
"XƏZƏRYANI" "TRANSXƏZƏRƏ" QARŞI?
Moskva Orta Asiya qazının Avropaya çatdırılması uğrunda mübarizədə hücuma keçir
Müəllif: Fuad HüseynƏliyev Bakı
Milad şaxtalarının başlanması Avropa ölkələrinin höku-mətlərini öz ölkələrinə qaz tədarükünə dair danışıqları "qızışdırmağa" sövq edir. Avropa üçün əsas qaz tədarükçüsünün isə Rusiya olduğunu nəzərə alsaq, danışıqlar masası arxasında temperatur Saxaradakı temperatura qədər yüksələ bilər.
Avropa belə bir durumla lap bu yaxınlarda üzləşmişdi. Belə ki, 2005-2006-cı illərdə Rusiya Avropaya gedən qaz kəmərlərinin keçdiyi iki əsas ölkə - Ukrayna və Belorus üçün qazın qiymətini əhəmiyyətli dərəcədə bahalaşdırdı. Nəticədə, üç slavyan dövləti arasındakı mübahisələr tənzimlənənə qədər Avropa nəzərdə tutulan həcmdə qaz ala bilmədi. Bütün bu amillər, üstəlik, "Qazprom"un qiymətlərlə manipulyasiya etməsi Avropanı alternativ tədarük layihələrinə rəvac vermək məcburiyyətində qoyur. Lakin Moskva da dinc oturmur və Avroppanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirməyə səy göstərir.
Dekabrın sonunda Rusiya, Türkmənistan və Qazaxıstan arasında Xəzəryanı qaz kəmərinin inşası barədə hökumətlərarası sazişin imzalanması dünyanın bir çox aparıcı KİV-lərinin baş xəbərinə çevrildi. Bu zaman Qərb informasiya agentliklərinin əksəriyyəti Vladimir Putinin sözlərini sitat gətirdilər: "Bu yeni enerji arteriyasının inşası tərəfdaşlarımız üçün iri həcmdə uzunmüddətli qaz tədarükünü təmin etməyə imkan verəcək və ölkələrimizin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yeni bir ciddi töhfə olacaq. Həm də təkcə Avrasiya məkanında yox, daha geniş əhatə dairəsində. Yanacağın Qərbi Avropadakı əsas istehlakçıları nəzərdə tutulur". Beləliklə, Rusiyanın Avropaya enerji ehtiyatları tədarükü üzrə öz marşrutlarını diversifikasiya prosesinin real fazaya qədəm qoyduğu vurğulanır.
Məlum olduğu kimi, Xəzəryanı qaz kəmərinin inşası layihəsi dedikdə, mövcud Okarem - Beyneu (Xəzərin türkmən sahillərinin cənubundan Orta Asiya -Mərkəz magistralına qədər uzanan kəmər), həmçinin Orta Asiya - Mərkəz (OAM) magistralının özünün yenidən qurulması başa düşülür.
Saziş mövcud kəmərin genişləndirilməsini, həmçinin "Türkmənqaz"ın Türkmənistanın Xəzəryanı yataqlarından Qazaxıstan sərhədinə qədər gücü 10 mlrd. kub metrə qədər olan yeni qaz kəməri çəkilməsini nəzərdə tutur. Türkmən tərəfi "Qazprom"un ünvanına bu istiqamətdə 10 mlrd. kub metrə qədər qaz tədarükünə də zəmanət verir.
Qazaxıstan ərazisində bu marşrutla ötürücülük gücü artıq 20 mlrd. kub metrə qədər artırılmalıdır - türkmən qazının əlavə həcminin və Qazaxıstandakı yataqdan 10 mlrd. kub m qazın ötürülməsi üçün.
Rusiya tərəfi isə Türkmənistan və Qazaxıstanın hər birindən 10 mlrd. kub m qaz alınmasına, həmçinin bu həcmlərin qəbulunun təmin edilməsi üçün OAM magistralının öz ərazisində genişləndirlməsinə zəmanət verir.
Digər tərəfdən, Rusiya "Cənub axını" layihəsini də fəal şəkildə irəlilətməkdədir. Bu qaz kəmərinin çəkilməsi barədə "Qazprom"la İtaliyanın Eni şirkəti razılığa gəliblər. Yeni qaz-nəqliyyat sisteminin potensialı ildə 30 mlrd. kub metrə qədər qaz ötürməyə imkan verəcək. Kəmərin inşasına 2008 və ya 2009-cu ildə, onunla qaz nəqlinə isə 2013-cü ildə başlanıla bilər.
Yeni layihə Qara dənizdən keçməklə, Bolqarıstanda Varna şəhəri yaxınlığına uzanan qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Daha sonra isə boru kəmər marşrutunun quru ilə uzadılmasının iki variantı nəzərdən keçirilir: Yunanıstan, Albaniya və İtaliyanın cənubunda daha bir dəniz keçidi olmaqla; ikinci - Rumıniya, Macarıstan, Çexiya və Avstriyadan Mərkəzi Avropa istiqamətində.
ABŞ-dakı Kembric Energetika İnstitutunun mütəxəssislərinin ekspertlərinin araşdırmalarına görə, 2020-ci il üçün Avropanın təbii qaza illik tələbatı indiki 500 mlrd kub-metrdən 700 mlrd kubmetrə qədər artacaq. Hazırda Avropaya 150 mlrd kubmetrə qədər qaz göndərən Rusiya, onun tələbatının, təxminən, üçdəbir hissəsini təmin edir. Avropaya qaz tədarükünü artırmağa can atan Moskva isə indi Xəzəryanı qaz kəməri, "Şimal axını" və "Cənub axını" (North Stream və South Stream) kimi yeni layihələrin təşəbbüskarı kimi çıxış edir.
Moskvadan asılılıqdan qurtarmağa can atan Avropanın rəvac verdiyi Nabucco layihəsinin rəqibi də elə məhz barəsində danışdığımız Xəzəryanı qaz kəməri layihəsi - Qazaxıstan və Türkmənistan qazının Avropaya Rusiya ərazisindən keçməklə tədarükünü nəzərdə tutan layihədir.
Nabucco layihəsi qazın Xəzər bölgəsindən Avropaya Rusiyadan yan keçməklə çatdırılmasını nəzərdə tutur. Bu qaz kəmərini inşa etmək təklifini 2004-cü ildə Avstriyanın OMV şirkəti irəli sürüb. Kəmərin uzunluğu, təxminən, 3 300 km, dəyəri, təxminən, $6 mlrd, gücü isə ildə 25-30 mlrd kub.m təşkil etməlidir. Kəmərin inşasına 2008-ci ildə başlamaq planlaşdırılır. Onun istismara verilməsi isə 2012-ci il üçün nəzərdə tutulub. Kəmərin qərb hissəsi Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanın ərazilərindən keçəcək. Türkmənistan, Qazaxıstan və Azərbaycan qazı Gürcüstanın qərb sərhədindən bu ölkələrdən keçməklə ixrac ediləcək. Layihə cənub qolunun inşasının mümkünlüyünü də nəzərdə tutur ki, onun vasitəsilə İraq, Misir və mümkündür ki, İran (ehtiyat mənbə qismində) Avropaya qaz tədarük edə biləcək.
Avropa ölkələrinin yüksək səviyyəli siyasətçiləri layihədə hərtərəfli maraqlı olduqlarını bəyan edir və bu məsələdə Şərqi və Mərkəzi Avropa ölkələri xüsusi səy göstərirlər.
Bolqarıstanın baş naziri Sergey Stanişevin dediklərindən: "Nabucco layihəsi təkcə birbaşa iştirakçıları üçün deyil, bütün Avropa Birliyi üçün də prioritet infrastruktur əhəmiyyətinə malikdir. Bu baxımdan, o, həm iri neft və qaz hasilatçısı olan Azərbaycan, həm də AB üçün sərfəlidir. Bu, gələcəkdə müzakirə edəcəyimiz infrastruktur layihələrindən biridir".
AFR-in iqtisadiyyat və texnologiyalar federal naziri Mixael Qloss da bəyan edib ki, "biz Nabucco qaz kəmərilə Azərbaycandan ildə 5 mlrd kubmetrə qədər həcmdə qaz tədarükündə maraqlıyıq". Son zamanlar Rumıniya, Macarıstan, Polşa, Avstryanın Azərbaycana səfər edən yüksək səviyyəli nümayəndə heyətləri də analoji fikirlərini açıqlayıblar. Bu ölkələrin əksəriyyəti postsosialist düşərgəyə aiddir və Rusiyadan asılılıqdan xilas olmaq onlar üçün prinsipial əhəmiyyətə malikdir.
ABŞ da layihəyə siyasi dəstək verib - ABŞ Ticarət və İnkişaf Agentliyi marşrutun Avropa qədər davam etdirilməsilə Transxəzər qaz kəmərinin texniki və maliyyə məsələlərinin araşdırılması üçün $1,7 mln həcmində qrant da ayırıb.
Öz enerji ehtiyatlarının çatdırılması marşrutlarının diversifikasiyası məqsədilə Azərbaycan da bu layihədə maraqlıdır. Lakin Nabucco qaz kəmərinin olmaması da Azərbaycan üçün heç də ölümcül zərbə deyil.
Azərbaycan qazı üçün əsas bazar Gürcüstan və Türkiyədir. Gürcüstan artıq Azərbaycandan aldığı qaz hesabına Rusiyadan tədarükü xeyli azaldıb və gələcəkdə yalnız Azərbaycandan qaz ixrac etmək niyyətindədir.
Baş nazir Artur Rəsizadənin sözlərinə görə, "Azərbaycan öz enerji ehtiyatlarının beynəlxalq bazarlara çatdırılması məsələlərini artıq həll edib, digər ölkələr də bunu ən sərfəli şəkildə etmək məsələsi üzərində düşünməlidir. Öz tərəfimizdən, biz onlara belə layihələrin gerçəkləşdirilməsində yardımçı olmağa hazırıq".
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev də hesab edir ki, ölkəmiz bu layihəni özü ayrıca gerçəkləşdirməyəcək: "Nabuc-co bizim üçün çox maraqlı layihədir. Lakin onun gerçəkləşdirilməsi təkcə bizim ehtiyatlardan asılı deyil. Layihə Avropaya Xəzəryanı bölgədən ildə 30 mlrd. kub m qaz tədarükünü nəzərdə tutur, biz isə 2015-ci il üçün, təxminən, 16-20 mlrd kub.m qaz hasil edəcəyik. İlk növbədə, Qazaxıstan və Türkmənistan layihəyə qoşulmağa hazır olduqlarını açıqlamalıdır. Azərbaycan bunun üçün zəruri olan hər cür şərait yaratmağa, məsələn, qaz kəmərlərinin və digər infrastrukturun gücünü artırmağa hazırdır".
"Financial Times" qəzetinin aparıcı redaktoru Ed Kruks da bu fikirdədir. O, Londonda "R+" müxbirinə deyib: "Qazaxıstan, Türkmənistan və Azərbaycan Nabucco layihəsini yalnız səylərini birləşdirməklə gerçəkləşdirə bilərlər. Rusiya və İran bu qaz kəmərinin çəkilməsinə mane olacaq, o cümlədən, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməməsindən yararlanacaqlar". Onun sözlərinə görə, tərkib hissələrindən biri də Transxəzər qaz kəməri olan Nabucco kimi layihənin gerçəkləşdirilməsi üçün təkcə Azərbaycanın ehtiyatları kifayət deyil: "Avropaya alternativ qaz tədarükündə, ilk növbədə, Qazaxıstan və Türkmənistan maraqlı olmalıdır. İndi Rusiya Türkmənistandan çox ucuz - hər 1000 kubmetrinə görə 100-150 dollara aldığı qazı Avropaya 300 dollara satır".
Digər tərəfdən, Qazaxıstan və Türkmənistan Rusiyanı öz enerji ehtiyatlarını dünya bazarlarına bu ölkədən yan keçməklə çatdırmaq imkanları ilə fəal şantaj edirlər.
Belə ki, lap bu yaxınlarda Rusiyanın qaz nəhəngi "Qazprom" Türkmənistandan qaz tədarükü kontraktının şərtlərinə yenidən baxmaq məcburiyyətilə üzləşib. Əvvəlki kontraktda türkmən qazının hər 1000 kubmetri üçün 2009-cu ilin sonuna qədər 100 dollar ödənilməsi nəzərdə tutulduğu halda, yeni müqavilə Xəzərin şərq sahilindəki ölkə üçün xeyli sərfəlidir - 2008-ci ilin birinci yarısında qiymət $130, ikinci yarımilində - $150 olacaq, 1 yanvar 2009-cu ildən etibarən isə bazar qiymətləri formulu ilə müəyyənləşdiriləcək. Üstəlik, Rusiya Türkmənistandan ildə 50 mlrd kub.m qaz almalıdır ki, bu da ixrac olunan türkmən qazının, demək olar ki, tam həcmini təşkil edir. Lakin hətta belə bir qiymət də "Qazprom"u tamamilə qane edir, çünki Avropa bazarlarında qiymət $360 səviyyəsində proqnozlaşdırılır.
Qazaxıstan da Rusiya ilə münasibətlərində alternativ planlardan məharətlə yararlanır. Ölkə prezidenti Nursultan Nazarbayevin bu yaxınlarda Rusiya boru kəmərlərinin gücü-nün artırılması məsələsini həll etmədiyi halda, Qazaxıstanın öz enerji ehtiyatlarını Azərbaycan vasitəsilə nəql edə bilməsi barədə bu yaxınlarda səsləndirilən açıqlaması buna daha bir sübutdur. Lakin Moskva artıq bu qərarı qəbul edib və indi onu gerçəkləşdirmək qalır.
"Deutshe Bank"ın analitiki Lukas Herman hesab edir ki, Avropa həmişə Rusiya qazından asılı olacaq. Bizimlə söhbətində o dedi: "Avropa qaz tədarükü üçün yeni mənbələr axtarışındadır və Rusiyadan asılılığı ləğv etməyə çalışır. Lakin o, Rusiya qazından heç vaxt azad ola bilməyəcək. Bu ölkədəki nəhəng qaz ehtiyatları, Avropaya yaxın olması və infrastrukturun mövcudluğu onun mövqelərini sarsılmaz edir".
Lakin bu heç də o demək deyil ki, Avropa yaranmış durumla barışıb və artıq alternativ variantlara marağı tükənib. Bunu elə həmin Nabucco layihəsi üzrə danışıqların canlandırılması və bu yaxınlarda Azərbaycan qazının nəqli üçün Türkiyədən Yunanıstana çəkilən qaz kəmərinin açılışı da sübut edir.
MƏSLƏHƏT GÖR: