13 Mart 2025

Cümə axşamı, 08:54

PƏHLƏVANLARIN PƏHRİZİ

Azərbaycanın kulinariya ənənələri müxtəlif idman növlərinin inkişafına ciddi təsir göstərir

Müəllif:

16.06.2015

Hər bir regionun özünəxas kulinariya ənənələri olduğu kimi, tarixi və ərazi xüsusiyyətlərinə əsasən, hər bir bölgənin öz qəhrəmanları, milli idman növləri də formalaşmış olur.

 

Əsrlərin dərinliklərindən

Azərbaycan qədim zamanlardan öz pəhləvanları ilə tanınıb. Güləş burada hər zaman məşhur idman növü olub. Azərbaycanın xalq nağıllarında, əfsanələrində, dastanlarda da güləşçilərin yarışlarından çox bəhs olunur. Azərbaycanın qədim yazılı abidəsi olan "Dədə Qorqud" dastanında güləşlə yanaşı, digər əlbəyaxa döyüş növlərindən də bəhs olunur. Əlbəttə ki, o dövrlərdə heç kəs idmanın insan üçün sağlamlıq olduğunu düşünmürdü. Onlar, sadəcə, xalq bayramlarında, gəzintilərində bir əyləncə sayılırdı. Nağıllarda və əfsanələrdə igidlər güclərini şirlərin, öküzlərin, dəvələrin üzərində göstərir, qurşaq tutaraq, bir-birlərilə güləşirdilər. Zaman keçdi, güləş inkişaf etdi, ona münasibət dəyişdi. Bu dövrdə yarış qaydaları da dəyişikliklərə məruz qaldı, döyüşlər xüsusi məkanlarda təşkil olunmağa başladı. Nəticədə, Azərbaycanda qədim döyüş növü olan güləş yarışları zorxana adlandırılan xüsusi yerlərdə keçirilməyə başladı.

Oğuz xalqının nümayəndələri, o cümlədən qızlar at çapmaqda, qılıncoynatmada, atıcılıqda ustalıq göstərirdilər. Bu ölkədə savaşda qalib gələrək qəhrəmanlıq göstərməyən oğlan uşağına ad qoymazdılar. "Dədə Qorqud" dastanının qəhrəmanları Bamsı Beyrək və Banuçiçək də yalnız at yarışında, atıcılıqda və güləşdə güclərini sınadıqdan sonra bir-birlərinə vurulurlar. Əfsanəvi "Dədə Qorqud"da rast gəlinən idman yarışları haqda digər mənbələrdən də oxumaq mümkündür. Azərbaycanın XI əsrə aid şairi Xəqani Şirvaninin əsərlərində "çövkən"dən, at yarışından, şahmatdan, qılıncoynatmadan və s. danışılır.

Spesifik idman növləri üçün müvafiq rasion tələb olunur. Özü də bu rasion həmin regiona uyğun olmalıdır.

 

İdmançılar üçün yemək

Qədim zamanlarda Azərbaycan pəhləvanları üstünlüyü ət yeməklərinə, əksər hallarda isə quzu ətinə veriblər. Bunun iki səbəbi var idi: birincisi, ət proteinlə zəngin qidadır və protein əzələ kütləsini qoruyub saxlayır. Demək, idmançı bununla fiziki formasını da qaydada saxlaya bilir. İkincisi, qədim zamanlarda tez-tez ət yemək özünəməxsus uğur rəmzi sayılırdı - indiki dövrdə telefon və ya avtomobil kimi. Yoxsullar ət xörəkləri yeyə bilmirdilər.

Müxtəlif ölkələrin, demək olar ki, bütün milli xörəklərində ət çox az, un isə əksinə, maksimum həddə olur. Tədqiqatçıların çoxdan üzə çıxardıqları bir məqam var: milli mətbəx hər zaman yoxsulların yeməyi olub. Bəzi hallarda əti ona yaxın məhsullarla, məsələn, Gürcüstanda olduğu kimi, lobya ilə əvəzləyirlər. Bundan başqa, ətin yuxarı təbəqəyə verilməsindən sonra heyvanın yerdə qalan hissəsi yoxsulların rasionunu təşkil edirdi. Söhbət heyvanın ürəyindən, ciyərindən, içalatından, həmçinin başından və dırnaqlarından bişirilən xörəklərdən gedir. Maraqlıdır ki, Avropada ən geniş yayılmış milli xörək xaşın müxtəlif növləridir. Azərbaycanda isə böyük həcmdə proteinə malik, yəni normal ətdən bişirilən milli xörəklər var. Misal kimi, artıq o qədər də populyar olmayan xəmiraşını göstərmək olar. Bu, az rast gəlinən sup növüdür. Xəmiraşı praktiki olaraq, tamamilə zülaldan ibarətdir. Onun əsas qatqıları qoyun əti qiyməsindən hazırlanmış kürəciklər (küftə), lobya və yumurtadır. Şübhəsiz ki, bu xörək çətin günlər yaşayan yoxsullar üçün yox, döyüşçülər, pəhləvanlar üçün nəzərdə tutulmuşdu. Lakin bu qədər zülalın həzmi asan məsələ deyil və bu üzdən də, xəmiraşında sirkə, nanə kimi inqrediyentlərə də rast gəlinir. Sirkə zülalın parçalanmasına, nanə isə mədənin fəaliyyətinə kömək edir.

İdmançılar üçün digər bənzər ət xörəkləri piti və bozbaşdır. Onların hər ikisi qoyun ətindən hazırlanır. Üstəlik, bu xörəklərin klassik variantına şabalıd da atılır. Bu gün onların tərkibində şabalıdı zülalla daha zəngin olan kartof əvəzləyir. Pəhləvan yalnız quru yeməklərlə dolana bilməz. Çünki idmanla məşğul olmaq üçün çox maye qəbul edilməlidir. Qədim idmançıların qidalanmasında dolma da çox işə yarayıb. Onun hazırlanması zamanı 100 qram qoyun ətinə cəmi 30 qram düyü vurulur.

İdmançılara faydalı xörəklər arasında nar qovurma, səbzi qovurma (praktiki olaraq, tamamilə qoyun ətindən hazırlanır), çığırtma, həmçinin bütün pəhləvanların və döyüşçülərin səyyar qidası olmuş məşhur basdırmanı göstərmək olar. O, sanki bugünkü kolbasanın əvəzi idi.

 

İdman qidasının mahiyyəti

Əcdadlarımız idmançı qidalanmasını heç də müasir diyetoloqlardan pis bilməyiblər. Yalnız xəmiraşına deyil, pitiyə, bozbaşa və dolmaya da hər zaman sous kimi, sarımsaqlı qatıq əlavə edilib. Bu isə çoxdan sübut olunduğu kimi, qidanın yaxşı həzm edilməsi üçün əla vasitədir. Yəni qoyun əti yaxşı yemək olsa da, yenə də "ağır" xörək sayılır və bu işdə sarımsaqlı qatıq idmançının karına gəlir.

Zülalın rolunu da düzgün qiymətləndirmək lazımdır. İstənilən halda, idmançı xörəyində əsas inqrediyent istər keçmişdə, istərsə də müasir dövrdə karbohidratlar olub. Bir nəfərin gün ərzində qəbul etdiyi kalorinin yalnız 10-15%-ni zülal təşkil etməlidir. Yağlar da vacibdir. Uzun-uzadı, yorucu məşqlər varsa, karbohidratların verdiyi enerji ehtiyatı tez tükənir və orqanizm yığdığı yağı əritməyə başlayır. İstər qədim, istərsə də müasir idmançılar heç zaman yaxşı yedikdən sonra yarışa çıxmayıblar. Güləşçilər isə meydana çıxarkən, hətta bir qədər ac olmağa üstünlük veriblər.

İdmançı rasionunda heç zaman çaya rast gəlinməyib. Xüsusilə turnir öncəsi onlar çaydan uzaq olublar. Şərabdan isə danışmaq belə, artıq olar. Çünki çay həyat tonusunu artıran təsiri ilə idmançını taqətdən salır, şərab isə onun sayıqlığına mənfi təsir göstərir. İdmançılar hər zaman adi bulaq suyu, amma kifayət qədər çox içiblər - gündə 2-3 litr.

Qədim zamanlardan ədviyyatlardan, meyvə qurularından çox geniş istifadə olunub. Halbuki Qərbdə onların əvəzedilməz faydasını yalnız indi anlamağa başlayıblar. Zəncəfil, sarıkök, hil və digər ədviyyatlar qida rasionunun dəyişməz atributu olub. Zəncəfil iltihab əleyhinə təsirilə yanaşı, həyat tonusunu qaldırmaq bacarığına da malikdir. Çin dilindən tərcümədə onun adı "igidlik" anlamı verir. Zəncəfil qan dövranını yaxşılaşdırır, əzələ tonusunu normallaşdırır, fiziki və zehni bacarıqları artırır.

Sarıkök bir çox milli xörəklərin dəyişməz inqrediyentidir. O, ürək-damar sisteminə müsbət təsir göstərir, maddələr mübadiləsini yaxşılaşdırır. Yarasağaltma keyfiyyətə malik bu ədviyyat bakteriyalarla güclü mübarizə aparır

Heç bir müasir idmançı qədim zamanlardan bəri "çərəz" adlandırılan dadlı, faydalı qoz-fındıq, meyvə quruları və s.-dən imtina etmək qiyyətində olmayıb. Onlar fitneslə məşğul olanlar üçün də əvəzsizdir, çünki insanın gücünü tez bir zamanda bərpa etməsinə kömək edir. Quru meyvələr kalium mənbəyidir. Bu isə ürək-damar sisteminin normal işləməsi üçün vacibdir. Onlar idman pəhrizi baxımından da çox faydalıdır. Çünki meyvə qurularının tərkibində, demək olar ki, yağ yoxdur. Əvəzində onlar karbohidratla - fruktoza ilə zəngindir. Bu kiçik "sağlamlıq həbləri" xüsusilə A və B vitaminlərilə zəngindir. Quru meyvələrdə vitaminlər və mineral elementlər kifayət qədərdir - fosfor, kalium, maqnezium, dəmir, yod, kalsium və natrium.

Qoz-fındığa gəlincə, o, yalnız vitaminlər, faydalı mikroelementlər dəryası deyil, həm də əzələ kütləsinin artımına kömək edən zülal mənbəyidir. Məsələn, yerfındığı bodibildinqçilərin arzusu adlandırılır. Çünki onun tərkibində protein xeyli çoxdur. Qoz-fındıq zehni işlə məşğul olanlara da çox faydalıdır. Badam isə ən "dietik" ləpədir - onun tərkibində, demək olar ki, karbohidrat yoxdur. Əvəzində badam zülalla zəngindir - 18%-dək. Göründüyü kimi, Azərbaycanın qidalanma ənənələri yalnız zəngin mədəni və tarixi miras deyil. O, həm də sağlam qidalanma üçün faydalı rasionu formalaşdırır.



MƏSLƏHƏT GÖR:

673