
XULİQANLAR, YOXSA "SOSİAL GETTO"NUN QURBANLARI?
Jak Şirakdan fərqli olaraq, Nikolə Sarkozi immiqrant gənclərlə "küçə döyüşü"ndən qalib çıxmaq fikrindədir
Müəllif: Eldar PAŞAYEV Bakı
Bütün bunlar Fransanın böyük şəhərlərinin "çətin məhəllələr" adlandırılan ərazilərində gənclərin iştirakı ilə baş vermiş iğtişaşların yalnız bir hissəsidir. Onları törədənlər isə, əsasən, mühacirlərin uşaqlarıdır. Məsələn, bu ilin martında metroda yaşanan insidentə səbəb Məğribdən (Misirlə Ərəbistan yarımadası arasında yerləşən ərazi) olan gəncin qatara biletsiz daxil olduğu zaman onu dayandırmaq istəyən nəzarətçini vurması olub. "Qəhrəman"ın dostları isə öz növbələrində bildiriblər ki, təhlükəsizlik xidmətinin əməkdaşları gənclə həddindən artıq kobud davranıb.
Praktik olaraq, 2005-ci ildə Klişi-su-Buada və bu il Vilye-le-Beldə baş verən kütləvi iğtişaşların səbəbi eynidir. İki il əvvəlki qarışıqlığa xırda qanun pozuntusuna görə polis tərəfindən təqib olunan iki ərəbəsilli yeniyetmənin faciəli ölümü səbəb olmuşdu. Asayiş keşikçilərindən yaxa qurtarmaq istəyən yeniyetmələr transformatora giriblər və nəticədə cərəyan vurması nəticəsində həlak olublar. Uşaqların valideynləri baş verənlərdə birmənalı olaraq, polisləri günahlandırıb.
Vilye-le-Beldə baş verən iğtişaşlara isə Mərakeş və Seneqal əsilli 15 və 16 yaşlarında iki yeniyetmənin yol qəzası zamanı həlak olması rəvac verib. Onlar oğurladıqları motosikleti yüksək sürətlə idarə edən zaman polis maşınına çırpılıblar. Uşaqların valideynlərinin bildirdiklərinə görə, hadisə zamanı polislər qəzanın baş verdiyi ərazidən qaçaraq gizləniblər və yeniyetmələrə ilkin yardım belə göstərməyiblər.
Hazırda həm Fransanın, həm də digər ölkələrin (çünki problem digər dövlətlərə də aiddir) siyasətçiləri və ekspertləri baş verən iğtişaşların "xuliqanlıq hərəkətləri", sosial köklərə malik olan "ədalətli qəzəb" və ya "terrorizm" adlandırması ətrafında qızğın mübahisə aparırlar. Mühacirlərin yaşadıqları kvartallarda baş verənlərə bu adlardan istəniləni aid etmək olar... Bununla yanaşı, unutmaq olmaz ki, bu olaylara verilən istənilən ad, həmçinin qarşıda belə halların baş verməməsi üçün həyata keçirilən tədbirlər ciddi nəticələr verəcək. Və əlbəttə ki, ilk növbədə, yaşananların kökü və əsl səbəbləri ilə məşğul olunmalıdır.
"Le Mond" qəzetinin noyabrın 29-da nəşr olunan nömrəsində yazdığı kimi, belə halların yaşanmasının əsas səbəbləri işsizlik, yoxsulluq və cinayətkarlıqdır. Hətta mühacirlərin yaşadığı məhəllələrə aid yeni ifadə də meydana çıxıb - "sosial getto". Yerli müşahidəçilər, ekspertlər və şahidlər bildirir ki, sözügedən məhəllələrin hər birinin öz "qanunları" var - orada kölgə iqtisadiyyatı, narkotik alveri, cinayətkarlıq və s. əməllər hökm sürür. Bu "əsirlik"dən çıxmaq isə, istəyin güclü olduğu halda belə, çox çətindir. Odur ki Vilye-le-Bel küçələrindəki nisbi sakitliyi hər şeyin qaydada olması kimi qələmə vermək olmaz. İğtişaşların işartısı ətraf rayonlarda hələ də qalır və bu, istənilən an hadisələrin yenidən geniş vüsət alması təhlükəsini real edir.
İndi Fransa hakimiyyəti, xüsusilə də prezident Sarkozi tam diqqətli olmalı və "ağı qaradan ayırmağı" bacarmalıdır". Çünki bircə səhv situasiyanın tamamilə nəzarətdən çıxmasına səbəb ola bilər.
İlk növbədə, mühacirlərin yaşadıqları ətraf şəhərlərin niyə "təhlükəli rayonlar" adlandırılmasının səbəbini bilmək olduqca vacibdir. Necə oldu ki, onlar "sosial getto"ya çevrildi? Bu gün Vilye-le-Belinin 27 minlik əhalisinin 80%-ni Yaxın Şərq və Şimali Afrika əsillilər təşkil edir. Onların 40%-nin yaşı 25-dən azdır, 40%-i isə ümumiyyətlə işsizdir. Şəhərcikdə ümum-itəhsil ocaqları çatışmır, demək olar ki, heç bir müəssisə yoxdur, infrastruktur son dərəcə "axsayır". Nəqliyyat problemləri xüsusilə çoxdur. Bu səbəbdən də həmin ərazidə yaşamaq gənclər üçün, məhkəmə hökmü kimi bir bəladır.
Fransaya gələn müstəqil ekspertlərin bir hissəsi bildirir ki, yerli fransızlar mühacirlərin özlərini tamhüquqlu vətəndaş saymasına mane olurlar. Bu, xüsusilə onların işə qəbul zamanı problemlə üzləşməsində özünü göstərir. "Qardian" nəşrinin ötən yay keçirdiyi sorğu göstərib ki, Fransa şirkətlərinin 3/4-ü işə ağdərililəri götürməyə üstünlük verir. Digər "rəngli" insanlar, hətta yaxşı "ilkin kapital"a, təhsilə və ailə vəziyyətinə malik olduqları halda belə, çətinliklərlə üzləşirlər.
Elə isə "rəngi", dini və ad-soyadı fransızlardan fərqlənən, üstəlik də, "sosial getto"da böyüyən gənc-lərin axırı nə olacaq? Bununla yanaşı, baş verənlərdə yalnız Fransa hakimiyyətini günahlandırmaq düzgün olmazdı. Birincisi, ölkədə qeyri-qanuni mühacirlərin sayı həddindən artıq çoxdur (bəzi hesablamalara görə, onların sayı 400 minə çatır). Yerli hakimiyyət isə onların hamısını işlə təmin etməyə borclu deyil. Bu sahədəki problemlər, hətta Senatda xüsusi qanun layihəsinin qəbuluna gətirib çıxarıb. Yeni sənədə əsasən, Fransaya burada yaşayan "ailəsi" və ya "qohum-əqrəbası"na qovuşmaq üçün gəldiyini iddia edən mühacirlərdən qan analizi götürü-ləcək. Yəni onlar "doğma" adlandırdıqları Fransa vətəndaşları ilə, doğrudan da, qohum olduqlarını sübuta yetirməlidirlər. Bundan başqa, həmin şəxslər fransız dili, ölkə mədəniyyəti üzrə testlərdən keçməli, həmçinin Fransada yaşayan valideynlərinin (qohumlarının) onları yaşamaq üçün xərclər və işlə təmin edəcəklərinə dair sübutlar ortaya qoymalıdırlar.
Qeyd edək ki, DNK analizi ilə bağlı qanun artıq Avropa İttifaqının 12 ölkəsində qüvvədədir. Fransada isə bu qanunun qüvvəyə minməsi Nikolə Sarkozinin hakimiyyətə gəlişindən sonra mümkün olub.
Yeri gəlmişkən, onun özü də mühacir əsillidir (atası ötən əsrin 40-cı illərində Fransaya Macarıstandan gəlib, ana babası isə Yunanıstanın Fessaloniki şəhərindən olan yəhudidir). Ümumiyyətlə, Fransa əhalisinin 1/3%-i özünü 100% fransız adlandıra bilməz. Ölkənin keçmişdə böyük müstəmləkəyə malik olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil.
Bundan başqa, Fransa hökuməti daim bu və ya digər ölkədə müəyyən problemlər üzündən yaşaya bilməyən insanlara sığınacaq verməsi ilə məşhur olub.
Qeyd etmək lazımdır ki, heç də bütün mühacirlər fransız olmağa çalışmırlar. Onlardan çoxu fransız dilini bilmir və öyrənməyə də çalışmır, öz icmaları və "öz qanunları" əsasında yaşayırlar. Onlar yalnız öz aralarında dostluq edir, bir-birinə qonaq gedir, yalnız özlərinə məxsus bayramları qeyd edir, ən başlıcası isə yalnız "özününkülər"lə nikaha girirlər. Mühacirlərin mənəvi və mədəni dəyərləri ənənəvi olaraq, Avropa dəyərlərindən çox uzaqdır. Onları Fransa ilə yalnız vətəndaşlıq birləşdirir.
Müasir kommunikasiyaların meydana çıxması da, "qəbul edən ölkə" üçün xoşagəlməz fəsadlar yaradıb. Məsələn, illər əvvəl doğma diyarlarla yalnız telefon vasitəsilə əlaqə yaratmaq mümkün idisə, hazırda İnternet, peyk televiziyası, mobil telefonlar, həmçinin CD və DVD disklər mühacirlərin öz ölkələrinə aid filmlərə baxmasına, musiqiləri dinləməsinə asan şərait yaradıb. Ekspertlərin sözlərinə görə, dördüncü nəsil mühacirlər belə, yerli əhali ilə assimilyasiya olunmur. Çünki belə olan halda, onlar öz "tarixi vətən"lərində də yad hesab olunacaqlar.
"La Fiqaro" qəzetində hələ ötən il dərc olunan sorğunun nəticələrinə əsasən, köklü fransızların yarıdan çoxu hesab edir ki, Fransanı sevməyən və özünü fransız saymayan insanlar ölkəni tərk etməlidirlər.
Yeri gəlmişkən, millətçi Le Penin bu çoxdankı ideyasından seçkiqabağı kampaniya dövründə Nikolə Sarkozi bacarıqla istifadə edib.
...İstifadə etməyinə, edib. Amma problem hələ də qalır. Əgər 2005-ci ildə hücumlar, əsasən, ictimai binalara edilirdisə, bu dəfə hədəfdə polislər və jurnalistlərdir. Hətta asayiş keşikçilərinin Paris yaxınlığında "əsl şəhər partizanları" ilə üzləşməsinə dair məlumatlar da yayılıb.
Ölkənin baş naziri Fransua Fiyon iğtişaş iştirakçılarını "cinayətkar" adlandırıb. Daxili işlər naziri Mişel Alo-Mari isə hesab edir ki, baş verənlər əvvəlcədən diqqətlə plan-laşdırılan ssenari üzrə həyata keçirilib.
Bütün bunlarla yanaşı, bir məqam da qeyd edilməlidir ki, Vilye-le-Beldəki iğtişaşlar Parisdə nəqliyyat işçilərinin kütləvi şəkildə tətil edərək, paytaxtı faktik olaraq, iflic durumuna salması ilə eyni vaxta təsadüf edib. Yeri gəlmişkən, fransızları işə velosipedlə gedib-gəlməyə məcbur edən bu tətil nəticəsində ölkəyə külli miqdarda ziyan dəyib. Xatırladaq ki, tətilə səbəb hökumətin "xüsusi pensiya rejimi"nin ləğvinə qərar verməsi olub (bu sistem nəqliyyatçılara digər işçilərlə müqayisədə pensiyaya 2,5 il tez çıxmaq kimi üstünlük verir). Bununla yanaşı, çoxlu sayda müəllim, məmur, səhiyyə işçisi, energetik, poçt və bank əməkdaşları, aeroport işçiləri də əməkhaqlarının artırılmasını tələb edir.
Təhsil sahəsində başlanan islahatlar isə tələbələrin də ayağa qalx-masına səbəb olub. Onlar ali məktəblərin şəxsi sponsorlar tərəfindən maliyyələşdirilməsini mümkün edən qanunun qəbuluna qarşı çıxırlar. Tələbələr hesab edir ki, bu halda sui-istifadə halları təhsilin pullu olmasına gətirib çıxara bilər.
Xatırladaq ki, bütün bu etirazlar noyabrda, hətta məşhur Sarbonna Universitetinin müvəqqəti bağlanmasına da səbəb olmuşdu.
Bütün bunların fonunda immiqrantlarla bağlı problem daha qabarıq görünür. Ölkədə baş verənlərin qızğın siyasi diskussiyalara səbəb olması isə təbiidir. Müxalifətçi Sosialist Partiyası hakimiyyətdə olan sağçı mühafizəkarları daha sərt tənqid edir. Onların fikrincə, hakimiyyət son iki ildə mühacir ailələrindən olan gənclərin sosial inteqrasiyasına dair proqramların heç birini icra etməyib.
Millətçilər isə Sarkozidən narazıdırdar, amma tamam başqa səbəbdən: onlar prezidentdən seçki kampaniyasında vəd olunan "sərt tədbirlər"in həyata keçirilməsini gözləyirlər.
Həqiqətən də, 2005-ci ilin payızında olduğu kimi, 2007-ci ilin payızında da gənclərin qiyamı zamanı "barrikadanın əks tərəfində" Nikolə Sarkozi olub - ilk dəfə daxili işlər naziri, ikinci dəfə isə prezident kimi. Vilye-le-Beldə iğtişaşlar başlayan zaman o, Çində səfərdə idi. Lakin hadisələr haqda xəbər tutan kimi, səfəri yarımçıq kəsərək, vəziyyətə nəzarəti ələ almaq üçün Parisə dönüb. Vətənə çatan kimi nazirlərin təcili toplantısını keçirən prezident daha sonra baş nazir və daxili işlər naziri ilə birlikdə yüzlərlə polis qarşısında çıxış edib. Bundan başqa, Sarkozi Vilye-le-Belin meri ilə görüşüb, toqquşmalarda xəsarət alan polislərin müalicə olunduğu xəstəxanaya baş çəkib, həlak olan yeniyetmələrin valideynləri ilə bir araya gəlib. O, baş verənlərlə bağlı mövqeyini də açıq şəkildə ortaya qoyub: Yelisey Sarayı kompromisə getməyəcək və iğtişaşların iştirakçıları qanun çərçivəsində ən sərt cəzaya məruz qalacaqlar.
Polislər qarşısında çıxışı zamanı prezident bildirib ki, o, "hər bir cinayətkara ictimaiyyətin qurbanı, hər bir talana isə sosial problem kimi baxmağı düşünmür". "Vilye-le-Beldə baş verənlərin sosial böhranla heç bir əlaqəsi yoxdur. Bu, yüz faizlik xuliqanlıqdır. Gənc fırıldaqçılar cəzadan yaxa qurtara bilməyəcəklər və residivistlər cəzalarını almalıdırlar. Yay üçün biz müvafiq qanunlar qəbul edəcəyik və hamı anlayacaq ki, onlar türmədən yaxa qurtara bilməyəcəklər", - deyə Nikolə Sarkozi qeyd edib.
Artıq hüquq-mühafizə orqanlarına parisətrafı rayonlarda silahların yığılmasına dair sistemli əməliyyata başlanması ilə əlaqədar göstəriş verilib. Bununla yanaşı, Sarkozi Vilye-le-Beldə iki yeniyetmənin dünyasını dəyişməsində günahı olan polislərin də cəzalandırılacağını bəyan edib.
Bununla əlaqədar olaraq, ekspertlər və müşahidəçilər bildirir ki, Sarkozinin 2005-ci ilin analoji hadisələri zamanı topladığı təcrübə bu dəfə onun karına gəlib. Həmin vaxt daxili işlər naziri postunu tutan Sarkozinin beynində hazırda konkret variantlar var və o, hadisələrin iştirakçılarının nazı ilə oynamaq fikrində deyil.
Hər halda, iki il əvvəl baş verənlərin qarşısının alınması üçün 3 həftə lazım gəlmişdi. O zaman bütün ölkə ərazisində avtomobillər yanır, problemin "milli miqyas" almasından danışılırdı. Bu dəfə isə Sarkozi oxşar fikirlərin yaranmasına imkan verməyərək iğtişaşları maksimum qısa müddətdə yatırmağı bacardı. Artıq hər şey Fransa hakimiyyətinin hədələyici vədlərinə əməl edə bilib-bilməməsindən asılı olacaq.
Bununla yanaşı, iki hadisə arasında başqa fərq də var. Sarkozi hər halda, sosial problemin mövcudluğunu, həmçinin "uzun illər nəzarət edilməyən immiqrasiyanın, ictimaiyyətə inteqrasiya olunmayan insanların yaratdıqları gettonun mövcudluğunu" etiraf edib. Prezidentin mühacirlər yaşayan məhəllələrin sakinlərilə bağlı gələn ilin yanvarından etibarən xüsusi planın icrasına başlanacağına dair vədi deyilənlərə sübutdur. Sarkozi onu da bildirib ki, ətraf şəhərlərdə yaşayış səviyyəsinin yüksəldilməsi daxili siyasətin prioritetlərindəndir. Dövlət başçısının sözlərinə görə, bundan sonra o, "təhsil və iş, ailə və yaşayış yeri əldə etmək istəyənlərlə daha mehriban olacaq, ətraf mühiti zəhərləndirmək məqsədi güdənlərlə isə sərt davranacaq".
Bir məqam da nəzərə alınmalıdır ki, Sarkozinin təcrübəsi sayəsində hazırda hökumətdə məğribəsilli şəxslər də təmsil olunublar - qiyamçılarla danışıqlarda hökuməti vaxtilə ərəb qadınları təşkilatına rəhbərlik etmiş Fadel Amar təmsil edirdi. Qeyd edək ki, hazırda o, şəhər siyasəti üzrə dövlət katibi vəzifəsində çalışır.
Bütün bunlarla yanaşı, Sarkozinin həyata keçirdiyi tədbirlərin uğurla nəticələnəcəyinə şübhə edənlər də var. Hazırda fransızların öz prezidentlərinə inamı azalan xətt üzrə gedir. Bir müddət əvvəl isə təşəbbüs qrupu yerli mətbuatı "siqaretsiz gün" kampaniyası kimi, "Sarkozisiz gün" elan etməyə çağırıb. Qrup hesab edir ki, həmin gün mətbuatda prezident və onun fəaliyyəti ilə bağlı heç bir informasiya yer almamalıdır. Bundan başqa, iğtişaşların yatırılmasından bir neçə gün sonra, toqquşmalarda iştirak edən bir neçə nəfər də daxil olmaqla, 30-dək gənc Sarkoziyə açıq məktub ünvanlayıb. Məktubda bildirilir ki, xuliqanlar onlar yox, həmin gənclərə "fransızların uşaqlarından fərqli yanaşanlar", "ətraf şəhərlərə yaxşı müəllimlər cəlb edə bilməyənlərdir".
Beləliklə, istənilən halda, Nikolə Sarkozi mühacir məhəllələri ilə bağlı problemi "yeni Marşal planı" ilə - ya sərt tədbirlər, ya da güzəştlərlə çözməli olacaq... Fəaliyyətsizlik nə qədər çox çəkərsə, problem o qədər ciddiləşir, iğtişaş alovu asta-asta közərir. Nə qədər ki bu köz sönməyib, Fransanın sabitliyi də təhlükə altındadır.
Sarkozinin siyasi karyerası kimi...
MƏSLƏHƏT GÖR: