15 Mart 2025

Şənbə, 00:26

"ERMƏNİ QƏTNAMƏSİ": KİM UDDU?

Erməni lobbisinin üzləşdiyi müqavimət Yerevanın gözlədiyindən də güclü oldu

Müəllif:

01.11.2007

Volterin "tarix tarix-çilərin razılaşdırdığı yalandır" kəlamı "erməni soyqırımı" mifi ətrafında baş verən hadisələrlə bağlı lap yerinə düşür. Çünki "erməni soyqırımı"nı (burada və sonra dırnaq işarəsi bizə məxsusdur - red.) "sübut edən" sənədləri, ilk növbədə isə Andonyanın məktublarını gözucu belə nəzərdən keçirən istənilən qərəzsiz tarixçi birmənalı olaraq belə bir fikrə gəlir: soyqırım haqda mif tamamilə saxtalıq və yalan üzərində qurulan siyasi sifarişdir.

Lakin məsələ ondadır ki, meyit zəhəri ən təhlükəli zəhərdir. Və təxminən əsrlik yaşı olan geosiyasi təxribatların reanimasiyası cəhdi gözlənilməz fəsadlara yol aça bilər. ABŞ Konqresində gündəmə gələn 106 saylı qətnamə də bunu bir daha sübut etdi.

Mütəxəssislərin xatırlatdıqları kimi, "erməni soyqırımı"nın bu və ya digər formada tanınmasını tələb edən qətnamələr 70-ci illərin ortalarından indiyədək ABŞ Konqresində hər il olmasa da, hər çağırışda gündəmə gəlir. Ənənəvi olaraq, onların müəllifləri Kaliforniyanın Qlendeyl dairəsindən seçilmiş konqresmenlər olurlar - onların seçkilərdə erməni seçicilərin dəstəyi olmadan qalib gəlmələri mümkün deyil. 

Bununla belə, proses hər dəfə özünün final mərhələsinə gəlib çıxmır.

Bu dəfə də proses ənənəvi ssenari ilə inkişaf edib. 106 saylı qətnamənin qəbulu Adam Şiff tərəfindən təklif olunub - o məhz Qlendeyl dairəsinin təmsilçisidir. Türkiyənin müqavimətinə baxmayaraq, o, iddiasını dəstəkləyən tərəfdarları asanlıqla toplaya bilib. Oktyabrın 12-də isə sənəd Konqresin Nümayəndələr Palatasının xarici məsələlər komitəsi tərəfindən dəstəklənib. Komitənin 27 üzvü qətnamənin qəbuluna "hə" deyib, 21 konqresmen isə əksinə, bunu lazımsız sayıb.

Mütəxəssislərin bildirdiyinə görə, sözügedən qətnamə məsləhətçi xarakter daşıyır və hətta Nümayəndələr Palatası onu tam tərkibdə dəstəkləsə belə, sənəd hüquqi status və ABŞ prezidenti üçün vacib xarakter daşımayacaq. 

Lakin qətnamənin hansı xarakter daşımasından asılı olmayaraq, Türkiyə məsələyə dərhal reaksiya göstərib. Komitədə keçirilən səsvermədən dərhal sonra Türkiyə prezidenti Abdulla Gül sənədin qəbulunu yolverilməz adlandırıb. "Təəssüf ki, ABŞ-ın bəzi siyasətçiləri məsuliyyətli olmaq haqda çağırışlara qulaq asmırlar", - deyə Gül qeyd edib. 

ABŞ-ın icra strukturlarının reaksiyası da kifayət qədər qəti olub. Ağ evin məsələylə bağlı yaydığı bəyanatda bildirilir ki, "Administrasiya əvvəlkitək qəti şəkildə bu qətnamənin qəbulunun əleyhinədir və hesab edir ki, onun qəbulu ABŞ-Türkiyə münasibətlərinə, həmçinin Amerikanın Avropa və Yaxın Şərqdəki maraqlarına ciddi zərbə vura bilər".

Xatırladaq ki, Ağ ev 106 saylı qətnaməyə etirazını hələ lap əvvəldən bildirib. Xarici məsələlər komitəsinin toplantısının başlanmasından üç saat əvvəl çıxış edən ölkə prezidenti Corc Buş konqresmenləri sənədin qəbulunun əleyhinə səs verməyə çağırıb. Dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Qeyts də həmin ərəfədə Konqresə məktubla müraciət edərək, "erməni soyqırımı"na dair qətnamənin qəbulunun "ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı maraqlarına ciddi zərər gətirəcəyini" bildiriblər.

Türkiyəli siyasətçilərə istinad edən "The Washington Post" qəzeti isə qətnamənin qəbulu halında Türkiyənin ABŞ-ı "İncirlik" bazasından məhrum edəcəyinin istisna olunmadığını yazaraq, bu bazanın Amerika aviasiyasının İraq və Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda böyük rol oynadığını xatırladıb. Qəzet Pentaqon rəhbəri Robert Geytsə istinad edərək, ABŞ-ın İraqdakı Silahlı Qüvvələri üçün hərbi yüklərin 70, yanacağın isə 30%-nin bu baza vasitəsilə Türkiyəyə gətirildiyini də qeyd edib. Bununla yanaşı, qəzet yazıb ki, qondarma soyqırımla bağlı qətnamənin qəbuluna cavab olaraq, Türkiyə parlamenti bütün məhdudiyyətləri aradan qaldıra, ölkənin silahlı qüvvələrinin İraqın şimalına daxil olmasına və kürd separatçılarına yerindəcə zərbələr endirməsinə icazə verə bilər.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici məsələlər komitəsində keçiriləcək səsvermə ərəfəsində Türkiyə hökuməti ölkə parlamentinə müraciət edərək, ordunun Şimali İraqda genişmiqyaslı hərbi əməliyyatlara başlanmasına icazə verilməsini istəyib. ABŞ-ın isə buna qarşı çıxdığı sirr deyil. Beləliklə, məlum müzakirələrdən sonra ABŞ-ın Ankaranı Şimali İraqa daxil olmaqdan daşındırmaq imkanları kifayət qədər azalır. Üstəlik, son zamanlar kürd separatçılarının fəallığının artması Türkiyəyə başqa seçim də saxlamır.

Nümayəndələr Palatasının komitəsindəki müzakirələrdən keçən ilk günlərdə erməni dairələrində isə əsl eyforiya hökm sürürdü. "Xarici məsələlər komitəsi "erməni soyqırımı" haqda qətnaməni qəbul etdi və bu, bizim bir amerikalı kimi hüquqlarımızın bərpası istiqamətində ilk addımdır", - deyə Amerikanın Erməni Milli Assambleyasının (ANCA) icraçı direktoru Aram Ambaryan bildirib.

Lakin az keçmiş məlum olub ki, "erməni qətnaməsi" Türkiyədən daha çox ABŞ üçün problemə çevrilib. Hər halda, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıt "Milliyet"in müxbirinə müsahibəsində açıq şəkildə deyib: "Əgər qətnamə aşağı palatada da keçərsə, Türkiyə ilə ABŞ arasındakı hərbi əməkdaşlıq əvvəlkitək olma-yacaq". 

Generalın fikrincə, Vaşinqton bu sənədin qəbulu ilə "özü öz ayaqlarını güllələyib". "Amerika ötən həftə 106 saylı qətnaməni xarici məsələlər komitəsində qəbul etməklə, həmçinin  son iki həftədə 30 türk əsgəri qətlə yetirən Kürd Fəhlə Partiyasının yaraqlıları ilə bağlı məsələdə zəiflik göstərməklə, özü-özünə ziyan vurdu", - deyə Y.Böyükanıt qeyd edib. 

Bundan sonra isə, gözlənildiyi kimi, Türkiyədə Vaşinqtonun mövqeyinə baxmayaraq, Şimali İraqda hərbi əməliyyatlara başlanmasının vacibliyi məsələsi gündəmə gəlib. Hökumət ölkənin silahlı qüvvələrinin İraqa daxil olmasını özündə əks etdirən qanun layihəsi hazırlayıb və parlament onu təsdiqləyib. Bununla yanaşı, Ankara bunun "erməni qətnaməsi"nə cavab olması haqda fikirləri birmənalı şəkildə rədd edir. Türkiyə rəsmiləri bildirir ki, PKK problemi Ankara üçün sövdələşmə obyekti olacaq məsələ deyil. Lakin bir məsələ aydındır ki, "erməni soyqırımı" ilə əlaqədar qətnamə ABŞ-ın manevr imkanlarını xeyli azaldıb.

Türkiyə ilə ABŞ-ın münasibətlərinin pozulmasına ciddi səylərin göstərildiyi şübhə doğurmur. Türkiyə şəhərlərindəki partlayışlar və Kapitolidə "erməni soyrımı"na dair gurultulu bəyanatlar nəsə sinxron şəkildə baş verib. Odur ki Kadilin o qədər də uzaqda olmadığını, həmçinin Yerevanda kabinetlərdə məhz belə "ikiqat zərbə"nin Ankara-Vaşinqton münasibətlərinə ciddi zərbə vuracağına dair planın cızıldığını istisna etmək çətindir. Bu halda isə Türkiyə artıq uzun illərdir ki, Bosforda möhkəmlənməyə çalışan və kürdlərlə ermənilər arasında təsirə malik Rusiya üçün ram edilməsi rahat olan qənimətə çevriləcək.

Artıq PKK üçün də seçim imkanları o qədər geniş deyil: onun bazaları və düşərgələri, başqa sözlə, əsas infrastrukturları ya Türkiyə, ya da İraq ordusu tərəfindən məhv ediləcək. Situasiyanın maraqlı cəhəti isə ondan ibarətdir ki, məhz erməni lobbisinin ABŞ Konqresindəki müəyyən uğuru hadisələrin burulğan tempində inkişaf etməsinə səbəb olub. Hətta Türkiyə Silahlı Qüvvələri əməliyyatlara başlamadan belə, İraqın kürd dairələrində də qüvvələr nisbəti dəyişməyə başlayıb. Hər halda, İraqın kürd muxtariyyətinin xarici işlər departamentinin rəhbəri Falah Mustafa Bakir "The Washington Post"a açıqlamasında deyib: "İraqda kürd zonası ən stabil və təhlükəsiz bölgədir. Lakin o, PKK-nın Türkiyədəki fəaliyyətinə görə çox böyük əvəz ödəməli ola bilər. ABŞ Konqresinin Nüma-yəndələr Palatasının xarici məsələlər komitəsində 106 saylı qətnamənin qəbulunda olduğu kimi". 

Bu məsələlərdən heç birinin İraq kürdlərinə və əyalət rəhbərliyinə aidiyyətinin olmadığını qeyd edən Bakir fikrini belə davam etdirib: "Bizə Türkiyə ilə münaqişə lazım deyil. Əksinə, Ankara ilə dost münasibətləri özümüz üçün prioritet sayırıq. Türkiyə ilə investisiya və ticarət əlaqələri əyalətin iqtisadi inkişafına səbəb olur. Biz Ankara ilə daha sıx əlaqələr və birbaşa dialoqda maraqlıyıq. istənilən fikir ayrılığı hərbi hədələrlə yox, diplomatiya və danışıqlarla çözülməlidir". Mustafa Bakir kürdlərin günahsız insanların qətlini pislədiyini bildirib və qeyd edib ki, onlar zorakılığın heç bir problemin həlli yolu olmadığını düşünürlər. 

Bu gün Ərbil və Zaxoda da belə bir fikir hakimdir: "Ermənilər udur, biz cəzasını çəkirik". Yerevanda isə artıq anlayırlar ki, 106 saylı qətnamə Türkiyə-Amerika yox, erməni-kürd münasibətlərini korlaya bilər.

PKK-nın erməni millətçilərinin sınaqdan keçmiş köhnə müttəfiqi olduğu heç kimə sirr deyil. Hazırkı məqamda ermənilər Konqresdə keçirilən səsvermənin öz müttəfiqlərinə zərbə vuracağını çox güman ki, nəzərə almayıblar. Bundan başqa, ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici məsələlər komitəsində keçirilən səsvermədən əvvəl Ağ ev, Pentaqon və Dövlət Departamentinin məsələ ilə əlaqədar bəyanatları, həmçinin ABŞ-ın sabiq dövlət katiblərinin məktubları da ermənilərə düşünmək üçün əsas vermişdi. 

Nəhayət, erməni lobbisinin təxminən bir əsr əvvəl baş vermiş hadisə ilə məşğul olmaqdansa, bugünkü Ermənistanın mövcud durumu ilə maraqlanmasının daha lazımlı olduğunu deyənlərin fikirlərini də qulaqardına vurmaq olmaz.

Qətnaməyə qayıdaraq qeyd edək ki, qəbul olunmuş sənəd heç də Ermənistanın gözlədiyi nəticəni verməyib. Ermənistanın "Qolos Armenii" radiostansiyası   məsələ ilə bağlı deyir: "Bu gün Ankara rəsmiləri qəbul olunmuş qətnamənin "sadəcə" məsləhətçi xarakter daşıdığını və Türkiyə üçün ciddi bir təhlükə yaratmadığını bildirir. Belə olan təqdirdə ortaya sual çıxır: Türkiyə məsləhətçi xarakter daşıyan bu sənəd ətrafında nədən bu qədər səs-küy qaldırıb? Demək, Ankara ya blef edir, ya da qətnamənin keçəcəyinə əmin olduğu üçün situasiyadan öz xeyrinə yararlanmağa çalışır. Ermənilər Kapitolidən kənarda baş verənləri nəzərə alaraq, artıq yekunda kimin qalib, kimin məğlub olması haqda suala o qədər də əminliklə cavab vermirlər.

Görəsən, konqresmenlər terrorçularla eyni ssenariyə cəlb edildiklərini anlayıblar, yoxsa sadəcə başa düşüblər ki, 106 saylı qətnamənin qəbulu Türkiyədən daha çox ABŞ üçün ağrılı olacaq? Hər halda, əvvəl sənədin qəbulunu dəstəkləyən bir çox konqresmenlər artıq fikirlərini dəyişiblər və onlar Türkiyənin baş verənlərə "İraq meydanında cavab verəcəyindən" də ehtiyatlanırlar.

Qeyd edək ki, artıq Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyanın sədri Elsi Qastinqs və Nümayəndələr Palatasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Con Tanner də Palatanın spikeri Nensi Pelosini "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbulu ilə bağlı səsvermənin qarşısını almağa çağırıblar. "Türkiyə müsəlman dünyasında uzun müddət bizim müttəfiqimiz olan yeganə dövlətdir və mən bunun indən sonra da belə olmasını istəyirəm", - deyə əvvəlcə qətnaməyə dəstək verən, sonradan isə qərarını dəyişən respublikaçı konqresmen Linkoln Devis bildirib. 

Onun mövqeyi ilə tam razı olan Ceyn Harman da Nensi Pelosiyə ünvanladığı məktubda spikeri məsələni səsverməyə çıxarmamağa çağırıb. Bəziləri burada da kompromis variant axtarır. "Mən soyqırımın əleyhinəyəm. Lakin  bu məsələ bizim İraq və Əfqanıstandakı ordumuza zərər gətirə bilər", - deyə demokrat konqresmen Senford Bişop bildirib. Qeyd edək ki, o da sənədə əvvəl dəstək verən, sonradan isə qərarını dəyişən parlamentarilərin sırasına aiddir. "Mayk Ross isə hesab edir ki, hazırda soyqırımı Türkiyənin gözünə soxmaq vaxtı deyil", - deyə "Congressional Quarterly" yazır.

Bütün bunların fonunda erməni milli strukturlarının təmsilçiləri üçün hadisələrin onlara sərf edən istiqamətdə getdiyini sübut etmək çox çətindir. ARF "daşnaksütun" partiyası Bürosunun və "Ay Data" təşkilatının siyasi məsələlərə cavabdeh olan Kiro Manoyan hələ də var gücü ilə əmin etmək istəyir ki, Türkiyənin ABŞ Konqresinin Nümayəndələr Palatasının "erməni soyqırımı"nın qəbulu ilə bağlı göstərdiyi ciddi təpki əks effekt verir. Ermənistan milli elmlər akademiyasının şərqşünaslıq institutunun direktoru, professor Ruben Safrastyan isə həmvətənlərinə nikbinlik aşılamaq üçün bildirib ki, guya qətnamənin qəbuluna verdikləri imzaları geri götürən konqresmenlər bunu Buş administrasiyasının son dərəcə güclü təzyiqi altında ediblər. "Bununla yanaşı, mən düşünürəm ki, palatanın spikeri Nensi Pelosi səsverməni təxirə salmayacaq. O, Kaliforniyanı, San-Fransiskonu təmsil edən konqresmendir və Pelosinin elektoratı ermənilərdir. Spiker siyasi karyerasını risk altında qoymayacaq. O, kifayət qədər ağıllı siyasətçidir və səsvermənin zamanını lazımi vaxta salacaq", - deyə Safrastyan bildirib. 

Maraqlıdır ki, Ermənistanda bir müddət əvvəl "erməni qətnaməsi"nin tərəfdarlarının sayı haqda danışan Safrastyanın aşağıdakı fikirlərini unudublar: "Ağ evin əks mövqeyi ücbatından, yəqin ki, qətnamə qəbul edilməyəcək". Göründüyü kimi, professor bu fikirlərində haqlı olub: Vaşinqtondan gələn xəbərlərə görə, ABŞ Konqresi artıq Nümayəndələr Palatasının komitəsi tərəfindən təsdiqlənən qətnamənin müzakirəsini təxirə salıb.

Xatırladaq ki, bir müddət əvvəl "soyqırım"ın tanınmasından avropalı deputatlar da imtina ediblər. Avropa Parlamentinin oktyabrın 24-də keçirilən iclasında qəbul olunan qətnamədə sadəcə türklər və ermənilər "barışıq prosesinə" başlamağa çağırılır.

Daha bir məqam şübhə doğurmur. "Berliner Zeitung"in bildirdiyi kimi, artıq bugünkü Türkiyə 1952-ci ildə ABŞ-ın israrı ilə NATO-ya üzv olan dövlət deyil. "Hazırda Türkiyənin iqtisadi potensialı son dərəcə yüksəlib, SSRİ-nin dağılmasından sonra isə keçmiş ittifaqın türkdilli dövlətlərində yenidən Türkiyə üçün onun çoxdankı xarici siyasi maraqlarına uyğun ərazi açılıb. Yeni Türkiyə elitası artıq öz ölkələrinə NATO-nun forpostu kimi baxmır və onu öz iqtisadi, siyasi maraqları olan və bu maraqları qonşu dövlətlərə də yayan regional güc kimi görür", - deyə qəzet yazır. Şübhə doğurmur ki, belə dəyişikliklər ABŞ-ın Türkiyənin regiondakı maraqları və hədəflərini nəzərə almasını zəruri edir.


MƏSLƏHƏT GÖR:

405