15 Mart 2025

Şənbə, 00:39

DOLLAR "ÇÖKÜR"

Müəllif:

01.12.2007

Dünyanın aparıcı valyutalarına nisbətdə son bir neçə ildə qiymətdən düşən ABŞ dollarının məzənnəsi enmənin ən "pik" nöqtəsinə çatıb: 2007-ci ilin sentyabr və oktyabrında ABŞ-da faiz dərəcələrinin azalmasından sonra, artıq 1 dolların dəyəri, az qala, 1,5 avroya yaxınlaşır və psixoloji cəhətdən ən təhlükəli həddə çatır. Əksər proqnozlara görə, Amerika valyutası bundan sonra da ucuzlaşmaqda davam edəcək. Hətta bəzi ehtimallara əsasən, 2008-ci ildə 1,7 dollar 1 avroya bərabər ola bilər.

Bu gün artıq aydındır ki, dolların dəyərindəki bu enişin əsas səbəbi, ABŞ-ın ipoteka bazarında yaşanan böhrandır. Bu bazarda işləyən banklar yeni kreditləşdirmə modelindən istifadə etməyə başlayıblar. Onlar borcalana kreditlərin birbaşa verilməsindən imtina edərək, bazardan borc götürür, bu məbləğdən kreditlər verir, öz borclarını isə "kənar borc öhdəlikləri" kimi rəsmiləşdirərək satırlar. 

Lakin ölkədə daşınmaz əmlakın qiyməti ucuzlaşmağa başladıqdan sonra, vasitəçi banklar pul itirməyə başlayıblar. Bəzi hesablamalara görə, Nyu-Yorkun "Uoll-strit" və Londonun "Siti" bankının yekun itkisi artıq 50 milyard dolları ötüb. "Citigroup" 11 milyard, "Merrill Lynch" 8, "Morgan Stanley" 3,7, "Bear Stearns" isə 3,2 milyard dolların hesabdan silindiyini bəyan edib. Britaniyanın "Barclays" bankı 2,7 milyard, "HSBC" isə 3,4 milyard dollar itirib. Kontinental Avropa bankları da ziyanla üzləşib: "UBS" 3,4, "Deutsche Bank" 3,2, "Credit Suisse" isə 1 milyard dolları hesabdan silməli olub. 

ABŞ dollarının kursunun aşağı düşməsinə dünyanın mərkəzi banklarında dollar aktivlərinin azaldılması da səbəb olub. Bu tendensiya hələ də davam edir və yaxın zamanlarda bir çox Asiya ölkələrinin mərkəzi banklarının da ehtiyatların diversifikasiyasına gedəcəyi gözlənilir.

ABŞ-ın maliyyə sektorundakı böhran o həddə çatıb ki, ölkə iqtisadiyyatının digər sahələrinə də təsir göstərib. Son ay ərzində "Dow Jones Industrial Average" 10% itkiyə məruz qalıb və əksər dairələr bu meylin davam edəcəyini proqnozlaşdırır. Ekspertlər hesab edirlər ki, ölkədə maliyyə böhranı bundan sonra da davam edəcək və bu, hər şeydən əvvəl iqtisadiyyatın kredit bazarı ilə real sektoru arasında qarşılıqlı asılılıqla əlaqədardır. Belə ki, ABŞ-da 2007-ci ilin noyabr-dekabr aylarında iqtisadi inkişafda ciddi azalma gözlənilir. Ölkədə ümumi daxili məhsulun həcmi 2007-ci ilin üçüncü rübündə 3,1% idisə, dördüncü rübdə bu göstəricisinin 1,5% olacağı proqnozlaşdırılır. 

2008-ci il üçün isə analitiklərin proqnozları inkişaf tempinin 1-1,5% olacağını göstərir. Onların fikrincə, ölkədə ticarət və ödəmə balansı korrektə edilməsə, azalma daha ciddi olacaq. Beləliklə, ABŞ iqtisadiyyatının yalnız 2009-2010-cu ildə yaşanacaq inkişafı dolların bir qədər "özünə gəlməsinə" səbəb olacaq. 2010-cu ilin sonu üçün proqnoz 1 avronun 1,4 dollar olacağını göstərir.

ABŞ-da baş verənlər dünya iqtisadiyyatına da təsirini göstərəcək. Maliyyə bazarlarının bir-birinə yüksək inteqrasiyalılığı Avropaya, xüsusilə də bank sistemi əsasən Amerika bazarından asılı vəziyyətdə olan Böyük Britaniyaya "zərbə" vuracaq. 

Həmçinin, ABŞ-a ixracla məşğul olan Asiya ölkələrinin inkişafı 2004-2007-ci illərlə müqayisədə daha ləng gedəcək.

Bazarların qlobal şəkildə qarşılıqlı asılılıq şəraitində olması üzündən dolların ucuzlaşması, avronun dəyərinin isə yüksəlməsi Avropa İttifaqı ölkələrinin yalnız bank sektoruna deyil, eyni zamanda sənaye müəssisələrinin inkişafına da mənfi təsir göstərir. "Çox güclü avro bir çox ixrac sektorları üçün narahatlıq yaradır", - deyə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu "Reuters" agentliyinə bildirib. 

Qeyd edək ki, hazırda Avropa İttifaqı ölkələrində büdcə gəlirlərinin böyük bir hissəsi ixrac əməliyyatları hesabına əldə edilir. Avronun bahalaşması Avropa istehsalçılarının mallarının qiymət baxımdan rəqabətə davamlılığını aradan qaldırır. Ekspertlərin fikrincə, bu, ilk növbədə, turizm biznesi və avtomobil istehsalına təsir göstərəcək. 

Baş verənlərlə bağlı artıq Avropanın bir sıra nəhəng şirkətləri narahatlıqlarını ifadə ediblər. Söhbət "Airbus", "Siltronic", "Daimler AG", "BASF", "Lufthansa" şirkətlərindən gedir. 

Airbus şirkətinin baş direktoru Tom Endersin Rusiyanın "Kommersant" qəzetində yer alan sözlərinə görə, "dollar ağrılı həddi artıq keçib, bu isə  artıq həyat üçün təhlükə yaradır". Onun fikrincə, belə situasiyada şirkət elmi-tədqiqat və təcrübə-konstruktor sahələrinə əvvəlcədən planlaşdırdığı investisiyanı yatıra bilməyəcək və bu məbləğlər azaldılacaq. "Biz biznes-modelimizə yenidən baxmalıyıq. O artıq aktual deyil", - deyə Enders qeyd edib. 

Qeyd edək ki, artıq üçüncü rübdə "Airbus" 776 milyon avro itirə bilər. 

Dünyanın nəhəng kimyəvi şirkəti olan "BASF"ın analitiklərinin qiymətləndirməsinə görə, avronun dollara nisbətən kursunun bir sent dəyişməsi şirkətin illik satışında 250 milyon avro dəyişiklik baş verməsinə səbəb olur.

Dolların yeni məzənnəsi və onun dəyərinin azalması tendensiyası Azərbaycan iqtisadiyyatı qarşısına da ciddi problemlər yarada bilər. Bir tərəfdən, dolların ucuzlaşması neftin qiymətinin qalxması ilə müşahidə olunur və bu, Azərbaycan iqtisadiyyatının maraqlarına uyğundur. 

Digər tərəfdən, mal və xidmətlərin idxalını, həmçinin investisiyaların cəlbini dollarla həyata keçirən Azərbaycan bu gün daha yüksək məbləğ ödəməli olur. Bu isə öz növbəsində, inflyasiyanın artmasına və əhalinin sosial-iqtisadi durumunun ağırlaşmasına əlavə impuls verir. 

Yaranmış vəziyyətdən çıxış yolu isə milli iqtisadiyyatda aparılan struktur və institutsional islahatların sürətləndirilməsindən, ixrac təyinatlı sahələrin inkişafından və daha əlverişli investisiya mühitinin yaradılmasından keçir.


MƏSLƏHƏT GÖR:

468