etməyi səhnə kənarından göstərir, hətta yıxılmaq məqamı gələndə yerə də yıxılırdı. Tamaşa qurtarandan sonra, yenə də Fərəcovun qrim otağından hay-küy eşidildi. O, qışqıra-qışqıra soruşurdu ki, üzündəki rən-gi (yəni qrimi) necə yusun. Məlum oldu ki, o, qrimi kran suyu ilə yumaq istəyərkən bığlarının üstündən yaxılmış lak daha da bərkidiyi üçün tüklərini dartdığından əziyyət çəkir. Qrimi vazelinlə silmək istədiklərini görüb özündən çıxmış və demişdi ki, heç vaxt icazə verməz ki, üzünə donuz piyi sürtsünlər (vazelinin donuz piyi olmadığı hamıya məlumdur. - A.H.). Operanın təkrar tamaşasına dəvət olunan Fərəcov üzünə rəng və yağ çəkiləcəyi səbəbindən bu dəvəti rədd etmişdi. Azərbaycan səhnəsində Leyli olmaq yükünü Üzeyir və Ceyhun Hacıbəyov qardaşlarının yaxın qohumu Əhməd Bədəlbəyli (Əhməd Ağdamski) daşımışdır. Onun məlahətli səsi, incə bədən quruluşu və alçaq boyu yeniyetmə Leyli obrazını inandırıcılıqla yaratmağa çox kömək etmişdir. Əgər Əhməd Ağdamski teatr səhnəsinə gəlməsydi, bəlkə də ilk Azərbaycan operasının başlanğıcı uğursuzluğa düçar olardı. O vaxtın qəzetləri Əhməd Ağdamskinin ünvanına təriflər yazırdılar. Sonralar milli operalarımızda qadın obrazlarını həm də M. Kazımovski, H. Hacıbababəyov, M.T. Bağırov da oynamışlar. Ədalət naminə deyək ki, Azərbaycan səhnəsində qadın obrazlarını kişilərin yaratmalı olduğu dövrdə Leyli surətini Əhməd Ağdamski kimi yaradan olmamışdır. Ötən əsrin 20-ci illərində Həqiqət xanım Rzayevanın Azərbaycanın opera səhnəsinə gəlişi kişi Leylilərin fəaliyyətini dayandırmaqla yanaşı, bu, tamaşada Leyli obrazının traktovkasında bir yenilik oldu. O, 1927-ci ildə Opera Teatrının truppasına qəbul edildikdən sonra, özünün çox geniş diapazonlu və xoş tembrli səsi ilə dinləyicilərə Leylinin məhəbbətə əbədi sədaqət hisslərini böyük məharətlə çatdırırdı. Daha sonralar Leyli obrazını Gülxar Həsənova, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova bənzərsizliklə yarada bildilər. Hazırda Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aygün Bayramova təravətli Leyli obrazını bacarıqla yaradırlar. Məlahətli səsləri və insanı vəcdə gətirən yanğılı nəfəsləri onları Leyli estafetinin layiqli davamçıları səviyyəsinə qaldırmışdır.
Quruluşun əks-sədası
"Leyli və Məcnun" operasının 12 yanvar 1908-ci ildə Tağıyev teatrında ilk tamaşasının proqramında rolların ifaçıları aşağıdakı ardıcıllıqla göstərilmişdi: Məcnun (Qeys)- Sarabski, Ümmülqeys (Məcnunun anası) - Kazımovski, Əbülqeys (Məcnunun atası) - Mirzə Muxtar, Leyli-Fərəcov, Fəttah (Leylinin atası) - İmran Qasımov, Ümmüleyli (Leylinin anası)- C.Vəzirov, İbn Salam - C. Dağıstanlı, Zeyd - İbrahim Qasımov, 7 ərəb rolunda Məmmədov, Səfərov, B.Vəzirov və başqaları. Rejissor H.Ərəblinski, dirijor Ə.Haqverdiyev. Xoreoqrafiya Ceyhun bəyin məktəb yoldaşı Bəhram Vəzirova tapşırılmışdı. Onun haqqında zarafatla deyirdilər: "Əgər Vəzirovun başı da ayaqları kimi işləsəydi Qarabağda tayı-bərabəri olmazdı". Bəhramın rəqs improvizəsi uğurlu alınmışdı. Heç vaxt ərəb rəqslərinə tamaşa etməmiş tamaşaçılar böyük məmnunluq hissləri keçirirdilər. Qəribə burasıdır ki, Bəhram Vəzirovun özü də ərəb rəqslərinə bələd deyildi. Ancaq yaradıcılıq təxəyyülü sayəsində yaxşı quruluş verməyə müvəffəq olmuşdu. İlk tamaşada Üzeyir bəy skripka çalırdı, dirijor pultu arxasında yazıçı və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev dayanmışdı. Hüseyn Ərəblinskinin quruluş verdiyi tamaşada rekvizitlər köhnə, dekorasiyalar isə yamaq-yırtıq idi, həm də əsərin məzmununa uyğun gəlmirdi. Məsələn, Ərəbistan səhrası səhnəsində verilmiş dekorasiyada Qafqaz dağları təsvir olunmuşdu, qədim Şərq şəhərini göstərməli kətan parçada orta əsr fransız şəhərinin evləri təsvir olunmuşdu. Orkestr, irəlidə deyildiyi kimi, əsasən, Üzeyir bəyin simli alətlərdə çala bilən seminariya yoldaşlarından təşkil olunmuşdu. Tamaşaya dəvət edilmiş tarzənlər hansısa melodiya üstündə mübahisəyə başladıqlarından çıxıb getmiş, yalnız iki tarzən- Qurban Primov və salyanlı Şirin Məşədi Hüsü oğlu Axundov (1878- 1927) gözəl çalğıları ilə orkestrin yaxşı səslənməsinə yardımçı olmuşdular. Üzeyir bəy fürsəti əldən vermədən skripkalar və nəfəs alətləri üçün not əlavələri etmişdi. Qadınların operanı dinləmələri üçün lojalara nazik tül pərdələr çəkilmişdi. Tamaşaya Azərbaycanın ucqar şəhər və kəndlərindən, habelə Tiflisdən, Batumdan, İrəvandan, Qazaxdan və s. yerlərdən gələnlər çox idi. İlk tamaşaya şair Abbas Səhhət və digər Şamaxı ziyalıları da gəlmişdilər. Bu ilk operamızı mətbuatda xeyli tərifləmişdilər. Ancaq bu işə xor baxanlar da olmuşdu. "Zənbur" ("Arı") gülgü jurnalının nömrələrinin birində belə bir yazı verilmişdi: "Canım, birdən-birə biz italyanla musiqi barəsində bir sırada durduq! Dəxi buna nə sözün? Yevropalılar bir opera vücuda gətirməkdən ötrü nə qədər zəhmət çəkir, axırda görürsən ki, bir kompozitor Verdi ya Rubinşteyn , yaxud Bethoven, Vaqner ömürlərinin yarısını sərf edəndən sonra, bir iş əmələ gətirirlər. Amma biz müsəlman tayfası nə zəhmət çəkirik, nə elm oxuyuruq, elə özbaşına kompozitorluğa nail ola bilirik. Sonra istəyirsən, opera düzəlt, ya zurnaçı ol! Hal-hazırda erməni tayfası cürət edib opera təsnif edə bilmir, hətta Türkiyənin musiqişünasları cürət edə bilmirlər opera yazsınlar. Amma düşmən kor olsun, bizlər gözəl operalar yaza bilirik". Sonralar "Zənbur" jurnalının nömrələrinin birində Üzeyir bəyə bir karikatura çəkilmişdi: ayağında çarıq, əynində cırıq arxalıq, əlində smıçok və sol tərəfindən bir nəfər zurna tutub çalır. Bu zurnanın içindən isə notlar çıxır. Karikaturaçı demək istəyirdi ki, "Bir buna baxın, ha! Qarabağlı Üzeyir Hacıbəyov zurnadan not yaratmaq istəyir. Karikaturanın altında belə bir yazı da vardı: "Operaçı yaddan çıxmış musiqimizi düzəldir". Bununla kifayətlənməyən cızmaqaraçı rusca mətn verməyi də lazım bilmişdi: "Kompozitor sostavlyayet novıy kvartet deduşki Krılova". Üzeyir bəy bu nadan yazarlara qəzet səhifələrində layiqli cavablar verirdi. O yazırdı: "Mənə qarşı nə həzyanat söyləyəcəklərsə, söyləsinlər. Lakin məni bəhanə edib yekdil və yekvücud olması lazım gələn millətimizin içinə "qarabağlı", "bakılı" kimi fitnəəngiz məsələlər salmasınlar. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyətimi millətin tərəqqisinə sərf etməklə , Xain hüsud və bəxil "zənburçuların" gözlərinə bir ox olub batıram!" Böyük səhnə ustamız Mirzağa Əliyev hiddətlə yazırdı ki, "Elə bir qüdrətim olaydı ki, Üzeyir Hacıbəyova karikatura çəkənləri yarım saatlığa da olsa dirildib, "Koroğlu" operasını onlara göstərərdim. Bu cənablar tutduqları əməllərindən, yəqin ki, xəcalət çəkərdilər".
100 illik ömrün gənclik çağları
"Leyli və Məcnun" Azərbaycanın ilk operası kimi incəsənət tariximizin salnaməsinə həmişəyaşarlıq mücəssəməsi kimi düşmüşdür. Üzeyir bəy "Leyli və Məcnun"un klassik opera tələblərinə tam cavab verən variantını hazırlamaq istəyirdi. Müğənni Bülbülün arabir radio dalğalarında səsləndirilən "Məcnunun atasının ariyası" böyük bəstəkarın bu sahədə atdığı addımın bariz nümunəsidir. Əgər ömür vəfa qılsa idı, "Leyli və Məcnun" operası Azərbaycan mu-ğamları üstündə yazılmış partituraya malik klassik əsər kimi dünya səhnələrində səslənəcəkdi. Amma təəssüflənməyinə də dəyməz. Çünki dahi bəstəkar əsərlərini, ilk növbədə, doğma xalqının mənəvi-estetik tələblərinə xidmət etmək üçün yazmışdı. 100 ildir ki, "Leyli və Məcnun" operası musiqili teatrlarımızın repertuarında özünün layiqli yerini tutur.
Azərbaycan professional opera musiqi tarixinin görkəmli şəxsiyyətlərindən olan və indiyədək də Məcnun rolunun əfsanəvi ifaçısı kimi yaddaşlarda qalan Hüseynqulu Sarabski (Rzayev) səhnə fəaliyyətinə Nəriman Nərimanovun, M. Kazımovskinin və başqalarının dram truppasında başlamışdır. Bu, 1892-ci ildə olmuşdur. Həmin vaxtadək Hüseynqulu daşyonan, matros, su budkasında fəhlə kimi çalışmışdır. Sarabski on altı yaşında ikən ilk dəfə teatr həvəskarlarının verdikləri tamaşaya baxmışdı. Bu, Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" idi. O vaxtadək teatr haqqında heç bir təsəvvürü olmayan Sarabski sonralar yazmışdı: "İşıq sönəndə məni qorxu aldı. Pərdə qalxmağa başlayanda lap vahimələndim, mənə elə gəldi ki, teatr binasının divarı uçmağa başlayır. Buna görə də yerimdən qalxıb qışqırtı qopararaq qaçmağa başladım. Tamaşaçılar mənim bu hərəkətimə gülürdülər". Amma tale elə gətirdi ki, sonralar Hüseynqulu Sarabski Üzeyir bəyin ölməz "Leyli və Məcnun" operası sayəsində səhnəmizin əvəzedilməz Məcnununa çevrildi. İlk tamaşadan sonra onu küçədə görənlər "Məcnun" deyə çağırırdılar. O, Məcnun rolunda 400 dəfədən çox çıxış etmişdir. Qocaman musiqi salnaməçisi professor Ramazan Xəlilov deyirdi ki, səhnəmizin bütün Məcnunlarını gör-müşdür. Onun qəti qərarı bu idi ki, heç kim Məcnunu Sarabski kimi yarada bilməmişdir. Məcnun rolunu H.Sarabskidən sonra opera solistləri Əlövsət Sadıqov və Şirzad Hüseynov oynamışlar. Əlövsətin təkrarolunmaz zil səsi və şaqraq zəngulələr silsiləsi, Şirzadın çox qaltanlı və məlahətli səsi, uca boyu və incə qaməti onları tamaşaçıların sevimlisi etmişdi. Sonrakı nəsil nümayəndələrindən Əbülfət Əliyev oxu tərzinin mükəmməlliyi, Arif Babayevin bal şirinlikli səsi, Baba Mahmudoğlu dərin səhnə mədəniyyəti və obrazın hiss və həyəcanlarını dərindən duyma qabiliyyəti ilə Məcnun ömrü yaşamışlar. Səhnəmizin indiki Məcnunu Mənsum İbrahimov səsinin həzinliyi, diapazonunun genişliyi və çalışqanlığı sayəsində tamaşaçı rəğbəti qazanmışdır. Bariton Şahlar Quliyev isə Nofəl partiyasının əvəzedilməz ifaçısıdır.
Sevindirici haldır ki, "Leyli və Məcnun"un tamaşaları daim anşlaqla keçir. Tamaşaçılar arasında olan əcnəbi teatrsevərlər operanın qəlboxşayan musiqisini dinləməkdən doymadıqları üçün opera teatrının daimi tamaşaçılarına çevrilmişlər. "Leyli və Məcnun" 100 illik ömrünün yenə də gənclik çağlarını yaşayır. Ona görə ki, Üzeyir musiqisi ölməzlik rəmzidir.
MƏSLƏHƏT GÖR: