
VARİS BƏLLİ OLDU
Vladimir Putin medvedevin namizədliyini dəstəkləsə də, özünün gələcək statusu haqqında danışmağa tələsmir
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Rusiya DövlƏt Dumasına keÇirilƏn seçkinin nəticələri məlum olduqdan sonra siyasətçilər, sahibkarlar, Rusiya və xarici ölkələrin mətbuatı ölkədə hakimiyyətin ötürülməsinin tam ssenarisinin bəlli olacağı anı səbirsizliklə gözləyirdi. Dumaya keçirilən seçki isə göstərdi ki, prezident Vladimir Putin yüksək nüfuzunu və ölkəyə tam nəzarəti qoruyub-saxlayıb. Bununla da o, "milli lider" statusunu da bir daha təsdiqləmiş olub.
"Vahid Rusiya" və "Ədalətli Rusiya" partiyaları Kremlin hazırkı rəhbərinin dəstəyilə seçkidə yüksək nəticə göstərərək, parlamentdə, müvafiq olaraq, 315 və 38 yerə sahib çıxdı. Bu da onlara konstitusiyada, mövcud qanunvericilikdə və Rusiya hakimiyyətinin yüksək eşalonunun tərkibində istənilən dəyişikliyi etmək imkanı verir.
Putin kəskin süjetli detektiv serialın quruluşçu rejissoru kimi, eyni vaxtda həm özünün siyasi ssenarisinin bir neçə variantını "fırladaraq" elə yayındırıcı gedişlər edir və şərait yaradırdı ki, siyasətçilər, analitiklər və jurnalistlər hadisələrin gedişi haqda proqnozların mənasız olduğunu dərk edərək, sadəcə, gözləmə mövqeyi tutur və prezidentin, nəhayət, əsas adı çəkməsini gözləyirdilər.
Prezident isə Dövlət Dumasının yeni tərkibini tələsməyə, qanunla nəzərdə tutulan müddətdən 30 gün əvvəl toplaşmağa çağırdı. Beləliklə, parlamentin ilk iclası artıq dekabrın 25-28-də baş tuta bilər. Bunadək isə "Vahid Rusiya" partiyasının qurultayı keçiriləcək və toplantıda qalib partiya yalnız parlament fraksiyasının lideri və Dumanın spikeri postuna namizədin deyil, həm də Rusiya prezidentliyinə namizədinin adını açıqlayacaq.
Beləliklə, artıq Putinin varisinin adının gizli saxlanması mənasız olardı. Odur ki həmin ad elan edildi. Bu, Dmitri Medvedev oldu.
Mübarizə qızışır
Dmitri Medvedevin prezidentliyə namizədliyi eyni vaxtda dörd partiya - "Vahid Rusiya", "Ədalətli Rusiya", "Vətəndaş qüvvəsi" və Aqrar Partiya tərəfindən irəli sürülüb. Bunun mənası isə sadədir: Medvedev formal olaraq heç bir partiyanın üzvü deyil.
Adıçəkilən partiyalar məsələ ilə bağlı təşəbbüslərini prezident Vladimir Putinin nəzərinə çatdırdı və sonuncu telekameralar qarşısında Medvedevin namizədliyini bəyəndiyini və tam dəstək verdiyini bəyan etdi. Bu qərarın birbaşa Putin tərəfindən qəbul olunduğu aydındır. Partiyalar məsələnin sadəcə texniki tərəfini həll ediblər.
Artıq qeyd edildiyi kimi, prezidentliyə namizəd rəsmən "Vahid Rusiya" partiyasının dekabrın 17-də keçiriləcək qurultayında irəli sürüləcək. Lakin təbliğat işlərinə artıq çoxdan başlanılıb. Artıq Rusiya Provaslav Kilsəsinin Moskva patriarxiyasının rəhbərliyi də Medvedevin namizədliyini dəstəklədiyini bəyan edib. Qurumun nümayəndəsi Georgi Ryabıx bildirib ki, bu namizəd Rusiyanın dini və mədəni ənənələrinin qorunmasının vacibliyini anlayır, o, ənənəvi dinin rolundan xəbərdardır.
Bunun ardınca, Putin hakimiyyətinin təmsilçiləri bir-birinin ardınca qəbul olunan qərarı dəstəklədiklərini açıqlayıb, Medvedevi ən optimal namizəd kimi tərif ediblər. Özü də bu ifadələrin birmənalı şəkildə süni olduğunu da iddia etmək olmaz.
Dmitri Medvedev xarizmatik lider təsiri bağışlamasa da, bu fiqurda ictimaiyyətin əksəriyyətində mənfi fikir yaradacaq xüsusiyyətlər yoxdur. Rusiyanın potensial yeni prezidentinin şəxsi keyfiyyətləri haqda isə o qədər də çox şey məlum deyil. Qısa boylu Mendvedev, bununla yanaşı, idmançı görünüşünə malikdir, itellektual, gülərüz və insanlarla münasibətdə yumşaqdır. Vladimir Putin, şübhəsiz ki, Medvedevin onun siyasətini davam etdirməklə yanaşı, həm də hazırkı rəhbərinin məsləhətlərinə gələcəkdə də qulaq asacağına əmindir. Medvedev Putinə qarşı birmənalı olaraq loyal, birtərəfli oyunlara meyl etməyən və Sergey İvanovla müqayisədə daha təhlükəsizdir. Əlbəttə ki, Medvedev güc strukturlarına yad olduğu üçün, ilkin mərhələdə onları özünə tam tabe edə bilməyəcək. Buna görə də, ilkin mərhələdə bu strukturlar birbaşa Putinin öz nəzarətində qalacaq.
Ölkə isteblişmentinin liberal qanadı Medvedevin namizədliyini aşkar məmnuniyyətlə qəbul edib. Bu qanada isə, məlum olduğu kimi, maliyyə naziri Kudrin, regionların inkişafı naziri Dmitri Kozak, iqtisadi inkişaf naziri Elvira Nabiullina, həmçinin səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova aiddir. Hökumətdən kənarda isə Hesablama Palatasının rəhbəri Sergey Stepaşin, Kreml administrasiyasının nüfuzlu sabiq rəhbəri Aleksandr Voloşin və digərləri Medvedevə yaxın şəxslər hesab olunurlar.
"Güc strukturları"na gəlincə, prezident administrasiyası rəhbərinin nüfuzlu müavini İqor Seçinin rəhbərlik etdiyi bu zümrə nəinki yeni namizədlə bağlı narazılıqlarını güclə gizlədir, hətta Medvedev və ona yaxın şəxslərə qarşı gizli mübarizə aparır. Təxminən, bir il əvvəl Rusiyanın ozamankı baş prokuroru Ustinovun (Seçinin yaxın adamı hesab olunur) bu istiqamətdə son dərəcə fəallıq göstərməsi, ona vəzifəsini itirmək bahasına başa gəlmişdi. Aparat mübarizəsinin bu raundundan Medvedev qalib çıxdı və nəticədə Putinin sərəncamı ilə Ustinov ədliyyə naziri Çayka ilə yerlərini dəyişdi.
Maliyyə naziri Kudrinə qarşı bir müddət əvvəl başlanılan hücumları da müşahidəçilər liberallara qarşı kompramatın tərkib hissəsi sayır. Məhz bu hücumlar nəticəsində Kudrinin müavini Sergey Storçak maliyyə fırıldağı və böyük həcmdə oğruluq ittihamları ilə həbs edildi: heç şübhəsiz, bu həbs hüquq mühafizə orqanlarının rəhbərliyinin ölkəyə bütün maliyyə axınını öz əlində saxlamasına və onlara güzəştə getməyən Kudrinin zərərsizləşdirilməsinə göstərdiyi səyin nəticəsidir.
Baş verənlərə cavab nüfuzlu "Kommersant" qəzeti vasitəsilə gəldi. Qəzetə müsahibə verən "Finansqrup" sənaye-maliyyə qrupunun prezidenti və sahibi Oleq Şvartsman ehtiyatsızcasına bildirib ki, onun rəhbərlik etdiyi struktur Kreml administrasiyasındakı "güc strukturunun təmsilçiləri" tərəfindən yaradılıb və burada məqsəd oliqarx və qeyri-loyal biznesmenlərin öz aktiv və pullarından onların xeyrinə imtinasına nail olmaqdır.
Müsahibə böyük qalmaqala səbəb olub. Müxtəlif dairələrdən anlaşılmaz təkziblər gəlsə də, biznes məsələyə ehtiyatla yanaşmağa başlayıb və bu, Vladimir Putinin Rusiya Sənaye-Ticarət Palatasının Rəyasət heyətinin üzvləri ilə görüşündə də hiss edilib.
Səbir qələbənin yarısıdır
Varisin adının açıqlanması ilə bu məsələyə müəyyən aydınlıq gəlsə də, Putinin özünün siyasi gələcəyi hələ ki qeyri-müəyyən olaraq qalır. Görünən odur ki, bu istiqamətdə də bir neçə versiya nəzərdən keçirilir. Konseptual baxımdan Putin, təxminən, Den Syaopin və Xameneyinin statusu arasında "milli lider"lik təklif olunur. İndi əsas məsələ, bu statusun konkret necə rəsmiləşdiriləcəyidir.
Dekabrın 14-də Rusiya-Belarus İttifaqının Ali Dövlət Şurasının Minskdə keçirilən toplantısı ərəfəsində KİV bu haqda müxtəlif versiyalar irəli sürüb. "Exo Moskvı" bildirib ki, həmin toplantıda ittifaq dövlətinin idarə edilməsi ilə əlaqədar Konstitusiya Aktının imzalanması gözlənilir. Bundan sonra isə Putin yeni dövlətin prezidenti, Aleksandr Lukaşenko isə birgə parlamentin sədri postunu tuta bilərlər.
Lakin bu ehtimal rəsmən təkzib olunub. Eyni zamanda, prezidentliyə yeni namizəd Dmitri Medvedev televiziya ilə çıxışında prezident seçkisindən sonra, Putinə baş nazir postunu təklif edib. Medvedev bildirib ki, hazırkı siyasətin davam etdirilməsi üçün Rusiyanın getdiyi yola sadiq olan yeni prezidentin seçilməsi azdır: "Hazırkı prezidentin formalaşdırdığı komandanın iş bacarığının qorunub saxlanması da vacibdir".
Putinə gəlincə, o artıq hökumətə başçılıq etməsinin mümkünlüyünü bildirmişdi. Lakin prezident bunun üçün iki şərt irəli sürüb: Dövlət Dumasına keçirilən seçkidə "Vahid Rusiya"nın inamlı qələbəsi və prezident kürsüsünü "layiqli varis"in tutması.
Artıq bu şərtlər gerçəkləşsə də, Putin hələ ki qərar verməyə tələsmir. Hər halda, bir şey məlumdur ki, Putin ali dövlət kürsüsünü elə tərk edəcək ki, orada mövcudluğunu təmin etsin.
Prezidentliyə digər iddiaçılara gəlincə, əslində, onlara hakim elitanın namizədinə sparrinq-tərəfdaş rolu təklif edilir. Bu fiqurların hər birinin kimliyi çoxdan məlumdur. Onlar Rusiya Liberal-Demokrpat Partiyasının lideri Vladimir Jirinovski, kommunistlərin rəhbəri Gennadi Züqanovdur. Bundan başqa, "Yabloko"dan Qriqori Yavlinskinin də yarışa qoşulacağı gözlənilir. Qəzetlər Sağçı Qüvvələr Birliyindən Nemtsovun, şahmat üzrə sabiq dünya çempionu Kasparovun, sabiq baş nazir Kasyanovun və bir sıra digər şəxslərin də prezidentlik uğrunda yarışa qoşulacaqlarını yazır.
Sonuncuların prosesə qatılmaları asan olmayacaq. Çünki namizədlikləri Dövlət Dumasında təmsil olunan partiyalar tərəfindən irəli sürülən şəxslərlə müqayisədə, digərləri qeydiyyatdan kemək üçün 2 milyon seçici imzası toplamalıdır. Bu isə, çox çətin və bahalı bir işdir.
Sarkisyan yanılıb
Dünya ictimaiyyəti üçün Rusiyadakı prezident seçkisi beynəlxalq siyasət baxımından maraqlıdır. Medvedev Putinə o qədər yaxın və loyaldır ki, ən azı, yaxın illərdə Moskvanın xarici siyasi kursunda hər hansı dəyişikliyin olacağı mümkün deyil. Bu, eyni zamanda Rusiyanın Cənubi Qafqaz və konkret olaraq, Azərbaycan siyasətinə də aiddir.
Azərbaycan üçün Medvedevin namizədliyi qəbulolunandır. Hüquqşünas kimi, o, beynəlxalq hüququn tələb etdiyi qanun və sərhədlərə daha sadiq olacaq. Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, özünün təhlükəsizlik siyasətinin reallaşdırılması, siyasi və iqtisadi əməkdaşlıq məsələlərinə belə yanaşmada maraqlıdır.
Daha bir məqam Medvedevin "güc strukturları klanı"nın üzvü və hərbi-sənaye kompleksinin nümayəndələrinə aid olmamasındadır. Sonuncular birmənalı olaraq, Ermənistanın regiondakı aqressiv siyasətinə dəstək verir. Medvedevin isə Cənubi Qafqazda problemlərin hədə və təzyiq vasitəsi ilə çözülməsinə çalışan qüvvələri dəstəkləyəcəyi inandırıcı görünmür.
Üstəlik, o, uzun müddət "Qazprom" şirkətinin Direktorlar Şurasına rəhbərlik edib və əl-ələ gedən energetika və geosiyasət problemləri ilə yaxşı tanışdır.
Odur ki, Azərbaycanın bu mənada rolu və əhəmiyyətinin Medvedevə izah edilməsinə ehtiyac yoxdur.
Putinin qərarının Rusiya prezidentliyinə namizəd kimi, Sergey İvanova daha çox üstünlük verdiyini açıqlayan Ermənistanın baş naziri və prezidentliyə namizəd Serj Sarkisyanı da kədərləndirib. Xatırladaq ki, Sarkisyan hələ ölkənin müdafiə naziri olarkən, rusiyalı həmkarı İvanovla yaxşı əlaqələr qura bilmişdi. Ola bilsin ki, ermənilər bu mənada hesablamalarında səhvə yol veriblər.
Amma bunun əhəmiyyətini o qədər də böyütməyə ehtiyac yoxdur. Çünki Moskvanın Cənubi Qafqazda Ermənistan və Azərbaycanla bağlı prioritetlərinin yaxın dövrdə dəyişəcəyi gözlənilmir və Moskvada hakimiyyət dəyişikliyindən sonra yeni rəhbərliyin necə qurulacağı bu məsələyə təsir etməyəcək.
MƏSLƏHƏT GÖR: