
"ƏSAS PRİNSİPLƏR" VƏ PRİNSİPİAL MANEƏ
Rəsmi Yerevanın tutduğu mövqe Qarabağ münaqişəsinin həlli yolunda əsas maneə olaraq qalır
Müəllif: NURANİ Bakı
"Biz mƏmnuniyyƏtlƏ qeyd edirik ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin qarşıdan gələn ildə də davam etdirilməsinə razılıq veriblər". ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bəyanatında əks olunan bu fikirlər, demək olar ki, bütün regional mətbuatda yer alıb. XİNŞ gözlənildiyi kimi, problemin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişə tərəfləri ilə birlikdə problemin sülh yolu ilə çözülməsinin baza prinsiplərinin hazırlaması istiqamətindəki səylərini dəstəkləyib: "Biz qəti şəkildə tərəfləri son narazı məqamların da aradan qaldırılmasına, bununla həllin ümumi konsepsiyasının hazırlanmasına, bu əsasda ümumi sülh razılaşmasının hazırlanmasının başlanmasına çağırırıq".
Prinsipcə, XİNŞ-in bu bəyanatı ATƏT üzvü olan ölkələrin ümumi siyasi iradəsi kimi, zərif bir dövrdə - 2008-ci ildə həm Azərbaycanda, həm də Ermənistanda prezident seçkisi keçiriləcək - münaqişənin həlli prosesini irəli aparmalı idi. Prosesdə konkret diplomatik fəaliyyətlə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanla görüşdən sonra verdikləri birgə bəyanatda bildirilir ki, vasitəçilər ilk dəfə olaraq, münaqişə tərəflərinə yazılı təkliflər paketi (sülh razılaşmasının əsas prinsipləri) təqdim ediblər.
Həmsədrlərin sözlərinə görə, onlar tərəfləri danışıqlar prosesinin hazırkı mərhələsinin başa çatdırılmasının vacibliyinə, mümkün qədər tez bir zamanda "əsas prinsiplər" əsasında sülh razılaşmasının işə salınmasına başlanmasının lazımlığına inandıra biliblər. Bundan başqa, həmsədrlərin səyi nəticəsində son üç ildə Azərbaycan və Ermənistanın mövqelərində xeyli yaxınlaşmaya nail olunub və artıq danışıqlar masası üzərində cəmi bir neçə razılaşdırılmamış məqam qalıb.
Vasitəçilərin tərəflərə plan təqdim etdiklərini Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib və hətta həmin sənədi yüksək qiymətləndirib. Paketdə yer alan konkret təkliflərə gəlincə, nazirin sözlərinə görə, "onların hazırlanmasında Bakı və Yerevanın təcrübəsi, iki prezidentin və xarici işlər nazirlərinin dialoq təcrübəsi nəzərə alınıb". "Əldə olunmuş razılaşmaların vahid sənəddə birləşdirilməsini xüsusilə vacib məqam hesab edirik", - deyə S.Lavrov qeyd edib.
Təkliflərin detallarını açıqlamayan nazir, sadəcə, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli variantının olmadığını təkrarlamaqla kifayətlənib.
Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da day.az saytına müsahibəsində detalları açıqlamayaraq deyib: "Hazırda danışıqlar masası üzərində olan sənəd bu gün üçün münaqişənin ən məntiqi həll variantını nəzərdə tutur. Düşünürəm ki, sağlam düşüncəli hər bir şəxs bu prinsiplərlə razılaşacaq".
Bakıda isə sənədlə bağlı rəsmi səviyyədə hər hansı fikir açıqlanmayıb. Sadəcə, Xarici İşlər Nazirliyinin mətbuat xidməti Elmar Məmmədyarovun Madriddəki çıxışının əsas tezislərinin nədən ibarət olduğunu ictimaiyyətin nəzərinə çatdırıb. Mətbuat xidmətinin bildirdiyinə görə, nazir çıxışında Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu bəyan edib. " Ermənistan işğal etdiyi 20%-lik Azərbaycanın torpağı haqda çox təhlükəli bəyanatlar səsləndirərək, münaqişəyə dini don geyindirməyə çalışır. ATƏT məkanında belə bəyanatların səsləndirilməsi yolverilməzdir", - deyə E.Məmmədyarov ATƏT XİNŞ-in toplantısında Azərbaycanın xarici işlər naziri və GUAM XİNŞ-nin sədri statusunda etdiyi çıxışında bildirib.
Ermənistanda isə əksinə, həmsədrlərin təqdim etdikləri yeni sənəd qızğın şəkildə şərh edilir. "Biz balanslaşdırılmış və ədalətli sənəd əldə etmişik və o, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ilkin razılaşmanın əldə edilməsi üçün əsas ola bilər", - deyə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan "seçkiöncəsi" nikbinliklə qeyd edib. Onun sözlərinə görə, problem yalnız kompromislər əsasında çözülə bilər.
Bununla yanaşı, Oskanyan təəssüflə qeyd edib ki, danışıqlar prosesindən kənarda tərəflər arasında ziddiyyət və məyusedici reallıq hökm sürür: "Azərbaycan rəhbərliyi ən yüksək səviyyələrdə hərbi bəyanatlar səsləndirir. Bakının təşkil etdiyi nifrət kampaniyası artıq Azərbaycan daxilində dəhşətli səviyyəyə yüksəlib".
Oskanyan hesab edir ki, münaqişə regionunda monitorinq aparan beynəlxalq diplomatlar üçün əsassız maneələrin yaradılması zərif tarazlığın pozulması təhlükəsini meydana çıxarır. V.Oskanyan xüsusi olaraq qeyd edib ki, Azərbaycan tərəfinin münaqişənin qaldırılması mümkün olan beynəlxalq strukturların axtarışını fəal və aqressiv şəkildə davam etdirməsi tərəflərin kompromisə gəlməsinə maneə yaradır. "Biz münaqişənin sülh yolu ilə həllinə nə qədər ümidli olsaq da, belə düşmənçilik atmosferi bizi narahat edir", - deyə Vardan Oskanyan bildirib.
Bununla yanaşı, nazir ermənilərin regionda yeni müharibənin başlamayacağına inandığını da əlavə edib: "Mən bilirəm ki, biz müharibəyə başlamaq fikrində deyilik, onlar isə bilirlər ki, bu müharibədə qalib gəlmək gücündə deyillər. Bu münaqişənin hərbi yolla həlli yoxdur və o yalnız kompromislər vasitəsilə çözülməlidir".
V.Oskanyan hesab edir ki, danışıqlar masası üzərindəki sənəd tərəflərin hər birinin maksimal istəklərini rədd edir və bunun əvəzində ağlabatan və adi insana da başa sala bilinən, hamı tərəfindən qəbul olunan qərara üstünlük verir.
Ola bilsin ki, məhz Oskanyanın belə nikbin bəyanatları Azərbaycanda bir çox siyasətçinin Madrid sənədinin ölkənin maraqlarına cavab verməməsi və buna oxşar fikirlər səsləndirməsinə səbəb olub. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə təqdim etdikləri təkliflərin böyük sülh razılaşmasına səbəb olacağını düşünürdülərsə, Oskanyan onu hansısa aralıq razılaşması səviyyəsinə endirib.
Bundan başqa, Azərbaycanda qarşıdan gələn prezident seçkisi hakimiyyətin siyasi ritorikasına ciddi təsir göstərməyib. Ermənistanda isə tam əksinədir. Hakimiyyətin namizədi olan Serj Sarkisyan üçün ən təhlükəli rəqib sayılan sabiq dövlət başçısı Levon Ter-Petrosyanın "sülh partiyası"nın lideri kimi meydana çıxması, İrəvan rəsmilərinin onu ""Arsax"ı satmaqda" günahlandırmasına səbəb olub. Ən təhlükəlisi isə odur ki, bu qızğın mübahisələr zamanı artıq belə bir fikir də səslənir ki, Azərbaycanla barışıq Ermənistan üçün o qədər də vacib məsələ deyil.
"Qolos Armenii" qəzeti yazır ki, "Noyabrda Levon Ter-Petrosyan Fransa səfirliyinə dəvət olunaraq, orada Avropa İttifaqı ölkələrinin Yerevandakı səfirləri ilə nahar süfrəsi ətrafında məsləhətləşmə aparıb". Qəzet bu haqda yazır: "Əlbəttə ki, görüş bağlı qapılar arxasında keçirilib. Lakin diplomatik nümayəndəliklərdən birindəki mənbəmizin bildirdiyinə görə, eks-prezident diplomatları əmin edib ki, seçkidə qələbə qazanacağı halda tez bir zamanda Azərbaycanla münaqişəni həll edəcək. Bundan başqa, o, Azərbaycan rəhbərliyinin hərbi bəyanatlarına anlaşıqla yanaşdığını bildirib və qeyd edib ki, ərazisinin bir hissəsi işğal olunan və 700 min qaçqına malik ölkənin başqa cür çıxış etməsini gözləmək olmaz. Ter-Petrosyan xarici siyasətinin əsas prioritetlərindən biri kimi, dörd ölkə - Azərbaycan, İran, Gürcüstan və Türkiyə ilə dost münasibətlərinin qurulmasını göstərib. Bununla yanaşı, o, "soyqırım"ın (dırnaq işarəsi bizə məxsusdur - red.) tanınması faktının getdikcə Ermənistanın xarici siyasətindən kənarlaşdırılacağını da söyləyib. Mənbəmizin bildirdiyinə görə, eks-prezident Avropa ölkələrindən dəstək alacağı halda istənilən güzəştə hazır olduğunu o dərəcədə inadla söyləyib ki, hətta səfirlər onun öz ölkəsinin milli maraqlarına belə zərbə vurmağa hazır olmasından heyrətləniblər. Həm diplomatlar, həm də Ter-Petrosyan yaxşı anlayır ki, hazırkı şəraitdə "Arsax" probleminin tez bir zamanda həlli yalnız erməni tərəfinin ziyanına və birtərəfli güzəştlər vasitəsilə mümkün ola bilər. Bu mövqeni Ermənistanın milli maraqlarının satılmasından başqa, heç cür xarakterizə etmək olmaz".
Bundan başqa, "Qolos Armenii" Ermənistanın uğursuz siyasətinə görə, bütün məsuliyyəti sabiq dövlət başçısının üzərinə qoymaq istəyir: "Ermənistanda güzəştlərdən daha çox danışıldıqca, rəsmi Bakı o qədər həyasızlaşır. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin bir müddət əvvəl ölkəsinin Dağlıq Qarabağ münaqişəsini hərbi yolla çözməyə hazır olmasına dair bəyanatı birbaşa Ter-Petrosyanın və onun silahdaşlarının fəallaşması ilə əlaqədardır! Bunadək Azərbaycan nümayəndələri rəsmi tədbirlərdə belə bəyanatla çıxış etmirdilər".
Daha sonra qəzet oxucuları inandırmağa çalışır ki, Ter-Petrosyanın səy göstərdiyi Azərbaycanla barışıq Ermənistana, ümumiyyətlə, lazım deyil. "Mənbəmizin bildirdiyinə görə, Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Ermənistanın blokadadan çıxarılması, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə ölkənin iqtisadi inkişafına nail olunmasından söz açıb", - deyə "Qolos Armenii" "məxfi sirr"in üstünü açıb: "Son 10 il sübut edib ki, Ermənistan, hətta Azərbaycan və Türkiyə tərəfindən blokada şəraitində olmaqla belə, iqtisadiyyatını inkişaf etdirə bilir və blokada Bakının "Arsax"la bağlı tələblərinə əməl edilməsi üçün səbəb ola bilməz. Bundan başqa, Ter-Petrosyanın iqtisadiyyat sahəsində elementar vərdişlərə belə malik olmadığını bilənlər (o, bu planda məlumatsızdır) yaxşı anlayırlar ki, sabiq prezident bu bəhanə ilə sadəcə prezident olduğu dövrdə sözügedən sahədəki fəaliyyətsizliyini ört-basdır etməyə çalışıb. Daha sonra acizlik konsepsiyaya çevrilib. Son 10 ilin təcrübəsi sübut edib ki, iqtisadi inkişaf üçün "Arsax"ın satılması vacib deyil".
Qeyd edək ki, bütün bunlar Azərbaycanın reallaşdırdığı infrastruktur layihələrinin əhəmiyyətinin olmaması və heç nəyi dəyişməməsinə dair əsəbi şərhlər və əmin ifadələrlə müşayiət olunur.
Sonrakı mərhələdə döyüşə "ağır artilleriya" da qoşulub. Ölkə prezidenti Robert Köçəryan jurnalistlərlə söhbətində deyib: "Açıq şəkildə deyirəm ki, Ermənistan ümummilli hərəkatı xalqın inamından sui-istifadə edib. O, ölkə iqtisadiyyatını dağıdıb, Ermənistanı dünyanın ən yoxsul ölkələrindən birinə çevirib. EÜH Qarabağ hərəkatının dalğası ilə hakimiyyətə gəlib və onu satıb. EÜH-də milli ideologiya yoxdur və onlar soyqırımı unutmağa, Ermənistanı Türkiyənin əlavəsinə çevirməyə hazırdır. Tam məsuliyyətlə deyə bilərəm ki, Levon Ter-Petrosyanın istefa verməsinədək Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılırdı. Formul isə belə idi: Dağlıq Qarabağ de-yure Azərbaycanın tərkibində qalır, de-fakto isə nisbi müstəqillik qazanır. Bir sözlə, faktik olaraq, söhbət Azərbaycanın tərkibində geniş muxtariyyətdən gedirdi. Bu, məğlubiyyətçilik mövqeyi idi və mən onun aradan qaldırılması üçün illər sərf etmişəm".
... Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistanın siyasi isteblişmenti sülhə və kompromislərə hazır deyil.
MƏSLƏHƏT GÖR: