14 Mart 2025

Cümə, 22:36

RƏNG-KUTYUR

Muzey mərkəzindəki Vernisaj tamaşaçıya "Məhəbbət Qövsi-qüzehi"nin bütün çalarlarını bəxş etdi

Müəllif:

15.12.2007

Mövcud olduğu yeddi il ƏrzindƏ Azərbaycanın Muzey Mərkəzi təkcə sərgi meydanı kimi deyil, eksperimental yaradıcılıq laboratoriyası kimi də tanınıb. Onun hesabında vizual incəsənət sahəsində onlarca fərdi xüsusi layihə var. 2007-ci ilin xüsusi yekun layihəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qalereyanın təşkil etdiyi "Sevgi göy qurşağı" adlı rəngkarlıq, qrafika, memarlıq və dekorativ-tətbiqi incəsənət nümunələri sərgisi oldu.

Layihənin kuratoru, Muzey Mərkəzinin direktoru Liana Vəzirova bu sərginin ekspozisiyasını "özəl məhəbbət və rəng ensiklopediyası" kimi səciyyələndirir. 44 müəllifin 130 əsəri qalereyanın zallarında yerləşdirilib və zalların hər biri üçün spektrin rənglərindən biri  müəyyənləşdirilib (onun kvintessensiyası - ağ da daxil olmaqla). Beləliklə, hətta vernisajın ssenoqrafiyası da bəşəri məhəbbət - təkcə klassik, kişi və qadın məhəbbəti deyil, Yer üzərindəki bütün varlıqlara məhəbbət ideyasına xidmət edir - işıqlandırılmış tavanla, yalnız tamaşaçı və incəsənət nümunələri arasında deyil, həm də əsərlərin öz dialoquna kökləyən dəqiq düşünülmüş yerləşdirilmə ilə.

Bu sərginin özəyində gizlənən spektr ideyası heç də abstrakt deyil. Bu təkcə yuxarıda qeyd etdiyimiz məcazi mənada spektr - məhəbbət spektri deyil. Bu həm də bilavasitə rəngşünaslığın simvolikasıdır. Azərbaycanın təsviri incəsənəti əsaslı olaraq öz kolorist-rəssamları ilə fəxr edir (təbiətin özünün belə səxavətlə nemətlər bəxş etdiyi torpağımızda başqa cür ola bilərmi?). "Sevgi göy qurşağı"nın tamaşaçıları yüksək rənglə ("rəng-kutyurla") təkcə kütləvi, yəni sərgilənən əsərləri birlikdə seyr etməklə  deyil, fərdi qaydada  - məşhur Lüşer  rəng testini keçməklə də  təmasda olmaq imkanı qazandılar. Bundan başqa,  qalereyanın zallarındakı böyük ekranlarda rəng haqqında elmlə əlaqədar videomateriallar nümayiş olunurdu, beləliklə, vernisaj,  həqiqətən, özündə hər kəs üçün " xoş və faydalı" məqamları birləşdirmişdi. 

Həmişəki kimi, qalereyanın zallarında müxtəlif yaşlı rəssamların əsərləri sərgilənirdi. Burada mənsəb və adlara baxmırlar - təki insan istedadlı olsun. Və müxtəlif texnikalar qətiyyən bir-biri ilə "mübahisə" etmir, əksinə, çox gözəl səsləşirdilər - bütün bu rəsmlər, pastellər, batik və tunc kompozisiyalar.

Heykəltəraşlığın bu sərgidə geniş yer aldığını görmək xüsusilə sevindirici idi. Axı sirr deyil ki,  çox gözəl sənətkarlarımız, həmçinin əsl ustalarımız olsa da, təsviri incəsənətin bu növü bizdə o qədər də geniş yayılmayıb. Bununla belə, ümumi vernisajlarda heykəltəraşlıq nümunələri daha çox rəngkarlıq və qrafika nümunələrinə sadə əlavə kimi nümayiş olunur. Burada isə heykəllər çoxsaylı və çox müxtəlif idi.  Müxtəliflik həmçinin  material baxımından da müşahidə olunurdu, bu isə, ümumiyyətlə, çox nadir haldır.

Girişdə, Muzey Mərkəzinin vestibülündə qonaqları  məhəbbət apofeozunun rəmzi - Mahmud Rüstəmovun  nəhəng "Ailə" kompozisiyası qarşılayır. Müəllif üslubunun özlüyündə qeyri-adiliyindən başqa, əsər həm də materialı ilə diqqəti cəlb edir - ağacla, özü də belə iri miqyasda, bizdə çox az adam işləyir. Zallarda Zakir Əhmədovun tunc cütlüklərini - "Aşiqlər"i, "İlk görüş"ü, Hikmət İsmayılovun tunc şəbəkəli kompozisiyalarını (onlardan biri sərginin adaşıdır) da görmək olardı. 

Məmməd Rəşidov da  özünün sanki  bürünc məftillərdən toxunmuş "Nağıl-şəhər"ində ("küləklər şəhərimizi" belə, yelqovanı xatırladan  formada hələ heç kim təsvir etməyib) açıq texnika nümayiş etdirib.

Yenə Mahmud Rüstəmov sanki qəsdən material paradı təşkil edib. Yağla işlənmiş ağacdan o, tamaşaçının gözü qarşısında mislə işlənmiş, rənglənmiş mərmərə (etnik-sehrli "Kəpənək portreti"), sonra rənglənmiş sadə daşa ("Qadın bədəni") və nəhayət, ənənəvi  tunca keçir (bir qədər infernal "Vaxtın daxilinə baxan"). Və tamaşaçıya "son zərbə"ni Rəşid İsmayılov endirir. Təcrübəsiz tamaşaçını o özünün möcüzəli "Çariça"sının adi, "işçi" materialı -  sadə gipslə heyran edir. Təcrübəli tamaşaçı materialın adiliyini sakit qarşılayaraq, qədim Misir  incəsənətini xatırladan cizgilərin səmaviliyindən zövq  alacaq.

Tamaşaçının əhval-ruhiyyəsi zaldan-zala doğru dəyişir. "Məhəbbət qövsi-qüzehi"ndə həm Vüqar Məmmədovun heyrətamiz nikbin "oranjereyası"na ("Çılpaq çiçəklər",  "Sarı güllər"), həm Nazim Rəhmanovun dalaşqan-işıqlı "Don Kixot"una, həm də Fərid Mirzəyevin "Vual altında qadın"ına yer tapılıb...

Məhəbbət həmişə Anar Hüseynzadənin bəzəkli, alovlu "Ailə"si, ya da Namiq Məmmədovun heç də az alovlu olmayan "Bolluğ"una uyğun gəlmir.  Bəzən bu, Niyaz Nəcəfovun qəmli "Adsız" rəsmindəki kimi, bumbuz kədərdir - burada bayquşla söhbət edən insan tənhalığı xarakterizə edən Azərbaycan idiomunu  vizual təcəssüm etdirir. Bu işin koloriti tünd və acıqlıdır, yalnız  dişlənmiş alma, ilkin günahın rəmzi, sönməz xatirə kimi gecənin qaranlığında şölələnir...

 Qalereyanın zallarını gəzən tamaşaçılar şaxtalı gecəyə  özləri ilə çox güclü energetika aparırdılar. Onların daxilində İsmayıl Məmmədovun qızılı "Nostalgi-ya"sı titrəyir, İnna Kostinanın "Simurqlar"ı qanad çalır, Həmzə Abdullayevin "Paqanininin şöhrəti" parıldayır, Əli Həsənovun "Müqəddəs torpaq"ı müxtəlif rənglərə çalırdı... Kim isə Nairə Rüstəmovanın "tərəvəz-insanlar"ını, Emin Əsgərovun  zərif, az qala, yumşaq "Yarasalar"ını və ya Malik İsmayılzadənin dəbdəbəli əsəri "Nyu"nu - zümrüd və akvamarin rəngli, yağlı boyaların şüşəyəbənzər cizgiləri şəbəkəli minaya bənzəyən işi  bəyənir. Ürək titrədən işlərin siyahısını sonsuz sayda dəyişmək olar və hər kəsin öz siyahısı var. Amma ümumi hiss - məhəbbətin, gözəlliyin, həyatın özünün təntənəsi - istisnasız olaraq hər kəsdə yaranmışdı.


MƏSLƏHƏT GÖR:

448