14 Mart 2025

Cümə, 22:30

SƏFƏR ƏRƏFƏSİNDƏ

Müəllif:

01.11.2007

Yaxın günlərdə Türkiyə prezidenti Abdulla Gül rəsmi səfərlə Bakıya gələcək. Bu, qonşu və qardaş ölkənin yeni prezidentinin xarici ölkələrə hazırkı statusda ilk rəsmi səfəri olacaq. Səfər Azərbaycanın Ankaranın xarici siyasi prioritetləri arasındakı vacib yerini bir daha təsdiqləyir. Doğrudur, Gül formal olaraq, ilk səfərini tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinə edib. Lakin bu bölgənin statusu ilə bağlı mövcud vəziyyəti və Türkiyə-Şimali Kipr münasibətlərinin doğmalığını nəzərə alsaq, bu səfərə xarici səfər kimi yanaşmaq çətindir.

Bakıda iki ölkənin rəhbərləri və nümayəndə heyətləri arasında müzakirələr regionda vəziyyətin son dərəcə gərginləşməsi fonunda baş tutacaq. Söhbət Türkiyənin Şimali İraqda genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşmasından gedir. Məlum olduğu kimi, Ankaranın belə fikrə düşməsinə səbəb Kürd Fəhlə Partiyası (PKK) yaraqlılarının Türkiyə hərbçilərinə qarşı hücumlar təşkil etməsidir. Bundan başqa, analitiklər hesab edir ki, türk ordusunun mümkün transsərhəd əməliyyatları ABŞ-ın gələcəkdə İraqda kürd muxtariyyətinin möhkəmlənməsi istiqamətində ata biləcəyi addımların qarşısını almağa da hesablanıb. Xatırladaq ki, sentyabrın sonlarında Amerika Senatı İraqın üç federal hissəyə bölünməsini nəzərdə tutan qətnaməni təsdiq edib. Bu layihə reallaşdırılacağı təqdirdə, Türkiyə ilə sərhəddə de-yure kürd muxtariyyəti, de-fakto isə Kürd Muxtar Respublikası yaradılacaq. Bununla da hələ 1920-ci ildə nəzərdən keçirilən Sevrs müqaviləsi reallaşdırıla bilər. Söhbət Birinci Dünya müharibəsində nəhəng dövlətlərə məğlub olan Osmanlı İmperiyası ərazisində 4 işğal zonası (ingilis, italyan, fransız və yunan) və iki törəmə dövlət - Ermənistan və Kürdüstan muxtariyyətləri - yaradılmasından gedir. 87 il əvvəl Atatürk bu sənədi qəbul etməyərək, onu "tarixin zibilliyi"nə atıb.

Türkiyənin müasir rəhbərliyi də sərhədləri ətrafında hansısa kürd dövlətinin yaradılması ilə heç bir halda barışmaq fikrində deyil. Türkiyə ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin qorunması yolunda kifayət qədər itki verib - son 20 ildə 37 mindən artıq insan bu mübarizənin qurbanına çevrilib. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Türkiyə siyasətçiləri və generalları Vaşinqton və İraq hökumətinin kürd separatçılarına qarşı tədbirlər görməməsindən narazıdırlar. Ankara hesab edir ki, ABŞ-ın bu fəaliyyətsizliyinə səbəb onun PKK-dan özünün "Yaxın Şərq oyunları"nda istifadə etmək, ilk növbədə, Türkiyəyə təzyiq vasitəsi kimi yararlanmaq istəyidir.

Xatırladaq ki, mayda Türkiyənin Müdafiə Nazirliyinin analitik mərkəzi SAREM-də çıxış edən türk ordusunun ali baş komandanı Yaşar Böyükanıt Ankaranın müttəfiqlərini (ABŞ və Avropa İttifaqı) PKK-nı birbaşa və dolayı yolla dəstəkləməkdə günahlandırıb. İraqın konfederasiyaya çevrilmək yolunda irəlilədiyini qeyd edən Böyükanıt bildirib ki, bu, ölkənin kürdlər yaşayan şimal hissəsinin digər bölümdən ayrılmasına gətirib çıxara bilər. "Bu isə Türkiyənin milli təhlükəsizliyi üçün problem yaradacaq", - deyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi qeyd edib.

Türkiyə tarixinin ağır anlarında tez-tez rast gəlindiyi kimi, bu dəfə də kürd problemi ilə yanaşı, "erməni məsələsi" də meydana çıxıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici məsələlər komitəsi "erməni soyqırımı"na dair qətnamə qəbul edib ki, bu da Türkiyə-ABŞ münasibətlərinin son dərəcə gərginləşməsinə səbəb olub. Türkiyə rəhbərliyinin sərt mövqeyi sayəsində məsələnin Nümayəndələr Palatasında müzakirəyə çıxarılması təxirə salınıb. Daha sonra isə indiyədək qətnamənin qəbuluna tərəfdar olan konqresmenlərdən 24-ü imzalarını geri götürüblər ki, bu da layihənin Nümayəndələr Palatasında qəbulunu mümkünsüz edib (bu gün sənədin qəbuluna palatanın 435 üzvündən 212-si səs verməyə hazırdır). Buna baxmayaraq, Türkiyə diplomatiyası arxayınlaşmamalıdır. Belə ki, qətnamə 2008-ci ilin noyabrınadək qüvvədədir və sənəd bu müddət başa çatanadək onun sponsorları üçün "əlverişli" sayılacaq istənilən an səsverməyə çıxarıla bilər.

Qeyd edək ki, Türkiyə Ordusunun Şimali İraqda hərbi əməliyyatlara başlamaq istəyi Vaşinqton, Bağdad, həmçinin Avropa ölkələri və Türkiyənin regional qonşularını Ankaranı bu fikirdən daşındırmaq üçün diplomatik səyləri artırmağa vadar edib. Sonuncu isə öz növbəsində gizli erməni-kürd alyansına qarşı fəal hərbi, siyasi və diplomatik səylərini əsirgəmək fikrində deyil. Bu planda A.Gülün Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir. Ankaranın kürəyinin arxasında "kürd kartı" ilə oynamağa hazır olan ABŞ, İraq və Avropa İttifaqının üzvlərindən (baş nazir Rəcəb Tayyip Ərdoğan bir müddət əvvəl onları kürd terrorçularına dolayı dəstək verməkdə ittiham edib), həmçinin Rusiyadan fərqli olaraq (bu ölkədə elektron KİV-lərdə kürdlərə simpatiya açıq şəkildə hiss edilir və yaraqlılar "vətənlərinin azadlığı uğrunda vuruşan döyüşçülər" kimi təqdim olunur), Azərbaycanda Türkiyə bu məsələ ilə bağlı birmənalı dəstəyə bel bağlaya bilər. "R+"un diplomatik mənbələrinin bildirdiyinə görə, bu dəstək iki ölkə liderlərinin görüşündə açıq şəkildə ortaya qoyulacaq və qəbul olunacaq birgə siyasi bəyannamədə əksini tapacaq. Bakıda sözügedən bəyannamə ilə yanaşı, iki ölkənin iqtisadi və humanitar sahələrdə əməkdaşlığını nəzərdə tutan digər ikitərəfli sənədlər də imzalanacaq.


MƏSLƏHƏT GÖR:

382