Müəllif: Zərifə BABAYEVA Bakı
Budur, yeni - Çin tƏq-vimilə torpaq siçanı ili olan 2008-ci il gəlib çatdı. "Yeni ili necə qarşılasan, elə də keçirəcəksən" məsəli isə indi də aktuallığını saxlamaqdadır. Axı Yeni ili bu və ya digər insanın maddi rifahının göstəricisi kimi nəzərdən keçirmək olar. Bir az imkanlı olanlar ilin ən əsas bayramını mənzillərindən kənarda - paytaxtın əyləncə müəssisələrin birində keçirməyə çalışırlar. Daha az gəlirə malik olanlar isə ənənəvi şampan şərabı və olivye salatının bəzədiyi bayram stolunun arxasında toplaşmaqla kifayətlənməli olurlar. Lakin birincilər də, ikincilər də bayram ərəfəsində artıq paytaxt restoranlarında xidmətlərin, mağazalarda isə ərzaq məhsullarının qiymətlərinin xeyli artmasının şahidi olublar ki, bu da, şübhəsiz, ailə büdcəsinə zərbədir. Bununla yanaşı, xərclər, deyəsən, təkcə Siçan ilini qarşılamaqla məhdudlaşmayacaq. Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci bölməsinə əsaslanan Azərbaycan Nazirlər Kabineti 29 və 30 dekabr 2007-ci ildəki istirahət günlərinin 3 və 4 yanvar 2008-ci il tarixlərinə keçirilməsi barədə qərar qəbul edib. Bu yerdəyişmə nəticəsində, əhaliyə 31 dekabr - 6 yanvar arasında tam bir həftə istirahət günləri verilir və təbii ki, insanlar bu günləri də maksimum səmərəli dincəlmək, məişət qayğılarını, müvəqqəti də olsa, unutmaq istəryir. Axı indi paytaxtımızda kifayət qədər restoran da var.
"Beşulduzlu" restoranlar
Qeyd etmək lazımdır ki, restoranlarımızda qiymətlər ən yüksək zirvəyə 31 dekabrdan 1 yanvara keçən gecə yüksəlir. Birinci dərəcəli adlandırılan restoranlarda bir şam yeməyinin qiyməti ölkəmizin orta statistik sakininin aylıq maaşından bir neçə dəfə baha ola bilər. Məsələn, Bakının elit restoranlarında Yeni il gecəsinin qiyməti 200-400 manat arasındadır. Bu qiymətə bayram naharı və canlı musiqi daxildir. Üstəlik, gecə diskotekasında rəqs də etmək istəsəniz, ölkəmizdəki minimal maaşın 5 mislinə bərabər məbləğ - 250 manat da ödəməli olacaqsınız.
Paytaxtın aparıcı şadlıq evlərində də, təxminən, eyni qiymətlərdir - 250-500 manat. Qiymətə yeməkdən başqa, ölkə estradasının ulduzlarının iştirakı ilə əyləncəli Yeni il proqramı da daxildir. Təşkilatçılar qiymətlərin belə yüksək olmasını Türkiyə və Rusiyadan xüsusi olaraq dəvət edilən musiqiçilərin çıxışları ilə izah edirlər. Bəzi paytaxt sakinlərinin iddia etdikləri kimi, belə əyləncə müəssisələrində Yeni il şoularına biletlər artıq bir neçə həftə əvvəldən alınıb ki, bu da əhalinin maddi rifahının yüksəldiyinə dəlalət edir.
O qədər də böyük olmayan, lakin populyarlıqda şadlıq evlərindən geri qalmayan kiçik restoranlar da qiymət siyasətində geri qamırlar - 100-250 manat.
Qiymətlərin Yeni il gecəsində kəskin bahalaşdırıldığı, sonra isə yenidən əvvəlki məcrasına qayıtdığı aydındır. Amma onlar Yeni ildən sonrakı bütün həftə ərzində kifayət qədər yüksək olaraq qalır. Bu, onunla izah olunur ki, vətəndaşlar bütün bu müddət ərzində bayram şənliklərini davam etdirirlər.
İstirahət həftəsi ərzində restoranlara səfərin neçəyə başa gələcəyini müəyyənləşdirmək üçün bir neçə elit restoranımıza üz tutduq. Onu da demək lazımdır ki, bayramın kulminasiyası - 31 dekabrdan 1 yanvara keçən gecədəki qiymətlərə nisbətən, Bakı restoranlarında qiymətlər bir qədər aşağı olsa da, yenə də kifayət qədər bahadır.
Məsələn, elit restoranlarda ailəvi şam yeməyi adambaşına, təxminən, 70 manatadır. Bu müəssisələrdə təkcə şam yeməyinin deyil, pop ifaçılarımızın çıxışlarının da daxil olduğu "Yeni ildən sonra sindromu", təxminən, 100 manata başa gələcək. Paytaxtın dəbdə olan restoranlarından birinin meneceri İlqar Səfərovun dediyi kimi, həmin günlərdə restoranlar qiymətləri, təxminən, 100%, bəzən isə daha çox qaldırırlar və bunun sayəsində bəzən bir həftə ərzində, az qala, illik gəlirə sahib olurlar.
Azsaylı... orta təbəqə
Təbii ki, daha aşağı gəliri olan müştərilər üçün nəzərdə tutulan restoranlar da var (yeri gəlmişkən, şəhərimizdə orta dərəcəli adlandırılan restoranların sayı çox azdır). Amma onlar da bu günlərdə qiymətlərə xəsislik etmirlər. Məsələn, Yeni il günlərində restoran-karaokelərin qapıları bütün mahnı oxumaq istəyənlərin üzünə açıqdır. Bura gələnlər kifayət qədər məqbul qiymətə, təxminən, 30 manata həm şam edə, həm də özünü karaokedə sınaya bilər. Belə müəssisələr uşaqlarla ailəvi qonaqlıq üçün ideal şəkildə uyğundur. Həmişə olduğu kimi, rus mətbəxi restoranları öz həvəskarlarını sevindirir. Burada canlı gitara musiqisindən də həzz almaq mümkündür. Ziyafət, təxminən, 40-50 manata başa gələcək, lakin çox şey, əlbəttə, nə sifariş verəcəyinizdən də asılıdır.
Ənənəvi Azərbaycan mətbəxi restoranları da vaxtını yaxşı keçirmək, həm özünü, həm də yaxınlarını milli mətbəxin yeməklərilə sevindirmək istəyənlər üçün "sığınacaq" ola bilər. Bizə verilən məlumatlara görə, bu restoranlarda bayram günlərində alkoqollu içkilər də daxil olmaqla, qonaqlıqlar adambaşına 30 manata başa gələcək.
İstirahət həftəsini şən və belə böyük xərc çəkmədən keçirmək üçün daha bir variant da var. Məsələ ondadır ki, bir çox şirkət artıq çoxdan korporativ adlandırılan gecələr keçirir. Bu nümunəni davam etdirərək, dostlar və ya tanışlardan ibarət kampaniya da şəhərdə orta dərəcəli restoran və ya kafe icarəyə götürə bilər. Bu, elit restorana getməkdən xeyli ucuz başa gələcək. Doğrudur, şərait də oradakından pis olacaq: birincisi, canlı musiqi olmayacaq və musiqi mərkəzilə kifayətlənmək lazım gələcək; ikincisi, belə yerlərdə yeməklər də bir o qədər dəbdəbəli olmur.
Qiymətlərə qayıdaraq, onu da qeyd edək ki, şəhərdə kiçik kafenin icarəyə götürülməsi adambaşına 40 manata başa gələcək. Bir şərtlə ki, azı, 30 nəfər iştirak etsin. Həmin günlərdə restoranlara yollanmaq istəməyənlər isə sevimli bayramı doğma divarlar arasında, ya da dostlara qonaq olmaqla qeyd edə bilərlər. Bu, daha ucuz başa gələr, daha şən əhval-ruhiyyə olar. Ən əsası, yaxşı kampaniya yığılmasıdır. Onu da unutmaq olmaz ki, təzə il Siçan ilidir. Siçan isə qənaətcil, yığımcıl heyvan sayılır. Məhz bu səbəbdən, astroloqlar yeni ildə pulu havaya sovurmamağı, qənaətə can atmağı məsələhət görürlər, çünki əks halda, ilin axırında ciblər boş qala bilər.
MƏSLƏHƏT GÖR: