
ARTIM AMİLLƏRİ
Görünür, neftin qiyməti gələn il də yüksək həddə qalacaq
Müəllif: Nurlana BÖYÜKAĞAQIZI Bakı
"Ucuz neft vƏ hƏddən artıq ucuz təbii qaza arxalana bildiyimiz dövr artıq başa çatmaqdadır"". Hələ cari ilin fevral ayında Hyustonda dünya neft biznesi təmsilçilərinin konfransında verilən bu pessimist proqnozun müəllifi "Chevron Texaco" şirkətinin başçısıdır. Bir ay sonra bunu Venesuela prezidenti də təsdiq etdi: "Dünya ucuz nefti yaddan çıxarmalıdır".
Həqiqətən, bu il, xüsusən də onun son ayları bütün digər hadisələrlə yanaşı, neftin həddən artıq yüksək qiymətilə yadda qalıb. Qiymət dillər əzbəri olan "100 dollar həddi"ni keçməsə də, 99 dollar da elə bir rekord qiymətdir ki, dünyada və ayrı-ayı ölkələrdə iqtisadi duruma hələ uzun müddət təsir göstərəcək. OPEK-in sutkalıq neft istehlakına dair proqnozu 1,3 mln barreldən 1,2 mln barrelə endirməsinin səbəbi də elə yüksək qiymət oldu.
Qeyd edək ki, 1998-2005-ci illərdə 1 barrel neftin qiyməti 10 dollardan 50 dollara qədər qalxdı. Bu, neftin sabit yüksək qiyməti erasının başlanması barədə söhbətlər doğurdu. Lakin belə bir fikir də var ki, qiymətlər müstəsna olaraq süni "şişirtmə" sayəsində belə yüksəkdir və bir gün o, sabun köpüyü kimi partlaya da bilər. Bu yanaşmalardan hansının həqiqətə daha yaxın olduğunu müəyyənləşdirmək üçün 2 sualı cavablandırmaq lazımdır: neftin qiymətində sıçrayış niyə baş verdi? Onların belə yüksək səviyyədə qalmasını nə dəstəkləyir?
Siyasət iqtisadiyyatdan öndədir?
Nəzərə almaq lazımdır ki, neftin vahid qiyməti yoxdur: müəyyən sayda neft çeşidləri var və onların hər biri müəyyən qiymətə satılır. KİV-lər neftin qiymətindən yazarkən, adətən, 2 referens markanı nəzərdə tuturlar: Şimal dənizindən çıxarılan "Brent" markalı və Texasda çıxarılan WTI (West Texas Intermediate). Qiymət siyasəti OPEK ölkələrilə müzakirə olunduqda, sonuncular bölgədə hasil olunan və adları çəkilən markalardan daha ucuz satılan xam neftin qiymətini əsas götürürlər.
Neftin qiymətinin artması bir neçə amilin üst-üstə düşməsi üzündən baş verdi: təklifin kifayət qədər olmaması, artmaqda olan tələb və maliyə fırıldaqları. Təklif hasilat kvotaları müəyyənləşdirilməsi vasitəsilə OPEK tərəfindən əhəmiyyətli dərəcədə tənzimlənir. Təklifin qənaətbəxş olmamasına təsir göstərən digər bir amil Amerika bazarında neft qıtlığıdır. Neftayırma zavodları yerli tələbatı ödəyə bilmədiklərindən, xammalın qiyməti artır.
"The Economist" analitiklərinin fikrincə, daha bir amil neft hasilatının artırılması ehtiyatlarının kifayət qədər olmamasıdır. Neft tədarükündə sapınmaları minimallaşdırmaq məqsədilə OPEK ölkələri uzun müddət əhəmiyyətli ehtiyatlar saxlayırdılar. Məsələn, Səudiyyə Ərəbistanı ənənəvi olaraq belə bir bufer rolunu oynayaraq, İran-İraq, Birinci və İkinci Körfəz müharibələri, Venesuelada 2003-cü il böhranı zamanı təklifin sabit qalmasını təmin edib. Təəssüf ki, Səudiyyə Ərəbistanının istifadə olunmayan ehtiyatları tədricən azalır. Belə şəraitdə, tələblə təklif tarazlığının hətta azacıq pozulması da qiymət sıçrayışları doğura bilər.
Şübhəsiz, siyasi səciyyəli səbəblər də öz işini gördü: müasir dünyada bir çox müharibə və münaqişələrin məhz neftə görə baş verdiyini, yaxud neftlə "pərdələndiyini" indi adi məktəblilər də bilir.
Məsələn, ABŞ-ın dövlət katibi Kondoliza Raysın Avropa və Rusiyaya uranın zənginləşdirilməsi proqramına son qoymaq məqsədilə İrana təzyiq göstərmələri barədə çağırış ünvanlaması qiymətlərin yenidən yüksəlməsinə gətirib çıxardı. Beləliklə, zəifləmiş geosiyasi amil yenidən güc və kəskinlik kəsb edərək, bazara təsir göstərməyə başladı. Rusiyanın "Antanta Kapital" investisiya şirkətinin analitiki Timur Xayrullin qeyd edir ki, İran aşkarlanmış karbohidrogen ehtiyatlarının həcminə görə dünyada üçüncü yeri tutur. Odur ki bu bölgədə qeyri-sabitlik tələbin durmadan artdığı bir vaxtda bazarda təklifin mütləq azalmasına gətirib çıxaracaq. OPEK 2008-ci ildə tələbatın 1,5% artacağını proqnozlaşdırır.
"Bloomberg" agentliyinin məlumatına görə, OPEK üzvləri karbohidrogenlərin qiymətinin artmasını həm də dolların zəifləməsilə də izah edirlər: neft ixrac edən ölkələr onu dollara satır, özləri isə hər şeyi, əsasən, avroya alırlar.
"Sabun köpüyü"
Lakin bir qədər əvvəldə artıq qeyd etdiyimiz kimi, bəzi analitiklər tamamilə əsaslı olaraq sübut edirlər ki, bazarda neftin qiymətləri ətrafında oyunlar, sadəcə, möhtəkirlikdir, həm də son dərəcə sərfəli və çox vaxt siyasi səviyyədə dəstəklənən möhtəkirlik. Məsələn, Beynəlxalq Enerji Agentliyinin baş iqtisadçısı Fatih Birolun fikrincə, Yaxın Şərqdə hasil edilən neftin hər barreli 20 dollardan baha olmamalıdır.
Bir çox hallarda, birja möhtəkirləri qasırğa və ya qəzalar kimi amillərin əhəmiyyətini neftin artmaqda olan kotirovkalarından daha çox gəlir əldə etmək məqsədilə bilərəkdən şişirdirlər. "Lakin möhtəkirlik neft ehtiyatlarının məhdudluğu və siyasi risqlərlə bağlı yaranan durumu bir az da kəskinləşdirir", - deyə ekspert bildirib.
Qeyd etmək lazımdır ki, "BP-Azərbaycan" şirkətinin kommersiya direktoru Fil Houmun açıqlamasına görə, Azəri-Çıraq-Günəşli yataqlar blokunda hasil olunan neftin hər barrelinin maya dəyəri $7 təşkil edir. Bundan $2 neftin hasilatı və emalına, $5 isə nəqlinə xərclənir. Üstəlik, neft hasilatının həcmi artarkən, onun maya dəyəri aşağı düşə bilir.
Beləliklə, neftin barrelinin cəmi bircə dollar bahalaşmasından necə böyük gəlirlər əldə olunduğu göz önündədir. Təbii ki, qiymətlərin yüksək olmasında təkcə hasilatçı şirkətlər maraqlı deyil. Neftdə bir çox investisiya, sığorta fondlarının, neft şirkətlərinin də payı var, çünki hazırda bu sahə çox əlverişlidir. Aydındır ki, büdcələrinə vergi ödədikləri ölkələr də hər barrelin qiymətinin artmasına sevinirlər (bura təkcə ərazisində neft hasilatı aparılan ölkələr deyil, bu və ya digər şirkətin "rezidenti" olduğu ölkələr də daxildir). Başqa sözlə, neftin qiymətinin yüksək olmasında maraqlı olan tərəflərin sayı kifayət qədərdir. Bu, o deməkdirmi ki, indiki tendensiya gələn il də müşahidə olunacaq?
Proqnoz vermək səmərəsiz məşğuliyyətdir
Hazırda dünya səviyyəli analitiklər belə bir rəyə gəlirlər ki, dünyadakı qeyri-sabit durumu, bəzi ölkələr arasında ziddiyyətlərin kəskinləşməsini, həmçinin OPEK-in neft hasilatı kvotalarını artırmamaq vədini nəzərə alaraq, neftin yüksək qiyməti gələn il də aktual mövzu olaraq qalacaq. Xatırladaq ki, OPEK neft nazirlərinin dekabrın 5-də Əbu-Dabidə keçirilən müşavirəsində neft hasilatı həcmlərini cari səviyyədə saxlamaq qərara alınıb. Bundan başqa, kartel üzvləri 2008-ci ilin yanvar ayında OPEK-in əlavə sammitini keçirmək və orada da hasilatın cari səviyyəsinin dəyişdirilməsi məsələsini müzakirə etmək barədə də razılığa gəliblər.
Neft və qaz üzrə analitik Timur Xayrullin hesab edir ki, qiymətlərin yüksək olaraq qalmasını dəstəkləyən amillər var - neftə tələbatın artması (ilk növbədə, Çində), dünya hasilatında qeyri-sabit bölgələrin (İran, İraq, Nigeriya, Venesuela) əhəmiyyətli payının olması, dolların zəifləməsi, uzunmüddətli perspektivdə gəlirlərin maksimallaşdırılmasında maraqlı olan OPEK-in sanballı rolu. "Trend Capital" agentliyinə müsahibəsində analitik deyib: "Eyni zamanda, neft bazarında təshihlərə gətirib çıxara bilən amillər də mövcuddur - dünyada ən böyük neft istehlakçısı olan ABŞ iqtisadiyyatının səngiməsi, hedc fondlarının əmtəə bazarlarında əməliyyatlara marağının mümkün olan azalması. Nəticədə, biz neft bazarında yüksək volatillik və "Urals" markalı neft üçün hər barrelə görə $80 civarında orta qiymət gözləyirik".
"Alfa Bank"ın neft-qaz sahəsi üzrə analitiki Konstantin Batunin isə qeyd edir ki, tələb və təklifdən savayı, neftin qiymətlərinə təbii kataklizmlər də təsir göstərir. Neft bazarına Yaxın Şərqdəki amillər, məsələn, İrandakı durum böyük təsir göstərməkdə davam edəcək. 2008-ci ildə neftin orta qiyməti indiki səviyyədən aşağı olacaq.
"ATON" investisiya şirkətinin analitiki Artyom Konçinin fikrincə isə, 2008-ci ildə neftin qiyməti cari qiymətdən bir qədər yüksək olacaq və müvafiq trendi nəzərə alaraq, gələn il neftin qiyməti hər barrelə görə $115-120 təşkil edəcək.
"BP Capital LLC" hedc fondunun başçısı Bun Pikens də hesab edir ki, neftin qiyməti hər barrelə görə $100 səviyyəsinə, yəqin ki, irəlidəki 6 ay ərzində yetişəcək. O, OPEK-in 5 dekabr sammitində hasilat kvotalarının artırılmaması barədə qərarının gözlənilən olduğunu qeyd edib. Pikensin fikrincə, OPEK-in "qara qızıl" hasilatını köklü şəkildə artırmaq üçün kifayət qədər istehsal gücü yoxdur. O, dünyada gündəlik tələbatın, təxminən, 88 mln barrel, tədarükün isə, təxminən, 85 mln barrel olduğunu qeyd edib və bildirib ki, onun hesablamalarına görə, belə disbalans mütləq qiymət artımı doğuracaq.
Bununla yanaşı, OPEK-in baş katibi Abdulla əl-Bədri bildirib ki, neftin qiymətinin hər barrel üçün $100 həddini aşması üçün heç bir əsas yoxdur.
Bu məsələyə dair Rusiyanın "Kommersant" qəzetinin baş redaktorunun müavini, politoloq Azər Mürsəliyev və Rusiya Neft-qaz Sənayeçiləri İttifaqının sədri Yuri Şafranyuk ümumiləşdirilmiş rəylər veriblər. Birincinin sözlərinə görə, hazırda paralel olaraq iki meyl nəzərə çarpır: neftin qiymətinin artması və dolların məzənnəsinin aşağı düşməsi. Neftin qiymətinin yüksəlməsində əsas amil Hindistan və Çin kimi inkişaf etməkdə olan ölkələrdə istehlakın artması olduğu halda, dolların ucuzlaşmasındə əsas amil ABŞ siyasətilə bağlıdr. 2008-ci ildə ABŞ-da seçki olacaq və güman ki, indiki administrasiya neft şirkətlərinin səmərəli işləmələri üçün sabit təməl yaratmağa çalışacaq. Bu isə o deməkdir ki, neftin qiyməti, ən azı, indiki səviyyədə qalacaq.
Y.Şafranyuk da hesab edir ki, İran ətrafında durum kəskinləşməyəcəyi halda, neftin qiyməti $100/ barrel səviyyəsindən o qədər də yuxarı olmayacaq. "Keçən əsin sonlarında neftin dünya qiymətləri əhəmiyyətli dərəcədə azaldılmışdı. İndi onların qalxması yeni istehlakçılara, ilk növbədə, Hindistan və Çinə, üstəlik, qiymətlərin uzun müddət cilovlanmasına cavab reaksiyasıdır. O da var ki, indiki dollara çevirərkən, hazırkı qiymətlə neftin 1979-1983-cü illərdəki qiyməti müvafiqdir", - deyə o bildirib.
MƏSLƏHƏT GÖR: