
FÖVQƏLADƏ DEMOKRATİYA
Müəllif: Redaksiya
Gürcüstanda son günlər yaşananlar dünya mətbuatının diqqətini özünə cəlb edib, Avropa liderlərinin və hüquq müdafiə təşkilatlarının müzakirəsinə səbəb olub. Təbii ki, qonşu ölkədə baş verənlərə Azərbaycan da etinasız yanaşa bilməz.
Bu gün, Gürcüstanda gərginliyin nisbətən azaldığı və ən azı, müxalifətin bir hissəsinin prezident Mixail Saakaşvilinin növbədənkənar prezident seçkisi qərarı ilə razılaşdığı bir vaxtda, qonşu ölkədə yaşananları qiymətləndirməyə çalışaq.
Son illər dünyada, xüsusilə də Avropada əksəriyyət "qızılgül inqilabı"nı kütlənin iradəsinin nümayişi ssenarisinin etalonu sayırdı. Həmin vaxt Şevardnadzenin qeyri-populyar rejiminin amerikapərəst və qərbpərəst (bu gün artıq bunlar tamam fərqli məfhumlardır) liderlə əvəzlənməsində maraqlı olan "azadlıqsevər" siyasətçi və analitiklər baş verənlərin əsl dövlət çevrilişi olması faktına göz yumdular.
2004-cü ildən Gürcüstan qonşu dövlətlər, həmçinin Azərbaycan üçün nümunə göstərilirdi. Bununla yanaşı, bu ölkənin siyasi və iqtisadi həyatında baş verən avtoritar tendensiyalara fikir verilmir, opponentlərin və müxalifətin susdurulması, etnik azlıqların hüquqlarının və azadlığının boğulması, nədənsə diqqətdən kənarda qalırdı. Sonuncu məqam bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Borçalıdan (Kvemo-Kartli) Azərbaycana miqrasiya edən Gürcüstan azərbaycanlılarının bildirdiyinə görə, orada onlar üçün situasiya dözülməz xarakter alıb, azərbaycanlıların haqları tapdanır və artıq sistemli xarakter alan bu hal dövlət tərəfindən açıq şəkildə dəstəklənir. Həqiqətən də, Gürcüstan iqtisadiyyatında baş verən canlanma Borçalı regionundan yan keçib, torpaq islahatları əsrlərlə öz torpaqlarında çalışan azərbaycanlıları həmin yerlərin mülkiyyətçisi olmaq hüququndan kənar qoyub.
Tbilisinin həyata keçirdiyi inzibati islahatlar azərbaycanlıları hakimiyyət orqanlarında və özəl sektora məxsus şirkətlərdə işə düzəlməkdən məhrum edib, yeni "demokratik" sxem üzrə keçirilən bələdiyyə seçkiləri isə ona gətirib çıxarıb ki, azərbaycanlılar sıx yaşadıqları bölgələrdə belə ali orqanlarda öz nümayəndələri ilə təmsil olunmurlar.
Onu da əlavə edək ki, təhsil sahəsində həyata keçirilən islahatlar (attestasiya belə adlandırılır) qanuna uyğun olaraq, Azərbaycan məktəblərinin azaldılması, azərbaycanlı direktorların vəzifədən kənarlaşdırılması ilə nəticələnib, gürcü millətçiliyi dalğası isə qonşu ölkənin Azərbaycan ərazisindəki tarixi alban abidələrinə də iddia etməsinə gətirib çıxarıb.
Saakaşvilinin bu sahədə demokratikləşmə "nailiyyətləri"nin siyahısını uzatmaq da olar. Lakin onlara xaricdən o qədər də diqqət ayrılmırdı.
İndi - Gürcüstan paytaxtında mitinqçilərin yüzlərlə insanın xəsarət alması ilə nəticələnən "dağıdılma prosesi"ndən sonra isə Qərbin baş verənlərə reaksiyası dəyişib. Qərb yenidən əsl Qərbi xatırladır, insan haqları və azadlığına riayət edən qüvvə kimi çıxış etməyə başlayıb. Gürcüstan isə bütün bu illər ərzində elə Gürcüstan olaraq qalıb - həm siyasətdə ənənəvi süniliklə, həm millətçiliyin yenidən oyanmasında, müdafiəsiz etnik qruplara qarşı yönələn siyasətdə, həm də səxavətli qonşusu Azərbaycandan iqtisadi asılılıqda.
Avropada çoxları Saakaşvilinin belə amansız davranacağını gözləmirdi. ATƏT-in xüsusi nümayəndəsi də Gürcüstan hakimiyyətini "fövqəladə vəziyyəti dərhal aradan qaldırmağa, kütləvi informasiya vasitələrinin azadlığını tam bərpa etməyə, xüsusilə radio və televiziya kanallarının işləməsinə imkan yaratmağa, sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağa və ədalətli seçkinin keçirilməsini təmin etməyə" çağırıb. ABŞ, NATO və ATƏT bu və ya digər formada ölkə müxalifətinin mitinqinin dağıdılmasını və Gürcüstanda fövqəladə vəziyyət elan olunmasını pisləyib. BMT-nin insan haqları üzrə ali komissarı da "qeyri-bərabər şəraitdə güc tətbiqindən, müxalifət liderlərinin həbsindən və nümayişçilərin həbsindən" narahatlığını ortaya qoyub.
Gürcüstandda yaşanan son hadisələr yerli müxalifətin zəifliyi və pərakəndəliyini, onun hakimiyyətə layiqli müqavimət göstərmək imkanında olmadığını da ortaya çıxarıb. Lakin təhlükəli olanı bu yox, qarşıdan gələn prezident seçkisində müxalifətin namizədinin məğlub olacağı təqdirdə, Saakaşvilinin hakimiyyətinin daha da güclənəcəyi və bununla da qonşu ölkədə avtoritar rejimin daha da möhkəmlənəcəyidir. Bu, öz növbəsində milli azlıqların növbəti dəfə problemlərlə üzləşməsinə səbəb ola bilər.
Beləliklə, ortaya aktual sual çıxır: bizə necə Gürcüstan lazımdır? Təbii ki, sabit, firavan və dost, beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin problemsiz və fasiləsiz fəaliyyətini təmin edən, öz ərazisində investisiya layihələrimizin reallaşmasına şərait yaradacaq qonşuya ehtiyacımız var.
Eyni zamanda, bizə həm də Gürcüstanda elə hakimiyyət lazımdır ki, o yalnız gürcülərin deyil, həmçinin bu ölkənin vətəndaşları olan digər millətlərin hüquqlarına da hörmət etsin, "region qayığı"nı silkələyərək, Cənubi Qafqazdakı ümumi maraqlarımıza təhlükə yaratmasın.
MƏSLƏHƏT GÖR: