
İLİN SƏNƏDİ
2008-ci il üçün dövlət büdcəsində əhalinin bütün təbəqələrinə xərclər artırılacaq
Müəllif: Nurlanə QULİYEVA Bakı
"HökumƏt deputat-ların bü-tün təkliflərini nəzərə alarsa, onda gərək dövlət büdcəsi 22-25 milyard dollar ekvivalentində olsun. Bu gün üçün bu, real deyil və odur ki mövcud imkanlardan çıxış etmək lazımdır". Bunu 2008-ci il üçün dövlət büdcəsi ilə bağlı parlamentdə aparılan qızğın müzakirələr zamanı Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov səsləndirib.
Onunla razılaşmamaq mümkün deyil. Bugünkü reallıq isə 2008-ci ilin dövlət büdcəsinin gəlirlərinin 7,383 milyard manat (2007-ci illə müqayisədə 27,9% artıq), xərclərinin 8,509 milyard manat (+34,9%), büdcə kəsirinin 1,126 milyard manat və ya Ümumdaxili Məhsulun 3,6%-i qədər olmasına imkan verir.
Büdcə gəlirlərinin 5 milyard manatı Vergilər Nazirliyinin (+17,9%), 1,1 milyard manatı Dövlət Gömrük Komitəsinin (+42,9%), 1,279 milyard manatı isə digər mənbələr hesabına təmin ediləcək.
Əlavə dəyər vergisinin yığımı 46,6%, gömrük rüsumları 44,8%, sadələşdirilmiş verginin yığımı 40%, aksiz vergiləri isə 12,7% artacaq.
2008-ci ilin büdcəsindəki rekord kəsirin (bu, Azərbaycanın müstəqilliyi tarixində ən yüksək büdcə kəsiridir) örtülməsi üçün isə özəlləşdirmədən gələcək gəlirlər (50 milyon manat), dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsindən əldə edilən vəsaitlər (361,4 milyon manat) və xəzinədarlıq hesablarındakı qalıqlar (715 milyon manat) istifadə ediləcək.
Dövlət vəsaiti hara xərclənəcək?
Rəqəmlərdən göründüyü kimi, gələn il hökumət büdcəyə toplayacağı gəlirlərdən daha çox xərcləmək fikrindədir. Təbii ki, bu halda ortaya sual çıxır: haraya?
Maliyyə Nazirliyinin şöbə rəisi Fazil Fərəcov bildirib ki, 2008-ci ildə bütün sahələrdə məqsədli proqramların maliyyələşdirilməsinə 3,04 milyard manat ayrılacaq ki, bu da 2007-ci maliyyə ili ilə müqayisədə 48,4% çoxdur. "Məqsədli proqramlara ayrılacaq vəsait ümumi büdcə xərclərinin 35,7%-ni təşkil edəcək", - deyə F.Fərəcov bildirib.
Bununla yanaşı, büdcənin investisiya xərcləri ilk dəfə olaraq, 3,691 milyard manat təhkil edəcək.
"Gələn il dövlət tərəfindən kapital qoyuluşlarının 2,841 milyard manata çatdırılması nəzərdə tutulub ki, bu, 2007-ci ilin göstəricisindən 926 milyon manat və ya 48,3% artıqdır. 2008-ci ildə əsas diqqət artıq reallaşdırılmasına başlanılan layihələrin sona çatdırılmasına yönəldiləcək", - deyə maliyyə naziri Samir Şərifov bildirib.
Regionların inkişafı proqramının reallaşdırılmasına 350-400 milyon manat ayrılacaq. Bu yalnız dövlət tərəfindən ayrılacaq məbləğdir. Ümumilikdə isə regionların inkişafına xərclənən məbləğ daha böyükdür. Çünki prosesdə özəl sektor fəal iştirak edir. Yeri gəlmişkən, yeni iş yerlərinin 85%-i məhz özəl sektorun hesabına yaranır.
Dövlət büdcəsinin sosial xərcləri cəmi 16,5% və ya 2,8 milyard manat artacaq. Bununla yanaşı, gələn il büdcə təşkilatlarında çalışan işçilərin hamısının əməkhaqqının artırılması nəzərdə tutulub ki, bu da, təxminən, 630 min insan deməkdir. Onların əməkhaqqının yüksəldilməsinə minimum əmək haqqının artırılması nəzərə alınmadan, 183,1 milyon manat yönəldiləcək. Məsələn, təhsil sahəsinə ayrılacaq 2 milyard manatın 70%-i maaşların artırılmasına xərclənəcək. Səhiyyədə isə bu rəqəm 60%-dir.
Ümumiyyətlə, ölkədə büdcə təşkilatlarında çalışanların əməkhaqqının artırılması tendensiyası mütəmadi xarakter alıb. 2007-ci ildə 177 manatdan 233 manata qaldırılan orta aylıq əməkhaqqının da yüksəldilməsi planlaşdırılıb. "2008-ci ildə minimum əməkhaqqının artırılmasına 184 milyon manat, büdcə təşkilatı işçilərinin maaşlarının yüksəldilməsinə 183,1, baza pensiyasının ehtiyat hissəsinin artırılmasına 140 milyon, sosial yardımların yüksəldilməsinə isə 27,8 milyon manat xərclənəcək", - deyə S.Şərifov qeyd edib.
Yaşayış minimumu inflyasiyadan asılı olacaq?
Büdcə layihəsilə bağlı parlament komissiyalarında keçirilən ilkin dinləmələrin gedişində deputatlar sənəddə əks olunan yaşayış minimumunun səviyyəsindən narazılıqlarını bildiriblər. Hətta Milli Məclisin iqtisadi siyasət komissiyası Azərbaycan hökumətindən 2008-ci il üçün yaşayış minimumu proqnozuna yenidən baxmağı, onun indeksləşdirilməsini istehlak inflyasiyasına uyğun həyata keçirməyi tələb edib. Komissiyanın üzvü Əli Məsimli bildirib ki, 2008-ci ildə hökumət yaşayış minimumunu 9,3% (2007-ci ilin rəqəmi olan 64 manatdan 70 manata) artırmağı planlaşdırır ki, bu da 16%-lik inflyasiyadan azdır. Komissiya əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun hökumətin təklif etdiyi kimi, 79 manat yox, 82 manat, pensiyaçılar üçün 55 manat deyil, 58 manat, uşaqlar üçün isə 59 yox, 61 manat müəyyənləşdirilməsini təklif edir.
Bu təklifdə hətta 2008-ci il üçün rəsmi proqnoz olan 14%-lik istehlak inflyasiyası nəzərə alınmayıb. Nəticədə komissiya yaşayış minimumunun səviyyəsinə hər rüb yenidən baxılması təklifini də irəli sürüb.
Bəzi deputatları ünvanlı sosial yardımların hesablanması üçün hökumətin təklif etdiyi ehtiyac meyarının 45 manatlıq səviyyəsi də qane etməyib. Hərçənd bu göstərici əvvəlkindən 12,5% artıqdır.
Artıq qeyd etdiyimiz kimi, bütün bu iradlar gələn il inflyasiyanın yüksək olacağına dair proqnozlarla bağlıdır. Belə ki, 2008-ci ildə istehlak inflyasiyası üçün limit 12% müəyyənləşdirilib. Amma onu da unutmaq olmaz ki, dövlət başçısı hazırda 15-16% təşkil edən inflyasiyanın birrəqəmli həddə endirilməsi ilə əlaqədar hökumətə tapşırıqlar verib. Lakin, eyni məqsəd bu il də qarşıya qoyulmuşdu, təəssüf ki, obyektiv və subyektiv səbəblər üzündən ona nail olunmayıb. Məsələni şərh edən bütün nazirliklərin nümayəndələri və müxtəlif səviyyəli məmurlar mövcud durumun obyektiv və subyektiv səbəblərini Azərbaycana mal satan ölkələrdə qiymətlərin artımı, neftin qiymətinin rekord həddə qalxmasını göstərir. "Hesab edirəm ki, bu problemin aradan qaldırılması üçün iqtisadiyyatın inkişaf etdirilməsi mümkün olan sahələri inkişaf etdirilməli, bununla da əlavə idxaldan qaçılmalıdır. Bundan başqa, ölkə iqtisadiyyatında mövcud olan monopoliyanı da səbəblərdən biri kimi göstərmək olar", - deyə məsələyə münasibət bildirən parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.
Bir sözlə, problemlər köhnədir. Əsas olanı isə gələn il onların həllinə nail olunmasıdır.
Neftin hegemonluğu aradan qalxır
Gələn il üçün pozitiv məqamlar da kifayət qədərdir. Z.Səmədzadənin fikrincə, 2004-2008-ci illərdə büdcə gəlirlərinin 4,9 dəfə, ÜDM-in isə 3,9 dəfə artması hökumətin uğurlu iqtisadi siyasətinin göstəricisidir: "2008-ci ilin dövlət büdcəsinin layihəsi bir sıra pozitiv məqamlarla xarakterizə olunur. Bir tərəfdən, Vergilər Nazirliyi xətti ilə daxilolmalar bütün gəlirlərin 69-70%-i səviyyəsində stabillik qazanıb və bu, ölkənin iqtisadi inkişafını göstərir. Digər yandan, məqsədli dövlət proqramları genişlənir, üçüncüsü isə, dövlət büdcəsinin cari xərcləri azalır. 2000-ci ildə cari xərclərə bütün xərclərin 92,8%-i ayrılırdısa, 2008-ci ildə bu rəqəm 56,6% təşkil edir. Bir sıra Avropa ölkələrinin ekspertləri Azərbaycanın dövlət büdcəsinin artırılmasının çətinliklər yarada biləcəyini düşünsələr də, biz bu prosesi idarə etməliyik. Büdcənin artması təbii prosesdir".
2008-ci ilin dövlət büdcəsində gəlirlərin 51,9%-nin neftdən əldə edilməsi bir qədər məyusedici olsa da, 2007-ci illə müqayisədə bu rəqəm 4,1% azalıb. Bu isə artıq ciddi nailiyyətdir. Özü də ölkənin öz neftinin satışından əldə etdiyi gəlirin artması fonunda.
Bununla yanaşı, gələn ilin dövlət büdcəsinə neft sektorundan vergi daxilolmalarının 2,73 milyard manat (+3%), qeyri-neft sektorundan isə 2,27 milyard manat (+42,8) olacağı gözlənilir.
Gələn illə bağlı makroiqtisadi proqnozlara gəlincə, ÜDM-in 31,5 milyard manat, onun real artım tempinin isə 18,2% olacağı planlaşdırılır. İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, gələn il qeyri-neft sektorunda ümumi məhsul istehsalının 8,1%, neft sektorunda isə 26,1% olması gözlənilir. 2008-ci ildə adambaşına düşən ÜDM-in həcmi 4,55 min dollara çatacaq, ÜDM-in 89%-i özəl sektorun payına düşəcək. Əhalinin pul gəlirlərinin 16,7 milyard manat, xarici ticarət dövriyyəsinin 31,2 milyard manat olması gözlənilir. 1 barrel neftin qiyməti isə 50 dollar müəyyənləşdirilib.
2008-ci ildə milli valyutanın orta mübadilə məzənnəsi 1 ABŞ dollarına 0,8 manatdan artıq olmayacaq. 2011-ci il üçün isə bu rəqəm 0,5 manata enəcək.
Maliyyə naziri Samir Şərifovun bildirdiyinə görə, 2008-ci ildə manatın möhkəmlənməsi 5% təşkil edəcək və bu makroiqtisadi proqnozların irəli sürülməsinə kifayət qədər əsaslar var. "Bir tərəfdən, manatın möhkəmlənməsi, faktik olaraq, infilyasiyanın qarşısının alınması faktorudur və dollar aktivlərinin yenidən qiymətləndirilməsi ilə əlaqədar qlobal proseslə bağlıdır. Bu, müəyyən dərəcədə Azərbaycana da təsir göstərir. Digər tərəfdən, 2008-ci ildə ölkəyə geniş həcmdə neft dollarları axacaq, investisiya qoyuluşları çoxalacaq, daha çox portfel investorları meydana çıxacaq", - deyə S.Şərifov bildirib.
Qeyd edək ki, 2007-ci ildə manatın mübadilə kursu 1 dollara 0,8714 AZN-dən 0,851 AZN-ə düşüb.
Beləliklə, 2008-ci ilin dövlət büdcəsi layihəsinin kifayət qədər real olduğunu söyləmək mümkündür. Burada gəlirlərin süni şişirdilməsi və ya inflyasiyanın azaldılması, əməkhaqqı və pensiyaların hədsiz artırılmasına dair vədlər yoxdur. Hər şey mövcud və gözlənilən iqtisadi proseslərə əsaslanır. Bu isə özü özlüyündə nailiyyət və ölkənin bundan sonra da iqtisadi inkişafının təmin edilməsi üçün ən vacib amillərdən olan sabitliyin təminatı deməkdir.
MƏSLƏHƏT GÖR: