24 Noyabr 2024

Bazar, 23:49

EKSTREMİZM DƏBİ

Avropa müsəlmanları arasında onun yayılmasının səbəbi nədir?

Müəllif:

15.10.2007

BelÇikada böyük siyasi qalmaqal baş verib. "Avrobürokratiya"nın (Avropa Komissiyası və Avropa İttifaqı) ofisinin qarşısındakı meydana toplaşan yüz əlli  adam müsəlman icmalarının nümayəndələrinə Avropanın siyasi partiyalarında təmsilçiliyin qadağan edilməsini istəyib. Onların şüarları isə sadə və asan başa düşülən idi: "Bizə şəriət lazım deyil!", "Avropa demokratik olmalıdır!". 

Belçika hökuməti bu olaya kifayət qələr sərt reaksiya  verib və   mitinq təşkilatçıları irqçilikdə ittiham edilib. Xatırladaq ki, mitinq hökumət dairələrinin icazəsi olmadan keçirilmişdi.

Brüssel aksiyasının iştirakçıları əsasən ultrasağçı düşərgənin təmsilçiləri idilər və  Belçikaya Avropanın bir çox ölkələrindən gəlmişdilər. Düzdür, 100-200 nümayişçinin küçələrə çıxması hələ ki  Avropada islamafobiyadan danışmağa əsas vermir. Amma hər halda, Fransada Jan Mari Le Pen və onun "Milli cəbhə"sinin populyarlığı, Niderlandda hazırda dünyasını dəyişmiş Pim Fontenin nüfuzu, nəhayət, avropalıların "miqrasiyaya məhdudiyyət qoyulması"na dair artan tələbləri  bu barədə düşünməyə əsas verir.

Təəssüf ki, heç bir xalq ksenofobiya ovqatından xali deyil. Üstəlik, hazırda Avropada tam xristian dövləti olaraq yalnız Vatikan və ola bilsin ki, bir də təcrid durumda olan İslandiya adası qalıb. Bütün digər Avropa dövlətlərində artıq "müsəlman məhəllələri" var. Avropa İnsan Hüquqları Məhkəməsi isə Fransada yaşayan müsəlman xanımların hökumətin dövlət məktəblərində dini atributikadan, o cümlədən hicabdan istifadəyə icazə verməməsi ilə əlaqədar qaldırdıqları iddialara baxır. 

Bəziləri "sivilizasiyaların dialoqu" barədə düşünür  və "dinamikanı hesablayır", digərləri isə həyəcan doğuran faktı - Avropa müsəlmanları arasında radikal dini-siyasi cərəyanlara qoşulanların sayının artmasını Dünyanın ABŞ-da törədilən 11 Sentyabr terrorunun ildönümünü qeyd etdiyi bir vaxtda daha bir terror həyəcanı Almaniyada yaşanıb: ölkədə Frankfurt aeroportu və Ramştayndakı ABŞ hərbi bazasını partlatmağa hazırlaşmaqda şübhəli bilinən şəxslər həbs olunublar. Onlardan ikisi Almaniya, biri isə Pakistan vətəndaşıdır. Tezliklə məlum olub ki, saxlanılanlar (iki alman və bir türk) vaxtilə Pakistan ərazisində "İslami Cihad Birliyi" qruplaşmasının düşərgəsində təlim keçiblər. Qeyd edək ki, bu qruplaşma "Özbəkistan İslam Hərəkatı"nın bir qoludur.

Almaniyanın baş prokuroru Monika Harmsın sözlərinə görə, saxlanılan üç şəxsin hər biri "İslami Cihad Birliyi"nin alman qanadının təmsilçiləridir və çox güman ki, "Əl-Qaidə" ilə sıx bağlıdırlar. Harms onu da bildirib ki, onlar Almaniyanın xüsusi xidmət orqanlarının diqqətini çoxdan cəlb edibmişlər. Məlumata görə, saxlanılan şəxslərin potensial hədəfləri yalnız aeroport və Ramştayndakı hərbi baza olmayıb. Onlar Almaniya ərazisindəki digər ABŞ obyektlərini, həmçinin amerikalıların baş çəkməyi sevdikləri diskotekaları, barları və pabları da hədəfə alıbmışlar. Niyyətlərini həyata keçirmək üçün isə şübhəli şəxslər bu və ya digər ərazilərdə minalanmış avtomobillərdən istifadəni nəzərdə tutubmışlar. 

Terrorçuların daha bir hədəfi Almaniyadakı Özbəkistan konsulluğu olub. Bununla onlar Bundesverin Özbəkistan Termezindəki hərbi bazasının bağlanmasına nail olmaq fikrində imişlər. 

Qeyd edək ki, Əfqanıstandakı Almaniya hərbi kontingentinin maddi-texniki təchizatı məhz həmin baza vasitəsilə həyata keçirilir.

Almaniyanın Daxili İşlər Nazirliyi hesab edir ki, bu şəxslərin saxlanılması konkret terror aksiyasının qarşısını alsa da, ölkədə oxşar halların baş verməsi təhlükəsi var. Belə ki, ölkənin hüquq-mühafizə orqanları hazırda terrorçu qrupa daxil olan  ən azı daha beş nəfərin axtarışını davam etdirir.

Faktın məlum olmasından dərhal sonra analitiklər Frankfurt aeroportunun Avropanın ən sıx insan seli olan hava limanı olduğunu xatırladıb. Bu aeroportdan 130 kilometr cənub-qərbdə yerləşən Ramştayn hərbi bazası isə ABŞ-ın ölkədən kənardakı ən əhəmiyyətli bazalarından biridir. 

Bundan başqa, Frankfurtda törədilməsi planlaşdırılan hadisə bir qədər əvvəl Britaniyanın Qlazqo şəhərində terrorçunun minalanmış "Cip"i aeroportun sərnişin terminalına çırpması ilə həyata keçirilən insidenti xatırladıb.

Ümumiyyətlə, "partlayan avtomobillər" və aeroportlara hücum cəhdi artıq beynəlxalq terrorun klassikasına çevrilib. 1972-ci ildə "Yaponiyanın Qızıl Ordusu"nun yaraqlılarının "Lod" aeroportunda törətdiklərini və sərnişinləri atəşə tutmalarını xatırlatmaq kifayətdir. 1982-ci ilin avqustunda isə tapança və qumbaralarla silahlanmış iki erməni terrorçu Ankaranın "Esenboqa" aeroportunun gözləmə zalında insanlara atəş açmaqla oxşar hadisə törətmişdilər. Həmin vaxt terrorçulardan biri aeroportun restoranında 20-dən artıq insanı girov götürüb, digəri isə polis tərəfindən saxlanılıb. Terrorçu ilə atışma nəticəsində isə 9 nəfər öldü (onların arasında bir ABŞ və bir AFR vətəndaşı da olub), 82 nəfər isə yaralandı. 

Həmin vaxt baş verənlərə görə, məsuliyyəti ASALA öz üzərinə götürmüşdü. Saxlanılan terrorçu Levon Ekmekcan isə mühakimə olunaraq günahkar bilindi və edam olundu.

Almaniyada baş verənlər isə digər məqamlara da diqqət çəkir. Ölkədə gizli fəaliyyət göstərən islamçı şəbəkənin olması heç kəsdə şübhə doğurmur. Buna əmin olmaq üçün 2001-ci ildə "Əl-Qaidə"nin ABŞ-da törədilən 11 Sentyabr terrorunun reallaşdırılması üçün şimal liman şəhəri olan Hamburqdan istifadə etdiyini xatırlatmaq kifayətdir. Bundan başqa, elə bu il Almaniya prokurorluğu Livan vətəndaşı Cihad Hamada qarşı ittiham irəli sürüb və o, açıq şəkildə etiraf edib ki, Almaniyada iki qatarı partlatmağa hazırlaşırmış. Məlum olub ki, bu terror aksiyası 2006-cı ilin sentyabrında "Jyllands-Posten" qəzetində Məhəmməd Peyğəmbərin karikaturasının dərcinə görə, qisas xarakteri daşıyırmış. Lakin Almaniyanın təhlükəsizlik qüvvələri iyulun 31-də Hamad və daha üç nəfəri çantaya yerləşdirilmiş əldəqayırma partlayıcı qurğunu Kölndə dəmir yol vağzalına keçirməyə çalışarkən saxladı. Qeyd edək ki, onların əməlləri izləmə kameralarının köməyi ilə ifşa olunmuşdu. 

Bir gün sonra isə Koblensa və Dortmundda (Almaniya) partlayıcı qurğular aşkarlansa da, xoşbəxtlikdən detanatorlar işləmədi və bu faciənin qarşısını aldı.

Almaniya yerli hökumətin müsəlman icmalarının ekstremist əhvalının artması ilə üzləşdiyi yeganə ölkə deyil. Bu sahədə ilk həyəcan təbilini Milanın İslam Mərkəzi bazasında gizli "şəriət məhkəməsi"nin mövcudluğu məlum olan zaman İtaliya çalıb. İtaliyan şəhərinin küçələrində ərinə xəyanət etdiyi üçün daş-qalaq edilən qadınlar və spirtli içki qəbul etdiyi üçün qamçılanan kişilər də "tapılıb".

Londonda 2005-ci ilin iyulunda yaşanan terrorun şoku da uzun müddət yaddaşlardan silinməyəcək. Fransanın "Le Monde" qəzeti həmin hadisə ilə bağlı yazırdı: "Londonluları şoka salan odur ki, dəhşətli 7 iyul səhərinədək kamikadzelər onların gözləri önündə gəzən gənclər imiş". 

Qəzetin yazdığına görə, terrorçulardan biri idmançı, kriket həvəskarı və siyasətə etinasız yanaşan gənc olub: "İkincisi sakit və fağır, ailəcanlı ata, üçüncüsü isə dindar, ibadət hesabına gənclik intizamsızlığının qarşısını alan cavan oğlan olub. Terrorçuların hər üçü adi britaniyalı gənclər idi və onları pakistanlıların icmasının digər üzvlərindən heç bir cəhət fərqləndirmirdi".

İngiltərə mətbuatının "yad kamikadzelər" adlandırdığı şəxslərin məhz bu xarici görünüşcə "normallığı" hökumət və ictimaiyyətə ən çox təsir edən məqamdır. 

Mətbuatda artıq İraqa yollanan gənclər və müsəlmanlığı qəbul edərək İraqda "xanım kamikadze"yə çevrilən belçikalının tarixi haqda yazılar yer alıb. 

Başqa sözlə, Avropanın müsəlman icmalarında ekstremizm dəbi təhlükəli həddə yayılmağa başlanıb.

Bütün bunlar isə yalnız ilk baxışda təəccüblü görünür. Avropadakı islamçı icmalar özlərini "dövlət içində dövlət" sayır. İngilis və ya alman yox, əsasən ərəb və fars dillərində danışan "müsəlman məhəllələri"nin sakinlərinin özlərinə aid dükanları, ticarət mərkəzləri, məktəbləri və təbii ki, məscidləri var. Odur ki müsəlmanların Avropa cəmiyyətinə inteqrasiyası imkanları məhduddur. Lakin "dəmir pərdə" heç də hər zaman xristian çoxluq tərəfindən "endirilmir": müsəlmanların özləri ətraf mühitdən təcrid olunmaqla, öz "mənəviyyatlarını kənar müdaxilədən qorumağa" meyillidirlər. Bu səbəbdən də yad əhatəyə düşən müsəlman icmasının üzvləri vətənlərində qorxulu anax-ronizm sayılan arxaik qayda və qanunlara əsaslanırlar.

Belə qapalılıq isə öz növbəsində radikal təbliğçiliyə ideal şərait yaradır. Fəal, adi cəlbetmə qaydası ilə ələ alınan və yaxşı maliyyə təminatına malik olan həmin dairələr məmnuniyyətlə auditoriyanın daha çox eşitmək istədiyi fikirləri söyləyirlər: müsəlmanlar mənəvi dəyərlərinə görə "əxlaqsız" qonşularından üstündürlər, onlar bir-birlərinə kömək edərək uşaqların "Qərbin zərərli təsirinə" düşməsinə imkan verməməlidirlər və s... 

Heç kim söhbətə kamikadzeliyə çağırışla başlamır - sadəcə, dinləyiciyə onun eşitmək istədiyi əsas fikirləri söyləmək, bununla da onun bir müddət sonra yenidən "dinləmələrə" gəlməsini təmin etmək lazımdır.

Bütün bunlarla yanaşı, Avropada kifayət qədər uzun dövrdə radikallarla, demək olar ki, mübarizə aparılmayıb. Türkiyədə terrorçuluqda günahlandırılan Mətin Kaplan Almaniyada siyasi sığınacaq ala bilib və yalnız özünün siyasi rəqibini qətlə yetirdikdən sonra alman polisinin diqqətini cəlb edib. Onun çox sayda "cihad həmkarları" isə Avropada siyasi qaçqın statusuna yiyələnib. 

Avropa ölkələrində onu da anlayırlar ki, bu gün istənilən müsəlmanın həbsi, məscidlərdə axtarışların aparılması, orada partlayıcı qurğu və ya saxta kredit kartları tapılsa belə, auditoriyaya təsir edəcək, düşmənçiliyin "dərəcə"sini artıracaq ki, radikallar bunu da nəzərdən qaçırmayacaqlar.

Bütün bunların nə ilə nəticələnə biləcəyi isə aydındır.


MƏSLƏHƏT GÖR:

390