
BAŞLANILANLAR DAVAM ETDİRİLMƏLİ
Azərbaycanda 2007-ci il yeni layihələr və nailiyyətlərlə yadda qalacaq
Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycanın ən yeni iqtisadi tarixi regional və yerli səciyyəli iri layihələrin gerçəkləşdirilməsinin timsalı olan möhtəşəm hadisələrlə zəngindir. Müstəqil Azərbaycanın yeni neft strategiyasına start verən "Əsrin kontraktı"ndan sonra (1994), hər il ölkədə beynəlxalq əhəmiyyətli mərasim və forumlar baş tutur və onlar respublikanın dünya iqtisadi proseslərinə inteqrasiyasına xidmət edir. Bu baxımdan, 2007-ci il də istisna olmadı. Bu il, şübhəsiz, Azərbaycan tarixinə əlamətdar kimi daxil olacaq hadisələrlə həddən artıq zəngin idi. Bunu MDB-də ÜDM-in artım səviyyəsinə görə liderlik də sübut edir. 2007-ci ilin 11 ayının nəticələrinə görə, bu göstərici 25,4%-ə çatıb (adambaşına düşən ÜDM - $2865) və bunun sayəsində Azərbaycan orta inkişaf səviyyəsinə malik ölkələr sırasına aid edilib. 2007-ci ildə investisiyaların həcmi $6 milyardı keçib ki, bu da 2006-cı ildəkindən 16,8% çoxdur. Statistik göstəricilərin sadalanmasını davam etdirmək də olar, lakin başa çatmaqda olan ilin görüntüsünü 2007-ci ilin yaddaşlarda qalacaq hadisələri daha parlaq şəkildə nümayiş etdirər.
Azərbaycan qaz ixracatçısına çevrildi
Əsas diqqətin neft hasilatı və ixracına yönəldildiyi əvvəlki illərdən fərqli olaraq, 2007-ci il qaza həsr edildi. Ölkədə 10 ildən artıq gözlənilən hadisə məhz bu il baş verdi - Azərbaycan, nəhayət, təbii qaz ixracatçısına çevrildi. Yayda "Şahdəniz" yatağında hasil olunan qaz ilk dəfə Türkiyəyə göndərildi, bir qədər sonra - dekabr ayında isə "mavi yanacaq"ın birbaşa İtaliyaya ixracı barədə protokol imzalandı. Artıq Avropanın 5 dövləti bizdən qaz almaq niyyətində olduğunu bildirib və yeni ilin əvvəlində onlarla bu barədə müvafiq sənədlər imzalanacağı da mümkündür. Üstəlik, qazın nəqli üçün infrastruktur da hazırlanır - noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə Yunanıstanı birləşdirən qaz kəmərinin təntənəli açılışında iştirak etdi. Bundan başqa, 2012-ci ilin axırına qədər Adriatik dənizinin dibi ilə keçəcək daha bir boru kəməri inşa etmək nəzərdə tutulub. Bu xətt Yunanıstanla İtaliyanı birləşdirəcək.
Üstəlik, sentyabrda Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenşteynin başçılıq etdiyi iqtisadi nümayəndə heyətinin səfəri çərçivəsində Nabucco qaz kəməri layihəsinin operatoru OMV şirkətinin operatorunun ofisinin açılışı da oldu. Elə həmin vaxt M.Bartenşteynlə Azərbaycanın sənaye və iqtisadiyyat naziri Natiq Əliyev ölkələrimiz arasında enerji sahəsində (xüsusən Nabucco layihəsi üzrə - sənədlərin hazırlanması və layihə üzrə müxtəlif məsələlərin tənzimlənməsi) və alternativ enerji mənbələrindən istifadəyə dair Niyyət Protokolu da imzaladılar. Bir qədər əvvəl ARDNŞ Nabucco kəmərinin inşasında iştiraka dəvət olundu və artıq o, layihənin səhmdarları ilə danışıqlara da başlayıb. Xatırladaq ki, Nabucco qaz kəməri Orta Asiya və Azərbaycan qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasını təmin edəcək. İnşası, təxminən, 5 mlrd. avroya başa gələcək qaz kəmərini 2011-ci ildə istismara vermək nəzərdə tutulub.
Bütün bu hadisələr sanki "təsadüfən" bp şirkətinin "Şahdəniz" layihəsi üzrə tərəfdaşları adından SDX-04 qiymətləndirmə quyusunun qazılması zamanı həmin yataqda daha bir iri qaz-kondensat yatağının tapılması barədə məlumatı ilə üst-üstə düşdü. Yatağın həcmi əlavə qiymətləndirmə quyuları qazılandan sonra müəyyənləşsə də, artıq məlumdur ki, hasilat üçün dünyada yalnız yaxın vaxtlardan etibarən tətbiq olunacaq ən yeni texnologiyalar zəruridir.
Beləliklə, "Şahdəniz"də hasilata başlanılması, həmçinin, ARDNŞ-nin qaz proqramının uğurla gerçəkləşdirilməsi (bu layihə çərçivəsində şirkət artıq 2007-ci ildə dövlətə 5,2 mlrd kub.m qaz təhvil verib) sayəsində ölkə nəinki "mavi yanacaq"ın idxalını tamamilə dayandırdı və bununla da xeyli vəsaitə qənaət etdi, üstəlik, tədricən, Avropa qaz bazarının önəmli iştirakçılarından birinə çevrilməyə başladı.
Nəqliyyat və rabitə - yeni imkanlar
Nəqliyyatı başa çatan ildə iqtisadiyyatda xüsusilə fərqlənən ikinci sahə adlandırsaq, səhv etmərik. Məhz 2007-ci ilin noyabrında Gürcüstandakı Marabda stansiyası yaxınlığında yeni Bakı - Tbilisi - Qars dəmir yolunun inşasının təməli qoyuldu. Layihəyə görə, 105 km uzunluğunda yoldan 29 km Gürcüstanda Türkiyə ilə sərhədə qədər, 76 km isə Türkiyədə inşa olunacaq. Bundan başqa, Gürcüstanda 183 km uzunluğunda Axalkalaki - Marabda - Tbilisi yolu yenidən qurulacaq, Axalkalakidə isə qatarların mövcud yollardan Avropa yollarına keçirilməsi üçün məntəqə tikilməsi planlaşdırılır. Birinci mərhələdə Bakı - Tbilisi - Qars dəmir yolu ilə ildə 5 mln tona qədər yük daşımaq nəzərdə tutulur. Sonradan daşınan yüklərin həcmi artırılacaq. Layihə belə təşəbbüslərin maliyyələşdirilməsi baxımından da yenidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Əgər əvvəllər beynəlxalq maliyyə təşkilataları ilə uğursuz danışıqlar aparırdıqsa, indi bölgədə öz layihələrimizin gerçəkləşdirilməsini özümüz maliyyələşdiririk". Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün "Marabda - Kartsaxi dəmir yolu" MMC-yə 25 il müddətinə illik 1% dərəcəsilə $200 mln kredit veriləcək, bundan başqa, Azərbaycan Neft Fondu 50 mln manat ayırıb.
Yerli əhəmiyyətli nəqliyyat-yol layihələrinə gəldikdə, onu qeyd etmək kifayətdir ki, Bakıda inşa olunan 9 körpüdən 6-sı məhz 2007-ci ildə istismara verilib, bir neçə yeraltı keçid və yolayrıcı tikilib və artıq istifadəyə verilib, bölgələrdə yollar yenidən qurulub və i. a. Bu proqram yeni ildə də davam etdiriləcək.
Keçən il prezident İlham Əliyev həm də informasiya-kommunikasiya sektorunu neft-qaz sahəsindən sonra iqtisadiyyatın inkişafında ikinci prioritet sahə elan edib. Texnoparkların - IT-texnika və proqram təminatının istehsalı üzrə mərkəzlərin yerləşəcəyi regional innovasiya zonalarının (RİZ) yaradılması bu istiqamətdə irəliləyişə dəstək olmalıdır. RİZ yaradılmasının Rabitə Nazirliyi tərəfindən hazırlanan layihəsi artıq nazirliklərin əksəriyyətində ekspertizadan keçib və ilin axırına qədər Milli Məclis müvafiq qanun qəbul edə bilər. Azərbaycanın innovasiya zonaları yaradılmasına dair layihəsində dünyanın aparıcı IT-şirkətləri iştirak etməyə hazırdır. Onu da demək lazımdır ki, son 4 ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun orta illik artım tempi 30% təşkil edərək, ümumdünya templərini 2,7 dəfə qabaqlayıb.
Bu il İKT sektorunda çoxdan gözlənilən hadisə baş verib: üçüncü mobil rabitə operatoru işə başladı. O, fəaliyyət göstərən mobil operatorlarla rəqabətə girəcək və bu bazarın inkişafına dəstək olacaq.
Gələcəyə yatırımlar
2007-ci ildə Azərbaycan həm ikitərəfli biznes-forumlar və hökumətlərarası komissiyalar, həm də iqtisadiyyat idarələrinin başçıları arasında birbaşa danışıqlar yolu ilə beynəlxalq iqtisadi əlaqələrini uğurla inkişaf etdirməkdə davam edib. Almaniya, Avstriya, Estoniya, Polşa, İsveçrə, Cənubi Koreya, Kuba - bu, iqtisadi dairələri ilə görüşlər keçirilən ölkələrin heç də tam siyahısı deyil. Bu görüşlərdə əsas diqqət iqtisadiyyatın qeyri-neft sektorunda əməkdaşlığa yetirilib, xarici tərəfdaşlara hökumətin yatırımlar cəlb etməyə hazır olduğu konkret layihələr təklif edilib.
Yeri gəlmişkən, 2007-ci ildə Azərbaycan İnvestisiya Şirkəti də hərtərəfli fəaliyyətə başlayıb və artıq onun iştirakı ilə istehsal müəssisələrinin yaradılmasını nəzərdə tutan bir sıra layihələrin gerçəkləşdirilməsinə də rəvac verilib. İslam İnkişaf Korporasiyası (İİK) ilə birlikdə Xəzər İnvestisiya Şirkətinin (Caspian International Investment Company) yradılmasını AİŞ-in önəmli nailiyyətlərindən biri saymaq olar. Yeni şirkətin açıqlanan nizamnamə kapitalı $70 mln olacaq və AİŞ-in orada iştirakı 25% ($14 mln) təşkil edəcək. Gələn ilin fevralından etibarən birgə müəssisə Azərbacandakı layihələri maliyyələşdirəcək.
Bundan başqa, Cənubi Koreyanın KEPKO şirkətilə respublikada gücü 700 MVt olan ilk özəl istilik-elektrik stansiyasının inşası barədə müqavilə imzalanıb. Layihəyə investisiyaların həcmi 750 mln - $1 mlrd təşkil edəcək və o, elektrik enerjisi hasilatı bazarında rəqabətin güclənməsinə yardımçı olacaq. Hazırda isə respublikada özəl şirkətlər cəmi 17 meqavat enerji istehsal edirlər.
Maliyyə sektoruna gəldikdə, burada çoxdan gözlənilən yeni strukturun - Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) meydana gəlməsini önəmli hadisə saymaq olar. Fondun əsas məqsədi bank müflüs olduğu halda, əmanətçilərin əmanətlərinin qaytarılmasına zəmanət verilməsidir. Artıq Azərbaycanda fəaliyyət göstərən və Milli Bankdan əhalinin əmanətlərinin qəbulu üçün lisenziya almış 37 bank fonda üzv olub.
Sosial-iqtisadi artım üçün dövlətin ipoteka kreditləşdirilməsinə başlaması, o cümlədən sosial ipotekanın tətbiqi də çox önəmli olub.
Lakin bütün sadalananlar da 2007-ci ilin xatirələrdə qalmasına yardımçı olacaq hadisələrin heç də hamısı deyil. Elə bircə respublikanın bölgələrində prezident İlham Əliyevin bilavasitə iştirakı ilə nə qədər məktəb, səhiyyə müəssisəsi, elektrik stansiyası, yol açılışı keçirildiyini xatırlamaq kifayətdir. Məhz keçən il başlanan çoxlu digər layihəni də sadalamaq olar. Bütün bunlar barədə il ərzində yazmışıq, indi isə yalnız ən önəmlilərini və irimiqyaslılarını diqqətə çəkdik. Bu gün ən önəmli olanı isə bu təşəbbüslərin 2008-ci ildə də uğurla davam etdirilməsidir.
MƏSLƏHƏT GÖR: