15 Mart 2025

Şənbə, 00:44

İSTEHSALDAN İSTEHLAKA QƏDƏR

Heyvandarlıq məhsullarının bahalaşmasının səbəbi aydındır

Müəllif:

15.11.2007

Dünya bazarlarında kƏnd tƏsƏr-rüfatı məhsullarının artan qiymətləri fonunda ölkə daxilində onun istehsal həcminin artırılmasına yönəldilmiş tədbirlərin görülməsi, şübhəsiz, çox aktual məsələdir. Axı bu gün Azərbaycandakı inflyasiya prosesinin ən əsas obyektiv səbəblərindən birinin məhz dünya qida məhsulları istehsalçılarının qiymət siyasətindəki dəyişikliklər olduğu vurğulanır, bu isə öz növbəsində, yerli malların qiymətlərinin artmasını şərtləndirir. Əlbəttə, azərbaycanlı fermerlər bu və ya digər məhsula olan tələbatı, heç olmasa, yarıya qədər ödəməyə qadir olsa idilər,  dünyada baş verən proseslər istehlakçının cibinə o qədər də ziyan vurmazdı. Lakin ekspertlərin rəyincə, Azərbaycan hökuməti bu il üçün kənd təsərrüfatı məhsulları istehsalının həcmini 2 mlrd manat məbləğində proqnozlaşdırsa da, kənd təsərrüfatının artım templəri  ümumdaxili məhsulun artım templərindən xeyli aşağıdır. Belə ki, 2007-ci ilin yanvar-sentyabr aylarında onun həcmi 1 mlrd 857 mln manat təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən cəmi 4,1% artıqdır. Həm də dənli bitkilərin, daha sonra isə çörək-bulka məmulatının qiymət artımının ardınca heyvandarlıq məhsullarının qiymətinin qaçılmaz artımı məsələsi aktuallaşıb. Bu tendensiya nə qədər əsaslıdır?

 

Xaricdən gətirilən yemlər bahalaşıb

Əvvəlcə rəqəmlərə müraciət edək. Cari ilin 9 ayı ərzində heyvandarlıq məhsullarının artımı 6,2% təşkil edib. Belə ki, yanvar - sentyabrda 221,2 min ton ət (8,7% artım), 1 mln 19,9 min ton süd məhsulu (2,2% artım), 673,5 mln ədəd yumurta (13,4% artım), 13,5 min ton yun (4,6% artım) istehsal olunub. Müqayisə üçün: hesabat dövründə bitkiçilik məhsullarının istehsalı 2,6% artıb. 2007-ci ilin 9 ayının nəticələrinə görə, iribuynuzlu mal-qaranın sayı artaraq, 2,3 mln baş, qoyun və keçilərin sayı 7,7 mln baş təşkil edib. Süd sağımının həcmi artıb. Nümunələrdən göründüyü kimi, demək olar ki, bütün sahələrdə artım müşahidə olunur, amma  qiymət artımları bu göstəricilərlə yanaşı  irəliləyir. Bəs problem nədədir?

Hazırda daxili istehsal əhalinin  ət və ət məhsullarına tələbatını 80% ödəyir, süd məhsullarına olan tələbat isə idxal hesabına ödənir. Ekspertlər qeyd edirlər ki, bunun əsas səbəblərindən biri heyvan yemlərinin bahalaşması və Azərbaycanda heyvandarlıq təsərrüfatlarının yarımköçəri ekstensivliyidir ki, bu da həm inkişaf yolunda maneəyə, həm də ekologiya üçün bir nömrəli problemə çevrilib.  Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun rəyincə, heyvanlara torpağın yetişdirə bildiyindən qat-qat çox yaşıl örtük vacibdir. Beləliklə, torpaqların ekosisteminin pozulması baş verir. Abşeron yarımadasının ekoloji problemlərinə toxunan nazir qeyd edib ki, ötən bir əsr yarım müddətdə burada 1,5 mlrd ton neft hasil olunub. Həm də zəngin yataqların işlənməsi primitiv üsullarla həyata keçirilib və nəticədə 13 min hektar torpaq güclü çirklənməyə məruz qalıb. Bu torpaqlar rekultivasiya prosesindən keçəcək. Yaşayış evlərinin tikintisi üçün daha çox torpaq ayrılır - son illər Bakıda artıq 90 min fərdi ev tikilib. Və əlbəttə, torpağın təbii azalması prosesi heyvandarlığın inkişafı üçün Abşeron rayonunda yem bazasının yaradılmasına mənfi təsir göstərir. Bakı kəndlərinin xırda və iribuynuzlu mal-qara yetişdirməklə məşğul olan əhalisi  yemi kənd regionlarından gətirməyə məcbur olur. Bütün bunlar isə həm ət, həm də süd istehsalında maya dəyərinin artmasına təsir edir.

Belə ki, Bakı kəndlərindən bazara çıxarılmış təzə südün 1 litri 80 qəpiyə təklif olunur, Salyandan, Əli Bayramlıdan gətirilmiş eyni keyfiyyətli süd isə 50 qəpiyə satılır. Mağazalarda Rusiyadan gətirilmiş süd üçqat bahadır. Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki mal-qaranın süni mayalandırılması məntəqəsinin rəhbəri Nəriman Dünyamalıyevin dediyinə görə, "bu ona görə baş verir ki, şirəli yemin kəskin çatışmazlığı şəraitində məhsulun maya dəyərini aşağı salmaq mümkün deyil. Yayda və qışda Abşerona qarayonca, qarğıdalı, arpa, yem çuğunduru, eləcə də Rusiyadan və digər  yaxın xaric ölkələrindən daxil olan müxtəlif qida əlavələri gətirilir. Heyvandarlıq məhsullarının bahalaşmasına həm də MDB ölkələrində qiymətlərin qalxması təsir edir. Rusiyada, Ukraynada, Belarusda mal və quş ətinin qiymətləri bir neçə dəfə bahalaşıb. Cins mal-qaranın suni mayalandırılması üzrə iş aparılır. Abşeronda fərdi təsərrüfatlar  mal-qaranı tövlələrdə saxlamağa başlayıblar, amma bunun üçün hələlik rayonda olmayan  iri yem bazası tələb olunur. Və icra hakimiyyəti orqanlarının ən vacib vəzifələrindən biri - belə bazanın yaradılmasında yerli fermerlərə kömək etməkdir". 

Demək lazımdır ki, kənd təsərrüfatı naziri İsmət Abbasov alimlər və mütəxəssislərlə birlikdə yüksək məhsuldarlıqlı iribuynuzlu mal-qara cinsləri hesabına heyvandarlığın inkişaf etdirilməsini planlaşdırır. Bu addımı atmaq məcburiyyəti ermənilərin 50% otlaqları işğal etməsi ilə bağlı yay örüşlərinin çatışmaması səbəbindən yaranıb. Bununla bağlı, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana Rusiya və Hollandiyadan yüksək məhsuldarlıqlı iri buynuzlu mal-qara cinsləri gətirməyi planlaşdırır. 2007-ci ildə bu planın həyata keçirilməsi üçün ölkə büdcəsindən 800 min manatdan artıq vəsait ayrılıb.

 

Primitiv yanaşma və möhtəkirlik

Məlum olduğu kimi, aqrar islahatlara start verilməsilə Azərbaycanda heyvandarlıq sahəsi özəl sektorun əlinə keçib. Lakin keçmiş kolxoz və sovxozların əmlakı olan yüzlərlə heyvandarlıq ferması şəxsi mülkiyyətə verilməyib. Onları heç özəlləşdirməyiblər də və bir qayda olaraq, sahibsiz fermalar talan olunub. Davam gətirənlər çox az olub. Müsbət nümunələrdən biri - Salyan rayonu Qaraçala  qəsəbəsi yaxınlığındakı kəndli-fermer təsərrüfatıdır. Orada sənaye əsaslı məhsul istehsal edən, öz yem bazasına malik olan müasir heyvandarlıq kompleksi tikilib. Kompleksdə cəmi 18 işçi çalışır, bütün istehsal prosesləri mexanikiləşdirilib,  kompüter vasitəsilə idarə olunur. Burada canlı çəkidə bir kiloqram ət istehsalının maya dəyəri 1 manat 40 qəpik təşkil edir, fermanın rentabelliyi bu gün üçün 43-44%-ə bərabərdir. Yəqin ki, belə müəssisələr çox olsa, sektor xeyli canlanar.

Hələlik isə Azərbaycanın heyvandarlıq sahəsində böyük parçalanma  var, fermerlərin əksəriyyəti müasir texnologiyalar haqqında heç düşünmür də. Onlar üçün əsas məqsəd mal-qaranın sayının  müəyyən stabil artımına nail olmaq, həmçinin ət və süd satışından tezliklə mənfəət əldə etməkdir. Bu gün, demək olar ki, hər bir kəndli təsərrüfatında iri və xırda buynuzlu mal-qara, ev quşları saxlanır, onların da bir hissəsi iri şəhər bazarlarında satılır. Əlbəttə, belə yanaşma nəinki Azərbaycanı istehsalın dünya standartlarına yaxınlaşdırmır, həm də bütün sahənin inkişafını zərbə altında qoyur. Buna görə ekspertlər bu gün heyvandarlara təxirəsalınmaz köməkdən, xırda təsərrüfatların irilərdə birləşməsinin stimullaşdırılmasından, istehsalçı-fermerlər üçün güzəştli şəraitin yaradılmasından danışırlar.

Cins heyvandarlığı da inkişaf etdirmək vacibdir. Tezliklə Azərbaycanda heyvandarlıqda cins məsələlərini tənzimləyən qanun qəbul olunmalıdır. Qanun  müvafiq işlərin təşkili və idarə olunmasının hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirəcək, heyvandarlıqda cins məsələləri  ilə bağlı işin subyektləri arasında münasibətləri tənzimləyəcək. Qanunun məqsədi kənd təsərrüfatı heyvanlarının məhsuldarlığını artırmaq, sabit irsi əlamətlərə malik yüksəkcinsli məhsuldar heyvanlar yetişdirmək, onların təkrar yetişdirilməsini və səmərəli dövriyyəsini təşkil etməkdir. Yerli cinslərin, azsaylı heyvanların mühafizəsi üçün hüquqi baza, heyvandarlığın intensiv inkişafı nəzərdə tutulur. Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması planlaşdırılır.

Parlamentin aqrar siyasət komissiyasının sədri, millət vəkili Eldar İbrahimov qeyd edir ki, "tələbatı ödəmək üçün ət və süd məhsulları idxal edilir, bu isə onların qarışdırılmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Əhalinin heyvandarlıq məhsullarına tələbatını nəzərə alaraq, bu sahədə dövlət nəzarətini gücləndirmək vacibdir. Heyvandarlığın inkişafı cinslə bağlı işlərin müvəffəqiyyətindən asılıdır". Millət vəkilinin sözlərinə görə, 2007-ci ilin büdcəsində kənd təsərrüfatına ayrılan vəsaiti ötən illə müqayisədə 7 mln manata qədər artırmaq planlaşdırılır.

Əlbəttə, emal müəssisələrinin sayını da artırmaq lazımdır. Onda fermerlərin öz təsərrüfatlarını genişləndirmək üçün stimulu da olar. Bundan başqa, sirr deyil ki, bu gün bazarlarda məhsulu maya dəyərindən, təxminən, iki dəfə baha satan möhtəkir və alverçilər ağalıq edir. Başqa sözlə, bu gün heyvandarlığın real inkişafı üçün bir sıra problemlərin kompleks həlli tələb olunur.


MƏSLƏHƏT GÖR:

472