
ŞAHLARA LAYİQ HƏDİYYƏ
20 ildən sonra Azərbaycanda yenə də zəfəran istehsalı bərpa edilir
Müəllif: Zeytulla CABBAROV Bakı
Romalılar ondan Ətriyyat və zəhər əleyhinə vasitə kimi istifadə edir, Buddanın davamçıları onunla paltarlarını rəngləyirdilər. Qədimdə onunla, hətta kataraktanı da müalicə edirdilər. Şərq təbabətinə dair yazılarda onun orqanizmin bütün hüceyrələrini, əsasən, qanı qidalandıran vasitə qismində daxil olduğu çoxlu resept tapmaq mümkündür. Onu bihuşedici, ağrıgötürən və həyat tonusunu qaldıran vasitə kimi tətbiq edirdilər. O yalnız hamilə qadınlar üçün zərərli, əvəzində, şahlar və krallar üçün əvəzsiz hədiyyə sayılırdı. Söhbət zəfərandan, təbiətin "qırmızı qızıl" adlandırılan ən gözəl nemətlərindən birindən gedir.
Zəfəran Azərbaycan torpağında da bitsə də, hələlik hansı səbəbdənsə, bu qiymətli bitkinin yetişdirilməsi ölkənin aqrar sektorunun hissolunacaq dərəcədə gəlir gətirən sahəsinə çevrilməyib. Halbuki onun istehsalı düzgün təşkil edilərsə, zəfəranın ixracından əldə edilən gəlir neftdən əldə edilən gəlirlərdən də çox ola bilərdi...
Dünyada ən bahalı ədviyyat
Hazırda zəfəran Azərbaycandan başqa, Əfqanıstan, Gürcüstan, İran, Mərakeş, Pakistan, ABŞ, Yaponiya, İspaniya və Fransada, həmçinin Afrikanın şimalında əkilir. Sənaye yığımı onlarca və yüzlərlə ton təşkil edir. Zəfəranın ən böyük istehsalçısı və beynəlxalq bazarlarda ən iri tədarükçüsü İrandır. Keçən il İran $101 mln dəyərində 200 tondan çox məhsul ixrac edib. İnformasiya agentliklərinin məlumatına görə, hazırda dünyada zəfəran istehsalının 90%-i İranın payına düşür ki, bu da ona ən bahalı ədviyyatın satışından nəhəng valyuta gəlirləri əldə etməyə imkan verir. Hazırda, hətta İspaniya da İranla rəqabət apara bilmir. 1 kq ispan zəfəranının qiyməti 1 400, ən yaxşı İran növlərinin qiyməti isə, təxminən, 3 500 avrodur. Məhsulun rəqabət qabiliyyətinin artırılması məqsədilə İranda dövlət orqanlarının iştirakı ilə zəfəran istehsalçıları və emal edənlərdən ibarət konsorsium yaradılır. Onun vəzifəsi alış qiymətlərinin artırılması hesabına yüksək keyfiyyətli zəfəran istehsalını stimullaşdırmaq, həmçinin ispan təcrübəsi və milli ənənələri nəzərə alaraq, məhsulun emalı və qablaşdırılmasının keyfiyyətini yüksəltməkdir. İran Çin və Yaponiyanın perspektivli bazarlarına çıxmağa cəhd göstərir.
Məşhəd Universitetinin Elmi-tədqiqat Mərkəzinin alimlərinin bu bitkinin insan sağlamlığına müsbət təsiri barədə sübutları da İran zəfəranının məşhurluğunu daha da artırdı. Onların fikrincə, zəfəran orqanizmin müqavimət gücünü artırır və onu cavanlaşdırır, arterial təzyiqi aşağı salır və xərçəngin inkişafının qarşısını alır, çünki bu hüceyrələri məhv edir. Müəyyənləşdirilib ki, ispan zəfəranının illik satış həcmləri ölkədə yetişdirilən məhsuldan bir neçə dəfə çoxdur. Nəticədə, İspaniya İran zəfəranının satışından İranın özündən də çox gəlir əldə edir. Beynəlxalq bazarda, əsasən, Çin və Əfqanıstanda istehsal edilən saxta İran zəfəranı da peyda olub. Adları çəkilən ölkələrdə də zəfəran istehsalı qurulmaqdadır və ekspertlərin fikrincə, perspektivdə Əfqanıstan beynəlxalq zəfəran bazarında İranın ciddi rəqibinə çevrilə bilər.
Zəfəran keçən əsrdə qalıb?
Mənbələrin məlumatlarına görə, Azərbaycanda zəfəran IX əsrdən yetişdirilir. Vaxtilə əcdadlarımız daha çox zəfəran istehsal edir, onu Avropa bazarlarında satışa çıxarırdılar. Keçən əsrin əvvəllərində onu təkcə Bilgəhdə yox, Abşeronun məhsuldar qumlu torpaqlarla zəngin olan digər yaşayış məntəqələrində də yetişdirirdilər. Belə torpaqlarda soğanaqlı zəfəran günəşə doğru can atır, lakin qızıl payız qurtaranda - sentyabr və noyabr aylarında məhsul verir. O dövrün statistikası 100 kq və daha çox yüksək keyfiyyətli zəfəran yetişdirildiyini göstərir. SSRİ dönəmində Bilgəh qəsəbəsində, hətta "Zəfəran" sovxozu da yaratmışdılar. Plantasiyalar bitkiçilik sahəsinin aparıcı mütəxəssislərinin elmi tövsiyələrinə əsaslanan aqrotexniki qaydalarla becərilirdi, laboratoriyada isə elmi işçilər yetişdirilən məhsulun keyfiyyətini yoxlayırdılar. Zəfərançılıq həmişə sərfəli və rentabelli sahə sayılıb. Hər il sovxozda 80 kq məhsul istehsal edilirdi, bütövlükdə ölkə üzrə isə bu göstərici 150-200 kq səviyyəsinə çatırdı.
Keçmiş SSRİ dağılandan sonra, Azərbaycanda torpaq islahatı keçirildi. "Zəfəran" sovxozu ləğv edildi, onunla birlikdə isə zəfərançılıq laboratoriyasının varlığına da son qoyuldu. Zəfəran becərilməsi üçün ayrılan 130 ha ərazi islahatın gedişində qəsəbə sakinləri arasında bölüşdürülsə də, yeni mülkiyyətçilərdən heç biri zəfəran yetişdirməklə məşğul olmadı. İndi bu işlə öz şəhərkənarı sahələrində yalnız həvəskarlar məşğul olurlar. Bilgəhdə əkinçilər cəmi 16 ha, Masallıda - 3 ha, Ucarda - 2 ha sahədə zəfəran əkirlər. Zəfəranın illik istehsalı, təxminən, 80 kq təşkil edir.
Statistikadan göründüyü kimi, zəfəran istehsalı artıq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üçün prioritet sahə deyil. Halbuki ekspertlərin iddialarına görə, efir yağlarının miqdarı baxımından Abşeron zəfəranı təkcə İran deyil, İspaniyanın da ən yaxşı nümunələrindən üstündür. "Qırmızı qızıl" adını alan bu məhsul keçən əsrin əvvəllərində "qara qızıl"dan xeyli bahalı idi. Yeri gəlmişkən, o dövrdə ildə 1 000 kq məhsul istehsal edilirdi. İndi isə istehsal 10 dəfədən də çox azalıb.
Bütün ümidlər fermerlərədir
Bu gün dünya satış bazarında zəfəranın 1 kiloqramının qiyməti 2000 dollara çatır. Onun belə yüksək qiyməti sahələrdəki ağır əməklə şərtlənir. Sabirabad rayonunun Çöl Həşimxanlı kəndində yaşayan və artıq 7-8 ildir, zəfəran yetişdirmək və onu şəxsən Bakı bazarlarında satmaqla məşğul olan fermer Canpolad Cəfərovun sözlərinə görə, bir zəfəran soğançası 2-3 gül verir. Toxumu olmur. Fermerin "R+"a müsahibəsindən: "Güllərin dişiciklərini bütün çiçəkləmə dövründə quru havada, adətən, günortadan sonra yığırıq. Təzəcə açmış güllərin dişicikləri çıxarılır və biz onları narın ələklərdə, təxminən, 15 dəqiqə qurudur, sonra tənəkə qablara yığırıq. Hər il 30-35 kq zəfəran yığılır. Muğanda məndən başqa heç kim zəfəran becərmir. Onu almağa qonşu rayonlar, hətta qonşu dövlətlərdən də gəlirlər".
Müsahibimizin sözlərinə görə, 1 kq quru zəfəran kütləsi almaq üçün azı, 200 000 gülün dişiciyini toplamaq lazımdır. Qədimdə olduğu kimi, indi də yığım işi yalnız əllə aparılır.
Əgər dediklərimizin hamısı zəfəranın xeyrinədirsə, niyə fermer təsərrüfatlarında onun istehsal həcmi artırılmasın? AR Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Subtropik Bitkilər Təcrübə Stansiyasının direktoru Cəlal Məmmədovun sözlərinə görə, beynəlxalq satış bazarlarında zəfəranın qiymətinin ilbəil artması nazirliyin Aqrar-Elmi Mərkəzinin alimlərini elmi araşdırmalarını Azərbaycan zəfəranının dirçəldilməsinə istiqamətləndirməyə məcbur təhrik edib. C.Məmmədov bildirib: "SSRİ dağılandan sonra zəfərançılıq kimi bir sahədə məhsul istehsalı həcmləri azalmağa başladı. Özəlləşdirmədən və qəsəbədə torpaq sahələrinin yeni sahibləri meydana çıxdıqdan sonra isə biz onları zəfəran yetişdirməyə maraqlandırmağı bacarmadıq. Bölgələrdən aldığımız məlumatlara görə, cəmi 21 ha sahədə zəfəran əkilib. Keçən il respublikanın təsərrüfatlarında cəmi 78 kq zəfəran yığılıb".
Bu gün zəfəranı 2-3 qramlıq kasetlərdə qablaşdırılmış şəkildə satırlar və bu çox rahatdır. C.Məmmədov deyir ki, üyüdülmüş zəfəranın 90%-i saxtadır. Lakin fırıldaqçılar dişicikləri də saxtalaşdıra bilərlər. Qədimdə bu ədviyyatın saxtalaşdırılmasına görə edam edirdilər. Həm də təkcə Şərqdə yox. Məsələn, Almaniyada buna görə insanları tonqalda yandırırdılar.
Qeyd etmək lazımdır ki, 1 ha plantasiyadan, ən çoxu, 6 kq zəfəran əldə etmək mümkündür. Bununla yanaşı, 4 ildən bir soğançaları da təzələmək lazımdır, axı zəfəran, sadəcə, krokus gülünün dişicikləridir. Dişicikləri isə ildə 2 həftə yığırlar. Hər güldə, maksimum, 3 dişicik olur. Krokus cəmi 2 saatlıq gül açır və gələcəkdə ədviyyatın ətri olmaq üçün dişicikləri gül açmazdan əvvəl - səhər tezdən yığmaq lazımdır. Qədimdə olduğu kimi, indi də yığım əllə, becərmənin bütün aqrotexniki qaydalarına riayət etməklə aparılır.
C.Məmmədovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin 2008-2012-ci illər üçün işləyib-hazırladığı strategiyaya əsasən, zəfəran üçün ayrılan plantasiyaları genişləndirmək nəzərdə tutulur. Diqqəti bu sahəyə cəlb etmək məqsədilə fermerlərə və kənd iş adamlarına güzəştli kreditlər ayrılacaq. İqtisadi İnkişaf Nazirliyi bu qədim məşğuliyyətin inkişaf etdirilməsində maraqlıdır. İndi yalnız torpaq sahiblərinin özlərinin bu qiymətli bitkini becərməkdə fəallıq göstərmələrini gözləmək qalır.
MƏSLƏHƏT GÖR: