
YENİ İLƏ YENİ MƏCƏLLƏ İLƏ
Gələn ildən yeni biznes açmaq asan, vergiləri ödəməmək isə çətin olacaq
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Son illər Azərbayca-nın iqtisadi artımının yüksək templəri ölkədə vergi ödəyicilərinin sayının artmasını və iş adamlarının vergi qanunvericiliyinə riayət olunmasına daha məsuliyyətlə yanaşmaq baxımından daha yüksək keyfiyyətlərə malik yeni nəslinin meydana çıxmasını şərtləndirdi. Digər tərəfdən, bütün bunlar vergi orqanlarının modernləşdirilməsi, vergi ödəyicilərinə xidmət səviyyəsinin yüksəldilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və s. zərurətini doğurdu.
Bu məqsədlə Azərbaycanın Vergi Məcəlləsinə (VM) ilbəil yeni-yeni düzəlişlər daxil edilir, əlavələr olunur, nələrsə istisna edilirdi. Aparılan işlər nəticəsində, vergi orqanlarının büdcə daxilolmalarında payı 2000-ci ildəki 710 mln manatdan 2008-ci il üçün nəzərdə tutulan 5 mlrd manata qədər artdı. Lakin artan xətlə daha da irəliləmək məqsədilə hökumət bu il də VM-nə dəyişikliklər layihəsi işləyib-hazırladı. Bu yaxınlarda prezident İlham Əliyev tərəfindən təsdiq olunan qanunda 75 düzəliş əksini tapıb.
Dəyişiliklər 5 istiqaməti əhatə edir: 22-si - redaktə səciyyəli, 14-ü - vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i - vergi siyasətinin genişləndirilməsi və təkmilləşdirilməsi, 10-u - vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsi, 22-si - vergi inzibatçılığının təkmilləşdirilməsi. Vergilər Nazirliyində hesab edirlər ki, "düzəlişlər ölkə iqtisadiyyatının investisiya baxımından cazibədarlığının artmasına, həmçinin sahibkarlığın inkişafına xidmət edəcək".
İlk növbədə - ƏDV
Əsas dəyişikliklər əlavə dəyər vergisinin inzibatçılığı sisteminin təkmilləşdirilməsinə aiddir. 2008-ci ildən etibarən, ilk dəfə olaraq ƏDV üzrə depozit hesabları tətbiq olunacaq ki, nəticədə, bu verginin ödənilməsi vahid xəzinə hesabı vasitəsilə həyata keçiriləcək. ƏDV-nin ödənilməsinin yeni mexanizmi bu verginin ödənilməsindən yayınma hallarının aradan qaldırılmasını nəzərdə tutur.
Bununla yanaşı, ƏDV-yə cəlb olunan əmtəələrin siyahısı da genişləndirilib. Belə ki, siyahıya beynəlxalq təşkilatların, xarici ölkə dövlətlərinin kreditləri və ayırmaları hesabına, xarici hüquqi və fiziki şəxslər tərəfindən dövlətlərarası və hökumətlərarası müqavilələr əsasında verilən kreditlər və ayırmalar və i. a. hesabına əmtəələr (işlər, xidmətlər) alınması və ölkəyə gətirilməsi də əlavə edilib. Hazırda isə belə layihələr çərçivəsində aparılan əməliyyatlar ƏDV-yə sıfır dərəcəsilə cəlb olunur. Bundan başqa, dövlətin payı 50%-dən artıq olan büdcə təşkilatları və hüquqi şəxslər də aldıqları əmtəələr və xidmətlərə görə bu vergini ödəməli olacaqlar.
Düzəlişlərə görə, 2008-ci ildən etibarən mənzil tikintisilə məşğul olan şirkətlər üçün ƏDV ödəniləcək minimal dövriyyə səviyyəsi 225 manat kimi müəyyənləşdirilib. Nazirlər Kabineti bu şirkətlər üçün mənzil tikintisinin yerləşdiyi ərazidən asılı olaraq əmsallar tətbiq edəcək. Mənzil tikintisi üçün ver-giyə cəlbolunma sistemi 1 yanvar 2007-ci ildən etibarən dəyişsə də, ƏDV üçün minimal dövriyyə 2008-ci ildən etibarən təsdiqlənəcək. Sadələşdirilmiş vergi ödəyiciləri ƏDV-yə cəlb olunmasalar da, mənzil tikintisi istisna təşkil edəcək. Tikinti şirkətləri üçün bu ödəniş sistemi 2 il müddətinə tətbiq edilib və hər rübdə ümumi ödənişlərin 12,5%-nin ayrılmasını nəzərdə tutur. Nazirlikdə belə hesab edirlər ki, mənzil tikintisinin vergiyə cəlb-olunması sisteminin dəyişməsi ver-gi yükünün ağırlaşmasına gətirib çıxarmayacaq. Üstəlik, o, təməli 1 yanvar 2007-ci ildən sonra qoyulan tikililərə şamil edilmir.
Daha bir düzəliş. Bu il mənzil tikintisilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi əmsallarının hesablanması əmsalı şəhər və rayon əraziləri üzrə aşağıdakı qaydada müəyyənləşdirilib. Bakı 12 zonaya bölünüb: 1-4-cü zonalar şəhərin mərkəzini (əmsallar müvafiq olaraq 5; 4.6; 4.2 və 3.8 səviyyəsində müəyyənləşdirilib), 5-7-ci zonalar mərkəzə yaxın əraziləri (3,4; 3 və 2,6), 8-12-ci zonalar - paytaxtın ucqar ərazilərini əhatə edir (2,2; 1,8; 1,4; 1.1 və 0,8). Sumqayıt və Gəncə üzrə əmsallar 1,8, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Səlyan, Quba, Xaçmaz, Zaqatala, Cəlilabad, Göyçay üzrə - 0,8, digər şəhər, qəsəbə və kəndlər üzrə isə 0,5 təşkil edir.
Gələn ildən nağd hesablaşma zamanı nəzarət-kassa aparatlarından istifadə olunmasının tələb edilmədiyi fəaliyyət növlərinin də siyahısı genişlənir. Bu siyahıdan valyuta əməliyyatları üzrə bank əməliyyatları istisna edilir, çünki vergi orqanları bu əməliyyatların real həcmini valyuta mübadiləsi məntəqələrində kompüterdən çıxarışlar vasitəsilə izləyə biləcəklər.
Cərimə çox olduqca, vergi yığanların gəlirləri çoxalır
Bir növ, maraqlı səciyyəli düzəlişlər də var. Belə ki, Azərbaycanın vergi orqanlarının maddi stimullaşdırılması və inkişaf etdirilməsi məqsədilə 2008-ci ildən etibarən Vergilər Nazirliyinin büdcədənxaric fondunun formalaşdırılması praktikası yenidən tətbiq olunacaq (bu praktika 2007-ci ildə dayandırılmışdı). Vergi Kodeksinə düzəlişlərə görə, vergi orqanları əməkdaşlarının sosial müdafiəsi üçün büdcədənxaric fond dövlət büdcəsinə ötürülən maliyyə sanksiyalarının 5%-i hesabına formalaşdırılacaq. Əvvəllər - 2007-ci ilə qədər vergi orqanlarının maddi stimullaşdırılması və vergi orqanlarının inkişafı fondu proqnozdan artıq ödəmələrin və qeyri-büdcə vergi ödəmələrinin 50%-i hesabına formalaşırdı. Fondun formalaşdırılmasında əsas məqsəd vergi inzibatçılığını vergi sisteminin inkişaf etdirilməsi, nazirlik əməkdaşlarının maliyyə baxımından şirnikləndirilməsi vasitəsilə daha da təkmilləşdirməkdir.
Vergi nəzarətinin səmərəliliyinin artırılması üçün 2008-ci ildən etibarən maliyyə sanksiyalarının həcmi 2 dəfə artırılacaq. Vergi Kodeksinin 58-ci maddəsinə görə ("Vergilərin azaldılması və digər vergi hüquq pozuntularına görə maliyyə sanksiyaları"), sanksiyaların həcmi 20-25%-dən 50%-ə qədər artacaq. Gələn ildən əmək müqavilələrinin bağlanmamasına görə cərimə də tətbiq olunacaq - qeydiyyatdan keçməyən hər işçiyə görə 1 000 manat. İndi bu ən aktual mövzudur, çünki vergilərin yığılması və işçilərin hüquqlarının müdafiəsinə bu amil xüsusilə təsir göstərir. Bundan başqa, şəhadətnamə-dublikat almadan fəaliyyət göstərilməsinə görə vergi orqanlarında qeyri-rezident bankların və ya digər qeyri-rezident kredit müəssisələrinin hesablarına sahibkarlıq fəaliyyətinə görə daxil olan vəsaitin 100%-i həcmində maliyyə sanksiyası tətbiq olunacaq. Vergi məbləği azaldıldığı hallarda (o cümlədən ödəmə mənbəyindən verginin), həmçinin vergi ödəyicisi büdcənin payına düşən vergi məbləğini köçürməkdən yayındıqda, ona indiki 255 əvəzinə, 50% həcmində (azaldılan və ya vergidən yayındırılan məbləğdən) maliyyə sanksiyası tətbiq ediləcək. Vergi ödəyicisi hesabdan pul vəsaitinin Azərbaycan Mülki Məcəlləsində nəzərdə tutulan silinmə ardıcıllığını pozduğu halda, ona çıxar əməliyyatlarının indiki kimi 20% deyil, 50%-i həcmində maliyyə sanksiyası tətbiq olunacaq.
Vergilər gəlirə görə
Dövlət başçısı 35%-lik gəlir vergisinə cəlb olunan aylıq gəlirin məbləğinin indiki 1 000 manatdan 2 000 manata qədər qaldırılmasını da məqsədəuyğun saydı, baxmayaraq ki Vergilər Nazirliyi indiki mərhəldə onu 1 500 manat səviyyəsində təsdiq etməyi təklif edirdi. Beləliklə, 2008-ci ildən etibarən, fiziki şəxsin 2 000 manata qədər gəliri 14% dərəcəsilə gəlir vergisinə cəlb olunacaq, 280 manat + 2000 manatdan yuxarı məbləğlərdən vergi 35% dərəcəsilə tutulacaq. Bu zaman 14% vergi dərəcəsinə qəbul olunan illik gəlir səviyyəsi 24 000 manat, 35% dərəcəsinə cəlb olunan illik gəlir səviyyəsi isə 3360 manat + 24 000 manatdan yuxarı təşkil edəcək (bu gün 50 manatdan 1000 manata qədər aylıq gəlirdən 14% dərəcəsilə, bundan yuxarı məbləğlərdən isə 35% dərəcəsilə gəlir vergisi ödənilir). Vergilər Nazirliyində hesab edirlər ki, gəlir vergisi şkalasında dəyişikliklər təkcə əmək haqqının leqallaşdırılmasına deyil, ölkə əhalisinin maddi rifahının yaxşılaşmasına da gətirib çıxaracaq.
Vergilər Nazirliyi ictimai iaşə obyektlərini də vergiyə sadələşdirilmiş sistemlə cəlb etmək təklifini versə də, bu yenilik təsdiq olunan dəyişikliklərdə əksini tapmadı. Aparılan araşdırmalara görə, bu ob-yektlər üçün vahid vergiyə cəlbolunma dərəcəsinin tətbiqi bu sahədə vergi yükünü 40% azaltmağa imkan verərdi. İctimai iaşə obyektləri üçün sadələşdirilmiş vergi dərəcəsi 10% səviyyəsində təklif olunurdu. Bu obyektlərin vergiyə-cəlbolunma sistemində dəyişikliklərdə əsas məqsəd vergi yükünün azaldılması vasitəsilə şəffaflığın artırılması, vergiyə cəlbolunma bazasının genişləndirilməsidir, çünki bu, sahibkarlara öz dövriyyəsini gizlətməməyə imkan verəcək.
Vergi Kodeksinə görə, sadələşdirilmiş vergi ödəyiciləri ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən, əvvəlki rüb ərzində vergiyə cəlb olunan əməliyyatlarının həcmi, azı, 22 500 şərti vahid olan fiziki şəxslər ola bilər.
Bürokratiyaya
"vahid pəncərə" ilə zərbə
"Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında qanunun təsdiqi barədə" fərmanda İlham Əliyev 1 yanvar 2008-ci ildən biznesin "vahid pəncərə" prinsipilə qeydiyyatını keçirmək barədə bir sıra sərəncamlar da verdi. Qeydiyyatın yeni prinsipinin tətbiqi barədə qərar ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi üçün tədbirlər görülməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və biznesə başlamaq prosedurunun sadələşdirilməsi məqsədilə qəbul olunub. Nəticədə, yeni müəssisələrin dövlət qeydiyyatı müddəti indiki 20 gündən 3-4 günə qədər azalacaq, möhür alınması, bank hesabı açılması da nəzərə alınaraq, bütün prosesə indiki 30 günə qarşı, 10 gün vaxt ayrılacaq. Prosedurların sayı da azalacaq: 13 gün əvəzinə 5 gün. Gələcəkdə elektron imzanın tətbiqilə isə biznesin dövlət qeydiyyatı prosesi on-line rejimində mümkün olacaq.
Bu zaman həmin prinsip ictimai təşkilatlar və fondlara şamil edilməyəcək və onların qeydiyyatını, əvvəlki kimi, Ədliyyə Nazirliyi aparacaq. Yeni sistemin tətbiqinə dair xidmətlərini Beynəlxalq Maliyyə Korporasiyası təklif etməyə hazırdır (IFC). Sahibkarlıq subyektlərinin "vahid pəncərə" prinsipilə dövlət qeydiyyatının təşkili üçün dövlət başçısının ehtiyat fondundan 4 mln manat ayrılıb. Bu vəsait "vahid pəncərə" prinsipinin tətbiqindən ötrü proqram təminatı üçün lisenziya, zəruri avadanlıq alınması və quraşdırılması üçün nəzərdə tutulub.
Azərbaycanda məhz biznesin sadələşdirilməsi üzrə tədbirlər IFC və Ümumdünya Bankının Doing Business hesabatında ilk iyirmi ölkə sırasına düşməyə məhz bu prosedurlar üzrə imkan verəcək. 2007-ci ildə bu mövqe üzrə ölkəmiz 64-cü, biznes qurmaq üçün şərtlərin sadəlik dərəcəsinə görə isə 178 ölkə arasında 96-cı yeri tutub.
MƏSLƏHƏT GÖR: