
"İRANIN ZİDDİYYƏTLƏR DÜYÜNÜ"
Görəsən, pərakəndə şəkildə fəaliyyət göstərən dünya birliyi bu düyünü hansı yolla açmağı düşünür?
Müəllif: Samir MİRZƏYEV Bakı
İranla onun nüvə proq-ramına dair danışıqlar aparan "altılıq" Tehrana qarşı yeni sanksiyaların tətbiqinə dair BMT Təhlükəsizlik Şurasına təkliflər verib. "İrana qarşı yeni sanksiyaların layihəsi yaxın günlərdə BMT Təhlükəsizlik Şurasının masası üzərində olacaq", - deyə ABŞ-ın qurumdakı nümayəndəsi Zalmay Xəlilzad bildirib. Onun sözlərinə görə, Tehrana təzyiqlərin artırılması zərurəti İranın TŞ-nin bütün ölkələr üçün icrası vacib olan iki qətnaməsinə əməl etməməsindən yaranıb. Xəlilzad onu da bildirib ki, Rusiyanın Buşəhrdəki mülki atom stansiyasına uran yanacağı verməsi sanksiya rejiminin pozulması deyil, əksinə, İrana göstərir ki, onun uranın zənginləşdirilməsi üçün öz texnologiyasını əldə etməsinə ehtiyac yoxdur.
"Sem dayı"ya qarşı
BMT TŞ-də İranla bağlı səsvermənin necə yekunlaşacağını indidən güman etmək çətin deyil: ən azı, iki dövlət - veto hüququ olan Çin və Rusiya müəyyən güzəştlərə getsələr də, Tehrana qarşı ciddi sərt tədbirlərə qarşı çıxacaqlar. Bunun da öz səbəbləri var. Cəmi bir neçə gün əvvəl Tehran Pekinlə İranın böyük bir neft yatağının işlənməsinə dair razılaşma əldə edib və bu, "demokratiya məsələləri" ilə o qədər də maraqlanmayan Çinə böyük həcmdə gəlir və özünün inkişaf etməkdə olan, böyük həcmdə enerji işlədən iqtisadiyyatına əlavə mənbə vəd edir.
Moskvaya gəlincə, burada təmiz iqtisadi əməkdaşlıqdan başqa, heç də az vacib olmayan siyasi amil də var. Söhbət Qərbin Şərqə təsirinin artmasının qarşısını almaq üçün görülən tədbirlərdən gedir. Bu gün artıq İran məsələsi Rusiya və Qərb üçün yalnız Tehrana qarşı sanksiyalarla məhdudlaşmır. Söhbət artıq ondan gedir ki, Rusiya bilərəkdən və ya bilməyərəkdən, amerikalılara qarşı mübarizədə Tehranın, az qala, müttəfiqinə çev-rilib. Axı Vaşinqton Rusiyanın sərhədlərində özünün hərbi mövcudluğunu artırmaq fikrindədir. ABŞ bunu həm də Şərqi Avropada raketdən müdafiə sistemləri (RMS) yerləşdirməklə həyata keçirməyə çalışır və bunu birbaşa İranın nüvə proqramı ilə əlaqələndirir. Hazırkı situasiyada Kreml çoxlarına "soyuq müharibə" dövründən tanış olan mövqedən çıxış edir: düşmən üçün (oxu: ABŞ) pis olan hər bir şey avtomatik olaraq, Rusiya üçün "plyus" sayılır.
Çin də təxminən eyni mövqedən çıxış edir və İrana qarşı kampaniyanın əsas təşəbbüskarı və təşkilatçısı olan Birləşmiş Ştatlarla, yumşaq desək, dost gözü ilə baxmır. Bundan başqa, ABŞ-ın İraqdakı hərbi əməliyyatları nəticəsində neftin qiymətinin artmasından Rusiya "qazanıbsa", neft ehtiyatlarına malik olmayan Çinin iqtisadiyyatı ciddi böhran təhlükəsi ilə üz-üzə qalıb. Yeri gəlmişkən, bu özünü xüsusilə 2006-cı ilin payızında və 2007-ci ilin yazında büruzə verib və həmin dövrlərdə Çin bazarı tamamilə məhv olmağın və öz ardınca bir sıra ölkələri də çəkib-aparmağın bir addımlığından dönüb.
Bu baxımdan, İrana qarşı yeni, daha sərt, özündə bəlkə də problemin hərbi yolla həllinin müm-künlüyünü əkt etdirən sanksiyaların tətbiqi perspektivi Çini şübhəsiz ki məmnun etmir.
Nə yardan doyur, nə əldən qoyur
Bütün bunların fonunda məsələni qəlizləşdirən daha bir amil, İranın nüvə proqramının əleyhdarlarının sıralarında birliyin olmamasıdır. Doğrudur, demokratik Qərb artıq çoxdandır ki, yumşaq desək, dost olmayan mollakratiya rejiminə qarşı planlar qurur. Özü də əvvəllər Tehranın fəaliyyətinə, müəyyən qədər, göz yumulurdusa, indi artıq hamı yaxşı başa düşür ki, idarəedilməz və ağlı başında olmayan İranın kütləvi qırğın silahı əldə etməsi nə ilə sonuclana bilər. Bu ölkə Qərb dəyərlərini qəbul etmədiyini gizlətmir və islam dövlət quruluşunu digər dövlətlərə yayılması istəyini daim açıq şəkildə ortaya qoyur. Lap bir vaxtlar sovet "şər imperiyası"nın öz ideyalarını bütün dünyaya yaymaq cəhdi kimi.
Amma İrandan gələn təhlükə dərk edilsə də, Qərb ölkələrinin böhrandan çıxış yollarına baxışı kifayət qədər fərqlidir. Şübhəsiz, Avropa İttifaqı və onun okeanın digər sahilindəki müttəfiqindən ibarət "xristian klubu", heç olmasa, 50% əmin olsaydı ki, İrana qarşı hərbi əməliyyatlar qısa zamanda və "sivil dünya"ya zərər vurmadan yekunlaşacaq, onda onlar öz aralarındakı tərəddüdü çoxdan adlayardılar. Daha sonra isə bu "sivil dünya" eyni şövqlə özlərinin dağıtdıqlarının bərpasına başlayardı və bu, əlbəttə ki, İranın sərvətlərinin ələ keçirilməsi ilə paralel şəkildə aparılardı.
Lakin proseslərin məhz belə gedəcəyinə əminlik yoxdur. Nümunə üçün uzağa getməyək: İranın qonşusu olan İraqda ABŞ və NATO-nun "hərbi maşını"nın hansı vəziyyətlə üzləşdiyi hamıya yaxşı məlumdur.
Əfqanıstandakı vəziyyət də ürəkaçan deyil: hər halda, Avstraliyanın baş naziri bu günlərdə Qərbin taliblərlə müharibəni açıq-aşkar uduzduğunu bəyan edərək, müttəfiqləri təcili tədbirlər görməyə çağırıb.
Bütün bunlar öz yerində. Üstəlik, unutmaq olmaz ki, İran nə İraq, nə də Əfqanıstandır.
Odur ki Qərb orada hərbi mexanizminin işə salınmasının daha pis nəticələrə gətirib çıxara biləcəyindən ehtiyat etməyə bilməz. Üstəlik, neft ixracatçıları sırasında ilk beşlikdə təmsil olunan dövlətə qarşı hərbi əməliyyatlara başlanması elə bir iqtisadi kataklizmlərə gətirib çıxara bilər ki, müttəfiqlərin başı öz daxili problemlərinə qarışar...
Buna misal kimi, Türkiyənin İraqın şimalında kürd terrorçulara qarşı ikigünlük (dekabrın 17-18-i) və nisbətən, kiçik həcmli hərbi əməliyyatların dünya bazarında neftin qiymətinin 3 dollar yüksəlməsinə gətirib-çıxardığını göstərmək olar. Bu isə Avropa iqtisadiyyatının (həm də digərlərinin) yüz milyonlarla dollar itirməsi deməkdir.
Beləliklə, göründüyü kimi, düşünməyə əsas var...
Birliyi olmayan dünya birliyi
Göründüyü kimi, istənilən halda situasiya pat vəziyyətini xatırladır. Tehran rejiminin kütləvi qırğın silahı əldə etmək istəyində olduğu çoxlarında şübhə doğurmur. Yaxın Şərq regionunda ziddiyyətin artdığı, İsraillə qarşıdurmanın gücləndiyi, əsas düşmən sayılan ABŞ-ın ordusunun isə ölkənin sərhədlərində dayanaraq silahını "oynatdığı" hazırkı vəziyyətdə İran üçün atom silahının əldə edilməsi bir çox problemlərin həlli olardı. Ən azı bu, hər hansı hücumdan zəmanət rolu oynaya bilər.
Lakin məsələ ondadır ki, idarəedilməz, ümumi qəbul edilən sivilizasiya əxlaqından uzaq olan Tehran rejimi, hətta daha uzağa gedə bilər.
Amma ortaya sual çıxır: İran doğrudanmı öz iqtisadiyyatını yüksək texnologiyalı silahın əldə edilməsini mümkün edəcək səviyyəyə qaldırmaq haqda düşünür? Bəlkə, Tehran artıq anlayıb ki, hərbi nüvə texnologiyaları əldə etməyin ən qısa yolu Hindistan variantı - yəni, casusluqdur?
Hər halda, ABŞ kəşfiyyatının İranın nüvə silahının əldə edilməsi istiqamətində işləri 2003-cü ildə dayandırmasına dair məruzəsi ikili fikir yaradıb. Deyilənlər həqiqətdirsə, demək ya Tehran həqiqətən də nüvə silahı əldə etmək arzusundan imtina edib (Tehran rejiminin hazırkı siması bunu o qədər də inandırıcı etmir), ya da iranlılar bunun üçün daha məqbul zamanın yetişməsini gözləyirlər.
Digər tərəfdən, Mərkəzi Kəşfiyyat İdarəsinin səs-küylü məruzəsi ABŞ-ın hakimiyyəti daxilindəki iki siyasi düşərgə arasında qarşıdurmaya əsas verə bilər. Yəni ola bilsin ki, bu məruzə İrana zərbə ideyasını müdafiə edən Buş "qırğıları"nın əleyhdarları tərəfindən təşkil olunub.
Beləliklə, artıq indidən məlumdur ki, hətta Vaşinqton administrasiyasında belə, bu problemin həllinə vahid yanaşma yoxdur. Bundan başqa, yeni hərbi əməliyyatlara başlanılmasının tərəfdarları və əleyhdarları arasında aşkar mübarizə tam açıq xarakter alıb. Belə olan halda, ayrı-ayrı Avropa dövlətləri və ya Rusiya ilə Çinin mövqeyindən danışmağa ehtiyac varmı?
Şübhəsiz, İranın nüvə silahına malik olması, demək olar ki, heç kəsə sərf etmir və bu, yenə də bir sıra siyasi və mənəvi-psixoloji səbəblərlə əlaqədardır. Bu müqayisəyə görə üzr istəyirəm, amma yaranmış situasiya ağaca dırmaşmış və əlində qumbara tutan meymun qarşısındakı qorxuya bənzəyir. Yəni, həm bu ağacın yanında duranlar, həm də ondan uzaqda dayananlar qorxurlar: görəsən, meymun bu qumbaranı hara atacaq...
Bu səbəbdən, dünya siyasətçiləri və analitiklərinin yarısı situasiyadan çıxmaq üçün mümkün olan variantları dəqiqliklə nəzərdən keçirirlər. Amma bu prosesə cəlb olunmuş bəzi fövqəldövlətlər arasındakı ziddiyyətlər, vəziyyəti daha da gərginləşdirir.
İran isə boks termini ilə desək, hələ ki rinqdə özünü rahat hiss edir və zərbələrdən ustalıqla yayınır. Tehran daxili siyasi duruma nəzarət edir, İran xalqı isə bir sıra daxili ziddiyyətlərə, həmçinin milli məsələlərlə bağlı yaşanan problemlərə baxmayaraq, istənilən an birləşərək, kənardan gələ biləcək hər bir hərbi müdaxiləyə cavab verməyə hazırdır.
İranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrə qayıdaraq, bir daha şəxsi mövqeyimi bildirmək istərdim. Fikrimcə, qurum Tehranla bağlı hər hansı ciddi, kəskin qərar çıxartmayacaq.
Bununla yanaşı, hər halda, siyasi xarakter daşıyan sənəd qəbul ediləcək. Lakin o, baş verənlərə nə dərəcədə təsir göstərəcək? Amma görəsən, bu cür kağız-kuğuza nə ehtiyac var? Əgər rəsmi Tehran hər dəfə BMT-də qəbul olunan sənədə etinasız yanaşırsa, dünya birliyi isə İrana qarşı kampaniyanı BMT mandatı ilə legitimləşdirə bilmirsə, onda bu qətnamələr kimə və nəyə lazımdır?
Belə düşünmək olar ki, İranla bağlı situasiya bu və ya digər maraqlı dövlətə aid olan subyektiv faktorlar əsasında həll ediləcək. Müəyyən dövrdə təxribat halları da işə salına bilər. Lakin İranın, ən azı, nüvə silahı əldə etməyə çox yaxın olduğunu sübut edən faktlar ortaya qoyulmayana qədər, beynəlxalq ictimaiyyətin məsələylə bağlı tam həmrəy mövqedən çıxış etməsi mümkün olmayacaq.
Amma digər tərəfdən, Tehran bu silahı əldə edərsə, artıq radikal qərarlara əl atmaq gec olacaq. Axı bu, ən azı İranla sərhəd ölkələr üçün ciddi mənfi fəsadlara gətirib çıxara bilər.
Beləliklə, hazırkı mərhələdə beynəlxalq ictimaiyyətin Tehrana qarşı işlək sərt iqtisadi və siyasi addımların atılmasında yekdil mövqe tutacağı inandırıcı görünmür. Halbuki yaranmış pat situasiyasından çıxmağın və bunun üçün məsələni daha da uzatmadan, bu ölkədəki ictimai-siyasi quruluşu dəyişməyin yeganə yolu məhz budur.
MƏSLƏHƏT GÖR: