15 Mart 2025

Şənbə, 00:40

"AMERİKALI" HARA GEDİR?

ABŞ dolları itirilmiş mövqeyini qaytarmağa çalışsa da, keçmiş inamın bərpası asan olmayacaq

Müəllif:

15.12.2007

İran ABŞ-la mübarizƏdƏ güclü gediş edərək neftini Amerika dollarına satmaqdan boyun qaçırıb. Ötən həftənin sonunda İran KİV neft sənayesi naziri Qulamhüseyn Nozariyə istinadən, ölkədə dollarla əməliyyatları dayandırdığını açıqlayıb. Ötən ay İrandakı yüksək rütbəli mənbə bildirib ki, artıq ölkə neftinin ABŞ dolları ilə satışına, demək olar ki, tam son qoyulub. Bir müddət əvvəl isə ölkə prezidenti Mahmud Əhmədinejat Amerika dollarını "əhəmiyyəti olmayan kağız parçası" adlandırmışdı. 

Ekspertlərin fikrincə, bəzi neft hasil edən ölkələr  də oxşar addım atarsa, ABŞ valyutasını növbəti böhran gözləyir. 

Qeyd edək ki, artıq Yaxın Şərq regionunun bəzi ölkələri eyni təşəbbüslə çıxış edib, OPEK isə dollardan imtina məsələsinə ən vacib məqamlardan biri kimi baxır. ABŞ dollarının zəifləməsi neft satışından əldə olunan gəlirin azalmasına səbəb olur ki, bu da sözügedən təşkilata sərf etmir.

Bu arada isə  dekabrda dolların kursunda müəyyən artım hiss olunub ki, bu da əsasən Federal Ehtiyatlar Sisteminin yanvar ayı üçün uçot dərəcəsini 0,25% endirməsi ilə bağlıdır. İndi ABŞ-da uçot dərəcəsi 4,25%-dir.

Təbii ki,  bu hadisələr bütün diqqətlərin bazara yönəlməsinə səbəb olur: insanlar "amerikalı"nın kursunun necə dəyişəcəyini izləyir.

 

Güclülərin oyunları

Bu suallara cavab vermək üçün əvvəlcə situasiyanın əsl səbəbinin müəyyənləşdirilməsi lazımdır. Bir çox ekspertlər belə düşünür ki, dolların ucuzlaşmasında katalizator rolunu ABŞ iqtisadiyyatının hazırkı durumu oynayır. "Birincisi, amerikalılar xərclərə ehtiyatla yanaşmağa başlayıb ki, bu da istehlak xərclərinin azalmasına səbəb olub. İkincisi, ABŞ-ın daşınmaz əmlak bazarında, xüsusilə də substandart ipoteka sektorunda ciddi problemlər qalmaqdadır. Bu iki amil əksər müşahidəçilərin Amerika iqtisadiyyatının yaxın perspektivi ilə bağlı fikirlərini dəyişməsinə gətirib çıxarıb", - deyə Londonun " Economist Intelligence Unit " tədqiqatlar mərkəzinin böyük iqtisadçısı Metyu Şervud bildirib. 

Ölkənin istehlak bazarındakı situasiyaya daşınmaz əmlak bazarındakı vəziyyəti ciddi təsir göstərib. Burada substandart ipoteka seqmentindəki (söhbət, riskli kredit tarixcəsi olan müştərilərin daşınmaz əmlak alması üçün verilmiş kreditlərindən gedir) problemlər davam etməkdədir.

"The Banker" və "Euromoney" jurnallarının məsləhətçi redaktoru Nik Kokan "Trend"ə müsahibəsində bildirib ki, dolların ucuzlaşması ABŞ-ın ölkədə gözlənilməz prosesləri nəzarətə götürə bilməməsi və borc problemlərilə bağlıdır. Bununla yanaşı, o, daha bir məqamı da qeyd edib: "Dolların kursunun aşağı olması amerikalı ixracatçılara sərf edir. Onlar Yaponiya, Çin, həmçinin valyutası dollara nisbətən daha güclü olan ölkələrdən idxalda yaxşı gəlir əldə edirlər. Dollarla satılan istehlak malları bu halda daha rəqabətədavamlı olacaq. Dünya ticarətində, müəyyən mənada, yenidən balanslaşma baş verir."

Dolların ucuzlaşmasının digər məqamlarıyla yanaşı, amerikalıların özünə sərf etməsi fikri dünyanın digər nüfuzlu ekspertləri tərəfindən də təsdiqlənir. Onların fikrincə, hər şey ABŞ-ın nəhəng avtomobil istehsalçıları olan "General Motors", "Ford"  və "Chrysler" şirkətlərinin ötən ilin oktyabrında istehsal etdikləri məhsulun satış həcminin Yaponiyanın "Toyota" və "Honda" şirkətlərinin məhsulları ilə müqayisədə azaldığını müəyyən etməsindən sonra başlayıb. Buna səbəb isə Yaponiya valyutasının dollardan ucuz olmasıdır: bu halda sözügedən ölkənin istehsal etdiyi avtomobillər də ABŞ istehsalı olan maşınlarla müqayisədə daha ucuz başa gəlir. 

Odur ki "General Motors", "Ford" və "Chrysler" şirkətləri Ağ Evdən situasiyanın düzəldilməsi üçün qəti qərarların qəbulunu tələb ediblər. Siyasətçilər isə  məlum olduğu kimi, hətta belə bir nəhəng dövlətdə də biznesdən asılı vəziyyətdədirlər. 

Beləliklə, hakimiyyətin, ləng olsa da, bahalaşmaya doğru gedən avroya nisbətən, dolları ucuzlaşdırmaqdan başqa çıxış yolu qalmadı.

 

Nə gözlənilir?

Bununla yanaşı, təbii ki, dollar neft və digər əsas istehlak mallarının satışında mövqelərini itirməkdə davam edərsə, bu, onu daha zəif duruma gətirə bilər. Bu, dolların avro və digər valyutalara nisbətən ucuzlaşmasını sürətləndirəcək. 

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu zəif dolları "dünya iqtisadiyyatının problemi" adlandırıb (AFP). 

"Antanta Kapital" investisiya şirkətinin analitiki Maksim Osadçiy isə hesab edir ki, Amerika valyutasının zəifləməsi qızıl ehtiyatlarında da dollar aktivlərinin payının aşağı düşməsinə gətirib çıxaracaq. "Kursun aşağı düşməsi domino effekti verəcək: dolların kursunun ucuzlaşması - dollar aktivlərinin azalması - dolların kursunun ucuzlaşması", - deyə analitik qeyd edib. Bundan başqa, onun sözlərinə görə, dolların ucuzlaşması ABŞ-ın xarici ticarət balansının tarazlaşmasına - idxalın azalması, ixracın artmasına səbəb olacaq ki, bu da uzaq perspektivdə dolların möhkəmlənməsi ilə nəticələnəcək.

"The Banker" və "Euromoney" jurnallarının məsləhətçi redaktoru Nik Kokan da əmindir ki, dollar ucuzlaşmaqda davam edəcək: "Vaxtilə ilə 1 funt-sterlinq 3 dollara bərabər idi. Düşü-nürəm ki, bu tendensiya davam edəcək. ABŞ-ın maliyyə bazarında daxili dəyişkənlik müşahidə olunur. Və bu, ciddi narahatçılıq yaradır".

Dünyanın valyuta bazarında baş verənlərin Azərbaycana təsirinə gəlincə, məlum olduğu kimi, ölkə neftinin ixracının artması ölkəyə neft dollarlarının getdikcə daha çox daxil olmasına səbəb olur. Təbii ki, bu, valyutanın qiymətinin təyin edilməsində əksini tapmaya bilməz. 

Bu gün ABŞ dollarının Azərbaycan manatına nisbətdə kursu rekord həddə minimuma enib və 0,85$-0,84/1 manat diapazonunda dəyişir. İlin əvvəlində Azərbaycanda dolların kursu 0,87, bir neçə il əvvəl isə 0,98 manat olub. "Azərbaycanda dolların kursunun aşağı düşməsinin başlıca səbəbi böyük həcmdə valyuta investisiya mədaxilinin ölkəyə axınıdır. Özü də bu axın dünyada dolların və neftin qiymətinin maksimum həddə olduğu dövrdə baş verirdi. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası davam edir və təbii ki, ölkə iqtisadiyyatının xarici faktorlara həssaslığı yüksəlir. Beləliklə də, dünya iqtisadiyyatında baş verənlər ölkəyə təsir edir", - deyə "TrendCapital" agentliyinin analitikləri bildirir.

Onların fikrincə, dollar-/manat kursu ilin sonuna 0,85$-0,84 manat olaraq qalacaq, lakin bu, dollar/-avro nisbəti ilə sıx şəkildə əlaqəlidir. Bu isə o deməkdir ki, dollar/-avro kursunun hər 1 sent dəyişməsi dollar/-manat kursunda 0,1-,0,15 manat fərqin baş verməsinə səbəb olur.

Milli Bankın rəhbərinin fikrincə isə bu ilin yekununda manat 3-3,5% möhkəmlənə bilər. Azərbaycan hökumətinin proq-nozlarına görə, növbəti 4 il ərzində ölkədə ABŞ dollarının orta illik rəsmi kursu 18,55% enəcək. 2011-ci ilə isə 1 dollar 0,6912 AZN-ə bərabər olacaq. Hökumətdəki mənbələrin məlumatına görə, 2007-ci ildə ABŞ dollarının orta illik rəsmi kursunun 0,8486 AZN olacağı gözlənilir. 2008-2011-ci illər ərzində isə bu göstəricinin hər il 5% aşağı düşəcəyi proqnozlaşdırılır.

 

Milli Bank olmasaydı...

Azərbaycanda manatın kursu ilə bağlı siyasətə cavabdeh olan Milli Bank qısa müddətdə manatın həddindən artıq möhkəmlənməsinə imkan verməyəcək. Belə ki, bu, yerli ixracatçılar üçün sərfəli deyil. "Milli Bank manatın həddindən artıq möhkəmlənməsinin qarşısını almaq üçün tədbirlər görməsəydi, yalnız bu il milli valyuta dollara nisbətən 20% möhkəmlənə bilərdi", - deyə Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib. 

Onun sözlərinə görə, ölkənin maliyyə bazarında il ərzində 1,4 milyard dollar sterilizə edilib: "Bu səbəbdən bu dövr ərzində milli valyuta dollara nisbətən 2,6% möhkəmlənib - neft hasil edən ölkə üçün bu, minimum göstəricidir". Yeri gəlmişkən, Rusiyada bu göstərici 8%, Qazaxıstanda 5%-dən artıq, Venesuelada isə 27%-dir. 

E.Rüstəmovun sözlərinə görə, hazırda bazardakı manat resursları iqtisadiyyatın likvidliyini təmin edə bilər və keçən dövr ərzində ölkədə pul kütləsi 50% artıb.

Əminliklə demək olar ki, 2008-ci ildə də Milli Bank valyuta bazarının ölkədə inflyasiya situasiyasına ciddi təsir göstərməsinə imkan verməyəcək. Demək, manatın kəskin şəkildə möhkəmlənəcəyini gözləmək lazım deyil. 

Bununla yanaşı, təbii ki, vəziyyəti bu il olduğu səviyyədə saxlamaq da mümkün olmayacaq və dövlət büdcəsində dollar/-manat kursunun 0,81$-1 manat kimi daxil edilməsi də bunun göstərir. Odur ki ehtiyatlarını ABŞ dolları ilə saxlayanlar bütün bunları nəzərə alsalar, daha yaxşı olar.

Statisitika isə belələrinin sayının getdikcə azaldığını göstərir. Belə ki, 2007-ci ilin oktyabr ayına olan vəziyyətə görə, xarici valyutada saxlanılan əmanətlərin depozit portfelindəki xüsusi çəkisi son bir ildə 12,9% aşağı düşüb, M3 pul aqreqatında isə bu göstərici 31,4% təşkil edib. 

2007-ci il noyabrın 1-nə (jurnal çap olunan zaman dekabrın məlumatları açıqlanmamışdı - red.) ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici valyuta ilə əmanət və depozitlərin artım tempi 30,5% olub. Fiziki şəxslərin manatla əmanətlərinin artımı da xarici valyuta ilə əmanətlərin həcmindən artıqdır - əhalinin manat ehtiyatları 2,9 dəfə, xarici valyuta ilə əmanətlər isə 54,5% artıb. Fiziki şəxslərin əmanət strukturlarında noyabrın 1-nə xarici valyuta ilə depozitlərin xüsusi çəkisi 61% təşkil edib ki, 2006-cı il noyabrın 1-nə bu göstərici 74,6% olub. Manatla saxlanılan "tələb olunanadək" əmanət və depozitlər bir il ərzində 73,4%, müddətli əmanətlər isə 3,3 dəfə artıb. Nəticədə ümumi portfeldə müddətli depozit və əmanətlərin manatla xüsusi çəkisi ötən ilin oktyabrındakı 33,2%-lik göstəricidən bu ilin oktyabrına 48,4% artıb. 

Fiziki şəxslərin manat əmanətləri hüquqi şəxslərin manat depozitlərinin artım tempini üstələyib və son il ərzində, təxminən, 2,9 dəfə artıb. Uzunmüddətli manat əmanətləri isə il ərzində 2,5 dəfə artıb.

Dünya bazarındakı situasiyanın fonunda milli valyutanın həddindən artıq möhkəmlənməsinin qarşısının alınması üçün görülən tədbirlərlə yanaşı, bu gün Milli Bank daha bir vacib məsələnin həlli ilə məşğuldur: ölkənin strateji valyuta ehtiyatlarının, valyuta kompozisiyasının dəyişdirilməsi. Artıq ölkənin valyuta ehtiyatları Dövlət Neft Fondunun aktivləri və Milli Bankın ehtiyatları da daxil olmaqla, 7 milyard dollara çatıb. Azərbaycanın valyuta bazarının ümumi həcmi isə 10 milyar dollara çatır. E.Rüstəmovun sözlərinə görə, bu gün Milli Bankın ehtiyatlarının 90%-i ABŞ dolları ilə saxlanılır və ölkənin xarici borclarının ödənişi, xidmət və digər məsələlərə məhz bu vəsaitdən istifadə olunur. Gələn il üçün valyuta səbətinin necə olacağı hələ ki hökumətin müzakirəsindədir. Lakin bir məsələ şübhəsizdir: orada dollar az olacaq.


MƏSLƏHƏT GÖR:

394