24 Noyabr 2024

Bazar, 23:36

QOCALIQ SEVİNC GƏTİRƏNDƏ

Pensiyaların səviyyəsi 2 ildən sonra yaşayış minimumuna çatdırılacaq

Müəllif:

01.11.2007

Bu gün, son bir neÇƏ il ərzində aparılan islahatlar sayəsində, Azərbaycanın pensiya sisteminin ölkəmizin can atdığı dünya standartlarına getdikcə daha da yaxınlaşdığını demək mümkün-dür. Əlbəttə, söhbət heç də pensiyaların məbləğindən yox (onların həmin standartlara çatmasına hələ çox var), hesablanma və ödənmə sistemindən gedir. Keçən il qəbul olunan "Əmək pensiyaları haqqında" Qanun bu sahəyə çoxlu yenilik gətirdi, ən əsası, pensiyaların hesablanması zamanı "bərabərləşdiməni" ləğv etdi.  

Bu istiqamətdə sonuncu "ştrix" cari ilin sonuna qədər yerini tapacaq - nəhayət, 1 yanvar 2006-cı ilə qədər pensiyaya çıxan vətəndaşların pensiyaları yenidən hesablanacaq. Ölkə prezidentinin qərarına əsasən, əhalinin pensiyalarının həcmi maksimal 51 manat əmək haqqından hesablanan bu kateqoriyasına münasibətdə sosial haqsızlığa son qoyulacaq. Daha bir önəmli məqam: pensiyalarının yenidən hesabanması üçün bu adamlar yeni arayışlar təqdim etməli olmayacaqlar, çünki onların əmək haqları barədə bütün informasiya toplanıb və fondun arxivində saxlanılır. Fondun sədri Səlim Müslümovun fikrincə, yenidən hesablanma prosesində bütün korrupsiya və spekulyasiya cəhdlərinin qarşısını da elə bu alacaq. 

 

Ən əsas olanı əmək haqqıdır

 

Artıq deyildiyi kimi, Azərbaycanda yeni pensiya sisteminin üstünlükərindən biri o oldu ki, bundan sona pensiya "təyin olunmur", "hesablanır". Yəni burada əsas komponent qismində əmək haqqı çıxş edir və pensiyaların məbləğinin artımı  əmək haqlarının həcminin artmasından birbaşa asılıdır.

Hazırda Azərbaycanın sosial siyasətinin prioritetlərindən biri minimal əmək haqlarının və pensiyaların yaşayış minimumu ilə bir səviyyəyə çatdırılmasıdır. Əvvəllər bunun 2008-ci ildə baş tutacağı təxmin edilsə də, bu gün ekspertlər ölkədəki inflyasiya prosesləri fonunda daha çox belə rəydədirlər ki, məqsədə 2010-cu ildən tez yetişmək mümkün olmayacaq.

Lakin parlamentin sosial siyasət komissiyasının sədri Hadı Rəcəblinin dediyi kimi, yaşayış minimumunun səviyyəsi bazar qiymətlərinə uyğun olaraq atacaq, deməli, gələn il minimal maaş və pensiyaların da artacağını gözləmək olar. Təxminlərə görə, 2008-ci ildə yaşayış minimumu 80-90 manat təşkil edəcək, minimal maaş və pensiyalar isə 70 manata qədər arta bilər. Qeyd edək ki, oktyabrın əvvəlləri üçün Azərbaycanda orta əmək pensiyası 65,7 manat təşkil edib.

Hazırda isə Azərbaycanda pensiyanın orta həcminin əmək haqqının orta həcmindən daha yüksək templərlə artması prosesi müşahidə edilməkdədir. Belə ki, əgər 2000-2007-ci illərdə orta aylıq əmək haqqının həcmi 3,1 dəfə atıbsa, elə həmin dövr ərzində orta aylıq pensiya 4 dəfədən də çox artıb. Məsələn, 2000-ci ildə orta əmək haqqı 45,1 manat ($49,5) olduğu halda, bu il 170,7 manatdır ($200,1), əmək pensiyalarında artım isə $16,1-68,2 arasında olub. 

Orta aylıq əmək haqqı ilə pensiyaların orta həcminin nisbəti göstəricisi də ekspertlərə optimizm aşılayır ki, hazırda Azərbaycanda o, 34,1% təşkil edir. Bu, keçmiş postsovet ölkələri arasında ən yaxşı göstərici olmasa da, Azərbaycan iqtisadiyyatı şəraitində kifayət qədər məqbul  rəqəmdir. Müqayisə üçün qeyd edək ki, Ermənistanda bu göstərici 18,1%, Belarusda - 44,1%, Gürcüstanda - 16,7%, Qazaxıstanda - 27,5%, Latviyada - 31,9%, Litvada - 29,8%, Moldovada - 29,1%, Rusiyada - 25,6%, Tacikistanda - 34,1%, Estoniyada - 23,9%, Ukraynada - 40% təşkil edir. Ukraynada yüksək göstərici onunla əlaqədardır ki, onların Sosial Müdafiə Fonduna təkcə sosial sığortadan deyil, spirtli içkilər, tütün məmulatlaı istehsalı, avtomobil satışından və i. a. ödəmələr də daxil olur. Bundan başqa, bu ölkədə Dövlət Fonduna dövlət büdcəsindən Azərbaycandakından xeyli çox vəsait köçürülür.

 

Pensiyanı cavanlıqdan yığ

 

Hər hansı bir halda, pensiyaçıların gələcək nəsillərinin bəxti hazırda pensiyada olanlar və ya indi pensiyaya çıxanlardan daha çox gətirib. Ən azı ona görə ki, onlar gələcək pensiyalarının müəyyən hissəsini özləri formalaşdırmaq imkanı əldə edəcəklər. Artıq qeyd edildiyi kimi, dövlətin müəyyənləşdirdiyi baza  və sosial sığorta ödəmələrindən çıxış edərək formalaşan sığorta hissələrindən savayı, 2010-cu il üçün Azərbaycanda pensiyanın yığım komponenti də tətbiq ediləcək.

Yaxın vaxtlarda Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2008-2013-cü illər üçün Sığorta Pensiyası Sisteminin Dövlət Proqramının layihəsini Azərbaycan prezidentinin təsdiqinə verəcək. Proqramın layihəsi yığım pensiya sığortası sisteminin, özəl pensiya fondları institutunun və bir sıra digər məqamların tətbiqini nəzərdə tutur. 

Plana əsasən, 2010-cu ildən sonra 3 il ərzində pensiyanın yığım hissəsi banklarda depozit şəklində saxlanacaq. Sığortalanan həmin vəsaitdən investisiya şəklində istifadə etmək imkanına yalnız bu müddət başa çatdıqdan sonra malik olacaq. Üstəlik, ona pensiyaların yığım hissəsini yerləşdirə biləcəyi idarəetmə şirkətlərinin siyahısı təqdim olunacaq. Lakin bu investisiyaların yatırım qaydası və yönümü daha sonra qəbul ediləcəyi nəzərdə tutulan ayrıca qanunla tənzimlənəcək. Sığortalanan yığım hissəsinin vəsaitlərini yalnız pensiya yaşına çatdıqdan sonha ala biləcək. Doğrudur, qaydalarda müəyyən istisnalar da mümkündür. Belə ki, sığortalanan yığım hissəsinin vəsaitini vətəndaşlığı dəyişdiyi halda geri ala bilər. Sığortalanan vəfat etdiyi halda, vəsait onun varislərinə veriləcək.

Lakin pensiyann yığım hissəsini heç də bütün vətəndaşlar almaya-caq. Ona 1973-cü ildən sonra anadan olanlar ümid bəsləyə bilərlər. Bu, 1973-cü ildə anadan olanların 2010-cu ildə 37 yaşı olması şərtilə qəbul edilib. Qanuna görə, pensiyanın yığım hissəsini almaq üçün 25 illik sığorta stajı olmalıdır. Beləliklə, dünyaya 1973-cü ildən sonra gələn şəxs 62 yaşında pensiyaya çıxarkən zəruri 25 illik sığorta stajına malik olacaq.

Yeri gəlmişkən, DSMF "qeyri-dövlət pensiya fondları haqqında" qanunun bu yaxınlarda qəbul olunacağına ümidlidir. Qanun layihəsini hazırlayarkən ekspertlər belə fondların başqa ölkələrdə, məsələn, Rusiyada fəaliyyət təcrübəsini öyrəniblər. Jurnalistlərə: "Ən yaxın qonşumuzda - Rusiyada peşəkar pensiya fondları da fəaliyyət göstərir. Məsələn, "LUKoyl" neft şirkətinin, "Qazprom"un belə fondları var. Lakin biz qərara gəldik ki, Azərbaycanda belə peşəkar fondlar olmayacaq", - deyə bildirən S.Müslümov əlavə etdi ki, qanun layihəsi qeyri-dövlət pensiya fondlarının yaradılması üçün sərt şərtlər nəzərdə tutur. Məsələn, kapitala, fondun başçısına, fondların maliyyə xidmətləri rəhbərlərinə tələblər verilməsi nəzərdə tutulub.

Qeyri-dövlət pensiya fondu yaratmaq üçün pensiyaların baza hissəsinin 5 000 mislinə bərabər kapitala malik olmaq lazım gələcək. Pensiya fondunun başçısının maliyyə, sığorta sahəsində, minimum, 3 il iş stajı, həmçinin ali hüquqi və ya iqtisadi təhsili, fondun baş müsahibinin ixtisas üzrə, minimum, 3 il iş stajı, həmçinin ali hüquqi və ya iqtisadi təhsili olmalıdır. Qeyri-dövlət fondlarının fəaliyyəti üçün lisenziyanı isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi verəcək.

Bu zaman fond qarşısına bir sıra taktiki məqsədlər də qoyur. Bunlar sosial sığorta sisteminin maliyyə sabitliyinə və özünüödəməsinə nail olması (dövlət büdcəsindən ayırmaların həcmindən asılı olmayaraq), sosial sığortaya iqtisadi sistemin bütün iştirakçılarının cəlb edilməsidir ki, bu da kölgə iqtisadiyyatı ilə mübarizə aparmağa imkan verəcək.

S.Müslümovün fikrincə, özəl pensiya fondlarının fəal işləməsi üçün, minimum, 10 il lazımdır ki, onlar vətəndaşların vəsaitlərini təmərküzləşdirmək imkanına malik olsun. "Bu gün belə institutların pensiyaçıların vəsaitlərini yerləşdirmək problemi var. Hesab edirəm ki, pensiya fondlarının pensiyaçılardan cəlb etdikləri vəsaitləri yerləşdirmək imkanına malik olmaları üçün maliyyə bazarlarımızı inkişaf etdirməliyik", - deyə o vurğulayıb.


MƏSLƏHƏT GÖR:

477