14 Mart 2025

Cümə, 22:35

YENİLƏŞMƏ AXARI

Sığorta haqqında yeni qanunlar bu bazarın inkişafına dəstək olacaq

Müəllif:

01.11.2007

ÖlkƏmizin sığorta bazarının inkişafı bu sahədə müsbət dəyişikliklərə dəlalət edir. Bunu 29 yerli sığorta şirkətinin cari ilin 6 ayı ərzində keçən ilin analoji dövrü ilə müqayisədə məcmu sığorta mükafatlarının həcmini 30%-dən çox artırmaları da deməyə imkan verir. Bazar bu artıma görə könüllü sığortanın dinamik inkişaf edən formalarına minnətdardır. Lakin ekspertlərin əksəriyyəti güman edir ki, sığorta şirkətlərinin dövriyyəsinin artmasının katalizatoru yalnız normativ-hüquqi bazanın təkmilləşdirilməsi və sığortanın məcburi formalarına dair tələblərin sərtləşdirilməsi ola bilər. Bu istiqamətdə iş sürətləndirilib və bu yaxınlarda Milli Məclis "Sığorta fəaliyyəti haqqında" Qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

Qeyri-məcburi "avtovətəndaş"

Hazırda məcburi sığorta sahəsi doqquz qanunvericilik aktı ilə tənzimlənir: hərbi qulluqçuların, diplomatik işçilərin və parlament üzvlərinin, tibbi personalın sığortalanması, iş adamlarının daşınmaz əmlakının yanğından sığortalanması, avtomobil sahiblərinin sığortalanması, tibbi və ekoloji sığortalar. Azərbaycanın bütün sığortaçılarının məcmu sığorta mükafatlarının həcminin cari ilin birinci yarısı ərzində 71,15 mln manat artmasına baxmayaraq, məcburi sığorta bu prosesdə elə bir önəmli rol oynamayıb. Belə ki, daxilolmaların ümumi həcmində sığortanın məcburi növlərinin payına cəmi 10 mln manat düşüb. Bununla əlaqədar, sevindirici olan yalnız 2006-cı ilin I yarımililə müqayisədə məcburi sığortalar üzrə məbləğlərin 2 dəfə atmasıdır. Qalan 61,15 mln manat, yəni toplanan mükafatların böyük hissəsi isə könüllü sığortanın digər növlərinin payına düşüb. 

Ölkəmizdə yaranan vəziyyət Qərb dövlətlərinin sığorta bazarlarının inkişaf praktikasına tamamilə bənzəmir. Həmin ölkələrdə keçən əsrin I yarısından etibarən sığortanın məhz məcburi növləri sığorta bazarının hərəkətverici qüvvəsinə çevrilərək, könüllü sığortanın inkişafına və yayılmasına dəstək oldu. Belə ki, əcnəbi sığorta şirkətlərinin əsas pərakəndə satış məhsulu məhz avtomobil sahiblərinin məsuliyyətinin məcburi sığortalanması polisləri idi. Məcburi polislərin səmərəliliyini avtomobil sahiblərinə praktikada sübut etdikdən sonra, onlara digər məhsullar təqdim olunurdu - avtomobilin könüllü sığortası və sürücü ilə onun sərnişinlərinin bədbəxt hadisələrdən sığortalanması. Oxşar sxemlər iş adamlarının daşınmaz əmlakının yanğından sığortalanması zamanı da tətbiq edilir. Məcburi sığortaya dair kontraktla birlikdə könüllü sığorta polisləri alındığı halda, müştəriləri cəlb etmək üçün sığorta şirkətləri önəmli güzəştlər təqdim edirlər. Artıq sınaqdan çıxmış bu sxemlər ölkəmizdə hələlik lazımi tətbiqini tapmayıb.

Məcburi sığorta sisteminin inkişaf etməməsinin səbəbi qanunların tətbiqi üzərində kifayət qədər səmərəli nəzarətin olmamasında, həmçinin normativ sənədlərin özlərinin bəzi qüsurlarındadır. Belə ki, ölkədə 600 minə yaxın avtonəqliyyat vasitəsi qeydiyyatda olsa da, hazırda məcburi polisi avtomobil sahiblərinin, təxminən, 40%-i alır.  

Digər bir səbəb məcburi avtosığortanın Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən tariflərinin cüzi cazibədarlığa malik olmasıdır. Fiziki şəxslər üçün illik polisin qiyməti 12 manatdır, fiziki şəxslərə isə o, bir qədər baha başa gələcək. Sığortaçıların "avtovətəndaşa" marağı həm də ona görə bir o qədər də əhəmiyyətli deyil ki, indi agentlərin əldə olunan 12 manatdan komissiyası cəmi 6% - 0,72 manat təşkil edir.  Məsələn, Latviyada "avtovətəndaş" polisi 100 avrodan bahadır, komisyon yığım isə 10% təşkil edir ki, bu da, şübhəsiz, şirkətləri yeni müştərilər axtarmağa şirnikləndirir. 

 

Bütün problemlərə bir qanunla zərbə

Təsərrüfat fəaliyyətilə məşğul olan subyektlərin, demək olar ki, istifadə etmədikləri məcburi ekoloji sığortanın vəziyyəti isə bundan da pisdir. "Məcburi ekoloji sığorta haqqında" Qanun qəzalar nəticəsində əhalinin həyatı və sağlamlığına, əmlakına və ətraf mühitə vurulan ziyana görə mülki məsuliyyətin sığortalanmasının şərtləri və qaydalarını müəyyənləşdirir və bu qanunun təsiri  Azərbaycanın yüzlərlə sənaye müəssisəsinə şamil olunmalıdır. Lakin ötən il ərzində aparıcı sığortaçılar tərəfindən cəmi  bir neçə belə məcburi müqavilə bağlanıb.

Əlamətdardır ki, 2004-cü ildə "Yanğından sığortalama haqqında" Qanun qəbul edildikdən sonra da sığorta mükafatlarında önəmli artım olmadı. Əksinə, sığortalananlar üzərində lazımi nəzarət olmadığından, sığortanın könüllü növlərində azalma müşahidə edilirdi. DİN-in məlumatlarına görə, bu gün yanğından məcburi sığortalanmalı olan 100 mindən artıq subyektdən yalnız bir neçə mini (!) sığortalanıb ki, bu da qanunun icrasına nəzarətin son dərəcə aşağı səviyyədə olmasından xəbər verir. Lakin alovdan məcburi sığortalanmanın inkişaf etməməsi qismən qanunun maddələrinin kifayət qədər işlənməməsilə də bağlıdır. 

Son bir neçə ildə sığortanın məcburi formalarının qeyri-qənaətbəxş inkişaf templəri Maliyyə Nazirliyində də ciddi təşviş doğurub. Məcburi sığortalama sahəsini tənzimləyən qanunlara riayət edilməsinə dair tezliklə ciddi tədbirlər görülməsi tələb olunurdu, həmçinin məcburi sığortalanmanı daha əlverişli etməklə və onun qanunvericilik bazasını təkmilləşdirməklə, bazarın bu seqmenti üçün stimullar sisteminin tətbiqi zəruri idi. Yaranmış durumun aradan qaldırılması və sığortalamada islahatların davam etdirilməsi, Azərbaycanın sığorta qanunvericiliyinin təkmilləşdirilməsi üçün Maliyyə Nazirliyi vahid "Məcburi sığortanın növləri haqqında" Qanunun ilkin layihəsinin işlənib-hazırlanmasını başa çatdırıb. Yeni qanun layihəsinin hazırlanmasında nazirliyin məsləhətçisi qismində "Lawrie Savage & Associates Inc." Şirkəti çıxış edir. Şirkət Ümumdünya Bankının vasitəçiliyilə təqdim olunan $325 min dəyərində kontrakt çərçivəsində fəaliyyət göstərir.

Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinin rəisi Namiq Xəlilov: "Qanun layihəsi üzrə işlər başa çatdırılıb və sənəd baxılmaq üçün hökumətə, beynəlxalq təşkilatlara və sığorta ictimaiyyətinə təqdim edilib", - deyə bildirib. Yeni qanun sığortalanmanın doqquz növü üzrə artıq mövcud qanunların mexaniki birləşdirilməsindən ibarət olmayacaq. Belə ki, sosial səciyyəli sığorta növləri, məsələn, dövlət qulluqçularının, hərbi qulluqçuların sığortalanması vahid qanunun hüdudlarından kənarda qalacaq. Nəticədə, yeni qanun predmeti məcburi sığorta xidmətlərinin dörd növü olacaq - avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortalanması, yanğından sığortalanma, sərnişinlərin sığortalanması, ekoloji sığorta. Tikinti obyektlərində çalışan işçilərin məcburi sığortalanması da nəzərdə tutulub. Bundan başqa, məcburi sığortalama mexanizmlərində də ciddi düzəlişlər ediləcək. Məsələn, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin məcburi sığortası sahəsində həm sığorta məbləğlərinin, həm də hazırda səviyyəsi MDB ölkələrində ən aşağı səviyyədə olanlardan biri olan sığorta tariflərinin artırılmasını gözləmək mümkündür. Tariflər artırılarkən sosial ədalət prinsipi tətbiq ediləcək. Hələlik, məsuliyyətin sığortalanma tarifi cəmi 12 manat təşkil edir. Qanunvericiliyin təzələnməsindən sonra ölkənin beynəlxalq  "Qreen Card"  avtomobil sığorta sisteminə qoşulması prosesinin fəallaşması mümkündür. 

Maliyyə Nazirliyi "Məcburi sığortanın növləri haqqında" vahid Qanunun layihəsini tezliklə parlamentə təqdim etmək niyyətindədir.  

 

Məqsəd - bazarın liberallaşdırılması

Digər bir qanun - "Sığorta fəaliyyəti haqqında" artıq  idarələrarası razılaşdırmaların bütün prosedurlarından keçib və bu yaxınlarda Milli Məclis tərəfindən baxılaraq, birinci oxunuşda qəbul edilib. Parlamentin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadənin fikrincə, 1999-cu ildən fəaliyyət göstərən "Sığorta haqqında" Qanunun təzələnmə zərurəti artıq çoxdan yaranmışdır, çünki ölkənin sığorta sahəsində geri qalmasının əsas səbəbi qanunvericiliyin mükəmməl olmamasıdır: "Dünya üzrə orta göstərici 8% olduğu halda, bizdə 2006-cı ildə sığorta mükafatlarının həcmi ümumi daxili məhsulun cəmi 0,51%-i qədər olub, adambaşına düşən mükafatların həcmi cəmi 11 manata çatıb, halbuki dünya üzrə orta göstərici $500 və daha çox, bəzi ölkələrdə isə hətta $3-5 min təşkil edir".

"Sığorta haqqında" Qanunun yeni layihəsinin konseptual yönümü bazarın liberallaşdırılmasını (mümkündür ki, müəyyən keçid dövrü ilə) yerli şirkətlərin dəstəyilə xidmətlərin keyfiyyətinin atırılması ilə nəzərdə tutur. Qanun layihəsinin qüvvədə olan "Sığorta haqqında" Qanuna (1999) münasibətdə əsas yenilikləri sığorta nəzarətinin Sığorta Nəzarəti Orqanlarının Beynəlxalq Assosiasiyasının standartlarına müvafiq yenidən qurulması, sığorta şirkətlərinin korporativ idarəetmə və maliyyə hesabatının müasir normalarını tətbiq etmələri, nizamnamə kapitalının səviyyəsinin tənzimlənməsindən məcmu kapitala tələblərə keçilməsidir. Bu zaman sığorta şirkətində əcnəbi kapitalının iştirakına məhdudiyyətlər ləğv edilir. Hazırda qüvvədə olan normativ (sığorta şirkətinin kapitalının 49%-dən çox olmamaqla) əvəzinə, bütün sığorta bazarında əcnəbi kapitalın payı müəyyənləşdiriləcək. Bununla yanaşı, 20% və daha çox səhmin satışı zamanı sığortaçılar tənzimləyici orqanın icazəsini almalı olacaqlar. Sığorta şirkətlərinin lisenziyalaşdırılmasının da yeni qaydası qüvvəyə minir. Bu qayda sığorta agentlərinin lisenziyalaşdırılması sisteminin tətbiqini və müddətsiz sığorta lisenziyalarına keçidi nəzərdə tutur.

Z.Səmədzadə hesab edir ki, "yeni qanunun qəbulu sığorta bazarının inkişafına təkan olacaq, yüksək reytinqli xarici sığorta şirkətlərini cəlb etməyə, sığorta şirkətlərində idarəetmə sistemini təkmilləşdirməyə, riskləri azaltmağa  imkan verəcək".


MƏSLƏHƏT GÖR:

475