
QEYRİ-NÜMUNƏVİ REGİONDA "NÜMUNƏVİ" ƏMƏKDAŞLIQ
Gürcüstanla strateji dostluq əksər vaxt Azərbaycana çox baha başa gəlir
Müəllif: İlahə Məmmədli Bakı
Dostluq üçün hər şeyə hazır olmalısan! Ələlxüsus da, bu dostluq strateji xarakter daşıyırsa. Məsələn, Azərbaycan Gürcüstanla münasibətlərin xətrinə, Qars-Axalkalaki dəmir yolunun bir hissəsinin tikintisi üçün ona dəyər-dəyməzinə kredit ayırır, kommersiya (və siyasi - çünki qaz strateji məhsuldur) baxımından özü üçün əlverişsiz qiymətə təbii qaz satır, haradasa Gürcüstan azərbaycanlılarına qarşı ayrı-seçkiliyə göz yumur və saysız-hesabsız digər güzəştlərə gedir. Bir sözlə, bu ölkənin baş naziri Zurab Noqaideli demişkən, iki qonşunun enerji və nəqliyyat sahələrindəki birgə işi "dünyanın istənilən regionu üçün nümunəvi ola bilər".
Amma sən demə, məsələ bununla bitmirmiş. Məlum olur ki, Azərbaycan həm də Gürcüstana çox "nümunəvi" şəkildə təsir göstərir. Z.Noqaidelinin etiraf etdiyi kimi, Azərbaycandakı iqtisadi artımın templəri Gürcüstana da təsir göstərir və onun ölkəsinin ÜDM-dəki 12 faizlik artım da bunun göstəricisidir.
Başqa sözlə desək, Azərbaycanla əməkdaşlıq etmək Gürcüstana sərfəlidir.
Amma bu əməkdaşlıqda Azərbaycan üçün də səmərə olanı var. Əvvəla, Gürcüstan Azərbaycanı Avropa ilə birləşdirən nəqliyyat zəncirinin vacib hissəsidir. Digər tərəfdən, bu ölkə Azərbaycanın Dövlət Neft Şirkəti, bank sektoru və s. timsalında iri biznes sahələrinin üz tutduğu ilk ölkələrdəndir.
Bütün bu qarşılıqlı maraqlar iki ölkə arasında ticarət dövriyyəsinin artımına əsas səbəbdir. 2007-ci ilin yanvar-avqust aylarında bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 46,6% artaraq 301,6 milyon dollara çatıb. Bununla yanaşı, Azərbaycandan Gürcüstana ixracın həcmi 147,6% (253,7 milyon dollaradək), Gürcüstandan idxalın həcmi isə 141,7% (47,9 milyon dollaradək) artıb.
Hələ bu harasıdır!
Təbii ki, tərəflər əldə edilənlərlə kifayətlənmək fikrində deyillər və bu səbəbdən də 2018-ci ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı üzərində iş gedir. İki ölkə arasında nəql olunan malların nomenklaturasının genişləndirilməsi, kiçik və orta biznesdə kooperasiya əlaqələrinin stimullaşdırılması, qarşılıqlı layihələrin reallaşdırılmasına investorların cəlb olunması və sənaye subyektləri arasında birbaşa əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı potensial var. Hazırda Azərbaycan ilə Gürcüstan arasında kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması sahəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutan mexanizmin hazırlanması üzərində iş gedir. Bundan başqa, aqrar səneye və yüngül sənayedə birgə müəssisənin yaradılması gündəmdədir. Həmçinin, şirə və nektarların istehsalı, Dmanisi və Saqarecskdə süd məhsullarının istehsalı, Bolnisidə şərab istehsalı, Marneuli, Qardabani və Gürcüstanın digər rayonlarında xalçaçılıq və parça sexlərinin yaradılması ilə əlaqədar birgə müəssisələrin təsis edilməsi təklifi də var. Azərbaycanda azot məhsullarının satışı bazarının yaradılması nəzərdə tutulub və s.
İki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması, investisiyaların cəlbi məqsədilə sərhəd rayonlarda biznes-forumların, investisiya yarmarkalarının keçirilməsi planlaşdırılır. Azərbaycan və Gürcüstanın iqtisadi inkişaf və kənd təsərrüfatı nazirlikləri kənd təsərrüfatı texnikasının, tərəflərin istehsal etdiyi avadanlıq, mexanizm və dəzgahların lizinqi sahəsində də qarşılıqlı fəaliyyət göstərir.
Qeyd edildiyi kimi, bu gün Azərbaycan müəssisələri Gürcüstan ərazisində fəal şəkildə işləyir. Azərbaycan Dövlət Neft Şirkəti Tbilisidə nümayəndəliyini açıb, Kulevidəki neft terminalına investisiya qoyub. Həmçinin qonşu ölkədə "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan" törəmə bankı təsis edilib, Azərbaycanın "Embawood" şirkəti mebel istehsalı ilə məşğul olur.
Hazırda Azərbaycanda Gürcüstan kapitalı ilə fəaliyyət göstərən 76 müəssisə və şirkət qeydiyyatdan keçib ki, onlardan 42-si birgə, 9-u 100% Gürcüstan kapitalı, 25-i filial kimi çalışır. İkitərəfli əlaqələrin yaxın perspektivinə gəlincə, burada söhbət artıq enerji və nəqliyyat sektorlarından gedir.
Yenə də üçtərəfli alyans
Bir müddət əvvəl Azərbaycan və Gürcüstan arasında elektrik xətlərinin inkişafını özündə əks etdirən razılıq əldə edilib ki, bu da sonradan Azərbaycan-Gürcüstan-Türkiyə vahid elektrik enerjisi sisteminin yaradılmasını nəzərdə tutur. Belə ki, "Azərenerji" ASC və "Gürcüstan Dövlət Elektrik Sistemləri" 2007-ci ilin sonunadək 500 kv-luq "Kavkasioni", 330 kv-luq "Dərbənd" və 330 kv-luq "Qardabani" xətlərinin birləşdirilməsi üzrə bütün texniki tədbirləri başa çatdırmalıdırlar. Ölkələr arasında enerji mübadiləsi imkanlarının gələcək genişləndirilməsi üçün isə Azərbaycan DRES-lə "Qardabani-500" yarımstansiyası arasında 500 kilovoltluq elektrik ötürücü xəttinin bərpası qərara alınıb. Sonrakı mərhələdə bu sistem Türkiyənin elektrik enerjisi nəqli sistemi ilə birləşdiriləcək. Onun yaradılması üç ölkə arasında elektrik enerjisi təchizatının miqyasını artırmağa, həmçinin Avropanın elektrik enerjisi sisteminə çıxışa imkan yaradacaq.
Bununla yanaşı, Azərbaycan ərazisində bu layihəyə aid olan xətlərin 40%-nin təmirə ehtiyacı var. Gürcüstanda isə elektrik enerjisi xətlərinin 90%-i təmir edilməlidir. Türkiyəyə gəlincə, burada layihənin reallaşdırılması üçün tələb olunan komponentlər ümumiyyətlə yoxdur. Qeyd edək ki, bu məlumatlar ötürücü şəbəkələrin monitorinqi nəticəsində üzə çıxıb.
Hələlik elektrik enerjisinin nəqli hazırkı elektrik şəbəkəsi vasitəsilə həyata keçirilir. "Azərenerji" və "Elektrik Enerjisi Sistemi Kommersiya Operatoru" 2006-cı ilin noyabrında Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında elektrik enerjisinin mübadiləsinə dair əldə edilmiş razılaşmanın müddətinin uzaldılmasına çalışır.
Gələn il Azərbaycan qazının Gürcüstan istehlakçılarına verilməsinə dair aparılan danışıqlar da yaxın bir ay ərzində başa çatdırılmalıdır. Xatırladaq ki, bu sahədə tərəflər arasında mövcud olan razılaşmanın müddəti oktyabrın əvvəllərində başa çatsa da, o, ixracın müvəqqəti dayandırılması üzündən istifadə edilməyib. Sənədə əsasən, Azərbaycan Gürcüstana ayda 30 milyon kubmetr qazı min kub metri 120 dollardan verməlidir. Bu ilin əvvəlindən qonşu dövlətə 250 milyon kubmetrdən artıq qaz nəql edilib.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev hesab edir ki, nəqlin davam etdirilməsi Azərbaycanın qaz balansı və ölkənin daxili tələbatlarının ödənilməsinin səviyyəsindən asılı olacaq. Qeyd edək ki, hazırda Azərbaycanın "mavi yanacaq"a daxili tələbatı sutkada 28-29 milyon kubmetr olduğu halda, ölkədə ümumilikdə cəmi 25 milyon kubmetr qaz hasil edilir.
ARDNŞ-ın qazı ilə yanaşı, Gürcüstana "Şahdəniz" yatağından əldə edilən "mavi yanacaq" da nəql edilir - bu yataqdan qonşu dövlətə gündə 0,8 milyon kubmetr qaz verilir. 2007-ci ildə qaz nəqlinin həcminin 500 milyondan 700 milyon kubmetrə qaldırılması gözlənilir. Gələn il isə "Şahdəniz"dən Gürcüstana verilən qazın həcmi 300 milyon kubmetrə yaxın olacaq.
Qeyd edək ki, hazırda "Azəriqaz"la ixracın mümkün həcminə dair danışıqlar aparılır. "Şahdəniz" qazının nəql qiyməti isə min kubmetr üçün 63 dollar təşkil edir.
Yol tikilir, aviareyslər artır
Nəqliyyat sektoruna gəlincə, hazırda bu sahədə əsas diqqət Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisinə yönəldilib. Nəqliyyat naziri Ziya Məmmədov hesab edir ki, dəmir yolunun Gürcüstan hissəsinin tikintisinə noyabrın ortalarında başlanılacaq. Qeyd edək ki, həmin ərazinin inşası üçün Azərbaycan hökuməti Dövlət Neft Fondunun hesabından Gürcüstana 200 milyon dollara yaxın kredit ayırıb. 25 il müddətinə nəzərdə tutulan kredit illik 1%-lə verilib. Kreditin istifadəsi iki il üçün nəzərdə tutulub və onun bir hissəsi 2009-cu ilə düşəcək. Maliyyə Azərbaycanın Beynəlxalq Bankı və onun Gürcüstandakı törəməsi olan ABB-Gürcüstan vasitəsilə köçürüləcək. Hələlik "Marabda-Karsaxi dəmir yolu" Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına cari işlər, əmək haqlarının verilməsi və s. üçün 280 min dollar köçürülüb. Tikintiyə dair tenderin başa çatmasından sonra isə kreditin əsas hissəsinin köçürülməsinə başlanılacaq. 2007-ci ildə kreditin 40 milyon dollarlıq ilk hissəsinin verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsi 98 kilometrlik Qars-Axalkalaki hissəsinin tikintisini də nəzərdə tutur ki, bu yolun 68 kilometri Türikyə, 30 kilometri isə Gürcüstan ərazisinə düşür. Dəmir yolunun Axalkalaki-Tbilisi hissəsində də müəyyən bərpa işlərinin görülməsinə ehtiyac var. Gürcüstan-Türkiyə sərhədində isə təkərlərin dəyişdirilməsi üçün məntəqə tikiləcək. Bu iş Türkiyədə 220, Gürcüstanda isə 202 milyon dollar dəyərində qiymətləndirilir.
Dəmir yolundan başqa, Azərbaycan və Gürcüstan nəqliyyat sektorunun digər sahələrində də mümkün əməkdaşlığa diqqət ayırmaq fikrindədirlər. Məsələn, bir müddət əvvəl tərəflər arasında uçuşların təhlükəsizliyinin artırılması, hava əlaqəsində həcm, tezlik, tarif və təyinat məntəqələrinin dəyişdirilməsinə dair razılıq əldə olunub. 2008-ci ilin əvvəllərində isə beynəlxalq hava əlaqəsinə dair yeni müqavilənin imzalanması planlaşdırılır. Z.Noqaideli hesab edir ki, protokol tərəflər arasında ikitərəfli hava əlaqəsinin gündə 2-3 dəfəyədək artırılmasına imkan yaradacaq. Qeyd edək ki, hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə həftədə 10 aviareys həyata keçirilir. Bununla yanaşı, Bakı ilə Batumi şəhərləri arasında aviareyslərin təşkili məsələsi də gündəmdədir.
Azərbaycandan gedən yüklərin Ermənistana keçməsi davam edir?
Lakin bəzən elə olur ki, hətta dostlar da bir-birini aldadır. Azərbaycan-Gürcüstan münasibətlərində də belə hala rast gəlinib. Elə indinin özündə də Azərbaycan Dövlət Gömrük Komitəsi hesab edir ki, Azərbaycandan Gürcüstana gedən bəzi yüklər hələ də Azərbaycanın torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistana ötürülür. Gürcüstan tərəfi bunun onların icazəsi olmadan həyata keçirildiyini bildirsə də, oxşar halların qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi üçün yeni təkliflər hazırlanıb.
Bu, yeganə problem deyil. Daha bir problem Gürcüstanın Azərbaycana 16.189.573 dollarlıq dövlət borcundan gedir. Qeyd edək ki, bu borc 1992-1994-cü illərdə dövlət şirkətləri arasındakı təsərrüfat əməliyyatları nəticəsində yığılıb. Borcun ödənməsi ilə əlaqədar 2006-cı il avqustun 17-də Batumidə əldə edilən hökumətlərarası razılaşmaya əsasən, proses üç mərhələdə həyata keçirilməlidir. İlk mərhələdə 2006-cı ilin sonunadək borcun 2,7 milyon dollarlıq hissəsinin ödənməsi nəzərdə tutulmuşdu ki, bu da artıq baş verib. İkinci mərhələdə Gürcüstan 2007-2021-ci illər arasında 3,239 milyon dolları ödəməlidir. Üçüncü mərhələdə isə 2010-2025-ci illər aralığında borcun qalan hissəsinin qaytarılması nəzərdə tutulub. Borcun illik faizi 3%-dir və Gürcüstan bu məbləği vaxtlı-vaxtında ödəyir.
İndisə qonşu ölkənin maliyyəçiləri yeni təkliflə çıxış ediblər. Söhbət borcun imtiyazlı şəkildə birdəfəyə ödənməsindən gedir. Gürcüstan başqa ölkələrə olan dövlət borcunun ödənməsində bu təcrübədən istifadə edir. Məsələn, Avstriyaya olan borcun qaytarılmasında Tbilisi məbləğin bir hissəsinin ləğv edilməsini, qalan hissənin isə vaxtından əvvəl və birdəfəyə ödənməsini təklif edir.
Azərbaycan tərəfi borcun bu formada ödənməsi təklifi ilə razı deyil. Amma Gürcüstanla münasibətlərin xarakterini nəzərə alsaq, Azərbaycan hökumətinin bu mövqeyində uzun müddət israr etməyəcəyini söyləmək olar.
MƏSLƏHƏT GÖR: