
ARAQÇININ SEHRİ
Tezliklə azərbaycan tətbiqi incəsənətinin bu özünəməxsus sahəsi dünya sərgi salonlarında təqdim olunacaq
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Kostyum tarixi baxımından araq-çın tikmə və qızıl naxışlarla işlənmiş bahalı parçadan (adətən, qalın şalların toxunduğu tirmədən) hazırlanmış baş geyimidir. Ənənəyə görə, o, sırf kişi geyimi elementi olub. Araqçınlar gənclərin geyimində xüsusilə rəngarəng olurdu. Və əlbəttə, istənilən xalqın hər hansı geyim elementi kimi, araqçın da sahibinin yaşı ilə birlikdə, sosial vəziyyətini də əks etdirirdi. Ortabab tacirin tündrəngli, yüngül naxışlı sadə baş geyimi varlıların güləbətinli (qızıl sapla vurulan naxış) araqçını ilə müqayisəyə belə gəlməzdi.
Məhsuldar remiks
Doğrudur, bizim günlərimizdə bu ənənələr transformasiyaya uğrayıb - araqçınlar, hətta dünya dəbinə qayıdıb, yerli Bakı varlılarından isə heç danışmırıq. Həm də onları hər iki cinsin nümayəndələri geyinir. Və araqçını daha yalnız tirmədən tikmirlər. Naxışlarını isə mümkün qədər dəbdəbəli vururlar, çünki xanımlar araqçını geyim əşyası kimi istifadə etməyə başlayıblar, deməli, şalvarla əlaqədar əhvalat təkrar olunur. Kişi geyiminin bu sadə əşyası da qadın dəbinin bəzən hətta çox qabarıq elementinə çevrildi. Araqçına gələndə, məsələ bir qədər mürəkkəbləşir, axı o, əvvəldən bəzəkli olub, buna görə modernləşdirmə asanlıqla ölçü hissinin itməsinə gətirib çıxara bilər. Bu "izafiliyin" nümunələrinə hərdən bizim suvenir dükanlarımızda rast gəlmək olar - lüreksin parıltısı arxasında məmulatın gözəlliyi, işin incəliyi gözə çarpmır, çünki bu incəlik heç yoxdur. Doğrudur, elə həmin dükanlarda bu janrdan çox zərif nümunələrə də rast gəlmək olar, əlbəttə, bəxtin gətirsə. Lakin qəribə də olsa, indiyə qədər araqçınla bilavasitə məşğul olmaq, yəni bu nümunələrin tam kolleksiyasını yaradıb suvenir dükanında deyil, sərgi salonunda nümayiş etdirmək heç bir yerli rəssamın ağlına gəlməmişdi.
Nəhayət, bir qədər əvvəl bu, baş tutdu. Tanınmış tətbiqçi-rəssam İnna Kostina rəssamlarımız arasında birinci olaraq müasir araqçınların bütöv kolleksiyasını yaratdı. O, rəng və faktura sınağından uğurla çıxdı... Kostina çoxsaylı müxtəlif materiallardan istifadə edib, həm də ipək, məxmər, keçə hər dəfə əzəli görkəmində istifadə olunmur - faktura materialların üst-üstə tikilməsi ilə yaranır. Deyək ki, səmavi ipək kapron lent örtüyü sayəsində yasəmən, yaxud müvafiq rəngli kiçik atlas lentlərin kəsişməsi nəticəsində zümrüd rəngi ala bilər.
Yeri gəlmişkən, materialdan danışsaq, bu baş geyimlərindən hər birinin təkrarolunmaz səthinin hazırlanmasına sərf olunmuş bütün əməyə rəğmən, İnna Kostinaya sadə fakturalı qiymətli qəhvəyi məxmərdən hazırlanmış araqçın daha əzizdir. Çünki o, bütün başqa nümunələrdən (Kostinanın kolleksiyasında əlliyə qədər nümunə var) fərqli olaraq, müasir alınma parçadan deyil, nənəsinin ziyafət paltarından tikilib. Belə bir ailə xatirəsi alınıb... Payızda rəssamın bu kolleksiyaya həsr olunmuş fərdi sərgisi keçiriləndə araqçınların əksəriyyəti satılacaq - artıq indidən arzulayanlar var. Amma bu qəhvəyi xatirəni İnna heç kimə satmayacaq...
Yaratmaq zamanı gələndə
Doğrudur, sual yaranır: nədən İnna Kostina yaradıcı enerjisini bir qədər gözlənilməz planda reallaşdırmaq qərarına gəlib? Biz onun rəngkarlıq sərgilərində rəsm əsərləri, dekorativ-tətbiqi incəsənət işləri sırasında isə batik və şəkilli ipək şərflər görməyə adət etmişik. Onları şəhərimizin bütün incəsənət xiridarları yaxşı tanıyır. İnnanın monumental rəngkarlıqla məşğul olduğu - məsələn, Bakının pravoslav kilsələrindən birinin interyerinin tərtibatında iştirak etdiyi nisbətən az məlumdur. Amma heç kim təsəvvür edə bilməzdi ki, İnna Kostina rənglərə və fırçaya "xəyanət edib", iynə-sapa əl atacaq. Lakin taleyin əmrilə indi onun diqqətini araqçınlar cəlb edib...
Kolleksiyanın başlanğıcını iki fakt qoyub. Birinci "Şər deməsən, xeyir gəlməz" qəbillidir. Ötən yay Kostina batikə həddən artıq aludə olmuşdu. Bu peşə isə, məlum olduğu kimi, sağlamlıq üçün zərərlidir. Mum buxarını fasiləsiz udmaq rənglərə qarşı güclü allergiya yaratdı. Həm də təkcə batikin özündə istifadə olunan anilin rənglərə deyil, rəngkarlıqda istifadə olunan yağlı boyalara da. Rəssam üçün kifayət qədər uzun müddətə sevimli işindən ayrı düşmək dəhşətdir. Kostina xatırlayır: "Amma işləmək istəyirdim, yaradıcılıq ehtirası rahat buraxmırdı!".
Və burada tale özü çıxış yolu göstərdi. İncəsənətdə milli ənənələri çox yüksək qiymətləndirən qalereyaçı Elmar Haşımov Kostinadan onun üçün araqçın tikməyi xahiş etdi. Beləcə, ekspromtla rəssamın gələcək kolleksiyasının ilk eksponatı yarandı. O ilk araqçın ciddi qara rəngdə idi - onun gözəlliyi məxmərdən kaprona qədər müxtəlif parça fakturalarının incə cazibəsindən yaranmışdı. Sonrakı işlərində isə Kostina artıq təkcə faktura ilə yox, bəzək və ornamentlə də "oynayırdı".
O özü də geri qayıtmasına sevinirdi... Yəqin bu sözlərə izahat vermək gərəkdir. Məsələ ondadır ki, hələ ÜDKİ-də təhsil alarkən, İnna Kostina "Arşın mal alan" və "Məşədi İbad" tamaşalarının tərtibatını vermiş, elə o zaman, başqa detallarla yanaşı, araqçınlara da vurulmuşdu.
Kostinanın araqçınlarındakı bəzəklər rəngarəngdir - o, qızıl tikməli lentlərdən, muncuqdan, payet və strazlardan həvəslə istifadə edir. Rəssam özü qara muncuq və tündrəngli payetlərdən tərtib olunmuş ciddi ornamentləri xoşlayır, lakin kolleksiyada təmiz, dərin, rəngarəng çalarlı baş geyimləri də çoxdur. Hər iki variant İnna Kostinanın məşhur "Simurq" layihəsindəki rəngarəng ipək şərflərlə əla uyğunlaşır - bu, qızılı rənglənmiş batik və ipək şərflərdən ibarət kolleksiya idi. Rəssamımız onu ötən il Norveç hökumətinin dəvəti ilə bu ölkədə təşkil olunmuş vernisajda nümayiş etdirmişdi.
İnna, öz işini, demək olar ki, elmi əsaslarla qurub. Vaxtını adi işlərə sərf etməmək üçün o özü ancaq yaradıcı işi yerinə yetirir - yəni bütün çoxsaylı bəzəklər və qat-qat fakturanın işlənməsi ilə hər bir araqçının biçimini müəyyənləşdirir. İşin təmiz texniki tərəfini, yəni tikişləri, üst və yan tərəflərin bütövləşdirilməsini, prosesi tezləşdirmək məqsədilə, böyük lütfkarlıqla həmkarı- rəssam İnna Bəşirova yerinə yetirir.
Hələ indidən İnna Kostinanın bütün araqçınlar kolleksiyası, eksponatların kiçik ölçülərinə baxmayaraq, bir kadra yerləşmir. Bu materiala aid fotosessiyada foto-müxbirimiz belə bir şəkil çəkməyə çalışıb. Bunun üçün o, böyük stolun üzərində, iki stulun söykənəcəyində ləngər vurmalı olub. Amma yenə də bütün araqçınları bir dəfəyə lentə almaq mümkün olmayıb... Bu kolleksiya Bakıda sərgilənəndə onların sayı xeyli artacaq. Gələn il üçün isə İnna Kostinanın Rusiya və Peruda fərdi sərgiləri planlaşdırılır. Orada Azərbaycan tətbiqi incəsənətinin müasir rəssam tərəfindən yaradıcılıqla işlənmiş bu özünəməxsus istiqaməti artıq bir neçə yüz eksponatla təmsil olunacaq.
MƏSLƏHƏT GÖR: