
DÖRD İL DÖVLƏT BAŞINDA
Onlardan üç ilini Azərbaycan iqtisadi artım sürətinə görə dünyada liderliyi qoruyur
Müəllif: Namiq MAYILOV Bakı
Ənənəyə uyğun olaraq, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın sonunda ilin doqquz ayının yekunlarına dair hökumətin iclasını keçirdi. İqtisadi inkişafda dinamiklik və sabitliyi qeyd edən dövlət başçısı bununla yanaşı, çatışmazlıq və problemləri də diqqətdən kənarda qoymadı. Demək olar ki, bununla prezident özünün dördillik fəaliyyətinin hesabatını verdi. Doğrudur, o, hökumətin iclasını hər rübdə keçirir. Lakin oktyabrda İlham Əliyevin Azərbaycan prezidenti seçilməsinin dörd ili tamam olurdu və toplantıda qeyd olunan inkişaf 9 və hətta, 12 ayın da işi deyil. Bu yalnız müqayisədə qiymət verilə biləcək daimi və sonsuz bir prosesdir.
Bu gün Azərbaycan əsas makroiqtisadi göstəricilərinə görə dünyada liderdir. Bu faktı yalnız hökumət deyil, həm də tərəfdaş ölkələr və beynəlxalq təşkilatlar da təsdiqləyir. Məsələn, bir müddət əvvəl Bakıda səfərdə olan Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenşteyn açıq şəkildə etiraf edib ki, "Mən artıq bir neçə ildir nazir postunu tuturam, amma hələ də illik iqtisadi inkişafı 35% olan heç bir ölkədə olmamışdım".
Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı əvvəlki illərlə müqayisədə 11,2% artmışdısa, 2005-ci ildə bu göstərici 26,4%, 2006-cı ildə isə 34,5% olub. Bu ilin doqquz ayında isə artım 27% təşkil edib, adambaşına düşən ümumi daxili məhsulun həcmi 2 min manat (təxminən 2,3 min dollar) təşkil edib.
İlin yekununda bu göstəricinin 3,5 min dollar, 2008-ci ildə isə artıq 4,5 min dollar olacağı gözlənilir. Xatırladaq ki, 2003-cü ildə ölkədə adambaşına düşən ÜDM-in həcmi cəmi 900 dollar idi. Artım göz önündədir - 5 dəfə.
Müvafiq olaraq, dövlət büdcəsi də artır və son 4 ildə bu artım, təxminən, 8 dəfəyə çatıb. Gələn il büdcə 2002-ci il ilə müqayisədə 10 dəfə artıq olacaq. "Yəqin, dünyada ikinci dövləti tapmaq mümkün deyil ki, onun dövlət büdcəsi 4 il ərzində təxminən 10 dəfə artsın", - deyə prezident haqlı olaraq bildirib.
Bununla yanaşı, əgər əvvəlki illərdə Azərbaycanın dövlət büdcəsi daha çox sosial xarakter daşıyırdısa, bu gün büdcə həm də investisiya yönümlüdür. Gələn il təkcə müxtəlif investisiya layihələrinin reallaşmasına dövlət büdcəsindən 3 milyard dollardan artıq vəsait ayrılacaq. Müqayisə üçün qeyd edək ki, bu, Ermənistanın 2008-ci il üçün planlaşdırılan dövlət büdcəsinin ümumi həcmindən təxminən yarım milyard dollar artıq, Gürcüstanın dövlət büdcəsindən isə bir o qədər aşağıdır.
Azərbaycanın dövlət büdcəsindən əsasən müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasına, sosial obyektlərin - məktəblərin, xəstəxanaların tikintisinə, həmçinin yeni iş yerlərinin açılmasına kapital qoyuluşları həyata keçirilir. Statistika göstərir ki, 2003-cü ildən keçən müddət ərzində Azərbaycanda 610 min yeni iş yeri açılıb ki, onlardan 430 mini daimidir. "Beləliklə, 2003-cü ildə verilən sözlər artıq bu gün öz təsdiqini tapıbdır. Əminəm ki, həm bu vaxta qədər görülmüş tədbirlər nəticəsində, həm də verilmiş kreditlər nəticəsində yaradılmış çox gözəl biznes mühiti hesabına gələn bir il ərzində Azərbaycanda iş yerlərinin açılması prosesi daha da sürətlə gedəcək və qarşıya qoyduğumuz məqsəd, yəni, işsizliyin aradan qaldırılması məsələsi öz həllini tapacaqdır", - deyə İ.Əliyev qeyd edib.
Qeyd edək ki, artıq bu gün Azərbaycanda işsizlik problemi əvvəlki illərdəki qədər aktual deyil. Hətta Rusiyada miqrasiya qaydaları sərtləşdirildikdən sonra orada çalışan soydaşlarımızın kütləvi şəkildə vətənə dönməsini belə ölkə iqtisadiyyatı asanlıqla "həzm etdi". Bundan başqa, son zamanlar başqa dövlətlərin vətəndaşları da iş axtarmaq məqsədilə Azərbaycana üz tuturlar. Bu gün onlara istənilən müəssisələrdə, həm neft, həm də qeyri-neft sektorunda rast gəlmək mümkündür. Hətta bəzi sahələrdə mütəxəssis və işçi qüvvəsi çatışmazlığı halları da mövcuddur.
Qeyd etmək lazımdır ki, dövlətin sosial-iqtisadi siyasəti ümumilikdə uzunmüddətli və genişmiqyaslı proqramlar üzərində qurulub və onlar praktik olaraq, bütün sahələri əhatə edir. Bu, müxtəlif sahələrdə konkret nəticələrin müşahidə edilməsinə imkan verir. Məsələn, təhsil sahəsində görülən işləri qiymətləndirmək üçün qısa müddətdə rekord sayda - 1200 yeni məktəbin tikintisini qeyd etmək kifayətdir.
Səhiyyə sahəsində də görülən işlər az deyil. Son illər ərzində ölkənin regionlarında onlarca yeni tibb müəssisəsi, müasir diaqnostika mərkəzləri və digər obyektlər inşa olunub.
Bununla yanaşı, Azərbaycan hələ də Ermənistanla müharibə şəraitində yaşayır və belə bir vəziyyətdə ölkənin müdafiə qabiliyyətinin artırılması diqqət mərkəzində saxlanılmalıdır. Məhz bu məqsədlə gələn il Azərbaycanın dövlət büdcəsində hərbi xərclərin, təxminən, 1,2-1,3 milyard dollara çatdırılması nəzərdə tutulub. Bu, Ermənistanın 2008-ci il üçün planlaşdırılan ümumi dövlət büdcəsinin yarısı deməkdir.
Bundan başqa, ölkədə hərbi-sənaye kompleksinin yaradılmasına da ciddi vəsait ayrılır və prezident İlham Əliyevin də dediyi kimi, "Yaxın zamanlarda Azərbaycanda istehsal olunan ilk hərbi məhsulları da görəcəyik".
Əlbəttə ki, belə sürətli artımda ölkənin təbii ehtiyatları ilə yanaşı, onun böyük beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi əlverişli coğrafi məkanda yerləşməsinin də böyük rolu var. Lakin təbii resurslar və nəqliyyat imkanları özbaşına ölkə iqtisadiyyatını inkişaf etdirmək imkanında deyil və bunun üçün yüksək səviyyədə idarəçilik tələb olunur. Odur ki bu işdə hökumətin həyata keçirdiyi və gələcəyə hesablanan genişmiqyaslı layihələri nəzərdən qaçırmaq olmaz. Buraya, ilk növbədə, Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" yatağının işlənməsi, tikilməkdə olan Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Böyük İpək Yolunun bərpası, həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu və bir çox digər layihələr daxildir.
Maneələrə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisini başa çatdıran Azərbaycan eyni zamanda "Şahdəniz" layihəsinin reallaşmasına, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə başlamağa da nail olub. Hazırda gündəmdə Azərbaycanın Avropa üçün son dərəcə vacib olan Nabucco layihəsində iştirakı məsələsidir. "Hazırda dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün qaz faktoru, bəlkə də, neftdən daha böyük əhəmiyyət daşıyır. Son hesablamalara görə, Azərbaycanın təbii qaz ehtiyatları 2 trilyon kubmetrə çatır. Bu bizə ən azı 150 il müddətinə kifayətdir. Əlbəttə ki, biz digər ölkələrə də qaz nəql edəcəyik. Daha doğrusu, artıq bunu edirik", - deyə hökumətin iclasında çıxış edən İlham Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycan hələ ki yalnız Gürcüstan və Türkiyəyə "mavi yanacaq" nəql edir. Avropa bazarlarına çıxmaqla isə Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan daha böyük dividendlər qazanacaq.
Hazırda Azərbaycan qaz satışından neft ixracından əldə etdiyi qədər qazanc götürmür. Lakin artıq bu gün ölkə özünün təbii qaza olan tələbatını tam ödəyir və kənardan "mavi yanacaq" idxalına, üstəlik, hər il qiymətləri artıran Rusiyanın "Qazprom" monopolistinin nazı ilə oynamağa ehtiyac yoxdur. Bu il Rusiya qazını almaqdan imtina etməklə, Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etmək gücündə olduğunu sübut edib. Eyni zamanda, Bakının yalnız özünün deyil, qonşu dövlətlərin də enerji təhlükəsizliyinin təminatında oynadığı rol göz qarşısındadır: Azərbaycanın yardımı olmasa idi, Rusiya ilə münasibətləri son dərəcə gərginləşən Gürcüstan, çətin ki, enerji böhranından çıxa bilərdi.
Bu gün Azərbaycan əhalisi əvvəllər olduğu kimi, elektrik enerjisi qıtlığından da əziyyət çəkmir. Bundan başqa, əvvəlki illərdə Azərbaycan elektrik enerjisini əsasən qonşu dövlətlərdən idxal edirdisə, bu gün mövsümi tələbatdan asılı olaraq, onlarla müəyyən mübadilələr həyata keçirir. Hazırda mövcud elektrik stansiyalarının tam gücünün bərpası, yeni modul tipli stansiyaların qurulması prosesi gedir və külək enerjisi stansiyalarının tikintisi də o qədər uzaqda deyil. Nəticədə yaxın gələcəkdə Azərbaycan regional miqyasda elektrik enerjisi ixracatçısına çevriləcək.
Son illərdə Azərbaycan özünün maliyyə müstəqilliyini də tam təmin edib. Ölkənin valyuta ehtiyatlarının həcmi bu fikri təsdiqləmək üçün kifayət edəcək dəlildir. Söhbət Milli Bank və Neft Fondunda toplanmış 6,3 milyard dollardan gedir. İ.Əliyevin də qeyd etdiyi kimi, bu, ölkədə sürətlə iqtisadi islahatların həyata keçirilməsinə, dünyada yaşanan xoşagəlməz hadisələrin və ya iqtisadi böhranların Azərbaycana təsirindən qaçmağa imkan verir. Belə ehtiyatların olması hökumətə daha müstəqil iqtisadi siyasət yürütməyə və kənardan asılılığı aradan qaldırmağa kömək edir. Hökumətin iclasında bu məsələyə də toxunan prezident deyib: "Bu gün biz xarici maliyyə strukturlarından asılı vəziyyətdə deyilik. Amma bundan sonra da beynəlxalq maliyyə strukturlarının imkanlarından istifadə edəcəyik. Çünki bu bizə əlavə imkanlar verir. Lakin xarici kreditlərdən imtina etsək belə, Azərbaycan bundan ziyan çəkməyəcək".
Bu gün Azərbaycan özü artıq kreditor ölkə və investora çevrilir. Əgər əvvəllər müxtəlif layihələrin reallaşdırılması üçün beynəlxalq donorların vəsaitlərindən istifadə edilirdisə, bu gün ölkə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan ərazisinin tikintisi kimi böyük layihələri maliyyələşdirir. Xatırladaq ki, bu məqsədlə Azərbaycanın Dövlət Neft Fondundan Gürcüstana illik 1%-lə 25 il müddətinə 200 milyon dollar vəsait verilib.
Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya planları da diqqətəlayiqdir. Artıq bu ilin sonunda şirkətin Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanında neft terminalı istifadəyə veriləcək. Gələn il isə Ceyhan limanında neft emalı zavodunun tikintisinin başlanılması, İsveç və Qazaxıstanda nümayəndəliklərin yaradılması planlaşdırılır. Rumıniyada neft emalı kompleksinin tikintisi məsələsi də nəzərdən keçirilir. Gürcüstanda ARDNŞ şəxsi yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılmasına başlanılıb. Şirkətin daha bir ciddi addımı Türkiyənin kimyəvi nəhəngi olan "Petkim" şirkətində pay sahibi olmaq istəyi ilə bağlıdır. Artıq Türkiyənin özəlləşdirmə idarəsi qurumu Rusiya-Qazaxıstan birgə şirkəti olan "Transsentral Asia Petrochemical Holding Consortium"a satmaqdan imtina edib. Qurum Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanının birgə konsorsiumu olan SOCAR-Turgaz-Injaz tərəfindən təqdim olunan iddia ərizəsini təsdiqə verməyi planlaşdırır. Qeyd edək ki, bu konsorsium müvafiq tenderdə ikinci yeri tutub.
Azərbaycanın xaricə investisiya yatırımları yalnız neft və ya neft-kimya sahələri ilə məhdudlaşmır. Azərbaycan Beynəlxalq Bankı Qazaxıstanda özünün törəmə bankını açmağı planlaşdırır. Xatırladaq ki, bu bankın "törəmələri" artıq Moskva və Tbilisidə fəaliyyət göstərir.
Bundan başqa, Beynəlxalq Bank Lüksemburq, Nyu-York və Dubayda nümayəndəliklərini açacaq. Bu gün artıq belə nümayəndəliklər Frankfurt və Londonda var.
Amma bu da son deyil. Hazırda Azərbaycan şirkətləri müxtəlif ölkələrdə ticarət nümayəndəliklərini açıblar, Qazaxıstanın tikinti bazarında fəal iştirak edirlər və yerli biznesmenlər ölkədən kənara qoyulan sərmayələrin artırılmasını planlaşdırırlar.
Bütün bunlarla yanaşı, hökumət əhalinin sosial durumuna mənfi təsir göstərən müəyyən problemlərin hələ də qalmasından narahatdır. Toplantıdakı çıxışında prezident İlham Əliyev açıq şəkildə deyib: "Ölkədə inflyasiyanın 16%-lik səviyyəsi, qida məhsullarının təxminən 15% bahalaşması bizdə narahatlıq yaradır. Əlbəttə, bu bizi çox narahat edir və biz inflyasiyanın səviyyəsini maksimum aşağı salmağa çalışırıq".
Neftin qiyməti və idxalın bahalaşması kimi obyektiv səbəbləri sadalayan dövlət başçısı, eyni zamanda bahalaşmaya səbəb olan subyektiv amilləri də vurğulayıb. O, belə halların arasında xüsusilə monopoliya və bazarda qeyri-sağlam rəqabəti qeyd edib. Hökumətin belə vəziyyətlə barışmamalı olduğunu de-yən prezident inf-lyasiyanın birrəqəm-li həddə endirilməsi üçün lazım olan bü-tün addımların atıl-masını tapşırıb.
Amma inflyasiya ilə yanaşı, əhalinin gəlirlərinin artdığı da qeyd olunmalıdır. İnflyasiya 16%-ə qalxıbsa, əhalinin adambaşına düşən gəlirlərində artım 38%-dir. 2003-cü ildən başlayaraq, Azərbaycanda orta aylıq əməkhaqqı 77 manatdan 177 manatadək artıb. Təxminən, eyni dinamika orta pensiyada da müşahidə olunur. Hazırda bu rəqəm təxminən 58 manat və ya 70 dollardır. Gələn il də əməkhaqqı və pensiyaların artırılması nəzərdə tutulub. Xüsusilə qeyd etmək lazımdır ki, dövlət tərəfindən tənzimlənən tariflərdə artım planlaşdırılmır.
Bütün bunlar yalnız başlanğıcdır. Hazırladığımız diaqramlar bütün mənfi və müsbətləri də nəzərə almaqla, qeyd olunan dinamikanın gələcəkdə də qorunacağını göstərir. Xüsusilə nəzərə almaq lazımdır ki, beynəlxalq təşkilatların da bildirdiyi kimi, Azərbaycan yalnız neft satışından 200 milyard dollar qazanacaq.
Hökumət isə artıq bütün sahələrin inkişafına dair dəqiq hesablanmış proqramlara malikdir. Odur ki daxil olacaq vəsaitlərin səmərəli istifadə olunacağına, ölkənin iqtisadi gücünün daha da artacağına şübhə qalmır.
MƏSLƏHƏT GÖR: