15 Mart 2025

Şənbə, 00:32

"ŞİMALA YOL" TƏMİZLƏNİR

Azərbaycan-Norveç münasibətləri inkişaf üçün güclü impuls alıb

Müəllif:

15.12.2007

"Norveç" (ingiliscə Norway) "şimala yol" anlamını verir ki, bu da çox güman ki, Avropanın şimalındakı son dövlət olan  Skandinaviya ölkəsinə ən uyğun gələn addır. Azərbaycan diplomatiyası da dekabrın əvvəlində nisbətən cənubda yerləşən Madriddə ATƏT-in nazirlər sammitindəki qızğın siyasi debatları başa vuraraq, məhz bu "yol"a çıxıb. 

Azərbaycanla Norveç arasında müasir əlaqələrin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1996-cı ilin aprelində bu ölkəyə səfər edən mərhum prezident Norveç rəhbərliyi ilə ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib. O vaxtdan iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. 1998-ci ilin martında Milli Məclisin spikeri, 2000-ci ilin fevralında xarici işlər naziri, 2001-ci ilin fevralında isə baş nazir Norveçə səfər edib. Bu əlaqələri şərh edərkən, qeyd olunmalıdır ki, o, Bakı ilə Oslo arasında olan münasibətlərin, xüsusilə də energetika və humanitar sahələrdə möhkəmlənməsinə səbəb olub.

Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarovun Norveçə son səfəri isə iki ölkə arasında əməkdaşlığın inkişafına yeni impuls verib. Səfərin əsas hadisəsi E.Məmmədyarov ilə onun norveçli həmkarı İonas Qor Styor arasında baş tutan görüş olub. Azərbaycan və Norveçin Xarici İşlər nazirliklərindən (XİN) verilən məlumata görə, sözügedən görüş zamanı tərəflər siyasi, humanitar və enerji sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycanın Norveçin də üzv olduğu NATO ilə əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Bununla yanaşı, qeyd edilməlidir ki, bir çox digər Avropa paytaxtları kimi, Oslo da Azərbaycana Avropanın coğrafi və siyasi məkanının şərq sərhəddi kimi baxır və hesab edir ki, Azərbaycan Yaxın Şərq və Mərkəzi Asiyada ümumavropa siyasətinin formalaşdırılması üçün özünəməxsus "pəncərə"dir. Bu səbəbdən Bakının mövqeyi və onun regional situasiya ilə bağlı baxışları Norveç diplomatiyası üçün böyük əhəmiyyət kəsb edir.

Osloda aparılan danışıqların vacib sayılacaq nəticəsi isə iki ölkənin xarici işlər nazirlərinin Azərbaycan Respublikası və Norveç Krallığı arasında dostluq münasibətləri və əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə Bəyannaməyə imza atmasıdır. İ.Qor Styora bu sənədi ikitərəfli əməkdaşlığın inkişafı üçün "yol xəritəsi" adlandırıb. Bəyannamədə iki ölkənin regional siyasət və beynəlxalq münasibətlərə dair aktual məsələlərə eyni yanaşmaya malik olmaları ilə yanaşı, Azərbaycanla Norveçin beş prioritet sahədə əməkdaşlığı ilə bağlı atılmalı olan konkret addımlar və təşəbbüslər də əksini tapıb. Söhbət siyasət və təhlükəsizlik, ticarət və investisiya, energetika və ətraf mühitin mühafizəsi, humanitar (təhsil, mədəniyyət, elm və vətəndaş cəmiyyəti) və nəhayət, diplomatik kadrların ixtisasının artırılması sahələrindən gedir. 

Prinsipial əhəmiyyət daşıyan məqam isə bəyannamədə Norveçin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunması və beynəlxalq aləm tərəfindən tanınan sərhədləri çərçivəsində həllinə dəstək verməsi haqda fikirlərdir.

Humanitar sahədə əməkdaşlığa gəlincə, Norveçin bu sahədə Azərbaycanın nəhəng tərəfdaşı olduğu qeyd edilməlidir. Oslo öz təşəbbüsü ilə Azərbaycanda keçirilən 12 humanitar layihənin iştirakçısıdır və bu layihələrin ümumi büdcəsi təxminən 50 milyon dollar təşkil edir. Xüsusilə, Norveçin qeyri-hökumət və humanitar təşkilatları Azərbaycanda qaçqın və məcburi köçkünlərə dəstək, vətəndaş cəmiyyəti və demokratik institutların inkişafı sahələrində, həmçinin ATƏT-in Bakı ofisinin köməyilə ekoloji və iqtisadi sahələrdə, Azərbaycanın mədəni irsinin qorunması və inkişafı, iki ölkə universitetləri arasında əməkdaşlığın inkişafını nəzərdə tutan layihələr həyata keçirir. 

Norveçin bu istiqamətdə - ekologiyanın mühafizəsi, insan resurslarının inkişafı, sağlamlıq və uşaqların mühafizəsi, Avropanın mədəni irsinin qorunması və inkişafı kimi sahələrdə fəallığı Oslonun siyasətində Avropa İttifaqının "yeni qonşuları"na münasibətin prioritet təşkil etməsi ilə əsaslandırılır.

E.Məmmədyarovun səfərinin "energetika komponent"i də kifayət qədər məzmunlu olub. O, Osloda Norveçin neft və energetika naziri Yosloq Xaqa, bu nazirlik üzrə dövlət katibi Liv Monika "Stabholt" və "StatoilHydro" şirkətinin prezidenti Xelqe Lundla da bir araya gəlib. Bu görüşlərdə neft və qaz sahələrində ikitərəfli əməkdaşlıq, hər iki ölkənin iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin perspektivlərinə dair müzakirələr aparılıb. Azərbaycan XİN-dəki mənbənin bildirdiyinə görə, görüşdə Norveç tərəfi Bakıya "StatoilHydro" şirkətinin regional fəallığı üçün baza məntəqəsi kimi baxdıqlarını etiraf edib. Qeyd edək ki, Norveçin bu şirkəti ikitərəfli tərəfdaşlığın "lokomotivi" rolunu oynayır. O, Azərbaycanda həyata keçirilən bütün aparıcı enerji və nəqliyyat layihələrində iştirak edir. "Azəri-Çıraq-Günəşli" (bu layihədə qurum 8,56% paya sahibdir), "Şahdəniz" (25,5%), "Bakı-Tbilisi-Ceyhan" (8,71%) və "Bakı-Tbilisi-Ərzurum" (25,5%-lə kommersiya operatoru) layihələrini bu sıraya aid etmək olar. Şirkət eyni zamanda, təhsil və mədəniyyət sahələrində bir sıra layihələrin reallaşdırılmasında da iştirak edir. Yeri gəlmişkən, "StatoilHydro" Azərbaycanda artıq iştirak etdiyi layihələrlə kifayətlənmək fikrində deyil və "Şahdəniz" yatağının bəzi məlumatlara görə, 8-10 milyard kubmetr qaz ehtiyatına malik 2-ci fazasının istismara verilməsində pay sahibi olmağa səy göstərməyi düşünür. Bundan başqa, Norveç paytaxtında Elmar Məmmədyarovun apardığı məsləhətləşmələrdə Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsinə  də  xüsusi diqqət ayrılıb ki, bu da tamamilə qanunauyğundur. Norveçin Avropanın təbii qaza olan tələbatının 16%-ni təmin etdiyini, Azərbaycan diplomatiyasının da Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə istiqamətləndiyini nəzərə alsaq, tər?flərin bu sahədə fikir mübadiləsi aparması və əməkdaşlığı ikitərəfli əlaqələrin vacib elementidir.

Qeyd etmək lazımdır ki, Norveçin, dünyanın 40 ölkəsində fəaliyyət göstərən və neft ixracına görə, üçüncü yeri tutan "StatoilHydro" enerji şirkətinin Azərbaycanda mövcudluğu yalnız ölkə nefti ilə əlaqədar beynəlxalq layihələrin həyata keçirilməsi baxımından deyil, həm də iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafı baxımından əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcminə görə, Norveç 161 milyon dollarlıq (bu ilin doqquz ayına görə) sərmayə ilə dördüncü yeri tutur. Qarşılıqlı ticarət dövriyyəsinə gəlincə, bu rəqəm o qədər də böyük deyil ki, bunu da hər iki ölkənin şirkətlərinin ölkələrinin potensialı haqda yaxşı məlumatlandırılmaması ilə əsaslandırmaq mümkündür. Bu imkanlar, xüsusilə də Norveç tərəfinin imkanları çox yüksəkdir. Bu imkanlar isə, xüsusilə Norveç tərəfində, böyükdür. Neft və qaz idxalı hər il böyük büdcə profisitinə gətirib çıxarır (2006-cı ildə $60 mlrd) ki, bu da hər il milyardlarla dollar sərbəst vəsait deməkdir. Məhz bu vəsaitlərdən Azərbaycan-Norveç əməkdaşlığında səmərəli istifadə etmək olar. 

Prezident İlham Əliyevin milli iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet kimi göstərməsini nəzərə alsaq, Norveçin böyük təcrübəyə sahib olduğu sahələrdə birgə investisiya layihələrinin reallaşdırılması perspektivli görünür. Buraya, əsasən, qida və balıqçılıq sənayesi, içki məhsullarının keyfiyyətinə nəzarət, gəmiçilik, toxuculuq və sellüloz sənayesi kimi sahələri aid etmək olar. Bu isə öz növbəsində qarşılıqlı ticarət dövriyyəsinin artmasına və ölkəmizin iqtisadiyyatının güclənməsinə səbəb ola bilər.

Ümumilikdə, E.Məmmədyarovun Osloya səfəri Azərbaycan-Norveç münasibətlərinin inkişafının 15 illik mərhələsinin yekunu idi və əlaqələrin bundan sonrakı inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. "Norveç Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır və bu səbəbdən Birgə Bəyannamə daha sıx siyasi, iqtisadi və humanitar əlaqələrin çərçivəsini müəyyən edir", - deyə Norveçin xarici işlər naziri İ.Qor Styor azərbaycanlı həmkarı ilə danışıqların yekununda bildirib.


MƏSLƏHƏT GÖR:

428