Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
BƏT-in məntiqi sadə və eyni zamanda, dahiyanədir. Əgər Azərbaycan dünyanın qloballaşmasına qoşulubsa, əgər ölkəmiz Avropa Şurasının üzvü olubsa və Avropa Birliyinə can atırsa, onda ölkənin həyat fəaliyyətinin təməl tərkib hissələrinə yanaşma sivil və demokratik olmalıdır. Sivil ölkədə layiqli həyatın təməl tərifi vətəndaşların təkcə beynəlxalq hüquqla deyil, ölkə Konstitusiyası ilə də malik olmalı olduqları fundamental insan hüquqları ilə təmin edilməsi bir yana, "ləyaqətli əmək"dir. Və bu prosesin gerçəkləşdirilməsi məqsədilə, Azərbaycan, tədricən, müxtəlif beynəlxalq konvensiyalara qoşulur, yerli qanunvericiliyi tamamlayır və ona dəyişikliklər edir.
Əmək dəbdəbəsi
Bu gün kim ləyaqətli əməyin nə olduğunu dəqiq müəyyənləşdirə bilər? Onu təmin etmək üçün nə etmək lazımdır? Məsələn, Azərbaycanın da üzvü olduğu Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyalarında "layiqli əmək" anlayışı altında məhsuldar, təhlükəsiz və sabit, layiqli şəkildə ödənilən iş əldə etmək imkanları başa düşülür. Lakin "layiqli əməy"in əsas təyinatı ailənin sosial müdafiəsinin təmin edilməsi, şəxsiyyətin inkişafı, maraqların sərbəst ifadəsi üçün imkan yaradılmasıdır. Ləyaqətli əməyin irəliləməsi həm BƏT üzrə tərəfdaşların, həm də təşkilatın özünün ümumi vəzifəsidir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, layiqli əmək elə bu və ya digər ölkə vətəndaşlarının layiqli varlığıdır. Lakin, təəssüf ki, Azərbaycanda heç də hər yerdə işləmək hüququ qüvvədə olan qanunvericiliyə müvafiq təmin edilmir. Bunu ölkə hökumətində də etiraf edirlər. İşə götürənlər işçiləri heç də həmişə bütün hüquqi formallıqlara riayət etməklə işə götürmür, onun iş yerini təkcə texniki deyil, hüquqi aspektdən də əmək təhlükəsizliyinin bütün vasitələrilə təmin etmirlər. Çox təəssüf ki, hələ ölkəmiz hər bir işçinin öz əmək haqqından razı olduğu bir səviyyəyə çatmayıb. Digər bir üstünlükdən - bütün işçilər üçün əməyin onların ailə mükəlləfiyyətlərini nəzərə almaqla təşkilindən isə heç danışmağa dəyməz.
Lakin, necə deyərlər, çətini işə başlayıncadır. Deyəsən, Azərbaycanda bu problemlə ciddi qayğılanıblar. Belə ki, bu yaxınlarda Bakıda BƏT-in gənclərin məşğulluğunun genişləndirilməsi layihəsi çərçivəsində "dəyirmi masa" baş tutub. Tədbir çərçivəsində işlə ailə vəzifələrinin uzlaşdırılmasının çətinlikləri və BƏT-in Azərbaycanın ailə öhdəlikləri olan işçilər haqqında 156 saylı Konvensiyasın qəbulunun zəruriliyi müzakiə edilib. "Dəyirmi masa"nın işində iştirak etmək üçün Azərbaycana xüsusi olaraq BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri subregional bürosunun standartlar və normalar üzrə baş mütəxəssisi Alan Pelse təşif gətirmişdi. O, müvafiq dövlət strukturlarının təmsilçilərinə Azərbaycanın yerli qanunvericiliyi göstərilən konvensiyaya uyğunlaşdımaq üçün nə etməli olduğunu, onun praktikada gerçəkləşdirilməsi mexanizmlərini izah etdi.
Bu dinləmələrdə Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədr müavini Aynur Sarıyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Sahibkarların Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov və b. iştirak etdilər.
S.Mehbalıyev qeyd etdi ki, bütövlükdə, Azərbaycanın qanunvericilik bazası adı çəkilən konvensiyanın ratifikasiyasına hazır olsa da, hər halda, qanunlara müəyyən əlavə və düzəlişlər etmək lazım gələcək. Diqqəti, əsasən, BƏT-in 156 saylı Konvensiyası üçün zəruri olan tətbiq praktikasına yönəltmək lazımdır. "Biz bir neçə sualı cavablandırmalıyıq: xidməti və ailə mükəlləfiyyətlərini harmonik şəkildə necə uzlaşdırmalı? Bu məsələdə dövlət, işə götürənlər və həmkarlar təşkilatlarının bu məsələdə rolu nədən ibarətdir? Başqa ölkələrin uğurlu təcrübəsindən necə yararlanmalı?" - deyə S.Mehbalıyev vurğuladı. O, qeyd etdi ki, Azərbaycan BƏT təmsilçilərinin bu məsələyə dair bütün tövsiyələrini nəzərə alacaq.
Necə və harada tətbiq etməli...
Lakin Azərbaycan Sahibkarların Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov qeyd etdi ki, bu məsələdə önəmli olan ratifikasiyanın özü deyil. Üstəlik, yerli qanunvericilik, xüsusən də ölkəmiz 2004-cü ildə Avropa sosial xartiyasına qoşulduqdan sonra, bütün beynəlxalq standartlara cavab verir. Həmin sənəddə insanın əsas hüquq və azadlıqları, o cümlədən layiqli əmək hüququ müəyyənləşdirilib. Oradakı bəndlərdən birində ailə mükəlləfiyyətləri olan işçilərin hüquqlarından, vətəndaşların bu kateqoriyası üçün dövlətin güzəştli şərait yaratmasından danışılır. Ə.Məmmədov: "Bu sənədin ratifikasiyadan sonra real təsirə malik olması önəmlidir. Biz, ilk növbədə, məhz buna diqqət yetirməliyik", - deyə qeyd etdi.
Lakin çox az adam bilir ki, BƏT-in 156 saylı Konvensiyası vətəndaşların layiqli əməklə təmin edilməsi hüququnun əsas elementidir, burada söhbət ailə mükəlləfiyyətləri olan işçilər - kişilər və qadınlarla bərabər davranış və onlar üçün bərabər şəraitin yaradılmasından gedir. Bu sənədin ratifikasiyası Azərbaycana nə verəcək? "R+" müxbirinə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının zəhmətkeşlərin sosial-iqtisadi hüquqlarının müdafiəsi şöbəsinin müdiri Çingiz Tağıyevin açıqladığı kimi, BƏT-in ailə qarşısında öhdəliklər daşıyan qadınları müdafiə edən 1965-ci il tarixli 165 saylı tövsiyələrindən fərqli olaraq, bu konvensiya həm qadınlara, həm də kişilərə şamil edilir.
Bu, öz əksini artıq konvensiyanın adında tapıb. Azərbaycan da daxil olmaqla, bir çox ölkələrin təcrübəsi göstərir ki, kişi ailə öhdəliklərinə malik işçi qşismində hüquqlarını tələb etməyə başladıqda, o da iş yerində qadın kimi ayrıseçkiliyə məruz qalır. Faktik olaraq, söhbət ailə öhdəlikləri olan bütün işçilərin diskriminasiyasından gedir ki, bu konvensiya da məhz həmin diskriminasiyanın aradan qaldırılması prinsiplərini özündə ehtiva edir. Sənədə görə, BMT-yə üzv olan hər bir dövlətin milli siyasəti ondan ibarət olmalıdır ki, ailə mükəlləfiyyətli şəxslər öz hüquqlarını ayrı-seçkiliyə məruz qalmadan, iş yeri və ailəsi qarşısında öhdəliklərini mümkün qədər uzlaşdıraraq həyata keçirə bilsin.
Ailə mükəlləfiyyətləri dedikdə isə öhdəsində olan uşaqlar, qohumlar - həqiqətən, qulluğa və ya yardıma ehtiyacı olan ailə üzvləri qarşısındakı məsuliyyət və öhdəliklər başa düşülür. Maraqlıdır ki, təsərrüfat üzrə işlər də ailə öhdəliklərinin bir hissəsi qismində nəzərdən keçirilir. Sadalananlar Azərbaycan üçün kifayət qədə aktualdır və ən əsası, qanunvericilik bazası buna artıq hazırdır. Ölkəmiz Avropa sosial xartiyasına qoşulub və bu xartiya da 156 saylı konvensiyada əks olunan müddəaları nəzərdə tutur. Üstəlik, əgər Avropa Birliyinə inteqrasiya olunmaq istəyiriksə, beynəlxalq ekspertlərin bizə təqdim etdikləri müddəa və qanunları qəbul etməliyik. Avropa İttifaqına üzv olmaq istəyiriksə, bu norma və standartlarla razılaşmalıyıq.
Onu da qeyd etməyə dəyər ki, BƏT Konvensiyasının ratifikasiyası zamanı Azərbaycan milli qanunvericiliyə, hüquq praktikasına müvafiq prinsipləri daxil etməli, ratifikasiya olunmuş konvensiyanın müddəalarının həyata keçirilməsi üçün həyata keçirilən əməli tədbirlər barədə mütəmadi məruzələr təqdim etməlidir.
Əsas ailənin maraqlarıdır
Bu və ya digər konvensiyaya qoşulduqdan sonra dövlət ratifikasiya olunmuş sənədin müddəalarının həyata keçirilməsi üçün qəbul olunan əməli tədbirlər barədə müntəzəm məruzələr təqdim etməyə borcludur. Onun pinsiplərinin tətbiqini isə bir neçə yolla həyata keçirmək olar. Bununla, ilk növbədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin ölkənin Baş Prokurorluğu məşğul olmalıdır. Bundan başqa, bütün dünyada qəbul olunan və kifayət qədər yaxşı işləyən bir üsul da var - sosial tərəfdaşlıq: hökumət, Azərbaycan Sahibkarlar (işəgötürənlər) Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası baş saziş qəbul edirlər. Bu çox tezliklə baş tutacaq. Bu sazişdə həmin beynəlxalq sənədin prinsiplərinin yerinə yetirilməsilə bağlı bütün məsələlər öz əksini tapıb. Orada deyilir ki, tərəflər onun gerçəkləşdirilməsinin gedişi barədə bir-birinə informasiya təqdim etməlidirlər. Sonra isə ümumiləşdirilmiş material üçtərəfli komissiyanın toplantısına çıxarılır.
Əməli işdə bu, aşağıdakı şəkildə təzahür edir. Məsələn, axşam vaxtlarında, bazar günlərində işi qısaltmaq üçün. Əməkdaşları əlavə iş vaxtı, növbələrin dəyişməsi barədə vaxtında məlumatlandırmaq. Natamam məşğulluq, vəzifə bölgüsü, stavka formalarından istifadə etmək, stavkanı saxlamaqla, iş gününü qısaltmaq, mütəhərrik iş qrafiki, "vaxt bankı", iş saatlarının toplanmasını tətbiq etmək də mümkündür. İndiki zamanda, İnternet dövründə əməyin məsafəli formalarından istifadə etmək də olar. Söhbət, əsasən, uşaqlar və qocalara qulluqdan, məktəbəqədər müəssisələr şəbəkəsi yaradılmasından (məsələn, müəssisələrdə), sosial xidmətin məişət xidmətinin təkmilləşdirilməsindən gedir. Həmkarlar təşkilatları və işə götürənlər iş və məşğulluq şəraitilə ailə mükəlləfiyyətlərinin icrasının uzlaşdırılmasının, yəni iş yerlərinin ailənin maraqları nəzərə alınmaqla təşkilinin qeydinə qalmalıdır. Belə tədbirləri kollektiv müqavilələr və müəssisələr səviyyəsində müvafiq idarəetmə praktikası vasitəsilə daxil etmək olar. Üstəlik, bəzi ölkələrdə ailə üzvlərinə qulluq edən işçilərə yardım göstərir, əmizdirmə üçün şərait yaradır, ailə ehtiyacları üçün telefondan istifadə imkanı yaradır, uşaqlara qulluq üçün xeyli vəsait ayırırlar və s.
Ç.Tağıyevin dediklərindən: "Bu problem Azərbaycanın bölgələri üçün çox aktualdır. Odur ki Azərbaycanın bu konvensiyaya mümkün qədər tez qoşulması çox önəmlidir. Həm yerli, həm də ölkə səviyyəsində hansısa fəal hərəkət və həll variantları həyata keçirilməlidir. "Bütün bu şəraitin yaradılması demoqrafik partlayış doğurmazmı?" sualının cavabında o bildirdi ki, ölkəmizdə əhalinin sayı problemi müşahidə edilmədiyi qəbul olunsa da, bu, yanlış fikirdir. Son zamanlar əhalinin sayının azalması meyli qeydə alınmaqdadır. Bu, təşviş doğuran əlamətdir və ona diqqət yetirmək lazımdır. Əhalinin sayı isə işləyən ailələr üçün şərait yaradılmadığı, sosial müdafiə olmadığı üçün azalır. Azərbaycanda qadın uşağı olmasında maraqlı deyil. Hazırda bir çox ölkə işləyən ailələrin sosial müdafiəsinin təmin olunması yolunu tutub və Azərbaycan da bu yolla getməlidir ki, o cümlədən demoqrafik göstəricilər də yaxşılaşsın. "Məsələn, ali təhsilli, yaxşı karyeraya iddialı olan gənc qadının ərə getdikdən sonra peşəkar həyatdan bir neçə illik uzaqlaşmasını müşahidə etmək mənim üçün çox ağrılıdır. Bəziləri geri qayıdır, digərlərinə isə ərləri işləməyə icazə vermir, onları sırf evdar qadın qismində görürlər. Peşə meydanına qayıtmaq qərarı verənlər isə uzunmüddətli bərpa prosesi keçməli olurlar, halbuki bundan qurtulmaq mümkündür. Axı əslində, dövlət qadınların fəallığında özü maraqlı olmalıdır. Əks halda yalnız kadr və potensial itirərik. Bu, ciddi problemdir. Hətta bəzi rəqəmlər də göstərə bilərəm: məktəbəqədər və bu qəbildən olan digər müəssisələrin geniş şəbəkəsinin yaradıldığı ölkələrdə əhalinin qadınlardan ibarət hissəsinin fəallığı, təxminən, 20%, belə şəbəkənin olmadığı ölkələrdə isə cəmi 2% təşkil edir. Fərqi duyursunuzmu?".
Ç.Tağıyev onu da qeyd etdi ki, işlə ailənin uzlaşdırılması siyasətinin tətbiqi işəgötürənlər üçün də sərfəlidir. Bu, ilk baxışdan, o qədər də nəzərə çarpmır, axı ailə mükəlləfiyyətləri olan insanlar üçün əlverişli şərait yaradılması, bir çox hallarda, müəyyən inzibati qərarlar və hətta müəyyən qədər əlavə xərclər tələb edir. Bununla belə, həmin xərclər belə tədbirlərin müsbət təsirini və uzunmüddətli perspektivdə verəcəyi səmərəni nəzərə almayan işəgötürənin məruz qaldığı itkilərlə müqayisə oluna bilməz. İşini ailə mükəlləfiyyətlərilə uzlaşdırmaq imkanına malik olan işçi daha məhsuldar işləyəcək, daha böyük loyallıq nümayiş etdirəcək, əməkdaşlığa hazır olacaq.
Beləliklə, seçim bizimdir. Şübhəsiz, Azərbaycanda əməyin təşkilinin Avropa standrtlarını tətbiq etmək üçün ölkəmiz o qədər də asan olmayan bir yol keçməlidir. Bura həm həyat səviyyəsinin yüksəldilməsi, həm sağlam rəqabət şəraitində bazar iqtisadiyyatı, həm də bizə insan hüquqlarının daha geniş çeşidini təqdim edən beynəlxalq konvensiyaların ratifikasiyası aiddir. Lakin indi ən əsas olanı yerli qanunvericiliyin müvafiq bəndlərini BƏT-in 156 saylı Konvensiyasına uyğunlaşdırmaq və onların həyata keçirilməsinə başlamaqdır. Əsl qayğı da elə məhz budur...
MƏSLƏHƏT GÖR: