15 Mart 2025

Şənbə, 23:52

SƏN SAYDIĞINI SAY...

Deyəsən, Avropanın Rusiya Dövlət Dumasına keçirilən seçkilərə qeyri-legitim don geyindirmək istəyi elə istək olaraq qalacaq

Müəllif:

01.12.2007

Rusiya ilə Qərbin münasibətlərində gərginlik getdikcə artmaqdadır. Bunu bir çox faktorlar, o cümlədən ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) Rusiya Dövlət Dumasına dekabrın 2-də keçiriləcək seçkinin monitorinqini aparmaqdan imtina etməsi də göstərir.

Düzü, DİİHB-nin bu cür radikal addım atacağı çoxları üçün gözlənilməz olub. Çünki əksəriyyət problemin bu qədər ciddi olduğunu düşünmürdü. 

Əvvəlcə Rusiyada 450 müşahidəçinin akkreditəsi nəzərdə tutulsa da, sonradan Moskva onların sayını 70-dək azaltdı. Lakin bu 70 nəfərin də viza alması ilə bağlı problem meydana çıxdı. Hər halda, DİİHB-nin rəhbərliyi belə iddia edir (Rusiya isə təbii ki, bu iddia ilə razı deyil). "ATƏT Rusiyada dekabrın 2-də keçiriləcək parlament seçkisinin monitorinqinin aparılmasından imtina edir. Buna səbəb isə Rusiya hakimiyyətinin yaratdığı problemlərdir", - deyə büronun Rusiyanın Mərkəzi Seçki Komissiyasına (MSK) ünvanladığı müraciətdə bildirilir. Bəyanatda deyilir ki, qurum ekspetlərinin viza alması üçün dəfələrlə müraciət etsə də, Moskva daim bundan imtina edib: "Məhz bu səbəbdən DİİHB belə qənaətə gəlib ki, Rusiya hakimiyyəti əvvəlkitək, yenə də ATƏT müşahidəçilərini qəbul və onlarla əməkdaşlıq etmək istəmir. Biz təəssüflə bildirmək istəyirik ki, qeyd olunan şəraitdə funksiyamızı yerinə yetirə bilmərik".

Təbii ki, Rusiyanın məsələyə reaksiyası özünü çox gözlətmədi. Moskva büro rəhbərliyinin bütün ittihamlarını rədd etdi.

 

QARŞIDURMAYA DOĞRU

Rusiyanın bu addımları, əslində, Vladimir Putinin Qərb demokratiyasının ölkə hüdudlarından çıxışdırılıb- çıxarılmasına yönəlmiş siyasətinin məntiqi nəticəsidir. 

Prinsipcə, "bütün Rusiyanın lideri" xarici ölkələr və demokratik institutların onun ölkəsindəki idarəçiliyə tətbiq etmək istədiyi dəyərlərə qarşı olduğunu heç vaxt gizlətməyib. Artıq uzun müddətdir ki, Kremlin siyasi isteblişmentinin əlində "sizin öz demokratiyanız, bizim öz demokratiyamız" prinsipi əsas prinsipə çevrilib. Bu çox güman ki, Rusiya ilə Qərb arasında ziddiyyət zəncirinin bir bəndidir. Avropada ən başlıca və nüfuzlu monitorinq strukturuna münasibət isə ziddiyyətə aparan yolun davamı, Kremlin "Rusiya döyüşə hazırdır" fikrini nümayiş etdirməsi sayıla bilər. Bu "döyüş" isə istisnasız olaraq, bütün "cəbhə"boyu aparılacaq. Bu, xüsusilə hazırda Rusiyanın yaşadığı seçkiqabağı kampaniya dövrü kimi "populizm dövrü"ndə daha aktualdır.

"Region+" seçkiqabağı dövrdə "iki dünya" arasında dialoqun yaradılmasının heç cür mümkün olmadığını dəfələrlə yazıb. Əksinə, bu dövrlərdə ziddiyyətlər daha da güclənir. Hazırda Rusiya hakimiyyəti üçün də sərfəli olan bu variant vasitəsilə vətəndaşların diqqəti daha çox "xarici düşmən"ə yönəldilir. Məhz bu "xarici düşmənlə mübarizə" şüarı altında Putinin əsas opponentləri sayılan "sağ müxalifət" meydandan, demək olar ki silinib. 

Rusiya prezidentinin bir müddət əvvəl hərbçilərlə seçkiqabağı görüşündə səsləndirdiyi fikirlər də bu baxımdan nümunəvi görünə bilər. Söhbət "Rusiyanın nüvə qüvvələrinin hərbi hazırlıq vəziyyətinə gətirilməsinin vacibliyi" haqda bəyanatdan gedir. Bu yerdə Putinə sual etmək lazımdır: Rusiyanın strateji nüvə qüvvələri "hərbi hazırlıq vəziyyəti"ndə deyil ki? Elə isə nədən bütün günü əlində "nüvə çamadanı" tutmuş zabit Putinin yanındadır? 

Təbii ki, nüvə raketləri daim hazırlıq vəziyyətindədir. Məsələ sadəcə ondadır ki, Kreml sahibi bu ifadəni xaricdə, daha çox isə daxildə eşidilməsi üçün səsləndirib. Bunu eşidən daxili elektorat, təbii ki, "Qərbdən gələn təhlükə"nin nə qədər real olduğunu bir daha anlayacaq və vahimələnəcək. Putinin seçki kampaniyası da məhz bu prinsip üzərində qurulub. 

Odur ki Rusiyanın siyasi meydanında anti-Qərb fəaliyyəti və ritorikasına tələbat çoxdur.

DİİHB-nin ünvanına səsləndirilən ittihamlara gəlincə, bu məsələdə də Putin özünün dəqiq və birmənalı mövqeyini ortaya qoyub. Noyabrın 25-də "Ölkənin peşəkar komandası" laureatları ilə görüşdə Vladimir Putin qurumun ölkədə keçiriləcək parlament seçkisini müşahidədən imtinasına açıq şərh verib: "Bu çox güman ki, daxili səbəblərdən meydana çıxan aksiyadır. Bu, qurumun özünün və onun rəhbərliyinin qərarı ilə bağlıdır. Bizdə olan məlumatlara görə, bu, növbəti dəfə ABŞ Dövlət Departamentinin məsləhəti ilə edilib. Təbii ki, bunu dövlətlərarası münasibətlərimizdə nəzərə alacağıq. Belə aksiyalar Rusiyada seçkini poza bilməz. Burada məqsədin sadəcə seçkiyə qeyri-legitim don geyindirilməsi olması heç bir şübhə doğurmur. Lakin onlar bu məqsədlərinə də nail olma-yacaqlar. Mənim bunun hazırlanmış aksiya olduğunu söyləməyimə səbəb var. Belə ki, əldə etdiyimiz son dərəcə etibarlı məlumatlara görə, Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun rəhbərliyinin fəaliyyəti bir çox Avropa ölkələrinin rəhbərləri üçün də gözlənilməz olub. Hər halda, bu onların seçimidir. Baş verənlər bir daha göstərir ki, bir sıra qurumların, həmçinin ATƏT-in islahatlara ehtiyacı var və biz bu məsələni israrla irəli sürəcəyik. Rusiyada seçki planlaşdırıldığı şəkildə, bütün partiyaların leqal imkanlarından qanun çərçivəsində istifadə edilməsi ilə keçiriləcək".

 

DÖRD ƏLƏ OYNANAN OYUN

Yəqin ki, çoxları artıq hiss edib ki (biz də bu haqda dəfələrlə yazmışıq), Rusiya "qərbli tərəfdaşları" ilə münasibətində bir-birinə "hədiyyə"lər verməkdə mahirdir. Yəni, tərəflər qarşıdurmanı gərginləşdirmək üçün böyük məmnuniyyətlə bir-birinə bəhanə verir, əsas yaradır və elə eyni məmnunluqla özləri də ortaya çıxan bəhanələrdən yararlanır. Bu zaman onlar vəziyyəti normallaşdırmaq üçün heç cəhd də göstərmirlər.

Bu, bütün məsələlərdə - istər siyasi, istərsə də iqtisadi sahələrdə özünü göstərir. Bəzən isə iqtisadi məsələnin harada siyasi problemə və əksinə çevrildiyini müəyyənləşdirmək də çox çətin olur...

Son məsələyə Putinin "qərbli tərəfdaşları"nın reaksiyası da özünü çox gözlətməyib və bu münasibət elə Kremlin mövqeyi qədər birmənalı olub. Beynəlxalq müşahidəçilərin mövqeyini dərc edən bir neçə xarici KİV-də yer alan fikirlərə nəzər salaq.

"Putinin institusionallaşması başa çatıb", - deyə "The Wall Street Journal" yazır: "Artıq Rusiyada seçki elə dəqiq ssenari üzrə gedir, putinizm isə elə bir səviyyəyə çatıb ki, Kremlin istənilən nəticəni əldə etməsi üçün seçkini saxtalaşdırmasına ehtiyac qalmayıb. Bu baxımdan, seçkilərin monitorinqini aparan əsas beynəlxalq orqanın seçkilərə müşahidəçilər göndərməmək haqda qərarı reallığın qəbul edilməsidir. Rusiya demokratiyası hələ bir neçə ilə əvvəldən dərin bir komaya düşüb. ATƏT-lə münasibətlərdəki qeyd olunan pat vəziyyəti sadəcə hamıya son 10 ildə Avropaya və bütünlükdə dünyaya ünvanlanan ciddi təhlükəni xatırlatmaq üçün idi. ATƏT-i qapıdan qovmaqla, Kreml seçkilərinin qeyri-mükəmməl olduğunu heç gizlətmək niyyətində belə olmadığını nümayiş etdirdi. Həm də "azad cəmiyyət" anlayışına necə nifrətlə yanaşdığını açıq şəkildə ortaya qoydu".

Yazıda daha sonra deyilir: "Moskva özünün də üzv olduğu ATƏT-in fəaliyyətini tam açıq şəkildə mümkünsüz edib. Putin "soyuq müharibə" dövrünə qayıtmağın qeyri-məqbul olması haqda bəyanatlar verməyi xoşlayır. Lakin özünün daxili və xarici fəaliyyətilə o, "soyuq müharibə"nin bərpası üçün digərlərindən daha çox təkan verir. Son illər bir-birinə irad tutmağa meyilli olan ABŞ və Avropanın demokratik dövlətləri artıq ayılmalı, artmaqda olan bu təhlükəyə diqqət yetirməlidirlər. Çünki məhz vahid mövqe sayəsində Qərb birinci "soyuq müharibə"dən qalıb çıxmışdı". 

"The Financial Times" isə, öz növbəsində, situasiyada paradoks görür: "İroniya ondadır ki, Dövlət Dumasına keçirilən seçkilərin monitorinqi aparılsa da, aparılmasa da, Putinin olduqca yüksək olan reytinqi "Vahid Rusiya" partiyasının qələbəsinə şübhə yeri qoymur. Bu gün baş verənlərsə, çox güman ki, Kremlin Gürcüstan və Ukraynadakı "rəngli inqilab"lara özünəməxsus reaksiyasıdır. Kreml bu hadisələri Qərbdən olan müşahidəçilər, diplomatlar, xüsusi təhlükəsizlik orqanları, qeyri-hökumət təşkilatları və qaçaq düşmüş keçmiş rus oliqarxlarının əli ilə törədilmiş dövlət çevrilişi hesab edir. Və əmindir ki, eyni ssenarinin Rusiyada da təkrarlanma ehtimalı var. Amma Gürcüstan və Ukraynada xalq arasında heç bir nüfuzu olmayan rejimlər seçkilərin nəticələrini saxtalaşdırmaqla, hakimiyyətdə qalmaq yolunu tutmuşdu. Müasir Rusiyada isə vəziyyət tam fərqlidir. Kremlin ən qatı əleyhdarları da əmindirlər ki, Putinin dəstək verdiyi partiyanın seçkilərdə qələbəsini təmin etmək üçün  geniş saxtakarlığa heç bir ehtiyac yoxdur. Amma eyni zamanda  müxalifət Kremlin seçkiyə gələn seçicilərin sayı və hakim partiyanın uğurunu bir qədər də artırmaq istəyindən ehtiyatlanır. Kremlin belə bir cəhdə əl atması isə inandırıcıdır. Çünki V.Putinin siyasi hakimiyyətdə qalması və hətta yenidən prezident seçilməsi üçün Konstitusiyaya dəyişikliklərin olunması naminə "Vahid Rusiya"nın daha inamlı qələbəsi çox vacibdir". 

Almaniyanın "Handelsblatt" qəzeti isə yazır: "Artıq Rusiyada keçiriləcək seçkinin demokratik adlandırılmasının mümkünsüzlüyü çoxdan bəllidir - ölkə müxalifətinə maneələr geniş vüsət alıb, hazırki seçki qanunvericiliyində həddindən artıq məhdudiyyətlər var, parlamentə düşmək üçün minimal hədd çox yüksəkdir. ATƏT-in seçkinin gedişini müşahidə etməli olan nümayəndələri isə artıq indidən öz missiyalarını icra etməkdən boyun qaçırıblar. Tamamilə Putinpərəst olduğunu gizlətməyən, onun işığına qızınan "Vahid Rusiya"nın qələbəsinə artıq heç kim şübhə etmir".

İspaniyanın "El Pais" qəzeti isə "Liberal müxalifətin sıralarındakı məyusluğa" diqqət çəkir. "Rusiyanın demokratik gələcəyi üçün nə daha yaxşı olardı? ATƏT-in parlament seçkisini müəyyən qədər məhdud formada olsa da, yerində izləməsi, yoxsa, analoqu olmayan jestlə bundan imtinası? Hər halda, çoxları ATƏT-in son qərarında onun zəifliyinin və Rusiyada demokratiyanın qurulması mübarizəsindən geri çəkildiyi-ni gördü", - deyə yazıda qeyd olunur.

Bunlar, əlbəttə ki, Rusiyada baş verənlərlə bağlı Qərb mətbuatının yazdıqlarının yalnız bir hissəsidir - daha doğrusu, yalnız bir gün ərzində yazılanlardır. Əslində isə bu haqda məqalələrin sayı daha çoxdur. Xüsusilə, ölkədə "narazıların marşı"nın növbəti dəfə dağıdılması və onların liderlərinin həbsindən sonra belə yazıların sayı daha da artıb. Qərb dövlətlərinin hökumətləri, ilk növbədə isə ABŞ  Moskvada və Rusiyada baş verənlərə mənfi münasibət bildirib...

 

STƏKANDA FIRTINA

Bəs əslində bütün hay-küy nəyin üstündədir? ATƏT-in sözügedən addımını Rusiyanın müxtəlif dairələri də daxil olmaqla, bir çoxları seçki prosesinə qeyri-legitim don geyindirmək cəhdi kimi qarşılayıb. Amma bunun mənası varmı? Putinin komandasını "qərbli tərəfdaşlar"ının mövqeyi və Rusiyada keçiriləcək seçkiyə verəcəkləri qiymət maraqlandırırmı? Buna böyük şübhə ilə yanaşıram. Çox güman ki, bütün bu baş verənlər Rusiya rəhbərliyi üçün daxili siyasi mübarizədə "kənar düşmənlər"lə mübarizə üçün daha bir arqumentdir. 

Bəs ATƏT özü bu addımının, həqiqətən, Rusiyada keçiriləcək seçkiyə qeyri-legitimlik donu geyindirəcəyinə inanırmı? Buna inam yüksək olmasa da, bu haqda, əlbəttə ki, çox danışılacaq. Amma bunun bir əhəmiyyəti varmı? Bir məşhur deyimdə deyildiyi kimi, "it hürər, karvan keçər".

Hər halda, Rusiya daxili siyasi proseslərə kənardan müsbət qiymət almaq istəyən hansısa kiçik ölkə deyil. O, özü istənilən prosesə ultimativ şəkildə qiymət verə bilər. Bundan başqa, Qərb özü də çoxdan müəyyənləşdirib ki, Rusiyadakı qərbpərəst müxalifət ciddi nəticə əldə etmək iqtidarında deyil və bu səbəbdən "Vahid Rusiya"nın seçkidə istədiyi nəticəni qazanması üçün saxtakarlığa ehtiyac da yoxdur. 

Amma hər halda, bunu birmənalı istisna etmək olmaz. Demokratik ATƏT-in Rusiyanın seçki meydanından (əlbəttə ki, Kremlin birbaşa "köməyi" ilə) "qaçması", çox güman ki, onun mövcud reallıqda özü üçün çox kədərli faktı - avtoritarizmin demokratiya üzərindəki qələbəsini etiraf və rəsmən təsdiq etməkdən yayınmaq cəhdidir. Qərbin Rusiyadakı seçkini demokratik sayıb-saymayacağının isə artıq heç kəsə "istisi-soyuğu" yoxdur: nə Rusiyanı olduğu kimi qəbul etmək məcburiyyətində olan Qərbə, nə də öz gücünü bilən Rusiyaya.

Bir daha təkrar edirik ki, bütün bunlar qarşılıqlı səmərəli oyundur. Və burada da əsas "stavka" bu dəqiqə hansısa nəticə əldə etməyə deyil, perkspektivə edilir.  Oyunçuların ehtiraslarının getdikcə artdığı bir vəziyyətdə isə bu perspektiv çox dumanlı və daha təhlükəli görünməyə başlayıb. Həm də yalnız Avropa və Rusiya üçün yox, bütünlükdə dünya ictimaiyyəti üçün.



MƏSLƏHƏT GÖR:

517