15 Mart 2025

Şənbə, 00:39

MÖHKƏMLİK SINAĞI

Baş nazir Yuliya Timoşenko prezident, hökumət və parlament koalisiyası birliyinin möhkəmliyinə əmindir

Müəllif:

01.01.2008

Ukraynanın yeni baş nazirinin məhz Yuliya Timoşenko olacağına heç kəs şübhə etmirdi. Lakin hamını təəccübləndirən onun istəyinə ilk cəhddə nail ola bilməməsi idi. İlk cəhddən dərhal sonra dünyanın informasiya agentlikləri Timoşenkoya baş nazir seçilməsi üçün cəmi bir səsin çatmadığı xəbərini yaymağa başladılar. "YTB - "Bizim Ukrayna - Xalq Özünümüdafiə" koalisiyası isə başverənləri elektron səsvermə sistemindəki texniki qüsurla əlaqələndirdi. Nəticədə bir neçə gün sonra baş tutan növbəti səsvermə köhnə adətə uyğun - əl qaldırmaqla həyata keçirildi. Və "keçmişə dönüş"  istənilən nəticəni verdi: dekabrın 18-də "Yuliya Timoşenko Bloku"nun lideri Yuliya Timoşenko rəsmən Ukraynanın baş naziri seçildi. 

Ali Radada səsverməyə qatılan 227 deputatın (ölkə parlamentində ümumilikdə 450 deputat təmsil olunur) 226-sı ona səs verdi. Elə həmin gün hökumətin yeni tərkibi də təsdiqləndi.

Xatırladaq ki, Timoşenkonu baş nazir postuna gətirən proses bütün 2007-ci ilboyu davam edib. Ali Radanın buraxılması və növbədənkənar seçkinin təyin edilməsi haqqında prezident Viktor Yuşşenkonun sərəncamı hələ aprelin əvvəllərində imzalanmışdı. O zaman dövlət başçısı bu qərarını deputatların "qeyri-konstitusion çoxluğun formalaşdırılması, qeyri-legitim qərarlar və seçkinin nəticələrinin təftişinin" cəfasını çəkməsi ilə əsaslandırdı. Xatırladaq ki, həmin vaxt artıq sabiq baş nazir olan Viktor Yanukoviçin rəhbərlik etdiyi hökumət üzvlərinin və deputatların əksəriyyəti prezidentin bu qərarı ilə razılaşmayaraq, Konstitusiya Məhkəməsinə üz tutdular. Onlar prezidenti ölkə konstitusiyasının tələblərini pozmaqda, dövlət çevrilişinə səbəb ola biləcək təhlükəli presedent yaratmaqda günahlandırırdılar. Nəticədə hakimlər Yuşşenkonun sərəncamının qanuni olub-olmaması üzərində baş sındırmağa başladılar. Bu prosesdə işdən kənarlaşdırılmalar, korrupsiyada ittihamlar, qalmaqallar, ələ alınmaya cəhdlər barədə məlumatlar, ümumilikdə, hüquqi qarışıqlıq nəzərəçarpacaq dərəcədə "yardımçı" oldu. Lakin bir müddət sonra Yanukoviçin tərəfdarları yenə də növbədənkənar parlament seçkisinin keçirilməsi haqqında qərarla barışmalı oldular və seçki 2007-ci ilin payızında baş tutdu. 

İki əsas rəqib - Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyası və "Yuliya Timoşenkonun Bloku" finişə, demək olar ki, bərabər çatdılar. Üçüncülük isə prezident Viktor Yuşşenkonu dəstəkləyən "Bizim Ukrayna - Xalq Özünümüdafiə" Blokuna (BU-XÖ) nəsib oldu və onlar YTB ilə birlikdə hakim "narıncı koalisiya"nı formalaşdırdılar.

Beləliklə, artıq yeni hökumə YTB-nin seçkiqabağı proqramına sadiq olacağını bəyan edib. Timoşenko isə "heç kəsə prezident Yuşşenko - hökumət - parlament koalisiyasının birliyini pozmağa imkan verməyəcəyini" bildirib. "Bütün siyasi qüvvələri nəhayət, çəkişməyə, parlamentdə davalara, mühasirələrə, kompromat müharibəsi və qarşılıqlı təhqirlərə son qoymağa çağırıram. Bizə böyük davalar yox, böyük Ukrayna lazımdır", - deyə yeni baş nazir vurğulayyb. O bildirib ki, "çirkli kölgə pullarının bir daha Ukrayna siyasətinin aparıcı amilinə çevrilməməsi, xalq deputatlarının bazardakı mal-qara kimi satın alınmaması, siyasətçilərin heç birinin asanlıqla onlarca milyon pul qazanmq səylərinə yol verməmək üçün  hər şeyi edəcək.

Baş nazir xüsusi olaraq qeyd edib ki, onun hökuməti fəaliyyətə başladığı ilk gündən etibarən, antikorrupsiya ekspertizasına start verib və artıq sabiq hökumətin "şübhəli fəaliyyəti" də araşdırılır. "Biz onların hansı işləri törətməyə macal tapdıqlarını dəqiqliklə bilməliyik. Hər bir qəpiyin necə xərcləndiyini, hər bir tenderin necə keçirildiyini, lisenziyanın hansı formada verildiyini araşdırırıq. İstənilən qaranlıq və qanunsuz əmələ görə, cavab verilməlidir ", - deyə Y.Timoşenkol televiziya vasitəsi ilə xalqa müraciətində bildirib. 

Bundan başqa, "narıncılar"ın başçısı bildirib ki, o, yaxın zamanlarda deputat toxunulmazlığını və güzəştləri ləğv etməyi, həmçinin hüquq mühafizə və nəzarət orqanlarının rəhbərlərini dəyişməyi düşünür. 

Bununla yanaşı, baş nazir Ukrayna xalqını "hakimiyyəti sərt şəkildə tənqid etməyə" çağırıb. Hökumət başçısı xalqa Ukraynanın Ümumdünya Ticarət Təşkilatına üzv olacağını, Avropa İttifaqı ilə yaxınlaşma kursu yürüdüləcəyini, yolların Avropa standartlarına uyğunlaşdırılacağını, mənzillərin qiymətinin ucuzlaşacağını, SSRİ dövründən banklarda qalan əmanətlərin qaytarılacağını və orduya çağırışın ləğv ediləcəyi vədini verib. 

O, ordunun qısa müddətdə güclü və peşəkar qüvvəyə çevrilməsinin vacibliyini vurğulayıb.

Timoşenko eyni zamanda hesab edir ki, Ukrayna 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatını nəinki layiqli şəkildə təşkil etməyə, hətta, qələbə qazanmağa belə qadirdir.

Bütün bunlarla yanaşı, Ukraynada heç də hamı Timoşenkonun komandasının optimizmini bölüşmür: bəziləri ölkənin iqtisadi və siyasi qeyri-stabilliyə doğru getdiyini düşünür. "Biz "narıncı" komandanın iqtisadiyyatı necə yıxdığını, investisiyaları dağıtdığını və korrupsiya yaratdığını yaxşı xatırlayırıq. Bir ildən az bir müddətdə iqtisadiyyatın necə zəfilədiyini, qiymətlərin mümkün olan qədər yüksəldiyini gördük. Səxavətli vədlər sadəcə istənilən yolla hakimiyyətə gəlmək üçün lazım idi. Onlar süni şəkildə siyasi böhran yaratdılar və qan tökülməsinə də getməyə hazırdırlar", - deyə rəsmən müxalifətə keçdiklərini bəyan edən Regionlar Partiyasının lideri, sabiq baş nazir Viktor Yanukoviç bəyan edib. Bəzi KİV-də yer alan məlumatlara görə, "xeyli sayda nüfuzlu sahibkardan asılı olan" Timoşenko artıq Ukrayna mülkünün bölüşdürülməsi barədə dəqiq plan hazırlayıb ki, bu da ölkəyə yaxşı heç nə  vəd etmir. 

Məhz bu səbəbdən Yanukoviç özünün baş nazir postuna qayıdacağına əmin olduğunu  gizlətmir.

 Bundan əlavə, sabiq hökumət başçısı  Yanukoviç  Timoşenkonu "2005-ci ildə baş verənləri" təkrarlamamağa və "öz siyasi opponentlərini təqib etməkdən" çəkinməyə çağırıb.

Yanukoviçin bütün bu bəyanatları Timoşenko və onun komandasının əhvalını pozmur. Üstəlik, "narıncılar" xarici siyasətdə də uğurlara ümid bəsləyirlər. Məsələn, Sloveniyanın xarici işlər naziri, 2008-ci ilin birinji yarısında Avropa İttifaqına rəhbərlik edəcək Dimitri Rupel Kiyevlə qurum arasında münasibətlərin "çiçəklənəcəyinə" əminliyini ifadə edib. O, hətta Ukrayna ilə Aİ-nin münasibətlərinin "daha da dərinləşdirilməsinə nail olmaq üçün" Kiyevə səfər etməyi də planlaşdırır. Bununla yanaşı, diplomat "Ukraynanın Avropa İttifaqının qonşusu olduğunu, lakin  Kiyevlə Brüsselin daha da yaxınlaşmasının mümkünlüyünü" bildirib.

Kiyevin çətinliklərlə üzləşəcəyi sahə isə, əlbəttə ki, Moskva ilə münasibətlərdir. Rusiyalı siyasətçilərin əksəriyyəti Y.Timoşenkonu sevmədiklərini açıq şəkildə bildirir və "narıncı ledi" də buna eyni cür cavab verir. Tərəflər arasındakı danışıqların əsas obyektinin Rusiyanın Ukraynaya qaz nəqlinin şərtləri olacağı şübhə doğurmur. Timoşenko indiyədək dəfələrlə bəyan edib ki, o, bu prosesdəki mövcud şərtlərə yenidən baxmaq fikrindədir. 

Söhbət xüsusilə, "RosUkrEnerqo"  şirkətinin vasitəçilik missiyasına son verilməsindən gedir. "Qaz bazarında vasitəçilər ola bilməz. "Naftoqaz" şirkəti var və biz onun normal maliyyə durumunu bərpa edəcəyik, qurumun müflisləşməyə doğru getməsinin və dağılmasının qarşısını alacağıq. Digər tərəfdən isə "Qazprom" şirkəti var, Rusiya Federasiyası və Ukrayna hökumətləri var. Odur ki, bu işdə vasitəçilərə ehtiyac yoxdur", - deyə Timoşenko bildirib. 

İlk baxışdan belə təsəvvür yaranır ki, Moskva da bunun əleyhinə deyil. Lakin hələlik  işlərin vasitəçi olmadan həyata keçirilməsinin mümkünsüzlüyü  rusiyalı ekspertlərdə belə bir fikir yaradıb ki,  Timoşenko bu sərfəli işə  YTB-yə yaxın strukturları jəlb etməyə  hazırlaşır. Hələ ki bu sahədə işlərin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil.

Bilavasitə qazın qiymətinə gəlincə, bu məsələdə də problemlərin meydana çıxması mümkündür. Məlum olduğu kimi, dekabrın 4-də "Qazprom"un rəhbəri Aleksey Miller və Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko 2008-ji ildə  Rusiya  və Ukrayna sərhədində qazın  hər min kubmetrinin qiymətinin 1,7 dollar olaraq qalmaqdadır. 

Lakin Timoşenko işlərin belə getməsindən narazıdır. Rusiyalı investorlarla görüşə gəlmiş YTB-dən xalq deputatı Natalya Korolevskaya "proUA"ya müsahibəsində bildirib ki, Kiyev hələ də 2008-ci ildə alınacaq qazın qiyməti ilə əlaqədar Rusiya tərəfi ilə danışıqlar aparacağına ümid edir. Onun sözlərinə görə, hökumət artıq gələn il üçün dövlət büdcəsinin layihəsini qazın yeni qiymətləri ilə nəzərdən keçirir. Rusiyalı ekspertlər isə "mavi yanacaq"ın hazırkı qiymətinin son hədd olmadığını bildirir. 

Kiyev ən maraqlı halla 2009-cu ildə - əsasən "Qazprom" vasitəsilə Ukraynaya nəql olunan Türkmənistan qazının qiymətinin 150 dollara qaldırılacağı zaman üzləşə bilər. Bu, əlbəttə ki, Ukrayna istehlakçıları üçün qiymətin 200-220 dollaradək yüksəlməsi ilə nəticələnəcək və milli iqtisadiyyata ciddi zərbə dəyəcək.

Beləliklə, "narıncı koalisiya"nın nə dərəcədə möhkəm olduğunun sınanacağı vaxt çox guman ki,  hələ qarşıdadır. Onun mürəkkəb vəziyyətlərdən necə çıxacağı hələ məlum deyil. Hər halda, məlum olduğu kimi, Yuliya Timoşenko artıq bir dəfə - 2005-ci ilin fevral-sentyabr aylarında ölkənin baş naziri postunu tutub və bu vəzifəni prezident Viktor Yuşşenko ilə aralarında yaşanan ixtilaf üzündən itirib. O vaxt dövlət başçısı Timoşenkonu çoxsaylı siyasi və iqtisadi səhvlərdə günahlandıraraq, vəzifədən kənarlaşdırılmışdı. Əslində isə, səbəb prezidentin Timoşenkoya heç zaman həqiqətən etibar etməməsi ilə bağlı idi. Yuşşenko daim Timoşenkonun onu ikinci plana, bəlkə də daha "uzağa" sıxışdıracağından ehtiyatlanırdı. Bunu, indiki baş nazirin də yaxşı xatırladığı bir fakt da təsdiqləyir: hakim koalisiyanın kim tərəfindən formalaşdırılacağı ilə bağlı danışıqların gedişində Yuşşenko gözlənilmədən Regionlar Partiyasının da təmsil olunacağı geniş koalisiyanın yaradıla biləcəyini bəyan etmişdi. Bu açıqlama Timoşenko tərəfindən sərt qarşılanmışdı və o, bu halda blokunun müxalifətdə qalacağını bildirmişdi.

Beləliklə, "narıncılar"ın sıralarında mövjud nikbinliyə baxmayaraq, hələ ki hakim koalisiyanı möhkəm birlik adlandırmaq çətindir. Əgər onlar heç olmasa bir il müddətinə kompromat savaşı  baş vermədən və ifşa materiallarına əl atmadan nizamlı qaydada birgə işləyə bilsələr, inamın yaranması haqqında danışmaq olar. Bu isə, asan olmayacaq - "narıncılar"ın Ali Radadakı üstünlüyü kifayət qədər nisbidir.

Siyasi qalmaqallardan ən çox bezən isə sadə ukraynalılardır. 2007-ci il ölkə üçün asan keçməyib və bu il ərzində Ukrayna faktiki olaraq, bir-birinə kifayət qədər düşməncəsinə yanaşan iki düşərgəyə bölünmüş halda yaşayıb. Siyasi qarşıdurmanın ən pik dövründə bəzi müşahidəçilər, hətta, ölkədə vətəndaş müharibəsinin baş verməsini  dəə mümkün sayırdı, indi isə əsas məsələ oxşar situasiyanın yenidən yaranmasına imkan verməməkdən  ibarətdir.


MƏSLƏHƏT GÖR:

359