
BEŞBARMAQDAN SƏADƏT PAYI
Azərbaycanlılarda pirlərin möcüzəli qüvvəsinə inam hələ də qalmaqdadır
Müəllif: Səbirə MUSTAFAYEVA Bakı
Güman etmƏk olardı ki, XXI Əs-rin əvvəlindən 7 il keçdiyi bir vaxtda artıq pirlərlə bağlı mövhumatdan uzaqlaşmaq vaxtıdır. Lakin bu, Azərbaycanın Dəvəçi rayonu ərazisində, Zarat qəsəbəsindən 3-4 km şimal-şərqdə və Xəzər dənizinidən 2,5 km aralı yerləşən və xalq arasında məşhur olan Beşbarmaq pirinə getmək istəyinə heç vəchlə mane olmadı. Həqiqətən, maraq çox üstün gəldi. Axı bu, uşaqlıqda möhtəşəm, sirli və əlçatmaz görünən dağ idi. Xalq arasında orada yaşayan varlıqlar barədə rəvayətlər, sirli əhvalatlar dolaşırdı. Sanki uzaq yoldan xəbər verən, Azərbaycanın qapısı təsəvvürü bağışlayan son dərəcə doğma bir yer. Uşaqlıqda keçirilən təkrarsız gözlənti hissi - Dəvəçi, Quba, İsmayıllı, Qusar...
Uşaqlıqda Azərbaycana səyahətə, adətən, səhər tezdən yollanırdıq. Qaranlıq, səhərin soyuğu, Sumqayıt şosesi, Xızı və Beşbarmaq. Deməli, artıq xeyli uzaqlaşmışıq. Artıq sərgüzəştlər başlayır. Əvvəlcə uzaqda qara nöqtə kimi görünür, tədricən yaxınlaşır və göz önündə canlanır. Təbiətin bu möcüzəsini elə seyr etməkdən də həzz alırsan. Gözünü çəkə bilmirsən. Təpələrin arasında Beşbarmaq dağının əsrarəngiz zirvəsi nəhəng maqnetizmə malikdir və uşağa, demək olar ki, hipnotik təsir göstərir. Valideynlər "Görürsən, beş barmaqdır, Tanrının əlidir", - deyirlər. Çox şeyi anlamasan da, bunun adi qayadan daha möhtəşəm bir şey olduğunu qəlbən duyursan. Zirvə buludlardan boylanır. Sanki xeyir-dua alırsan, sənə "yaxşı yol" arzulanır.
Əvvəlcə fikir vardı
"İslamda ələm İmam Əlinin biləyinin rəmzidir. Bununla əlaqədar, Beşbarmaq dağı müsəlman müqəddəsinə etiqad yerinə çevrildi və İslam dinilə əlaqələndirildi".
İlk fikir "Nəhayət ki, Beşbarmağı yaxından görmək, hətta zirvəsinə qalxmaq, ona toxunmaq olacaq". Axı onu uzaqdan təkrar-təkrar görəndə, uşaqlıqdakı hisslər və inanclar yenidən qayıdır. Əlbəttə, iqlim şəraitinin təsiri altında o, hissolunacaq dərəcədə azalıb, lakin bu, ona MÖVCUD OLMAĞA və şüurda artıq çoxdan bərqərar olduğu müəmmalılığı qoruyub-saxlamağa maneçilik törətmir. Bu hissi danışılan hekayətlər daha da gücləndirir. Deyirlər, dağ hansısa möcüzəli bir qüvvəyə malikdir və onu ziyarət edənlərin arzuları mütləq yerinə yetir. Birinin uşağı olmurdu, digərinin qohumu ölümcül xəstə idi, üçüncüsü sevgisini tapa bilmirdi... "Dağın yanına get, hər şeyi ona danış və o, sənə kömək edəcək". Hekayətlər qıcıqlandırır, dağı ziyarət etmək istəyi getdikcə güclənir, lap nağıllara olan kortəbii inam kimi. Beyinə hakim kəsilən fikir cücərir. Əvvəlcə, hələ möhkəmlənməyən çiçəyə bənzəyir, sonra isə qədd-qamətli yaşıl ağaca - hərəkətə çevrilir.
Müqəddəslik. Yetkin insan şüuru eşidilən əhvalatların hamısını xırdaladı və təhlil etdi. Artıq qeyri-müəyyənlik qarşısında qorxu yoxdur. Axı bunlar hamısı mövhumatdır. Çünki dəqiq bilirsən: "Allahdan başqa Tanrı yoxdur". Əslində, dağın möcüzəli gücünə inanmaq günahdır. Amma şiəliyin - xalq inancları, rəvayətləri, pirlər və daşlara inamın, sirli dağlar haqqında hekayətlərin qarışdığı İslamın təbiəti belədir. "Beşbarmaqda bir dar yer var. Oranı keçsən, deməli, Allahın qarşısında təmizsən!". İnsanlar da buna inanırlar. Bunda bir uşaq saflığı, şıltaqlığı var. Üstəlik, "Yaradanın əli"nin möcüzəli təsirini sınayan insanlar da var. Axı arzular yerinə yetir. Yəqin ki, bu zaman Tanrını bərk gülmək tutur. Bəlkə, Beşbarmaq, həqiqətən, dözümü sınamaq üçün vasitədir? Onun zirvəsinə qalxmaq o qədər də asan deyil. Qocaların söhbətlərindən məlum olur ki, burada səfərini başa vuraraq, əbədi rahatlıq tapanlar da çox olub...
"Xalq üçün tiryək neçəyədir?"
"Beşbarmaq dağının zirvəsində Xızır-Zində piri var. Oradakı mağaranın isə Peyğəmbərin məskəni olduğu iddia edilir. Vaxtilə burada sal qayadan saf su axırmış. Rəvayətə görə, guya dirilik suyu axtaran Xızır Peyğəmbər (s.ə.s) (yaşıl libaslı mifik varlıq) Beşbarmaq dağı həndəvərində "dirilik suyu" çeşməsini zülmət səltənətində tapır, oradan içir və ölməzlik qazanır. Bu səbəbdən həmin yer onun adı ilə "Xızır- Zində" adlandırılır.
Budur, Beşbarmaq dağının ətəyindəyik. Əlbəttə, onun zirvəsinə piyada da qalxmaq olar və deyilənə görə, elə adamlar var ki, zirvəyə çatana qədər saflaşmaq, ruhi dinclik əldə etmək üçün bu yolun bütün məşəqqətlərinə dözür. Amma biz işimizi asanlaşdırmaq qərarına gəldik - yol varsa (düzdür, asfaltsız), deməli, avtomobillər də var. Razılaşdıq. Dağılmaqda olan, lakin xüsusi olaraq bu yola uyğunlaşıdırılan köhnə "Jiquli"də bu yolla getmək pis olmaz. Çala-çuxurlara "baş vurduqca", bəzilərinin piyada qalxmağı avtomobildə getməkdən niyə üstün tutduqlarını anlayırsan. Lakin sürücümüz öz işinin mahir ustasıdır, ərazini gözüyumulu tanıyır, ən kəsə yolları, ən kiçik daşların harada olduğunu gözəl bilir.
Sürücü son vaxtlar bura daha çox adam gəldiyini deyir. Əvvəllər belə deyildi. Bu da XXI əsr. Yeri gəlmişkən, içimizdə tökülüb-dağılan "Jiquli"yə möhtəşəm bir ehtiram hissi yaranır. Toz-torpaq, günəşin yandırıcı istisi. Dağ görünmür və 10 dəqiqəlik "kosmik səyahət"dən sonra meydançaya çatırıq və... uşaqlıqdan tanıdığım dağ düz qarşımızda, lap yaxınlıqdadır. Az sonra ona yetişəcəyik, amma bu heç də dağın möhtəşəmliyinə xələl gətirmir.
İlk dəqiqələr ətrafda heç nəyi görmürsən (uşağa çoxdan arzusunda olduğu oyuncağı verəndə əvvəlcə bütün varlığı ilə ona qovuşur, yalnız sonra ətrafda baş verənlərə diqqət yetirir). Amma bunun ardınca seyr edilən görüntülər heç də xoşagələn deyil: ətraf zibillikdir, külək polietilen qabları göyə sovurur. Zəvvarlar improvizə edilmiş uzun stolların arxasında oturub nahar edir, çay içirlər. Elə buradaca qurbanlar kəsilir, ehsan verilir.
Beşbarmağa aparan pilləkənə üz tutan kimi, az qala, yolunu kəsən insanların əhatəsinə düşürsən. Bunlar təkcə dilənçilər deyil, aralarında bura hər gün "işə gələnlər" də var. "Oğlum, bura gəl, bu daşa əl vur, bütün arzuların yerinə yetəcək", "Qızım, bu ələmi al - bədnəzərdən, pisliklərdən qoruyur". Bazar. Buradan keçmək elə də asan iş deyil - təklif olunanları almayanda sənə tərs-tərs baxırlar. Günəşin istisi aləmi bürüsə də, adamın bədənindən bir üşütmə keçir. Bütün yolboyu belədir. Bütün dilənənləri, pirin və İslamın rəmzlərini, bədnəzərdən qoruyan vasitələr satanları razı salmaq üçün nə qədər pul lazımdır?! Səs-küy, çağırışlar. Pilləkənlə yuxarı qalxan insanlar hər dəfə ayaq saxlayır, növbəti "sağlamlıq daşı"nı alırlar. Canlı səddi yara-yara getmək lazım gəlir.
Yol, həqiqətən, o qədər də asan deyil: beşbarmaq dağında elə yerlər var ki, oradan adamlar yalnız bir-bir, həm də yanakı keçə bilirlər. Lakin ən təhlükəlisi üstü ilə getdiyin daşların çox hamar, ayaqqabılarla cilalanmış olmasıdır. Bu, buralara insan axınının heç vaxt kəsilməyəcəyini bir daha sübut edir. Yadıma Qüdsdəki müqəddəs yerlərdə əsrlərboyu gəlib-gedən zəvvarların və turistlərin ayaqqabılarının cilaladığı daşlar düşdü. Lakin insanın ruhunun dinclik tapmalı olduğu həmin yerlər heç də gəlir mənbəyinə çevrilməyib. Beşbarmaqda isə sanki gəlişinin məqsədini unudursan. Özünü zirvəyə aparan yoldakı hər döngədə, hər meydançada "səadət satıcıları"nın səbirsizliklə gözlədikləri və onların qurbanına çevrilən adam kimi hiss edirsən.
Meydançaların birində oturub dincini alan dağıstanlı turist bizim təəccübdolu baxışlarımızı görüb, aşkar rus ləhcəsi ilə dedi: "Mən bütün kağız manatları qəpiyə dəyişdirdim. Bakıda yaşayan qohumlarım belə məsləhət gördülər. Belədə pul az gedər və yəqin ki, hamıya çatar. Amma hər halda, bütün bunlardan adam özünü narahat hiss edir". Ondan "Bəs siz bura niyə gəlmisiniz?" - deyə soruşduq. "Deyirlər, niyyət etmək və bura gəlmək lazımdır. Mən də gəldim. Amma bilmirəm, arzunu pulla almaq olarmı? Burada isə mənə dedilər ki, dağa diqqətlə baxanda saqqallı kişi siması görmək olur"...
Zirvə
"Yerli əhali arasında belə bir inanc var ki, ruhu indi də Beşbarmaq dağında yaşayan Xızır-Zində qardaşları Xızır İlyas və Xızır Nəbini dənizdən ona gündüz namazı üçün lazım olan su gətirməyə göndərir. Qardaşlar uzun müddət qayıtmırlar. Xızır o qədər hirslənir ki, onların daşa dönmələrini arzulayır. Namaz vaxtı keçir, amma qardaşlar yenə də geri qayıtmırlar. Onların harada olduqlarını görmək üçün qayanın üstünə qalxır və dənizdə iki daş görür. Bunların qardaşları olduğunu anlayan Xızır qılıncını qayaya çırpır... İndi həmin yerdə hamar kəsik var və orada vaxtaşırı soyuq və tərtəmiz su damcıları peyda olur. Deyilənə görə, bunlar Xızırın göz yaşlarıdır. Şərqdə Allahın Xızıra ölümsüzlük bəxş etdiyi, onun planetin istənilən nöqtəsində peyda olaraq, köməyə ehtiyacı olanlara yardım göstərdiyini deyirlər".
Nəhayət, Xızır-Zindəyə, Beşbarmaq dağının zirvəsinə çatdıq. Burada insanlar balaca daşı öpmək və niyyət etmək üçün növbəyə düzülüblər. Amma daşı öpmək üçün də pul vermək lazımdır - pulları onun yanında oturan qadın yığır. Girişdə oturan molla dəftərçəsində adları qeyd edir. Kişilər və qadınlar, uşaqlar və qocalar. Hamı bura ən pünhan arzularının yerinə yetməsi eşqilə gəlib. Nə deyirik ki, Tanrı sizə yar olsun!..
Nə bu daşın nə daş olduğunu, nə də onun təyinatını bilirdik. Soruşmağa da elə bir həvəs göstərmədik. Beşbarmağın zirvəsində ruhumuzun rahatlanacağına ümid etsək də, əvəzində, oranı dərhal tərk etmək, bu qondarmaçılıqdan tezcə uzaqlaşmaq istədik. Nə qədər özümdən uzaqlaşdırmağa çalışsam da, beynimdə təkar-təkar bir sual baş qaldırırdı: "Görəsən, buranı kim himayə edir? Göydə Allah, bəs yerdə?..". Budur, nəhayət, növbəmiz çatdı. Qadın nəzir adlandırılan pulu aldı və daşı göstərdi. Amma onu öpməyə ürək etmirdim - həddən artıq çirkli idi. "İnsanlar isə bura şəfa tapmaq ümidilə gəlirlər". Növbəti gözlənilməz fikir və artıq özüm öz nihilizmimdən qorxuram. Ayinə azacıq da olsa əməl etmək üçün daşa ötəri toxunur və ürəyimdə arzu tuturam: "Allahım, nə etdiklərini anlamayan insanları bağışla, çünki bu insanlara və bu daşlara yox, Sənə üz tuturuq. Sənin yaratdıqlarına ehtiramımızı bildiririk. Bağışla ki buradakı dincliyi və müqəddəsliyi əxz etməyi bacarmadıq". İnam böyük qüvvədir və inanmaq istərdik ki, Tanrı səsimizi eşitdi. O, Beşbarmağın zirvəsində ürəyində arzu dayananların hamısını eşidir. Bəlkə, biz də ora Tanrıya yaxın olmaq üçün can atırıq?
Beşbarmağı tərk edərkən qarışıq hisslər keçirirdik. Allahın yaratdığı hər bir şeyin möhtəşəmliyinə bir daha əmin olduq. Lakin Beşbarmaq haqqında uşaqlıqda eşitdiyimiz mif puça çıxdı. Dağın müqəddəslik timsalı yox oldu. Bunun günahı isə insanlarda idi. Aydındır ki, belə şeylər bəxtəvərlikdən baş vermir. Lakin xalqın bütövlüyü, özünüdərki məhz onun xalq inanclarına, ənənələrə və müqəddəs yerlərə münasibətində təzahür etməlidir. Hələlik biz bunu öyrənməmişik. Aşağı düşəndən sonra yenə Beşbarmağa baxdıq. "Buradan dağ daha yaxşı görünür, axı orada - içəridə baş verənlərin hamısını gizlədir. Buradan - aşağıdan səni daha tez tanıyırıq, sən daha möhtəşəmsən, ey uşaqlığımızın dağı".
MƏSLƏHƏT GÖR: