
DONUZU SİÇAN ƏVƏZ ETDİ
Müəllif: Redaksiya
Budur, qırmızı Donuz ili artıq arxada qaldı. Bu müddət ərzində nələr baş vermədi? 2007-ci ilin hadisələrlə nə qədər zəngin olduğunu görmək üçün jurnalımızın səhifələrini vərəqləmək kifayətdir. Burada Azərbaycanın dünya əhəmiyyətli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsinə necə nail olduğunu, dünyanın iri dövlətlərinin İranın nüvə proqramı ətrafında necə təlatüm qaldırdıqlarını, dünyanın qloballaşması və eyni zamanda, qütbləşməsinin necə sürətləndiyini, Rusiya - Gürcüstan, ABŞ - NATO münasibətlərinin necə gərginləşdiyini, Avropa Birliyinin necə genişləndiyini, "dondurulmuş" münaqişələrin necə həll edildiyini ( - əvvəlkitək həllini tapmadığını), dünyanın terrora qarşı necə mübarizə apardığını, neftin qiymətlərinin necə qalxdığını, ABŞ dollarının isə əksinə, necə uçuruma yuvarlandığını görmək mümkündür. Təbii ki, bütün hadisələri sadalamaq mümkünsüzdür. Buna heç vaxt da çatmaz: atıq 2008-ci il qapını kəsdirib və geri deyil, irəli baxmaq lazımdır.
Şərq təqviminə görə, 2008-ci il Sarı Siçovul, yaxud Yer Siçanı ilidir. Əfsanəyə görə, bu heyvan Buddanın yanına birinci qaçıb gəldiyindən, 12 illik yeni astroloji sikl başlanır.
Rəmzi, amma çox önəmli cəhət. Qərbdə siçovul və ya siçan sadəcə obraz, əsasən, mənfi assosiasiyalar doğuran gəmirici kimi qavranılır (bu sıradan Disneyin məşhur cizgi filmindəki balaca siçan Cerri obrazı istisnadır). Şərqdə isə məsələ başqa cürdür. Hindistanda siçovul fil başlı alimlik tanrısı Qaneşinin minik heyvanı, Yaponiyada isə səadət tanrısının yoldaşı kimi təsvir edilir. Çində olduğu kimi, burada da evdə və həyətdə siçovul olmaması təlaş doğuran əlamət kimi qiymətləndirilir. Axı inanca görə, siçovullar batan gəmini tərk edir. Siçovul gəmirərkən, "o, pulları sayır" və Azərbaycanda olduğu kimi, Çində də xəsis adamı "pullu siçovul" adlandırırlar. Cənubi Çində siçovula insanlara düyü gətirən mədəni qəhrəman rolu şamil edilir. Qərbdə isə donuz siçovuldan daha hörmətlidir. Lakin Donuz ili artıq səlahiyyətlərini təhvil verir. Odur ki Sarı Siçovulun, yaxud Yer Siçanının onu sevənlərə himayədarlıq etməsinə təəccüblənmək lazım deyil. Bu dəfə Şərqin bəxti daha çox gətirib.
2008-ci il Yupiter ilidir. Yupiter isə hakimiyyət və nüfuz planetidir. Astroloqlara görə, həm Yupiter, həm də Siçovul bu il siyasi və ictimai həyatda fəallıq vəd edirlər. Həqiqətən, 2008-ci il çeşidli siyasi hadisələrlə zəngin olacağını vəd edir. Artıq indidən dünya mətbuatı ABŞ, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanda prezident seçkilərinə dair proqnoqzlarla zəngindir. Üstəlik, beynəlxalq əhəmiyyətli çoxlu problem də hələ ki həllini tapmayıb.
Bura 2008-ci ilin uzun il olduğu da əlavə edilməlidir. Belə illər haqqında bir köhnə rus atalar sözündə isə deyilir: "Kasyan dəryaz çalmağa gəlir". Həqiqətən, astroloqlar ilin təbii fəlakətlər, müxtəlif epidemiyalar, hərbi və ekoloji problemlərlə "zəngin olacağını" proqnozlaşdırırlar. Lakin il, sözün həqiqi mənasında da, məhsuldar olacaq. Axı ilin hökmdarı olan gəmirici ac qalmaz. Deməli, torpaq yer siçanı ilə birlikdə, bizi də doyduracaq.
Məlumatlı adamlar Siçovul ilinin inflyasiyanın qarşısnı almağa qadir olduğunu deyirlər. Odur ki bu ildə yığılan, yaxud alınan hər bir şey gələcəkdə öz bəhrəsini verəcək. İstənilən halda, Siçovul çox qənaətcildir və heç vaxt gələcək üçün ehtiyat yığmağı unutmur. Astroloqlar əmindirlər ki, bu baxımdan, il həm yığım, həm də istənilən şəkildə təzahür edən sərmayə yatırımları üçün əlverişlidir.
Dünya Yeni ili 1 yanvara keçən gecə qarşılasa da, Siçovul ili yalnız fevralın 7-də başlayır. Bu il yeni ilin başlanması günəş tutulması ilə müşayiət olunacaq. Həmin hadisə fevralın 7-də Bakı vaxtilə 8:55-də baş verəcək. Amma həyəcanlanmağa tələsməyin - günəş tutulması cəmi bir neçə dəqiqə çəkəcək. Bütövlükdə isə ilin işıqlı olacağı gözlənilir.
Müxtəlif proqnoz və öngörmələrə inanıb-inanmamağa özünüz qərar verin. Elə biz özümüz də peyğəmbərlik etmək fikrində deyilik. Bununla belə, Yeni il ən pünhan istəklərin gerçəkləşdiyi, möcüzələrin baş verdiyi, xoşbəxt gələcək arzulandığı bir məqamdır. Bu, həyatımızın növbəti mərhələsi və Yeni ilidir. Odur ki Yeni ilin mübarək, əziz oxucu!
MƏSLƏHƏT GÖR: