15 Mart 2025

Şənbə, 00:38

YEREVAN ÜÇÜN "SURİYA QAMBİTİ"

Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması Erməni siyasətçilərin ciddi narahatlığına səbəb olub

Müəllif:

15.10.2007

Livanda yaranmış durum dünya siyasi elitasının diqqət mərkəzində qalmaqdadır. Bu ölkədə keçirilən prezident seçkiləri daha bir deputat - Antuan Qenemin qətlə yetirilməsi ilə, demək olar ki, pozulub. Hakim suriyaəleyhinə bloka daxil olan Antuan Qanem "Kataib" partiyasından deput seçilmişdi və o, Livanda qətlə yetirilən ilk Suriya əleyhinə olan deputat deyildi. Livan parlamentinin sentyabrın 25-nə təyin edilən iclası Beyrut üçün görünməmiş təhlükəsizlik tədbirləri ilə müşayiət edilirdi. Buna baxmayaraq iclasda prezidenti seçmək cəhdi baş tutmadı. Çünki "Hizbullah" və onun İran-Suriya cəbhəsi üzrə tərəfdarları, o cümlədən general Mişel Aunun rəhbərlik etdiyi "Azad vətənpərvərlər hərəkatı" və "daşnaksütun"dan olan deputatlar səsverməni boykot etmişdilər. İclasda yalnız hakim koalisiyanın deputatları iştirak edirdilər. İclasa parlamentin adi çoxluğu, yəni 65 nəfər qatılsa da, prezidentin seçilməsi üçün 128 yerlik parlamentin üçdəikisi, yəni 85 nəfərin iştirakı tələb olunurdu. Doğrudur, suriyapərəst deputatlar iclasa qatılmışdılar, lakin onlar səsvermədə prinsipial olaraq iştirak etmir və dəhlizlərdə gəzişirdi. Nəticədə parlamentin spikeri Nabih Berri səsvermənin oktyabrın 23-nə keçirildiyini elan etməyə məcbur oldu. 

Livanda inqilab nəticəsində hakimiyyətə gəlmiş suriyaəleyhinə cəbhə bu gün hələ də parlament çoxluğunu əlində saxlamaqdadır və Fuad Sinioranın başçılıq etdiyi hökuməti də məhz bu qüvvələr formalaşdırıblar. Lakin ənənəyə görə parlamentin sədri postunu şiə təriqətindən olan müsəlman tutmalıdır ki, o da hazırda suriyapərəst cəbhəni təmsil edir. Spiker Nabih Berri "Amal" hərəkatından seçilib. 

Livandakı situasiya Ermənistan siyasətçiləri tərəfindən daim diqqətlə izlənilib. Bunun səbəbi isə aydındır: çoxsaylı və nüfuzlu erməni icması, Eçmiədzin katolikosluğuna alternativ olan Kilikiya katolikosluğu, çoxlu sayda "ümumi qohumlar" və s.

İqtisadi əməkdaşlığı da yaddan çıxarmaq olmaz. Bu yaxınlarda Livan "KreditBank"ının Direktorlar Şurasının rəhbəri Tarek Xəlifənin başçılıq etdiyi livanlı bankirləri qəbul edən Ermənistanın baş naziri Serj Sarkisyan onların Ermənistanda fəaliyyətlərini genişləndirmək niyyətlərini alqışlayıb. Bankın fəaliyyətinin Ermənistan hökumətinin siyasətilə həmahəng olduğunu deyən Sarkisyan "Kredit-Bank"ın daim beynəlxalq maliyyə mərkəzi hesab olunduğunu xü-susilə vurğulayıb.

Tarek Xəlifə is, öz növbəsində, əməkdaşlığa hazır olduqları üçün S.Sarkisyana təşəkkürünü bildirib. Onun sözlərinə görə, Ermənistanın Milli Bankı və bir sıra kommersiya banklarının rəhbərliyi ilə aparılan danışıqlar "KreditBank"ın Ermənistanda fəaliyyətə başlamasının vacibliyi fikrini daha da möhkəmləndirib. "Müşahidələrimiz göstərir ki, Ermənistanda bank fəaliyyətinin genişləndirilməsi üçün yaxşı perspektivlər və əlverişli şərait var. Biz Ermənistan iqtisadiyyatının inkişafına töhfə verməkdən məmnun olarıq", - deyə T.Xəlifə qeyd edib.

Bunun fonunda "Azq" qəzetində yer alan bir məqalə xüsusilə diqqətçəkəndir. Yazı müəllifləri qəzetin səhifələrində jurnalist Anuş Trvansla birtərəfli dialoq təşkil ediblər. Qeyd edək ki, bu jurnalist Ermənistanın "Aylur" İctimai Televiziyasının efirində general Mişel Aun haqqında süjet təqdim edərək, onu "Livanın Napoleonu" adlandırmışdı. "Trvansın Livandakı vətəndaş müharibəsinin aradan qaldırılmasında rolu olan general Mişel Aun haqqında reportajında elə mədhiyyələrə yer verilib ki, sanki "Aylur" prezident seçkisi öncəsi unudulmuş generalın seçki kampaniyasını aparır", - deyə qəzet hiddətini ifadə edib. - "O, Livan xristianlarının ruporu kimi təqdim olunub. Ancaq bu, yumşaq desək, belə deyil. Livanın xristian-ərəb qruplarının bir çoxu onun namizədliyilə razı deyil. Səbəb isə generalın Suriyapərəst olmasıdır. Reportajda isə o, "Antisuriya qüvvələrinin lideri" kimi təqdim olunur. Verilişdə generalla qısa müsahibəyə yer verilir ki, orada o, fərəhlə Livandakı ermənilərdən, xüsusilə müttəfiqi olan "daşnaksütun" partiyasından danışır". Daha sonra "Azq" yazır: "Təbii ki, istənilən digər müxbir kimi, "Aylur"un müxbiri də bu və ya digər namizədə və ya partiyaya simpatiyasını gizlətməyə bilər. Lakin İctimai Televiziya yad ölkədəki seçki marafonunda iştirak edən bu və ya digər namizədi, həmin dövlət dost ölkə olsa belə, təbliğ etmək, bir partiyanın mövqeyini ictimaiyyətin fikri kimi təqdim eləmək hüququna malik deyil".

Həqiqətən də, Livanda rusiyapərəst cəbhənin yaradılmasında daşnakların rolu az olmayıb. Çoxlarının fikrincə, iranpərəst şiə qruplaşmaları olan "Amal" və "Hizbullah"ın Suriya Millətçi Partiyası ilə ittifaq yaratmasında vasitəçilik rolunu məhz daşnaklar oynayıb. Bundan başqa, "daşnaksütun" general Aunun hərəkatına oxşar suriyapərəst xristian partiyası üçün "buraz düyünü" rolunu oynayır: Livanda ən gözlənilməz formada siyasi alyansların yaradılmasının mümkünlüyünə, onların ənənəvi olaraq qısaömürlülüyünə baxmayaraq, yerli xristianlar Fələstin qüvvələri ilə nadir hallarda bir blokda təmsil olunurlar. "Hizbullah" isə fələstinlilərin qruplaşmasıdır.

Qeyd edək ki, Anuş Travansın üzərinə hücum çəkən "Azq" qəzeti "Ramkavar Azatakan" Partiyası tərəfindən nəşr olunur. Bu partiya da "daşnaksütun" kimi, "ənənəvi" partiya sayılır, erməni diasporu arasında fəal şəkildə işləyir. Onun daşnaklardan fərqi solçu yox, sağçı olmasındadır. 

Bir sözlə, səsləri bölüşdürə bilməyiblər...

Yazının dərcindən bir neçə gün keçdikdən sonra, "Azq" qəzeti özünə bəraət qazandırmaqla, Robert Köçəryanın Arşak Poladyanın Ermənistanın Suriyadakı səfiri təyin edilməsi haqqında sərəncamını geniş şəkildə şərh etməli oldu: "Ermənistan-Suriya münasibətlərini siyasi baxımdan müttəfiq münasibətləri saymaq olar: sanki iki ölkənin həll edə bilməyəcəyi hər hansı problem yoxdur. Rəsmi Dəməşq Ermənistanın müstəqilliyini tanıyan və Yerevanda səfirlik açan ilk ölkələrdən olub. Soyuq və qaranlıq illərdə prezident Hafiz Əsədin qərarı ilə Ermənistana böyük həcmdə buğda və un verilib ki, bu da ağır durumda olan ölkə üçün böyük kömək sayılır". 

Livanla Ermənistan arasında hərbi əməkdaşlığa dair sazişin imzalanması təşəbbüsünün məhz Suriya tərəfindən gəldiyini, Yerevan-Dəməşq münasibətlərində Livanın "payı"nın buğda və unla yox, silahla əksini tapdığını isə "Azq" nədənsə "unudub". "Qeyd etmək lazımdır ki, Ermənistan-Suriya münasibətlərinin dinamik inkişafına regionda yaşanan siyasi dəyişikliklər mane olub", - deyə yazıda bildirilir. - "Suriyanın Ermənistanda səfirinin olmamasını yalnız bu faktla izah etmək olar və bunun xroniki xarakter daşıdığını söyləmək mümkündür. Qeyd edək ki, 2004-cü ildə Ermənistana səfir göndərilməməsinə cavab olaraq, Yerevan da Dəməşqdəki diplomatik nümayəndəliyinin statusunu kiçildib. Səfir Levon Sarqsyan geri çağırılıb. Bundan sonra Poladyanın təyinatınadək ölkəmiz Suriyada vəkillərlə - əvvəlcə Yura Babuxanyan, daha sonra isə Artyom Aznavuryan ilə təmsil olunub. Suriya isə 2000-2002-ci illərdə Ermənistana doktor Həmid Həsəni səfir göndərib. O, 1997-ci ildən Yerevanda müvəqqəti işlər vəkili kimi təmsil olunub. Lakin 2002-ci ildən başlayaraq, onu əvəzləyən rəsmi şəxslər Fayes Spsi, Həsən Rslan, Muxlis Fraun və Maamun əl-Xariri yalnız müvəqqəti işlər vəkili statusunu daşıyıblır. Qeyd edək ki, məsələn, 2003-2005-ci illərdə Suriyanı Ermənistanda təmsil edən Həsən Rslan fövqəladə və səlahiyyətli səfir statusu daşısa da, yalnız müvəqqəti işlər vəkili səlahiyyətləri icra edib".

Daha sonra qəzet bayağı şəkildə yazır: "Aydındır ki, belə situasiya Ermənistan tərəfi üçün suallar yarada bilməz. Rəsmi Dəməşq bu halın diplomatik kadrların çatışmazlığı ilə əlaqədar olduğunu bildirsə də, erməni ekspertlər hesab edir ki, belə situasiya Suriya-Türkiyə münasibətlərindəki aşkar yaxınlaşma ilə əlaqədardır. Bu münasibətlərin 2000-ci ilin əvvəlindən başlayaraq daha da inkişaf etdiyi şübhə doğurmur. Yəni, belə bir fikir yaranır ki, Dəməşq Ankara ilə münasibətlərini Yerevanla əlaqələrin zəiflədilməsi yolu ilə inkişaf etdirmək istəyir".

Bu məqamda müəyyən aydınlaşdırmaya ehtiyac var. Suriya ilə Türkiyə arasında münasibətlər 80-90-cı illərdə, yumşaq desək, o qədər də isti olmayıb və bunun da səbəbkarı Dəməşqdir. Belə ki, Suriya həmin dövrlərdə Türkiyə ilə İsrail arasındakı münasibətlərlə bağlı səs-küylü bəyanatlar səsləndirməkdən çəkinmirdi. Bütün bunlarla yanaşı, az qala orta əsrlər ənənələrinə uyğun olaraq hərəkət edən Suriya Türkiyəni Dəclə və Fərat çaylarında tikdiyi su qovşaqları ilə sudan ədalətli istifadəyə mane olmaqda günahlandıraraq, regionda az qala "su müharibəsi"nin başlanmasına səbəb olacaqdı. 

Ankara isə öz növbəsində Suriyanı Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçu qruplaşmalara, xüsusilə Kürd Fəhlə Partiyasına (PKK) dəstəkdə günahlandırırdı. Hər halda, 1998-ci ildə Ankara ilə Dəməşq silahlı münaqişənin bir addımlığında idilər. Lakin vaxtilə Qərib böhranı  SSRİ və ABŞ-ı bir-birinə güzəştə getməyə məcbur etdiyi kimi, Suriyada da anladılar ki, əvvəlki siyasətin davam etdirilməsi çox təhlükəli bir oyun ola bilər.  O zaman Suriyada hakimiyyət hazırkı prezident Bəşər Əsədin atası Hafiz Əsəddə idi və təcrübəli siyasətçi olan ata Əsəd ordusunun sayına görə Avropada Rusiyadan, NATO-da isə ABŞ-dan sonra ikinci yerdə gələn ölkə ilə müharibənin Suriya üçün hansı nəticələr verə biləcəyini yaxşı anlayırdı. Odur ki Dəməşq Abdulla Öcalanın ölkədən çıxarılmasına qərar verdi və bir müddət sonra Nayrobidə həbs edilən Öcalan Türki-yəyə gətirildi. Burada PKK lideri barəsində ölüm hökmü çıxarıldı (sonradan hökm ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzləndi).

Hafiz Əsədin ölümündən sonra iki ölkə arasındakı dialoqda fasilə yarandı. Yalnız 2004-cü ilin yanvarında Bəşər Əsəd özündə yeni tarixdə Türkiyəyə ilk səfər edən Suriya prezidenti olmaq cəsarəti tapdı. 

Doğrusu, səfər zamanı heç bir "inqilab"i əməkdaşlıq sənədi imzalanmamışdı. Lakin Türkiyə-Suriya sammitinin keçirilməsi faktı özü-özlüyündə çox şeydən xəbər verirdi. Bundan başqa, məhz bu səfərdən sonra Suriyanın Türkiyəyə qarşı apardığı "informasiya müharibəsi", demək olar ki, dayandırıldı. Artıq Dəməşqdə Ankaranı "dəniz blokadası"nda və "satqınçılıqda" ittiham etmirlər və hətta İsraillə yaxın əlaqələrə görə tənqid belə etmirlər.  Türkiyənin özünə gəldikdə isə, Ankara ta əvvəldən durumu gərginləşdirməyə çalışmırdı və Suriyadan yeganə tələbi Abdulla Öcalana qarşı qonaqpərvərliyə son qoymaqdan ibarət idi ki, bu problem də hələ 1998-ci ildə həllini tapmışdı. Odur ki artıq iki ölkə arasında yaxınlaşmaya heç nə mane olmurdu.  

Bir müddət əvvəl isə iki ölkə arasındakı münasibətlərin möhkəmliyinin sınaqdan keçirildiyi daha bir hadisə baş verdi. Söhbət Suriyanın İsraili ölkə ərazisinə hava zərbələri endirməkdə günahlandırmasından gedir. Həmin vaxt rəsmi dairələr sussa da, qeyri-rəsmi mənbələr zərbələrin "Hizbullah"ın Suriya ərazisində yerləşən silah anbarlarına endirildiyini bildirdi. ABŞ-ın BMT-dəki sabiq səfiri Con Bolton isə İsrail aviasiyasının Suriyanın nüvə obyektlərinə zərbə endirdiyini, bunun hər şeydən əlavə, həm də İrana xəbərdarlıq olduğunu bəyan etdi. Elə həmin günlərdə Türkiyədə Suriya ilə sərhəddə, çox güman ki, İsrail hərbi təyyarəsinə məxsus olan yanacaq bakının aşkar edilməsi haqda məlumatlar sızdırıldı. Elə eyni vaxtda ABŞ-ın yəhudi icmasının "erməni soyqırımı"nı tanıması ilə bağlı qızğın diskussiyalar başladı. Belə bir şəraitdə Dəməşq Türkiyənin dəstəyini qazanmaq qərarına gəldi. Lakin danışıqların növbəti mərhələsindən sonra KİV-də, demək olar ki, heç bir informasiya yer almadı - nə Ankaranın Dəməşqi dəstəkləməsi, nə İsrailin tərəfini tutması haqda: Türkiyə "mübahisələr"i gizli qapılar arxasında saxlamaqla, həm bu, həm də digər tərəflə münasibətləri qoruya bildi.

Odur ki hazırda Ermənistanın əsəbiləşməsi üçün, həqiqətən də, əsas var. Yerevan üçün Suriya ilə münasibətlər Şərq, daha dəqiqi ərəb dünyası istiqamətində xarici siyasətdə yeganə "kozır" idi. Belə müttəfiqin itirilməsi isə Ermənistan üçün ciddi siyasi "sürpriz"lər vəd edir. 

Əlbəttə ki, Ermənistan ilə Suriya arasında münasibətlərin tam pozulduğunu söyləmək olmaz. Lakin Dəməşqin Türkiyə ilə münasibətləri inkişaf etdirmək məqsədilə Ermənistanla əlaqələrin səviyyəsini aşağı salması haqda fikir artıq çox şeydən xəbər verir.


MƏSLƏHƏT GÖR:

461