15 Mart 2025

Şənbə, 00:30

TARİX MİFOLOGİYAYA QARŞI

"TARİX ERMƏNİ TERRORÇULUĞUNUN HƏM SƏBƏBİ, HƏM DƏ ONUN YEGANƏ ƏLACIDIR" 2-Cİ HİSSƏ

Müəllif:

15.11.2007

Jurnalımızın ötən sayında "Region plus"un redaksiyası tərəfindən hazırlanan "Tarix mifologiyaya qarşı" məqaləsinin birinci hissəsi çap olunmuşdu. Orada biz qondarma "erməni soyqırımı" mifinin bəzi aspektlərini ətraflı açıqlamış, 1915-1918-ci illər hadisələrini qiymətləndirmiş, Anadolu ermənilərinin 1915-1923-cü illərdə Osmanlı İmperiyası ərazisində təxribatçı roluna dair faktlar təqdim etmiş, nüfuzlu Amerika alimlərinə istinadən Osmanlı müsəlmanları və erməniləri arasında qurbanlara dair uydurma deyil, real rəqəmləri açıqlamışdıq. Amerikalı alim Castin Makkarti qeyd edirdi: "Bütövlükdə, Anadoluda 600 min erməni və 2,5 mln müsəlman həlak olub... Əgər bu, soyqırımdırsa, ən azı, qatillərin qurbanlardan  daha çox həlak olduğu çox qəribə soyqırımdır". Alimin gəldiyi qənaətlə də razılaşmamaq olmur: "Müsəlmanların soyqırımı törətdiklərini hesab etmək  arzusu ilə alışıb-yananlar, çox qəribə bir şəkildə, onları həmin soyqırımın qurbanı kimi tanımaq istəmirlər... Bu, insan iztirabları barədə hekayət olsa da, o, düzgün açıqlanmayıb. İnsanın bəlaları haqqında həqiqət əvəzinə, "Qəddar türk"lə "Xeyirxah erməni" barədə böyük mif ortaya çıxıb... Qondarma erməni soyqırımı görüntüsü yeganə oldu". Əlavə edək - aramsız təkrarlanması sayəsində, alimlər ermənilərin tarixi saxtalaşdırmalarını ifşa edənə qədər bu versiya uzun müddət fakt statusunda  qalırdı və hətta indi də bəzi ölkələrdə həmin statusda qalmaqdadır. 

Bütövlükdə, 1915-1923-cü illər hadisələri daha geniş tarixi və siyasi kontekstin bir epizodu idi, çünki 1820-1920-ci illərdə rus-türk və rus-fars müharibələri və Rusiyanın Qafqazda müstəmləkəçilik siyasəti nəticəsində 2 milyondan artıq Qafqaz müsəlmanı və türk, ilk növbədə, azərbaycanlı zorla Türkiyəyə deportasiya edilmiş, onların torpaqları isə Türkiyə və İran ermənilərilə məskunlaşdırılmışdı. Bununla əlaqədar, C.Makkarti etiraf edir: "Tarixi həqiqət ondan ibarətdir ki, Rusiya imperiyasının genişlənməsi Qafqaz və Şərqi Anadolu xalqlarının ənənəvi tarazlığını pozdu. Bütün xalqlar zərər çəkdi, lakin rəqəmlərin dililə - həlak olan və qovulanların sayı ilə desək, ən çox zərər çəkənlər Krım və Qafqaz müsəlmanları idi".

Məqaləmizin II hissəsində qondarma "erməni soyqırımı" barədə mifi hallandıran erməni ideoloq və praktiklərinin təqib etdikləri məqsədləri qeyd etmək istərdik. 

Erməni diasporunun aparıcı partiyalarının və hazırda Ermənistanda hakimiyyətdə olan "daşnaksütün" partiyasının proqram sənədlərindən göründüyü kimi, Ermənistanın indiki prezidentini də hakimiyyətə gətirən bu mifyaratmada  məqsəd, ilk növbədə, qondarma soyqırım mifi yaradılmasıdır. Bu, erməni dövlətinin ərazi baxımından tədricən genişlənməsini təmin etmək üçün ən önəmli təbliğati, hüquqi və siyasi alətdir. Erməni ideoloq və praktikləri qondarma soyqırımın tanınmasını Ermənistanın,- ilk növbədə, Türkiyənin parçalanması (birinci mərhələdə federallaşdırılması da mümkündür) hesabına,-   ərazi baxımından genişləndirilməsi istiqamətində birinci addım kimi təsəvvür edirlər (rəsmi erməni versiyasına görə, Şərqi Türkiyədə guya "soyqırım dövləti" olan Türkiyənin "işğal etdiyi əraziləri"n "azad edilməsi"). Bu məqsəd ABŞ Erməni Milli Komitəsinin sədri Leo Sərkisyanın Amerikada çıxan "Armenian uikli" qəzetində 21 mart 1987-ci il tarixində çap olunan müsahibəsində daha konkret ifadə edilib: "Erməni məsələsi soyqırımın tanınmasından daha çox şeyi nəzərdə tutur. Bu həm də ərazilərin bərpası, reparasiyalar, dövlətçilik məsələsidir... Soyqırım məsələsi həll olunarsa, biz həmin siyasi bəndlərə keçə bilərik". ABŞ-da fəaliyyət göstərən aparıcı erməni partiyalarının 4 aprel 1987-ci il tarixli birgə bəyanatında da analoji etiraf var: "Tarixi torpaqlarımızın 70%-ə qədəri hələ də türk hökumətinin işğalı altında qalmaqdadır" və ya "ermənilərin ərazi iddialarının təmin olunması uğrunda mübarizə hələ də ilkin mərhələdədir". Bəyanatda böyük dövlətlərə "soyqırım faktını və ermənilərin ərazi hüquqlarını rəsmi tanımaq" və "ermənilərin ərazi iddialarının gerçəkləşdirilməsini" dəstəkləmək tələbi var. Bu baxımdan, Ermənistanın 1921-ci il türk-sovet müqavilələrini, Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımaması faktı da çox məntiqi görünür. 

İkincisi, qondarma soyqırımın tanınması Ermənistanın təkcə Türkiyəyə deyil, ilk növbədə, Azərbaycana, perspektivdə isə mümkündür ki, Gürcüstana qarşı da regional ekspansionizminə tarixi baxımdan bəraət qazandırılmasına yönəldilib. Başqa sözlə, mifyaratmada ən mühüm məqsəd erməni diplomatiyasına Dağlıq Qarabağın ilhaqının leqallaşdırılması və münaqişənin tənzimlənməsi üçün daha əlverişli təbliğati və siyasi şərait təmin etməkdir. Həqiqətən, məgər soyqırım "qurbanı" olmuş xalq haqsız ola bilərmi? "Qəddar türklərdən" "zərər çəkmiş" xalq təcavüzkar ola bilərmi?  Qondarma soyqırımın pislənməsi və onun qondarma qurbanlarına can yandırılmasının ümumi axarında tarixi həqiqət, Ermənistanın Azərbaycana təcavüzkar münasibəti, Azərbaycanın işğal olunmuş əraziləri, XX əsrdə azərbaycanlıların deportasiyası və soyqırımı və Ermənistan üçün "xoşagəlməz" olan, erməni alimləri və siyasətçilərinin yaratdıqları "əzabkeş xalqın tarixi" görüntüsünə uyğun gəlməyən digər məsələlər barədə heç kim düşünməyəcək. Təcavüzün ideoloji təminatına gəldikdə, "Daşnaksütün" partiyasının 11 dekabr 1985-ci il tarixli siyasi manifestində (bir daha xatırladaq ki, Ermənistanın indiki prezidenti məhz bu partiyanı təmsil edir) qeyd edilirdi ki, "birləşmiş Ermənistanın sərhədləri Naxçıvan, Axalkalaki (bu artıq Gürcüstandır - müəl.) və Qarabağda erməni torpaqlarını da ehtiva etməlidir". Ermənilər daha uzaq perspektivdə Rusiyanın özündə - Rostov vilayəti, Krasnodar və Stavropol diyarlarında da muxtar erməni qurumlarının yaradılmasını planlaşdırırlar və həmin ərazilərdə erməni əhalisi artıq indidən daha çox hüquq, daha çox mülkiyyət və daha çox ərazi tələblərilə getdikcə daha fəal çıxışlar etməkdədir.

Üçüncüsü, erməni ideoloqlarının fikrinə görə, "erməni soyqırımı" haqqında mifin ən mühüm məqsədi dünya ictimaiyyətinin diqqətini 1973-1985-ci illərdə erməni terrorçuları tərəfindən 70-dən artıq türk diplomatının vəhşicəsinə qətlə yetirmələri faktından, yəni Ermənistanın imici üçün son dərəcə əlverişsiz olan "erməni terrorizmi" fenomenindən, həmçinin üç erməni respublikasının - daşnak Ermənistanı (1918-1920-ci illər), Ermənistan SSR (1920-1991) və Ermənistan Respublikası (1991-ci ildən) hakimiyyət orqanlarının Ermənistan və Azərbaycanın azərbaycanlı əhalisinə qarşı törətdikləri əsl soyqırım, deportasiya və terror faktlarından yayındırmaqdır. ABŞ-ın İstanbuldakı səfiri Mark Bristol artıq haqqında danışılan məktubunda müstəqil Ermənistan Respublikasının 1919-1920-ci illərdəki "nailiyyətlərindən" danışarkən qeyd edir: "Son 2 il ərzində ermənilər rus Qafqazında özlərini, xüsusilə hakimiyyətləri altında olan milli azlıqları idarə edə bilmədiklərini və ya onlarla yola getməyi tamamilə bacarmadıqlarını nümayiş etdiriblər". Daha sonra diplomat qeyd edir: "Mən ermənilərin əhalinin ümumi sayının 25%-dən də azını təşkil etdikləri ölkədə müstəqil Ermənistan yaradılması ideyasına inana bilmərəm. Mən inanmıram ki, ermənilər özlərini idarə edə bilirlər, xüsusən də onların başqa xalqları idarə etmələrinə yol vermək olmaz. Təbii ki, ölkənin bu hissəsində hansısa xalq ermənilərin hakimiyyəti altına düşərsə, o, ermənilərin zülm və istibdadına dözməli olacaq". Çətin ki, tarixi proqnozun bölgədəki faciəli durumla bu qədər dürüst və faciəvi şəkildə üst-üstə düşdüyü bu dəyərləndirməni təkzib etməyə qadir olan vicdanlı tarixçi tapılsın.

Dördüncüsü, qondarma soyqırım haqqında mif Avropa, Rusiya və bölgənin digər dövlətləri üçün erməni diasporası dairələrində uydurulan "türkçülük təhlükəsi" barədə tezisi tarixi baxımdan əsaslandırmaq üçün şişirdilir. Rusiya Erməniləri İttifaqının başçısının ermənilərin "Azq" qəzetində 25 aprel 2005-ci ildə çap olunan məqaləsində qondarma soyqırımı "pantürkizm təhlükəsi"lə aşağıdakı kimi əlaqələndirilir: "Cinayət pantürkçü ərazi təcavüzü proqramına - türklərin məskunlaşdıqları Şərqi, Şimali və Cənubi Qafqaz, Cənubi Azərbaycan və Sintsyana qədər bütün əraziləri Türkiyə dövlətinin hakimiyyəti altında birləşdirməyə mane olan etnik erməni ərazilərinin aradan götürülməsi kimi siyasi məqsədə uyğun həyata keçirilmişdi. Bu planların gerçəkləşdirilməsi Rusiya dövlətinin dağıdılmasının tərkib hissəsi idi". Bu sitat hətta ermənilərin bircə dəfə qələm işlətməklə tarixin axarını ustalıqla "lazımi" istiqamətə yönəltməkdə mahir olduqlarını bilənləri də təəccübləndirəcək. Axı məhz həmin illərdə Ermənistanın azərbaycanlı əhalisi deportasiya və terrora məruz qalaraq, 1918-ci ildəki 575 min nəfərdən 20-ci illərin əvvəllərində 52 min nəfərə qədər azaldığı halda, hansı "pantürkçü ərazi təcavüzü proqramı"ndan söhbət gedə bilər?!  Türkiyəyə gəldikdə, 2 dekabr 1920-ci il tarixli Aleksandropol müqaviləsinə görə təslim olana qədər, məhz 1915-1923-cü illərdə bu ölkə duruş gətirməyə, 1920-ci ilin Sevr müqaviləsinə əsasən, parçalanmanın qarşısını almağa (müqavilə Türkiyənin 6 işğal zonasına bölünməsini nəzərdə tuturdu) çalışır, eyni zamanda, Fransa, İngiltərə, İtaliya, Yunanıstan, həmçinin 1919-1920-ci illərdə Türkiyəyə qarşı fəal hərbi əməliyyatlar aparan (əsasən, dinc əhaliyə qarşı) daşnak Ermənistanının beştərəfli təcavüzünə qarşı mübarizə aparırdı. Yeri gəlmişkən, erməni-türk münasibətlərinin həmin dövrünü qiymətləndirən Rusiya xarici işlər üzrə xalq komissarı Çiçerin 1920-ci il dekabrın ortalarında məktubunda qeyd edib ki, "sovet hökuməti daşnak hökumətinin Ermənistan sərhədlərindəki türk ordusunun biganə qalmayacağı qəddarlıqlara yol verməsilə razıdır". Kamalçı Türkiyənin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin tanınmasını hüquqi baxımdan yalnız Antanta ölkələrinin 24 iyul 1923-cü ildə Lozanna konfransının aktını imzalamaları rəsmiləşdirdi.

Nəhayət, sonuncu, lakin heç də daha az önəmli olmayan məqsəd soyqırım haqqında mifin daxili siyasi istiqamətlənməsidir. Praktik baxımdan, o, erməni millətinin səfərbər edilməsinin, həm də türk xalqlarına, ilk növbədə, türklər və azərbaycanlılara əsassız düşmənçilik hisləri əsasında həyata keçirilməsinin, demək olar ki, yeganə vasitəsinə çevrilib. Birləşmə üçün başqa müsbət məqamlar olmadığından, qondarma soyqırım bütün dünyada ermənilərin siyasi iradəsini təmərküzləşdirərək, onu Türkiyəyə, xüsusən də Ermənistana yaxınlığı və daha əlçatan olması üzündən erməni təcavüzünün əsas hədəfinə çevrilən Azərbaycana qarşı yönəldir. Adı daha əvvəl də çəkilən Pol Hentse qeyd edir: "Öz tarixlərini özləri yazan adamlar keçmişlərini mədh etməyə və onun ziddiyyətli məqamlarının obyektiv çözələnməsindən yayınmağa cəhd göstərməyə meyllidirlər. Digər xalqlara nisbətən, ermənilər buna daha çox mübtəla olublar və bu meyl XX əsrin II yarısında xüsusilə güclənib. Nəticədə, ermənilərin durumunun dramatikləşdirilməsinə, onların ən qədim dövrlərdən unikal xeyirxah keyfiyyətlərə malik, həm antik dövrlərdə, həm də yeni dövrdə öz iztirablarında təkrarsız əzabkeş millət kimi nəzərdən keçirilməsinə rəvac verildi. Ermənilər ən yeni tarixlərinin böyük hissəsini keçmişə şamil etdilər və bu yolla onu mifologiyaya çevirdilər".

Tarixi yalan yalnız həqiqət qismində qəbul olunduğu müddətdə mövcud ola bilir. Odur ki bütün ölkələrin alimləri tarixin obyektiv araşdırılmasına səsləməlidirlər. Erməni lobbisi təmsilçilərinin yaydıqları yalançı tarixi versiyanın dəstəklənməsi isə erməni millətçi-şovinistlərinə mükafat ola bilər və onların vəhşi terror, soyqırım, etnik təmizləmələr və deportasiya siyasətinə bəraət qazandırar. XX əsrdə yüz minlələ türk, azərbaycanlı, erməni, kürd və rus bunun qurbanı olub. Tarixi faktlar və nüfuzlu alimlərin obyektiv dəyərləndirmələri göstərir ki, ermənilərin iztirabları XX əsrin əvvəllərinin unikal fenomeni qismində nəzərdən keçirilə bilməz. Bu, Şərqi Anadolu əhalisinin bütün təbəqələrini bürüyən savaş dövrü faciəsinin yalnız bir hissəsi, həmçinin türk əhalisinin çoxluq təşkil etdiyi ərazidə çar Rusiyasının dəstəyilə öz dövlətlərini yaratmağa can atan ermənilərin silahlı qiyamının nəticəsidir. Nəhayət, bu, dünya savaşı daxilində erməni liderlərinin təbəəsi olduqları dövlətə xəyanət etmələrinin doğurduğu vətəndaş müharibəsidir.

Bununla əlaqədar, C.Makkarti "Ermənilər Osmanlı imperiyasında və müasir Türkiyədə (1912-1926)" kitabında aşağıdakılarda israrlıdır: "Ermənistanın güman edilən mövcudluğu halında olduğu kimi, ermənilərin başına gələnlər barədə bərqərar olmuş rəy də həqiqətə uyğun deyil. Buradan götürülməli olan ibrət çox qədimdir: tarix qərəzsiz olmalıdır. 1912-1922-ci illərdəki hadisələri olduğu kimi, yəni bütün bəşəriyyət üçün bədbəxtlik kimi nəzərdən keçirmək vaxtı artıq yetişib. Artıq onlara qisas tələb edən təriqətçi iztirab yarlığı yapışdırmaqdan vaz keçmək vaxtıdır". Tarixçilərin artıq həmin hadisələrə obyektiv və peşəkar qiymət vermələrinə baxmayaraq, Şərqi Anadoluda həm xristian, həm də müsəlmanlardan ibarət çox böyük insan kütlələrinin məhvi və köçürülməsinin səbəblərinin daha dolğun təsvirinin əldə edilməsi hələ irəlidədir.  Odur ki, parlamentləri bu məsələni nəzərdən keçirən ölkələr (ilk növbədə, ABŞ, Fransa və s.) ittihamlarını bütün tarixçilər özlərinin və bu məsələyə aidiyyəti olan ölkələrin (Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan) arxivlərinə yol tapandan və bütün hadisələrə yalnız onlar qiymət verəndən sonra irəli sürdükləri halda düzgün mövqe tutmuş olarlar. 

Qondarma soyqırımın beynəlxalq miqyasda tanınması üçün aparılan kampaniyanın maneəsiz yayılmasının təmin edilməsindən çıxarılmalı olan əsas nəticə və ibrət dərsi ondan ibarətdir ki, Şərqi Anadoluda və Azərbaycanda XIX-XX əsrlərdə baş vermiş hadisələr və ermənilərin bunlarda əsl rolu barədə həqiqət geniş məlum olsa idi, ermənilərin regional ekspansionizmi olmazdı, çünki onun qidalandığı zəmin məhz "erməni soyqırımı" haqqında mifdir. Bu səbəbdən də, erməni saxtalaşdırmalarının ifşası tarixi ədalətin bərpasından savayı, böyük preventiv və "profilaktik" önəmə də malikdir. Rəsmi İrəvanın erməni millətçi-şovinizminin və regional təcavüzkarlığının təməlində pis tarix durur və bu səbəbdən, həmin xəstəliyi yalnız yaxşı  tarix sağalda bilər. Onunla mübarizədə əsas silah dünya ictimai rəyinin ən geniş dairələrinə çatdırılan həqiqətdir. C.Makkarti hələ 1984-cü ildə peyğəmbərcəsinə yazırdı: "Erməni zorakılığı məsələsini nəzərdən keçirərkən tarixə etinasız qalmaq olmaz, çünki tarix erməni terrorçuluğunun həm səbəbi, həm də yeganə müalicəsidir. Erməni terrorçuluğu tarixin saxta şərhi əsasında təsbit olub və ona yalnız bu baxışı ləğv etməklə qalib gəlmək mümkündür. Odur ki terrorçuluqla mübarizədə, adətən, istifadə olunmayan bir metod təklif etmək istərdim. Bu, tarixin araşdırılmasıdır".


MƏSLƏHƏT GÖR:

476