
KƏND TƏSƏRRÜFATI ÜÇÜN PUL
Azərbaycanda yeni aqrarbankın yaradılmasına hazırlıq gedir
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
MƏlum olduğu kimi, müstƏqilliyin ilk illərində Azərbaycanda aqrar istehsalın həcmi kəskin şəkildə azalmışdı. Ölkənin kənd təsərrüfatı sistemində baş verən dəyişikliklər aqrar sənayenin bir çox sektorlarının dağılmasına səbəb olub, gübrə, zəhərli kimyəvi preparatlar, maşınlaşdırma və ehtiyat hissələri də daxil olmaqla, kəndlilərin maddi-texniki təchizat sistemi sıradan çıxıb. O vaxtdan Azərbaycanda ərzaq istehsalının artımında dövlət təsərrüfatının (kolxoz və sovxozlar) özəlləşdirilməsi nəticəsində meydana gələn özəl sektorun effektivliyinin aşağı olması əsas problemlərdən biri olaraq qalır.
Problemli borclar
Ölkə iqtisadiyyatının digər sahələrində həyata keçirilən yeniləşmə proseslərində olduğu kimi, aqrar islahatlarda da keçid mərhələsində dövlət müəssisələrinə, kolxoz və sovxozlara özəl sektorun inkişafı məqsədilə verilən kreditlərdən yığılıb-qalan borclar problem yaradıb. Bu sahədə problemin aradan qaldırılması və iqtisadiyyatın dinamik inkişafını təmin etmək məqsədi ilə 2000-ci ilin noyabrında "Özəlləşdirilən müəssisələrin, aqrar islahatlar nəticəsində ləğv olunan və işgal altındakı ərazilərdəki təsərrüfat subyektlərinin borcları haqqında" Qanun qəbul edilib. 1994-cü ildən yığılan belə borcların məbləği 100 milyon dollara çatır. Keçid iqtisadiyyatı yaşayan, dövlət sektorunun özəl sektorla əvəzləndiyi ölkələr üçün bu həcmdə borclar normal hesab olunur. Məsələn, əhalisi təxminən Azərbaycanla eyni sayda olan Çexiyada belə borcların məbləği 3,5 milyard dollara çatır.
Azərbaycanda problemli borclar və öhdəliklərlə bağlı məsələyə baxılması dövlətə məxsus qeyri-bank təşkilatı olan "Aqrar-kredit"ə həvalə edilib. Dünya Bankı, xarici dövlətlər, beynəlxalq təşkilatlar və hökumətin aqrar sahənin inkişafına ayrıdığı vəsaitlərin idarəolunması da bu qurumun səlahiyyətlərinə aid olub. Lakin bu vəsaitlər Azərbaycanın hazırda 100 mindən artıq fermer təsərrüfatı olan aqrar sənayesinin tam həcmdə maliyyələşdirilməsi üçün kifayət deyil.
Dünyanın bir çox ölkələrində kənd təsərrüfatının inkişafını dövlət özü kiçik həcmli qrantların verilməsi ilə həyata keçirir. Azərbaycanın hələ də Ermənistanla müharibə şəraitində yaşadığını nəzərə alaraq, belə qrantlar haqda danışmaq, əlbəttə ki, tez olardı. Belə olan halda, kənd təsərrüfatının maliyyələşdirilməsinin həyata keçirilməsi üçün bankın yaradılması zərurəti ortaya çıxır.
Qeyd etmək lazımdır ki, "2007-ci ilin dövlət büdcəsi haqqında" Qanunun təsdiqilə bağlı prezident Sərəncamında Maliyyə Nazirliyinə Milli Bankla birlikdə aqrar sektorun institutisional nöqteyi- nəzərdən maliyyələşdirilməsi və kreditləşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərin iki ay müddətində hazırlanması tapşırılıb. Orada kənd təsərrüfatının maliyyələşdirilməsini həyata keçirəcək bankın yaradılmasına dair təkliflər də əksini tapmalı idi.
Kredit təşkilatından banka
Qeyd olunan məqamlardan çıxış edən Milli Bank aqrar sektorun maliyyələşdirilməsi və kreditləşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə tədqiqatlar aparıb. Qurumun idarə heyətinin sədr müavini Rüfət Aslanlının bildirdiyinə görə, araşdırmaların nəticələri göstərib ki, kənd təsərrüfatı sahəsində mövcud olan böyük risklər üzündən hətta regionlarda fəaliyyət göstərən banklar istehlakçı təlabatları və kiçik biznesi maliyyələşdirir ki, bu da aqrar sektorun iknişafına hər hansı effektiv təsir göstərmir. Digər tərəfdən, oxşar situasiya kəndlərdə də yaşanır. Belə ki, fermer fəaliyyət sahəsini dəyişərək ticarət sektoruna keçməyə üstünlük verir.
Bütün bunlar nəzərə alınaraq, Milli Bank Maliyyə Nazirliyi ilə birlikdə aqrar maliyyələşdirilmənin institutisional inkişafına dair təkliflər hazırlayıb. "Beynəlxalq təcrübə göstərir ki, aqrar sahənin kreditləşdirilməsi adi kreditləşdirmədən, həmçinin mikrokreditləşdirmə və layihə maliyyələşdirilməsindən texnoloji baxımdan fərqlənir", - deyə R.Aslanlı qeyd edib. Səbəb isə aqrar sahədə mövsümilik amilinin olmasıdır. Bu səbəbdən də kənd təsərrüfatındakı risklər istehsal sahəsi ilə müqayisədə fərqlidir.
Bununla yanaşı, uğurlu təcrübə də mövcuddur. Məsələn, Fransanın "Credi Agrikol", Hollandiyanın "Rabo Bank"la yanaşı, Almaniyada da belə institutlar var. Onların kənd təsərrüfatının maliyyələşdirilməsində özünə xas xüsusiyyətləri var və bu, bütün mərhələləri - istehsal, emal və satışı əhatə edir. "Hesab edirik ki, bu müsbət təcrübə Azərbaycanda tətbiq olunarsa, aqrar istehsalın tam maliyyələşdirilməsini həyata keçirmək mümkün olar", - deyə Milli Bankın idarə heyəti sədrinin müavini qeyd edib. Onun sözlərinə görə, təkliflərin hazırlanması mərhələsində Milli Bankın mütəxəssisləri Fransaya səfər edərək bu ölkənin təcrübəsi ilə tanış olublar.
Təkliflərdə ölkədə aqrarbankın yaradılması məsələsi də nəzərdə tutulub. Milli Bankın idarə heyətinin rəhbəri Elman Rüstəmovun bir müddət əvvəl bildirdiyi kimi, söhbət qeyri-bank təşkilatı olan "Aqrar-kredit"in banka çevrilməsindən və daha sonra onun özəlləşdirilməsindən gedir. Məsələ ondadır ki, maliyyəçilər Azərbaycanda yeni dövlət kənd təsərrüfatı bankının yaradılmasına ehtiyac duymur.
2007-ci ildən başlayaraq, Avropa Komissiyası "Aqrar-kredit"i tam bank lisenziyası almağa hazırlamaq, gələcəkdə isə özəlləşdirməyə çıxarılması məqsədi ilə ona texniki yardım göstərir. Avropa İttifaqı ilə əldə edilən razılaşmaya əsasən, "Aqrar-kredit"in özəlləşdirilməsi ilə ilkin qrafik müəyyənləşdirilib və o, 2008-ci ilin sonunadək nəzərdə tutulub. Qurumun banka çevrilməsi müddəti isə müəyyənləşdirilməyib.
Strateji yanaşma
"Aqrar-kredit"də artıq tam bank fəaliyyətinə keçməyə hazırlıq gedir. Ötən həftə qurumun idarə heyəti strateji inkişaf planını hazırlayıb və orada kredit şirkətinin kənd təsərrüfatı bankına çevrilməsindən sonrakı beş ildəki fəaliyyəti əksini tapıb. Sənədin Müşahidə Şurasının təsdiqinə verilməsi istənilib. Müşahidə Şurasının iclası 15 gün ərzində keçirilə bilər.
Plana əsasən, yaradılacaq kənd təsərrüfatı bankının kredit portfeli üç hissəyə bölünəcək - mikro, kiçik və orta kreditlər.
5 min manatadək nəzərdə tutulan mikrokreditlərin xüsusi çəkisi burada ən yüksəkdir və ilkin variantda ümumi portfelin 44%-i məhz bu kreditlər üçün ayrılıb. Lakin Azərbaycanda iqtisadi inkişaf tempinin yüksək olması səbəbindən gələcək beş ildə mikrokreditlərə tələbatın o qədər də yüksək olmayacağı ehtimal edilir. Belə ki, artıq indidən əsasən kiçik kreditlərə üstünlük verilir. Bununla əlaqədar olaraq, idarə heyəti mikrokreditlər üçün nəzərdə tutulan miqdarı 20%-dək azaltmağa, kiçik kreditlər üçün nəzərdə tutulan 30%-lik payı isə 40%-dək artırmağa qərar verib. Kiçik kreditlər 5 min manatdan 35 min manatadək diapazonda verilə bilər. Orta kreditlərdə isə bu rəqəm 35-185 min manat arasındadır.
Beş il ərzində kredit portfelinin 98 milyon manatadək artırılması planlaşdırılır. Hazırda "Aqrar-kredit"də bu məbləğ 13 milyon manatdır.
Qurum banka çevrildikdən sonra əldə etmək istədiyi əsas funksiya əmanətlərin cəlb edilməsidir. Beş il ərzində formalaşdırılacaq depozit portfelinin həcmi hazırlanan strategiyada 70 milyon manat göstərilib. Fəaliyyətinin ilk ilində kənd təsərrüfatı bankının 12 milyon manat həcmində əmanət cəlb etməsi, ikinci ildə bu rəqəmin 30 milyon, beşinci il isə 70 milyon manata qaldırılması düşünülür. Əvvəlcə "Aqrar-kredit" kənd əhalisinin rifah halını və ehtiyatlarını (əlbəttə ki, əgər varsa) banklarda saxlamağa üstünlük verməməsini nəzərə alaraq, bu rəqəmləri qeyri-real saysa da, müzakirələrdən sonra mövcud göstəricilərin saxlanması qərara alınıb. Onlar strateji planın hazırlanmasında iştirak edən avropalı ekspertlər tərəfindən məsləhət görülüb.
Bu proqnozları irəli sürərkən isə avropalı ekspertlər əsasən qarşıdakı beş ildə daha da artacaq neft gəlirlərinə istinad ediblər. Belə ki, bu gəlirlərin kənd sakinlərinin gəlirlərinin artmasına da təsir göstərəcəyi şübhə doğurmur. Bununla yanaşı, ölkənin bank sistemində son illər müşahidə olunan tendensiya da nəzərə alınıb. Məsələ ondadır ki, son illərdə banklara əmanət yatırımlarında artım müşahidə olunur (artıq bu rəqəm 1,3 milyard manata çatıb).
Strategiyada "Aqrar-kredit"in hazırkı 12 filialının sayının artırılaraq 25-ə çatdırılması da nəzərdə tutulub.
Çox iş qalmayıb
"Aqrar-kredit"də hesab edirlər ki, qurumun tam bank lisenziyası alması 2007-ci ilin sonunda və ya 2008-ci ilin əvvəllərində mümkün olacaq. "Bu gün "Aqrar-kredit" Milli Bankın banklara qarşı irəli sürdüyü tələblərin 80%-nə cavab verir", - deyə təşkilatdan bildiriblər. Məsələn, kapital məsələsində, banklar üçün kapital məbləçinə maksimum tələb 10 mln manat olduğu halda, “Aqrar-kredit”də bu rəqəm 18 mln-dur. Bu gün qurum SMART bank sistemi ilə fəaliyyət göstərir ki, bu sistem ölkədə fəaliyyətdə olan 43 bankdan yalnız 14-də tətbiq olunur.
Prezident sərəncamı ilə verilən lisenziyanın əldə edilməsindən sonra digər dövlət banklarında olduğu kimi (Beynəlxalq Bank və Kapital Bank), kənd təsərrüfatı bankının da dövlətsizləşdirilməsi mümkündür (yeni bankın hansı ad altında fəaliyyət göstərəcəyi isə hələ ki məlum deyil). Hazırda "Aqrar-kredit"in əsas səhmdarı Azərbaycanın Maliyyə Nazirliyidir və qurumun səhmlərinin 99,9%-i məhz bu nazirliyin əlində cəmləşib. Yerdə qalan cüzi hissə isə dövlət sığorta şirkəti olan "Azərsığorta" və "Meliorasiya və su təsərrüfatı" OAO arasında bərabər bölüşdürülüb.
Yeni bankla bağlı layihənin uğurla reallaşdırılacağı və onun fəaliyyətinin müsbət nəticələr verəcəyini göstərən daha bir amil Avropa Yenidənqurma və İnkişaf Bankının artıq prosesə maraq göstərməsi və səhmlərin 25%-nə iddia etməsidir.
MƏSLƏHƏT GÖR: